Əsas səhifə Haqqımızda Xəbər lenti

Sonuncu Səfəvi: Gözlənilməz yüksəliş, müəmmalı son

Sonuncu Səfəvi: Gözlənilməz yüksəliş, müəmmalı son

Ağaməhəmməd Xan taxta çıxmağa hazır idi və önündəki əngəli aradan qaldırmalıydı

 

Səfəvi xanədanının kişi soyunun körpə şah III Abbasla bitdiyi məlumdur. Lakin qız soyundan davam edən şəcərə XX əsrə kimi görülməkdədir. Ondan sonrakı dövrdə bu soyun haqqında məlumatlar, demək olar, yoxdur. Daha doğrusu, dərin araşdırılmayıb.

 

Onların izlərinin itməsindən istifadə edib, özünü o soya bağlayanlar, yaxud da onlara olan sevgilərindən özlərini Səfəvi sayanlar, adlandıranlar da az olmayıb. Bu yazıda isə tarixdə adı keçən sonuncu Səfəvi nümayəndəsi haqqında məlumat verilir.

 

Orta əsrlər tarixinin Şərqə aid yazılmamış hökmranlıq qanunları təəssüf ki, taxta çıxanın özündən sonrakı kişi soyunun məhv edilməsi ilə başayırdı. Səfəvilərin də bu “imza”ları tarixin qara ləkəsi, özlərinin acı sonu, tarixdən silinmələri ilə nəticələndi.

 

1775-ci ildə Şahbanu Raziyə Sultan Səfəvi vəfat etdikdən sonra İranın hakimi-vəkili Kərim Xan Zənd də zəifləməyə başladı. Baxmayaraq ki, Nadir Şahın vəfatından sonra parçalanaraq yeni xanlıqlar quran bəzi xanların gücünü 1763-cü ildə təşkil etdiyi “Şiraz qonaqlığı”nda qırmışdı, amma yenə də İrana tam hakim ola və Azərbaycan xanlıqlarını tabe edə bilməmişdi.

No description available.

Ötən yazıda bildirmişdik ki, Raziyə Sultanla Kərim Xan Zənd 1750-1773-cü illər arasında Sultan Hüseynin qız nəvəsini III Şah İsmayıl adı ilə taxta çıxarıb, özünü həbs edib, ölkəni onun adından idarə edirdilər. Lakin o dövrdə özünü Şah II Təhmasibin oğlu kimi qələmə verən II Sultan Hüseyn də peyda olmuşdu və Kərim Xana qarşı mübarizə aparırdı. Bu da, orduda  içdən parçalanmalara səbəb olmuşdu. Lakin az sonra onun əsl kimliyi üzə çıxdı və Səfəvi olmadığı aydınlaşdırıldı. Xəyanət edib, onun tərəfinə keçən komandanlar isə şəhər meydanında ibrəti-aləm üçün edam edildilər.

 

Kərim Xanın 1779-cu ildə vəfat etməsindən sonra yenidən mərkəzdənqaçma meyilləri gücləndi. Bu zaman Əfşarlar, Qacarlar, Zəndlər və Səfəvilərin qız nəvələrinin taxt-tac uğrunda mübarizəsi başladı. Bu mübarizədə qalib gələn, hələ zamanında Kərim Xan Zəndlə münaqişədə olan Məhəmmədhəsən Xan Qacarın oğlu, İsfahanda Kərim Xanın əsiri, sonradan isə köməkçisi  təyin edilən Ağaməhəmməd Xan Qacar oldu. O, Əfşarların son nümayəndələrini İrandan uzaqlaşdırdı, Zəndlərə isə xüsusi nifrəti olduğu üçün son nümayəndəsinə kimi amansızlıqla məhv etdi. Amma hələ hakimiyyətə tam hazır olmadığı üçün müəyyən vaxt ərzində ona formal şah obrazı lazım idi.

 

Öncə 1749-1750-ci illərdə hakimiyyətdə olmuş Şah II Süleymanın oğlu, Qəzvin hakimi təyin edilmiş Haşim Mirzə Səfəvini hakimiyyətə gətirmək istəsə də, onun idarəçilik bacarığından və gələcəkdə ona qarşı çıxacağından çəkinərək, bu fikrindən daşındı. Haşim Mirzə həm də nüfuzlu, tanınmış natiq idi. O, “Tədqiteyi-Ali-Daud” əsərinin müəllifi idi ki, bu əsər dövrün siyasi təhlili hesab edilirdi və İranla yanaşı qonşu ölkələrdə də yayılmışdı.

No description available.

Ona görə də Ağaməhəmməd Xan hələ körpə ikən  himayəyə aldığı, Şah II Təhmasibin qızlarından İsmət Sultan Səfəvi ilə dövrün tanınmış alimlərindən sayılan Hindistan-türk müsəlman sultanlığının varisi Abul Fəth Seyyid Murtuz Xəlifədən olan oğlu Məhəmmədi (1773-1796), altı yaşında ikən II Şah Məhəmməd Səfəvi adı ilə 1779-cu ildə İran şahı kimi taxta çıxardı və onun əvəzindən dövlətin idarəçiliyini həyata keçirdi. Özünü isə rəsmi olaraq ordu komandanı elan etmişdi. Bütün fəaliyyəti dövründə ona mane olacaq hər kəsi arada götürən Ağaməhəmməd Xanın qərarı ilə Haşim Mirzə Səfəvi elə Qəzvin hakimi vəzifəsində qaldı.

 

Şah II Məhəmmədin isə dövlət idarəçiliyində təcrübəsi olmasa da, hərbi təlimlərə qatılırdı və yaxşı at çaparaq, ox atmağı öyrənmişdi. Bu bacarıqlarına görə Ağaməhəmməd Xan onu bəzi hərbi səfərlərinə də aparmışdı. Qacar ordu içərisində elə təsəvvür yaratmışdı ki, hər kəs II Məhəmmədi güclü şah olaraq qəbul edirdi. Bu, dövlətin nizamı və gələcək sabitliyinin təminatı üçün Qacara lazım idi.

 

18-ci əsrin sonu. Artıq Ağaməhəmməd Xan taxta çıxmağa hazır idi və 1795-ci ilin sonunda  şah II Məhəmmədi Hindistana işgüzar səfərə göndərdi. Lakin xəbər gəlir ki, şah Hindistanda qəflətən və müəmmalı şəkildə vəfat edib, orada da dəfn edilib. Bu xəbərdən sonra yenidən ölkədə vəziyyət qarışır. Bu, Ağaməhəmməd Xana sərf edirdi və o, gec olmadan 1796-cı ilin mart ayında özünə tacqoyma mərasimi keçirdi. Lakin özünü Səfəvi xanədanının davamçısı kimi deyil, yeni Qacar sülaləsinin və İranın şahı elan etdi.

 

Qeyd: Həmin dövrdə İran coğrafiya olaraq mövcud idi. Ağaməhəmməd Xan da özünü İran coğrafiyasının şahı elan edərək, bütün xanlara mesaj verdi ki, hər biriniz hakimiyyətimi qəbul etməlisiniz.

 

Beləliklə, Səfəvi xanədanının qız soyu da tarixə qovuşmuş oldu. Şah II Məhəmməd türkmən tayfasından olan Gülrux bəyimlə evlənmişdi. Lakin onun vəfatından sonra xanımı və iki qızının - Fatimə Sultan və Səhər Sultanın taleləri isə müəmmalıdır. Bəzi İran tədqiqatçıları onların Hindistana köçdüyünü, bəziləri isə İranda sakit həyat yaşadıqlarını yazırlar.

 

İran tarixinin isə daha bir səhifəsi açıldı ki, bu səhifənin qanlı sətirlərində Azərbaycanın da tarixindən yazılır...

Müəllif: Şəhla Cabbarlı      6 İyun 2021 22:10
Tarix bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin