Əsas səhifə Haqqımızda Xəbər lenti

Koordinasiya şuraları Kəlbəcərdəki hadisə ilə bağlı çağırış edib

Koordinasiya şuraları Kəlbəcərdəki hadisə ilə bağlı çağırış edib

Beynəlxalq təşkilatlara, media qurumlarına birgə bəyanat ünvanlanıb

 

Avropada fəaliyyət göstərən İsveç, Norveç, İsveçrə və Niderland–Belçika Azərbaycanlılarının Koordinasiya şuraları iyunun 4-də Kəlbəcərdə baş vermiş dəhşətli hadisə ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AYNA-ya verilən məlumata görə, Koordinasiya şuraları BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı, Avropa Şurası, "Amnesty İnternational", "Human Rights Watch" və digər beynəlxalq təşkilatlara, media qurumlarına birgə bəyanat ünvanlayıblar.

 

Bəyanatda diqqət Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olmasına, 4 nəfərin yaralanmasına cəlb edilib. Bu dəhşətli hadisə Ermənistanın beynəlxalq konvensiyalara və əldə olunmuş razılaşmalara məhəl qoymamasının, minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsindən imtina etməsinin acı nəticəsi kimi qiymətləndirilib.

 

Qeyd edilib ki, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan bəri baş verən mina partlayışları zamanı 120-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb. Soydaşlarımız günahsız insanların ölümünə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü nəzərə çatdırıblar.

 

Koordinasiya şuraları beynəlxalq birliyi Ermənistanın yolverilməz davranışlarına biganə qalmamağa və rəsmi İrəvandan beynəlxalq hüquqa görə öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırıblar.

Müəllif: Ayna.az      5 İyun 2021 21:24
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin