Əsas səhifə Haqqımızda Xəbər lenti

İrəvan xəritələri vermir, “dünya ombudsmanları” susur, biz ölürük – Nə vaxta qədər?

İrəvan xəritələri vermir, “dünya ombudsmanları” susur, biz ölürük –       Nə vaxta qədər?

Elşad Eyvazlı: “Bir müraciətlə, bir çağırışla dayanmamalıyıq, hər gün israrla bunu etməliyik”

 

İlham Quliyev: “Sərhəddə 2-3 şillə-təpiyə görə dilə gələn Fransa, ABŞ, beynəlxalq təşkilatlar bu olaya mütləq münasibət bildirməlidirlər”

 

İyunun 4-də içərisində azərbaycanlı jurnalistlərin də olduğu avtomobil Kəlbəcərdə minaya düşüb. Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun birgə yaydığı məlumatda qeyd edilib ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir.

 

Vurğulanıb ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb. Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərə şəhid statusu veriləcək  - RƏSMİ | KONKRET

Üzücü hadisə ilə bağlı AzTV beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Qurumdan AYNA-ya verilən məlumatda qeyd edilib ki, işğaldan azad olunmuş bölgələrimizdə artıq bir müddətdir ki, AzTV və Azərtac-ın bir qrup əməkdaşı çəkilişlər aparır: “Məqsəd Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan xalqının mülkiyyətini və tarixi abidələrini darmadağın edərək yol verdiyi vandalizmi dünyaya göstərmək və sənədləşdirməkdir. Həmin qrupu növbəti çəkiliş üçün Kəlbəcərin Susuzluq kəndinə aparan avtobus hərəkət olan yolda tank əleyhinə minaya düşüb. Nəticədə operatorumuz, 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərtac-ın müxbiri, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar. Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər. Onların arasında Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov da var.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik! Bu hadisə düşmənin mülki şəxslərə qarşı törətdiyi amansız cinayətlərin daha bir nümunəsidir. Bu, eyni zamanda media nümayəndələrinin işğaldan azad olunan ərazilərimizdə faəliyyətinə qarşı yönəlmiş terror aktıdır. Ermənistan tərəfinin Kəlbəcərdən öz qoşunlarını çaxararkən minalar basdırmasının nəticəsidir. Bu günə qədər mülki şəxslər, o cümlədən peşə fəaliyyətini həyata keçirən jurnalistlər minaların qurbanı olurlar. Beynəlxalq media təsisatlarına, jurnalistlərin hüquqlarını qoruyan təşkilatlara müraciət edərək onlar tərəfindən həmrəylik nümayiş etdirilməsinə və Ermənistandan mina xəritələrini gizlədərək mülki insanları hədəf alan siyasətə son qoymağı tələb etməyə çağırırıq”.

 

Verilən rəsmi açıqlama və bəyanatlardan da göründüyü kimi, bu, Ermənistanın terrorçuluq siyasətinin davamıdır. Bölgədə sülhdən yana olmadığını göstərən Ermənistan müharibənin yazılmış və yazılmamış qanunlarının heç birinə əməl etmir. Xüsusən də, İkinci Qarabağ müharibəsi bitdikdən sonra mina xəritələrini verməyən rəsmi İrəvanın məqsədinin Azərbaycan mülki vətəndaşlarının, bölgədə xidməti vəzifələrini yerinə yetirən şəxslərin sonunun acınacaqlı olmasını istəyir.

 

Azərbaycanın ictimaiyyət nümayəndələri hesab edirlər ki, beynəlxalq hüququn bütün tələb və qaydalarını, beynəlxalq konvensiyalarını tapdaq altına atan Ermənistana elə həmin beynəlxalq təşkilatlar tərəfindən təzyiq edilməlidir. Əks təqdirdə, mülki azərbaycanlıların öz ərazilərində minaya düşərək həlak olması, yaralanması hallarına tez-tez rast gələcəyik.

Media təbliğata hazırdır: Namizədlərin müraciətini gözləyirik!

Parlament Jurnalistləri Birliyinin (PJB) və Modern.az saytının rəhbəri Elşad Eyvazlı AYNA-ya bildirib ki, jurnalistlərimizin faciəli şəkildə həlak olması çox üzücü bir hadisədir: “Allah həmkarlarımıza rəhmət etsin. Onlar hər zaman qəlbimizdə yaşayacaqlar. Bu, çox dəhşətli bir xəbər idi. Onlar bizim şəhidlərimizdir. Çünki xidməti vəzifələrini icra edərkən erməni terrorunun qurbanı oldular. Ermənilərin xarakteri də, məkri də, iç üzləri də bizim üçün aydındır. İnsanlığa qarşı bəşəri cinayət törətmiş ermənilər bu gün də amansız terrorlarını həyata keçirirlər. Azərbaycan insanlarına qarşı ən qəddar terroru bunlar özləri üçün sanki məşğuliyyətə çeviriblər. Yəni ki, bunlarla məsələ aydındır. Biz bu terrorun durdurulması istiqamətində yorulmadan çalışmalıyıq. Bu istiqamətə köklənmək lazımdır. Xüsusilə də etirazımızı beynəlxalq səviyyəyə qaldırmalıyıq”.

 

Bunun yolları barədə E.Eyvazlı qeyd edib ki, beynəlxalq təşkilatlar hansısa xırda məsələ olanda bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər: “Amma baxın, 2020-ci ilin noyabr ayından Kəlbəcər işğaldan azad olunub. Rəsmi Bakının dəfələrlə müraciətinə baxmayaraq, hələ də Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini təqdim etmir. Bununla rəsmi İrəvan qəbul olunmuş bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozur. Təəssüf ki, hansısa xarici dövlət, hansısa beynəlxalq təşkilat bu barədə bir söz demir. Ağızlarına su alıb oturublar. Həmin təşkilatların, dövlətlərin qəbul etdiyi beynəlxalq qanunlar Ermənistan tərəfindən mənfur şəkildə pozulur, amma biri çıxıb İrəvana çağırış etmir. Bu onu göstərir ki, ədalətsiz yanaşma davam edir. Deməli, güc özümüzdədir. Necə ki, 30 il beynəlxalq təşkilatlar işğala susdular, axırda problemimizi dövlətimiz həll etdi, indi də onun kimi - problemimizi həll etməliyik”.

 

“Bununla yanaşı, biz beynəlxalq təşkilatlardan, dünya dövlətlərindən tələbimizi davam etdirməliyik. Həm də, daha da israrlı, daha da sərt formada tələb edilməlidir. Nəticə olmasa belə hüququmuzu mütəmadi olaraq onların gündəmində saxlamalıyıq. Onlar bilməlidirlər ki, tərəfkeşliyini etdikləri işğalçı Ermənistan mülki azərbaycanlılara qarşı hansı terror əməllərini törədirlər. Eyni zamanda, hüquqlarına barmaqarası baxdıqları Azərbaycan hansı humanist siyasəti həyata keçirir. Beynəlxalq aləm məsələlərə konkret münasibət bildirməlidir. Dünyanın nə qədər media təşkilatları var. Onlar jurnalistlərimizin şəhid edilməsi ilə bağlı bəyanat verməlidirlər, öz mövqelərini açıqlamalıdırlar. Yenə də deyirəm, təbii ki, bunun üçün biz jurnalistlər olaraq səylərimizi gücləndirməliyik. Bir müraciətlə, bir çağırışla dayanmamalıyıq, hər gün israrla bunu etməliyik”, - PJB sədri əlavə edib.

Koronavirusdan müalicə alan İlham Quliyev evə buraxıldı

Tanınmış jurnalist İlham Quliyev AYNA-ya deyib ki, həmkarlarımızın minaya düşməsi çox dəhşətli hadisədir: “Peşə fəaliyyətini yerinə yetirən media mənsublarının üzləşdiyi bu faciəli hadisə erməni vandalizminin növbəti təzahürüdür. Allah həmkarlarımıza rəhmət eləsin! Bu hadisə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin bu gün də davam etməsinin göstəricisidir. İşğalçıları torpaqlarımızdan çıxarmışıq, amma onların xain tələləri hələ də qalır”.

 

“Bu hadisəyə beynəlxalq ictimaiyyətdən, özünü “dünyanın ombudsmanı” kimi təqdim edən dövlətlərdən də münasibət istənilməlidir. Sərhəddə 2-3 şillə-təpiyə görə dilə gələn Fransa, ABŞ, beynəlxalq təşkilatlar bu olaya mütləq münasibət bildirməlidirlər. Onlar hansı dövləti, hansı zehniyyəti müdafiə etdiklərinin fərqində olmalıdırlar. Mina xəritələrini verməkdən imtina edən cəngəllik dövləti Ermənistana yeri göstərilməlidir. Bu vəhşilik, bu vandallıq cavabsız qalmamalıdır. Bu hadisə həm də minalardan təmizlənmə işləri yekunlaşmadan işğaldan azad olunmuş ərazilərə can atan, “camaatı niyə doğma torpaqlarını görməyə buraxmırlar” deyənlərə də bir ibrət dərsi olmalıdır”, - deyə İ.Quliyev vurğulayıb.

Müəllif: Anar Bayramoğlu      5 İyun 2021 10:23
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin