Əsas səhifə Haqqımızda Xəbər lenti

“Yaxın 10 ildə iş yerlərinin yarısı kəskin şəkildə dəyişəcək”

“Yaxın 10 ildə iş yerlərinin yarısı kəskin şəkildə dəyişəcək”

İlham Axundov: “Müasir trendlərə uyğunlaşmadan hər hansı ciddi islahatlardan danışmaq mənasızdır”

 

Təhsil öz miqyasına görə ən geniş yayılmış fəaliyyət növüdür. Elə bir sosial qrup yoxdur ki, təhsilə hər hansı formada aidiyyəti olmasın. Koronavirus pendemiyası və onun gətirdiyi məcburi məhdudiyyətlər təhsil sektoruna da təsirsiz ötüşmədi. İnsanlar arasında sosial izolyasiya tədbirlərinin aktuallaşdığı bir dövrdə əyani təhsil distant təhsillə əvəz olundu. Keyfiyyətli təhsilə keçidin təmini, onlayn təhsil, ümumiyyətlə təhsildə yeni texnologiyaların tətbiqi ilə bağlı müzakirələr intensivləşdi.

 

Pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atıldı.

 

Azərbaycanın ali təhsil müəssisələrində təhsil alanların gələcək müqəddəratı, eyni zamanda xarici ölkələrə gedib orada təhsil alanların, distant təhsil iştirakçılarının problemlərinin həlli istiqamətində müzakirələr davam edir. Eyni zamanda müasir trendlərin və psixoloji elementlərin sürətlə dəyişməsi təhsil sahəsində təxirəsalınmaz islahatları qaçılmaz edir.

 

Bəs, görəsən müasir şəraitdə Azərbaycan təhsilində hansı islahatlar aparmalıdır? Postpandemiya dövrü üçün hazırlıqlarımız nədən ibarət olmalıdır?

İlham Axundov, “Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası”nın sədri, Vaterloo Universitetinin (ABŞ) professoru

Kanadanın Vaterloo Universitetinin Riyaziyyat və Biznes Proqramları direktoru, professor, həmyerlimiz İlham Axundov AYNA-ya şərhində deyib ki, təhsil sahəsində islahatlar kompleks şəkildə həyata keçirilməlidir: “Hesab edirəm ki, təhsildə islahatlar apararkən mütləq beynəlxalq təcrübəyə istinad olunmalıdır. Çünki Azərbaycan da dünyanın tərkib hissəsidir və müasir trendlərə uyğunlaşmadan bu sahədə hər hansı ciddi islahatlardan danışmaq mənasızdır”.

 

“Qarşıdakı 10 il ərzində iş yerlərinin yarısı kəskin şəkildə dəyişəcək. Qarşımızda gələcək nəslin hazırlanması üçün mövcud təhsil proqramlarında dəyişikliklər edilməsi və mövcud kadrların yenidən hazırlanması kimi ümummilli vəzifə durur. Əsas sahələr isə texnoloji sektor, maliyyə sektoru və dövlət idarəçiliyi olacaq. Bu gün biznes təşəbbüskarlığı bir çox ölkələrdə həm sənaye, həm də təhsil siyasətinin vacib bir hissəsinə çevrilib”, - deyə professor bildirib.

 

“Azərbaycanla inkişaf etmiş dövlətlər arasında təhsil mübadiləsi aparılmalıdır” deyən Axundov hesab edir ki, bu, müxtəlif sahələri əhatə etməlidir: “Azərbaycanda tezliklə Azərbaycan-İtaliya Universitetinin yaradılması planlaşdırılır. Bu yeni universitetdə Memarlıq fakültəsinin də olması vacibdir. Roma memarlığını şəxsən görmək imkanı həmişə memarlıq tələbələrinin ən böyük istəklərindən biri olub. Buna görə də Azərbaycan-İtaliya Universiteti Romada tələbələr üçün bir studiya proqram açmalıdır. Sonuncu kurs tələbələri üçün payız semestrində təqdim oluna bilən Roma studiyası şəhərin qədim məhəllələrindən birində, məsələn, Trasteveredə yerləşə bilər. Studiyanın əsas məqsədi italyan professor və mütəxəssisləri cəlb etməklə, tələbələrə praktiki biliklər qazandırmaq olacaq. Müasir İtalya memarlığının inkişafı, İtalya şəhər tarixi kimi fənlər tələbələr üçün həqiqətən böyük fürsət ola bilər”.

 

Həmsöhbətimizin sözlərinə görə, hazırda oxşar təcrübə Veterloo Universitetinin Memarlıq fakütləsinin tələbələri üçün uğurla istifadə olunur: “Bu, bir örnəkdir və digər sahələrdə də tətbiq etmək olar. Əsas məsələ beynəlxalq təhsil meyarlarının ölkəmizdə uğurla tətbiqi, qarşılıqlı təcrübə mübadiləsi olmalıdır”.

 

Qarabağ bölgəsində “Təhsil şəhəri” layihəsinin hazırlanmasının vacibliyindən danışan ekspertin qənaətinə görə, Azərbaycan universitetlərinin potensialından bu məqsədlə istifadə oluna bilər: “Azərbaycanın kollec və universitetlərinin güc və potensialından və xarici universitetlərlə əməkdaşlığından istifadə edərək, Qarabağ bölgəsi üçün “Təhsil şəhəri” layihəsi hazırlanmalıdır. Orta məktəbdən sonrakı təhsilin çevik və ağıllı bir növü təklif olunmalıdır. Bu, 2 il Kollec + 2 il Universitet, xarici universitetlərlə birgə tələbə hazırlığı, elmi araşdırmalar və s. şəklində ola bilər. Tələbələr təhsil aldıqları müddətdə gələcək iş yerləri ilə sırf bağlı olan tədrisə yönəldilir. Onlayn dərslərin tamamlanması sürətlə dəyişən iş yerlərinə hazırlığı təmin edəcək. Bu, bölgə üçün də mühüm üstünlüklər yaradacaq. 44 günlük Vətən müharibəsindən əldə etdiyimiz tarixi qələbəni işğaldan azad edilmiş torpaqlarımızda mütərəqqi addımlar atmaqla gücləndirə bilərik”.

Müəllif: Azər Niftiyev      31 May 2021 10:16
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin