Əsas səhifə Haqqımızda Xəbər lenti

Ay tutulması barədə: “Bu dəfə bizdən yan keçdi, növbəti dəfədə bizim əraziyə düşə bilər”

Ay tutulması barədə: “Bu dəfə bizdən yan keçdi, növbəti dəfədə bizim əraziyə düşə bilər”

“Əgər biz görmürüksə, rəsədxanadan da görmək mümkün ola bilməz, çünki o, bizim səmamızda deyil” - Mütəxəssis

 

Bəşər övladı dünyada bacardığı qədər daha çox şeyin öz nəzarəti altında olması üçün çalışır. Bir çox elmi nailiyyətlər də bu istəkdən doğur. İnsan başına gələ biləcəkləri əvvəlcədən proqnozlaşdırmaq və onlardan müdafiə olunmaq üçün daim mübarizə aparır, ağlının və nailiyyətlərinin gücünə sığınır. Lakin bir sıra hallarda heç cür müdaxilə edə, yönləndirə bilməyəcəyi hadisələrlə də qarşılaşır. Bu zaman isə hiss etdiyi acizlik onda misilsiz təşviş, həyəcan yaradır.

 

May ayının 26-da Ay tutulması hadisəsi baş verdi. Milyonlarla insan bu təbiət hadisəsini izləyərkən görüntülərə klidləndi. Kimi qorxusunu, narahatlığını ifadə edir, kimi də bunu sadəcə ecazkar dünyanın maraqlı bir təbiət hadisəsi kimi qarşılayırdı.

 

Məlum tarixdə Ay tutulmasından əvvəl bir sıra saytlarda təşviş yaradacaq proqnozlar yayımlandı. Astroloqlar arasında həyəcanı hansısa bürclərdə konkretləşdirənləri də oldu. Kimlərisə şəxsi, iş həyatlarında diqqətli, səhhətlərindən muğayət olmağa səslədilər, kimlərisə də xoş sürprizlərin gözlədiyi ilə bağlı proqnozlar verdilər. Nəticədə, təqdimatından asılı olaraq bu dəfə Ay tutulması bir qədər çox qabardıldı.

 

AYNA Şamaxı Astrofizika Rəsədxanasının Planetlər və kiçik səma cismləri şöbəsinin müdiri Ədalət Ətayev ilə həmsöhbət olub. Onun sözlərinə görə, budəfəki Ay tutulması ona görə maraqlıdır ki, super, yəni böyük Aydır: “Ay tutulması Ayın Yerin kölgəsinə girməsi deməkdir. Yəni Ay, Yer və Günəş - üçü bir düz xətt üzərində olur. Budəfəki Ay tutulması ona görə maraqlı idi ki, Ay super, yəni böyük Aydır. Bu dəfə Yerdən olan məsafəsi 358 min kilometr idi”.

 

“Bizim vaxtla günorta 13:45-də, təqribən 14.5 dəqiqə ərzində tam Ay tutulması oldu. Yəni Ay tamamilə Yerin kölgəsinə girdi. Bu da bizim əraziyə düşmədi, çünki bu təbiət hadisəsi zamanı bizdə günorta vaxtı idi, həm də Ay yox idi. Kamçatka, Çukotka və s. ərazilərə düşürdü və həmin ərazilərdən müşahidə edildi”, - deyə mütəxəssis bildirib.

 

Qeyd edib ki, Ay tutulması təbii hadisədir: “Ay, Günəş tutulması əvvəldən hesablanır. Hansı əraziyə düşürsə, göstərilir. Bu dəfə bizim əraziyə düşmədi, ola bilsin, növbəti dəfədə bizim əraziyə düşsün. Əgər biz görmürüksə, rəsədxanadan da görmək mümkün ola bilməz, çünki o, bizim səmamızda deyil”.

 

Ətayevin dediyinə görə, Ay Yerin yaxınından keçəndə, Yerin ətrafına fırlananda həmişə qabarma qüvvəsi yaranır: “Ay tutulmasında heç bir şey yoxdur, sadəcə Yerin kölgəsinə girir. Yarımkölgə və tam kölgə var. Tam kölgə 14.5 dəqiqə oldu. Yarımkölgə isə böyük olur. Sonra o kölgədən də keçib getdi. Yəni Yerlə Günəşin əks tərəfinə keçdi. Bunun heç bir fəsadı yoxdur. Ay həmişə yerin yaxınından keçəndə, Yerin ətrafına fırlananda qabarma qüvvəsi yaranır. Dənizdə, okeanda elə heyvanlar var ki, Ay qabarmasının vaxtını dəqiq bilir. Ay qabarması baş verən kimi daşların altında su boşalır, cumurlar orada balıqları yeyirlər. O qədər dəqiq hesablayırlar ki, suyun basmasına qədər oradan çıxırlar. Yəni heyvanlar da bu ritmi tuta bilirlər”.

 

“Bu, maraqlı bir hadisə olsa da, adi haldır. Heç kəsə də nə pis təsiri var, nə də yaxşı. Günəşdə alışmalar olanda Yer atmosferindəki maqnit sahəsinə təsir edir, maqnitosferi pozur və ürək xəstəsi olanlar bunu hiss edirlər”, - deyə müsahibimiz vurğulayıb.

 

Şöbə müdiri əlavə edib ki, Ay yeraltı hadisələrin bəzilərinə zəmin yarada bilir: “O mənada ki, hadisə hazırdır, bu isə baş verməklə prosesi sürətləndirir. Məsələn, dəfələrlə zəlzələlər belə hadisələrin baş verməsi nəticəsində tezləşib. Ay Günəşə nisbətən Yerə yaxın olduğundan onun Yer səthində yaratdığı qabarma Günəşin yaratdığı qabarmadan 2.5 dəfə güclüdür”.

Müəllif: Aləmdə Nəsib      30 May 2021 20:10
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin