Əsas səhifə Haqqımızda Xəbər lenti

Svanlarla azərbaycanlıların davası barədə: “Bura bardakdır”

Svanlarla azərbaycanlıların davası barədə:     “Bura bardakdır”

Yeqor Kuroptev: “Niyə ilk dava başlayanda polis və ya xüsusi təyinatlılar münaqişəni dərhal dayandırıb cavabdehləri cəzalandırmadı?”

 

Gürcüstanın Dmanisi ərazisində 16 may axşamı Svanetidən olan eko-miqrantlarla yerli etnik azərbaycanlılar arasında münaqişə baş verdi. İlkin məlumatlara görə, kütləvi davada beysbol sopaları və dəyənəklərlə silahlanmış azı otuz adam iştirak edib. “Axşam saatlarında vəziyyət daha da pisləşdi, davanın yaxınlığında olduğu ticarət köşkü məhv edildi”, - deyə “Qafqazski uzel” xəbər verir.

 

Münaqişə sözdə “komendant saatı”ndan sonra da davam etdi. Bundan sonra təhlükəsizlik qüvvələri hadisə yerinə gəldi. Polis dalaşanları çətinliklə ayırmağı bacardı. Hüquq mühafizəçiləri dəyənəklər də daxil olmaqla, bəzi dəlillər ələ keçirdi. Münaqişə iştirakçıları demək olar ki, bütün gecə yerli polis bölməsində dindirildi. Faktla bağlı istintaq başlayıb.

 

Hadisənin təfərrüatını dağıdılan mağazanın satıcısı Səidə İsmayılova danışdı. Onun dediyinə görə, gənclər mağazaya girərək borca pivə istəyiblər. Qadın mağaza sahibinin icazəsi olmadan bunu edə bilməyəcəyini söyləyib: “Təhdidlər və təhqirlər üstümə yağdı. Münaqişədən sonra bizi polis bölməsinə apardılar. Biz orada olduğumuz zaman 40-50 nəfərlik bir izdiham mağazaya hücum etdi”.

 

İsmayılovanın sözlərinə görə, oxşar hadisələr əvvəllər azərbaycanlılara məxsus pərakəndə satış yerlərində də olub, lakin təhlükəsizlik qüvvələri şikayətlərə əhəmiyyət verməyib.

 

Sputnik Gürcüstan xəbər verir ki, mayın 17-də Dmanisidəki vəziyyət yenidən kəskinləşib. Etnik azərbaycanlılar səhər saatlarında küçələrə çıxaraq bir gün əvvəl kütləvi dava edən və bir azərbaycanlı ailəsinə məxsus mağazanı dağıdanlara görə üzr və cəza tələb ediblər. Dəyənəklərlə silahlanmış gənclərdən bəziləri svanların evlərini dağıtmaqla təhdid ediblər.

 

Vəziyyət münaqişənin ikinci tərəfi - Svanetidən olan eko-miqrantlar - 9 aprel küçəsindəki etirazçıların qarşısına çıxdıqdan sonra gərginləşib. Onlar da dəyənəklərlə silahlanmışdılar. Polis hadisə yerinə gəldi. Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti nəzarətə götürməyə çalışıblar. Ancaq müqavimətlə qarşılaşıblar – daş-qalaq ediliblər. Polis məmurları da daxil olmaqla bir neçə nəfər yaralanıb.

 

Günortadan sonra Dmanisidə vəziyyət nisbətən sakitləşib. Narazı olanlar 9 aprel küçəsindən polis binasının qarşısında toplanıblar. Belə ki, aldıqları məlumata görə, iğtişaşlar zamanı saxlanılanlar burada olub.

 

Gürcüstan Daxili İşlər Nazirliyi Dmanisi sakinlərini iğtişaşları dayandırmağa və hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmağa çağırıb. Parlamentin prosedur məsələləri komitəsinin sədri İrakli Kadaqişvilinin dediyinə görə, qanun milliyyətindən asılı olmayaraq, Dmanisidəki qarşıdurmanın bütün iştirakçılarına ciddi şəkildə tətbiq edilməlidir: “Çünki bu halda hamısı Gürcüstan vətəndaşıdır. Hökumət bu münaqişənin həllində tamamilə maraqlıdır. Qarşıdurma dünən əhəmiyyətsiz bir səbəbdən başladı və onun həm daxili, həm də bölgədəki vəziyyət nəzərə alınaraq milli və etnik zəmində təzahürü qəbuledilməzdir. Kimsə münaqişəni alovlandırmaqda maraqlıdırsa, bu, ölkəyə qarşı açıq bir düşmənçilikdir. Bunun təxribat və ya kortəbii olduğunu əvvəlcədən deyə bilmərəm”.

 

Kvemo Kartli bölgəsi polisinin başçısı Laşa Qoqiaşvilinin sözlərinə görə, yeni toqquşmaların qarşısını almaq üçün mümkün olan hər şey edilib. Bölgə valisi də hadisə yerinə gedib, vəziyyəti sakitləşdirməyə və insanları qanuna tabe olmağa çağırıb.

 

Nəhayət, bu gün səhər yayılan məlumatlara görə, qarşıdurma tərəfləri arasında barışıq əldə olunub. Hazırda vəziyyətin nəzarətdə olduğu bildirilir.

 

Bu vəziyyətdə əsas sual “nə baş verir”dir. Birdən-birə şəhərdaxili bir qarşıdurma miqyasına çatan məişət mübahisələri və ya xarici qüvvələr və onların ölkə daxilindəki təsir agentləri tərəfindən mümkün təxribatdır?

 

Baş nazir Qaribaşvilinin bu yaxınlarda Bakıya səfəri zamanı mediaya ikitərəfli münasibətlərdə yeganə problemin Keşikçidağ (David Gareci) sərhəd məsələsi olduğunu və tərəflərin də bu məsələni tezliklə həll etməyi hədəf aldıqlarını söylədi. Xarici işlər naziri Zalkaliani da bu ruhda çıxış etdi.

 

Və sonra bu münaqişə ortaya çıxır. Daha da alovlanaraq, ciddi münaqişəyə çevrilən bir təsadüf və ya süni təxribatdır? Bundan sonra nə olacaq, vəziyyətin inkişafı necə ola bilər? Polis hadisəni təhrik etməkdə ilkin məsuliyyət daşıyanları tapmaq üçün mümkün qədər tez cəhd etmək niyyətindədirmi və istintaqda xüsusi xidmət orqanları iştirak edirmi?

Vəziyyəti AYNA-ya şərh edən Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru, gürcüstanlı politoloq Yeqor Kuroptevin sözlərinə görə, bu hadisə daxili əsaslarla meydana gəlib: “Lakin əlbəttə ki, bu, səlahiyyətlilərin etnik icmaların yaşadığı bölgələrə ən azı bir az diqqət yetirməməsinin nəticəsi idi. Ümumiyyətlə, bölgələrə, xüsusən də bu bölgələrə xüsusi diqqət yetirilmir. Orada daim müxtəlif təxribatlar davam edir, vəziyyət həm içəridən, həm də xaricdən daim qızışdırılır, buna görə də bir dəstənin dəyənək və daşlarla o biri dəstənin üzərinə hücum etməsi kimi vəhşilik təzahürləri baş verir. Bu 21-ci əsrdə mümkündürmü?!”, - deyə o bildirib.

 

Həmsöhbətimiz iki ölkə arasındakı münasibətlərə toxunub: “Gürcüstanla Azərbaycan arasında heç bir problem yoxdur, ancaq xarici qüvvələr bu qədər əlverişli səbəb göstərildikdə məmnuniyyətlə onlardan istifaə edəcəklər. İllərdir hakimiyyəti bölgələrlə ciddi məşğul olmağa, yığıncaqlar, konfranslar keçirməyə çağırırıq, amma buna cavab olaraq – susqunluq”.

 

“David Qareci məsələsində edilən təxribata cavab nə oldu? Heç nə! Bu bölgələrdə millətçi Kreml fanatikləri aktivləşərək, nifrət püskürmələrinə, ara qızışdırmalarına nə ilə cavab veridli? Heç nə ilə! Niyə indi ilk dava başlayanda polis və ya xüsusi təyinatlılar münaqişəni dərhal dayandırıb cavabdehləri cəzalandırmadı? Çünki bardakdır!”, - deyə Kuroptev vurğulayıb.

 

Ekspert rəsmi qurumları tədbir görməyə çağırıb: “Ümid edirəm ki, indi səlahiyyətlilər dünya birliyi qarşısında müxalifətlə bir müqavilə imzalamaları və seçkilərdən əvvəl sülh və əmin-amanlığa ehtiyac olduğu üçün, heç olmasa, özlərini qorumaq naminə icmaların yaşadığı bölgələrdə problemlərlə məşğul olacaqlar - konkret olaraq, insanların yeməyə bir şey tapmadıqları bütün bölgələrdə”.

Müəllif: Rauf Orucov      18 May 2021 15:42
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin