Uşaqpulu niyə bərpa olunmalıdır - TƏHLİL

Uşaqpulu niyə bərpa olunmalıdır -   TƏHLİL

Son vaxtlar sosial şəbəkələrdə uşaqpulunun bərpası ilə bağlı müzakirələr gedir. İctimai fəallar hökumətdən 2016-cı ildə ləğv edilmiş uşaqpulunun bərpasını təlb edirlər. İlk baxışdan haqlı görünür – dövlət yetkinlik yaşına qədər uşaqların qayğısına qalmalıdır. Ancaq məsələ bundadır ki, problem düzgün qoyulmayıb.

 

2006-cı il yanvarın 1-dək Azərbaycanda uşaqpulu verilirdi. Məbləği də yüksək deyildi. Ailədə adambaşına düşən gəlir 3,3 manatdan az olduqda uşaq doğulduğu andan 16 yaşına çatana qədər ayda 1,8 manat müavinət alırdı.  2006-cı ilin yanvarın 1-də “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qüvvəyə mindi və aztəminatlı ailələrə ünvanlı yardımlar edilməyə başladı. 

 

Rəsmi statistikaya görə, 2019-cu ilin 6 ayında 63 min 98 ailənin 260 722 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardımı ödənilib. Bir ailəyə düşən orta aylıq yardım məbləği 199,15 manat olub və ÜDSY-nin maliyyələşdirilməsinə 64 milyon manat xərclənib. Ünvanlı dövlət sosial yardımı təyin edilmiş ailələlərin üzvlərinin yarıdan çoxu 18 yaşınadək uşaqlardır. 

 

Ünvanlı sosial yardımların verilməsində təbii ki, ciddi qanun pzuntuları, korrupsiya və rüşvət halları olub. İndi də prosesin tam şəkildə şəffaf aparıldığını iddia etmək mümkün deyil. Ancaq bu faktdır ki, ünvanlı sosial yardımın verilməsi artıq elektronlaşmağa başlayıb. Təəssüf ki, bəzi problemlər hələ qalır. İctimai fəallar hökumətdən uşaqpulunu bərpa etməyi yox, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən prosesin tam şəffaflaşdırılmasını tələb etməlidir ki, yardımdan bütün aztəminatlı ailələr faydalana bilsin. 

 

Ölkədə yoxsulluq həddi 5 faiz olduğundan, yoxsul əhalinin sayı 500 min nəfər – ortalama 100-110 min ailə edir. Bu baxımdan ünvanlı sosial yardımın əhatə dairəsində olmayan daha 40-45 min ailə var. Təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin ailələrin də yardım almasını təmin etməlidir – problemin kökü budur.

 

Uşaqpulunun bərpası və istisnasız olaraq hamıya şamil edilməsi həm də sosial ədalətsizlikdir. Aylıq gəliri yüksək olan ailələrə niyə uşaqpulu verilməlidir? Məsələn, dövlət niyə 5 min manat maaş alan deputata, rəsmi gəliri 1500-3000 olan hakimə, prokurora, iş adamına, yüksək maaş alan adamlara uşaqpulu verməlidir? Əksinə, dövlət həmin ailələrdən yığıdığı vergilər hesabına aztəminatlı ailələrə yardım etməlidir. Bu, həm də gəlirlərin yenidən bölüşdürülməsi deməkdir. Yoxsulluq kriteriyalarına yenidən baxıla, yoxsulların əhatə dairəsi genişlənə bilər, bununla bağlı müzakirlər normaldır, ancaq hamıya uşaqpulu ödənilə biməz – bu, anormal və ədalətsiz yanaşmadır.

 

"Doğumun yüksək olması səbəbindən uşaqpuluna ehtiyac yoxdur" deyən deputatların fikirlərini isə müzakirə etmək belə, ayıbdır. Dövlət öz ərazisində doğulan hər bir uşağa sahib çıxmalıdır.

 

İqtisadçı-ekspert Qadir İbrahimli

Müəllif: Ayna.az      9 Sentyabr 2019 23:02
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin