Əsas səhifə Haqqımızda Xəbər lenti

“Koronavirus ölkəni əsir alıb, amma əhali karant əleyhinə mitinqlər keçirir”

“Koronavirus ölkəni əsir alıb, amma əhali karant əleyhinə mitinqlər keçirir”

Samir Şahbazlı: “Bu xalqın məntiqinə görə, karantin rejimi nəticəsizdir və hər bir adam onsuz da bu virusa yoluxacaq”

 

AYNA xaricdə yaşayan soydaşlarımızla silsilə müsahibələrə davam edir. Müsahibələr zamanı qonaqlarımız dünyanı cənginə alan koronavirus pandemiyası və onun doğurduğu nəticələr barədə danışırlar. Yaşadıqları dövlətlərdə koronavirusa qarşı mübarizə tədbirləri, yoluxma səviyyəsi, karantin qaydaları və s. mövzulardan bəhs edirlər.

 

Növbəti həmsöhbətimiz Ukrayna paytaxtında yaşayan, pandemiya səbəbindən iki il Azərbaycana gələ bilməyən Samir Şahbazlıdır. O, 6 ay ölkəyə qayıtmaq istəsə də, bu arzusunu gerçəkləşdirə bilməyib. Uzun müddət gözləyəndən sonra yalnız bugünlərdə ölkəmizə dönüb.

 

Qonağımız Taras Şevçenko adına Kiyev Milli Universitetini bitirib. Turizm meneceridir, Otel işinin təşkili ixtisası üzrə Ukraynanın nüfuzlu ali məktəbindən məzundur. Ali təhsilini başa vurduqdan sonra Kiyevdə yaşayır və orada turizm şirkətlərinə konsultant xidməti göstərir. Beləliklə:

No description available.

- Samir, bugünlərdə Azərbaycana qayıtmısınız. Həm Ukraynada, həm də Azərbaycanda karantin qaydaları barədə artıq məlumatlısınız. Əsas fərqlər hansılardır?

 

- Ukrayna postsovet məkanında koronavirusun ən çox yayıldığı ölkələrdən biridir. Keçmiş ittifaq ölkələri arasında Rusiyadan sonra ən çox əhali sayı Ukraynadadır. Son rəsmi açıqlamalara görə, bu ölkədə 48 milyon əhali yaşayır. Lakin koronavirusa yoluxma səviyyəsi o qədər yüksək oldu ki, özündən üç dəfə böyük olan Rusiyaya belə, çatırdı. Hətta, fikimə bir qədər düzəliş edib deyə bilərəm ki, Ukrayna dünyada COVID-19-a yoluxma sayına görə lider dövlətlərdən oldu. Xüsusən üçüncü dalğa daha sərt gəldi və çoxlu sayda insan koronavirusun qurbanı oldu. Bütün bunlardan sonra hökumət pademiya qaydalarını sərtləşdirməklə bağlı qərar verdi. Apreldən başlayaraq bir ay müddətində ciddi qapanmalar oldu. Bu müddətdə əhaliyə açıq havada maska taxmaq tələbi qoyulmurdu. Yalnız qapalı məkanlarda və ictimai yerlərdə bu tələb var idi.

 

Azərbaycanda isə açıq havada da maska taxılmasını tələb edirlər. Bunu etməyənlər isə cərimələnir. Sərt karantin ləğv ediləndən sonra isə demək olar ki, bütün ictimai məkanlar vətəndaşların üzünə açıldı. İctimai iaşə obyektləri, kafe və restoranlar, idman zalları fəaliyyətə başladı. Azərbaycanda isə idman zallarının işləməsinə hələ də icazə verilmir. Daha bir fərqli cəhət kafelərdə qəlyanla bağlıdır. Ukraynada qəlyan və ya hər hansı sifarişin icra edilməsinə heç bir məhdudiyyət yoxdur, bizdə isə qəlyan satmaq rəsmən yasaq edilib.

 

- İctimai nəqliyyatın fəaliyyəti nə yerdədir? Azərbaycanda uzun müddətdir metro işləmir, avtobuslar isə şənbə-bazar və bayram günləri fəaliyyətini dayandırır.

 

- Pandemiya elan olunandan bəri Kiyevdə ictimai nəqliyyatın fəaliyyəti dayanmadı. Düzdür, pendemiya yeni elan olunanda və son karantin zamanı yalnız icazəsi olan şəxslərin ictimai nəqliyyatda hərəkətinə icazə verilirdi. Hazırda bütün ictimai nəqliyyat növləri tam gücü ilə işləyir. Avtobuslar, metro, tramvay və trolleybuslar bu qəbildəndir. Lakin müəyyən şərtlərlə. Şərt ondan ibarətdir ki, ayaq üstündə sərnişin daşımaq olmaz. Yalnız oturacaqların sayı qədər sərnişin götürməyə icazə verilir. Əlavə avtobuslar xətlərə buraxılıb və nəticədə ara intervalları minimuma enib. Yəni, nəqliyyat çatışmazlığı hiss olunmur.

 

Bu məqamda haşiyəyə çıxaraq bildirim ki, Ukraynada bölgələrə görə fərqli mexanizm tətbiq edilir. Bu mexanizm şərti olaraq “Qırmızı xətt” adlanır. Bu xəttə əsasən böyük şəhərlər daxildir. Hansı ərazilərdəki yoluxma sayı yüksəkdirsə, həmin şəhərlər “Qırmızı xətt”in təsir zolağındadır. Əksər ərazilərdə isə karantin elə də sərt deyil. Hazırda paytaxt Kiyev də “Qırmızı xətt”in təsir dairəsindən çıxıb. Son sərtləşdirmə zamanı isə yalnız iki şəhərdə - Kiyev və Lvov şəhərlərində tətbiq edildi.

 

- Təhsil müəssisələri necə, fəaliyyət göstərirmi? Ukraynada təhsil əyani, yoxsa distant formada həyata keçirilir?

 

- Sərt karantin tədbirləri dövründə bütün təhsil müəssisələri distant təhsilə keçdi. Hazırda ümumtəhsil məktəblərində tədris əyani formada icra edilir. Universitetlər isə onlayn formada təhsilə keçid edib. Distant təhsil burada da yüksək səviyyədə icra edilmir. Azərbaycanda olduğu kimi, burada da hesab edirlər ki, distant təhsil effektsizdir və itirilmiş illərdir. Bilirsiniz ki, Ukrayna təhsilində neqativ hallar çoxdur. Məhz elə bu səbəbdən asan təhsil almaq istəyən soydaşlarımız Ukraynanı seçməyə üstünlük verirlər. Çünki Türkiyə və digər qonşu dövlətlərdən fərqli olaraq Rusiya və Ukraynada el dilində desək, təhsili “yola vermək” mümkündür. Azərbaycanda isə ali təhsil daha mükəmməldir. Bunu nüfuzlu ali məktəblərə - misal üçün, mənim də məzun olduğum Taras Şevçenko adına Kiyev Milli Universitetinə şamil etmək olmaz. Bu universitetlərdə qaydalar tamamilə fərqlidir. Qeyd edim ki, Şevçenko adına Kiyev Milli Universitetini bitirənlər arasında – Mixail Saakaşvili, Elmar Məmmədyarov, o cümlədən Ukraynın hakim elitasının əksər üzvləri yer alır.

 

- Dediyinə görə, 6 aydır Azərbaycana qayıtmaq istəsən də, bu, mümkün olmurmuş. Hansı maneələr var idi?

 

- Bilirsiniz ki, digər dövlətlərdə olduğu kimi, Ukraynada da pandemiya dövründə  sərhədlərini bağlı saxladı. Hava məkanı rəsmi olaraq açıq olsa da, əksər uçuşlar təxirə salınmışdı. Azərbaycanla Ukrayna arasında təyyarə reysləri dayanmışdı. İki ay öncə uçuşlara icazə verildi. Azərbaycana gəlmək istəyənlər yalnız Türkiyə və Belarus vasitəsilə bunu həyata keçirə bilirdilər. Bu da asan deyildi. Bu səbbədən uzun müddət Azərbaycan səfərimi təxirə salmalı oldum. Bir neçə gün öncə isə Kiyev-Bakı reysi ilə Azərbaycana qayıtmağa müvəffəq oldum.

 

Bu məqamda qeyd edim ki, Kiyevdə və digər şəhərlərdə əhali pandemiyanın uzanmasına və sərt karantin rejiminə sərt etirazlar edir. Bir neçə dəfə bununla bağlı mitinqlər də keçirilib. İzdihamlı mitinqlərdə iştirak edənlər hökumətdən təcili olaraq karantin rejimini ləğv etməyi tələb edirlər. Baxmayaraq ki, koronavirus dünya üzrə yayılıb və ən çox yoluxma sayı olan ölkələrdən biri də Ukraynadır, orada vətəndaşlar karantinə sərt şəkildə etiraz edirlər. Ukraynalıların məntiqinə görə, karantin rejimi nəticəsizdir və hər bir adam onsuz da yekunda bu virusu keçirməli olacaq. Bu səbəbdən karantin qaydalarının sərtləşdirilməsini lüzumsuz sayırlar.

 

- Ukrayna-Rusiya münasibətləri ən gərgin dövrünü yaşayır. Ukrayna vətəndaşları bu məsələyə necə yanaşır?

 

- Son dövrlər Ukrayna cəmiyyətində Rusiyaya qarşı dərin aqressiya hökm sürür. Onlar nəhayət neçə illərdən sonra öz dillərində danışmağa başlayıblar. Yalnız zəruri hallarda rus dilindən istifadəyə üstünlük verilir. Amma bununla yanaşı, ukraynalıların çoxu müharibənin tərəfdarı deyil. Xüsusən gənc nəsil müharibəyə qarşıdır. Orta və yaşlı nəsil isə Rusiyanın işğalçı siyasətinə qəti etiraz edir və bütün mümkün variantlardan istifadəni məqbul sayır. Baş verənlərin fonunda Ukrayna iqtisadiyyatı xeyli zəifləyib. Pandemiya dövründə yalnız sahibkalara və təqaüdçülərə kompensasiya ödənilməsi, iş yerlərinin bağlanması, Rusiyadan gələn təzyiqlər sosial vəziyyəti xüsusilə ağırlaşdırıb. Ukraynada böyük müharibənin olacağına inanmırlar. Hesab edirlər ki, münaqişə açıq hərbi fazaya keçməyəcək. Ukraynada yekdil qənaət budur ki, ölkə Qərbə inteqrasiya etməlidir. Demək olar ki, hər kəs NATO ilə əməkdaşlığın tərəfindədir. Keçmiş SSRİ ölkəsi olsa da, burada demokratik dəyərlər tam oturuşub və hər kəs istədiyi məsələyə rahat şəkildə öz etirazını bildirə bilir.

 

- Turizm menecmenti sahəsində təhsil almısan. Azərbaycan və Ukrayna turizminin potensialını necə qiymətləndirirsən?

 

- Pandemiyanın ən çox mənfi təsirinə məruz qalan sahə təhsil və turizm oldu. Bütün dünyada turizm sektoru çökdü, ən gəlirsiz sahəyə çevrildi. Lakin postpandemiya dövrü üçün turizm gəlirlərinin yenidən artacağı gözlənilir. Bəzi dövlətlər artıq turizm məqsədilə öz sərhədlərini açıq elan edir, ölkəyə daxil olarkən koronavirus testini belə, ləğv edirlər. O ki qaldı turizm potensialına, Kiyev, Lvov, Odessa, Truskovetsk, Uman şəhərləri pandemiyaya qədər hər il milyonlarla turist qəbul edirdi. Uman şəhərində yəhudilərin müqəddəs saydığı məkanlar var və bu səbəbdən hər il yüzminlərlə yəhudi həmin şəhəri ziyarətə gəlirdi.

 

Azərbaycanın da da turizm potensialı çox yüksəkdir. Quba, Qəbələ, İsmayıllı, Şəki, Oğuz, Qax və s. bölgələrin əlverişli turizm imkanları var. Hesab edirəm ki, pandemiyadan sonra biz qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına xüsusi diqqət ayırmalıyıq. İndiyə qədər bu istiqamətdə müəyyən işlər görülsə də, yetərli sayıla bilməz. Həmçinin Qarabağ bölgəsində, işğaldan azad olmuş ərazilərimizdə bu sahənin inkişafına xüsusi diqqət yetirməliyik.

 

- 44 günlük Vətən müharibəsi zamanı Ukraynada yaşayan soydaşlarımız hansı işləri gördülər?

 

- Ukraynada rəsmi olaraq 400 min azərbaycanlının olduğu deyilsə də, qeyri-rəsmi olaraq bir milyona yaxın soydaşımızın yaşadığını söyləyirlər. Bu sayı bəzilərinin artıq Ukrayna vətəndaşlığı alması, bəzilərinin isə qeyri-rəsmi şəkildə yaşaması ilə əlaqələndirirlər. Qeyd edim ki, Ukraynada Azərbaycan diasporu kifayət qədər güclüdür. 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra Ukrayna azərbaycanlıları ən yüksək səviyyədə birlik nümayiş etdirdilər. Vaxtaşırı olaraq soydaşlarımızla görüşür, fikir mübadiləsi aparır, birgə fəaliyyət planı cızırdıq. Kifayət qədər məhsuldar çalışdıq. Tarixi Zəfər qazandığımız gün Ukraynanın müxtəlif şəhələrində, o cümlədən paytaxt Kiyevdə izdihamlı Qələbə yürüşü təşkil etdik. Hər birimizin ürəyi Azərbaycan həsrəti ilə döyünürdü. Çox şanslı və xoşbəxt xalqıq ki, tarixi ədaləti bərpa edə bildik. Bu qüruru bizə yaşadan Azərbycan Ordusunun qarşısında baş əyirik!

Müəllif: Azər Niftiyev      8 May 2021 22:18
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin