Əsas səhifə Haqqımızda Xəbər lenti

“Gələn il yekun sülh müqaviləsi imzalanacaq - artıq hamı tələsir”

“Gələn il yekun sülh müqaviləsi imzalanacaq - artıq hamı tələsir”

Mehman Əliyev: “Paşinyan qələbə qazanmasa, Ermənistanda revanşistlər hakimiyyətə gəlsə, sülh prosesi ləngiyəcək”

 

İkinci Qarabağ müharibəsi bitəndən, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci ildə imzaladığı Birgə Bəyanatdan sonra Qarabağ ətrafında bir çox proseslər gedir. Münaqişənin nizamlanması istiqamətində Birgə Bəyanatın müddəalarına əsasən, bir çox addımlar atılıb, bəzi həll olunmamış məsələlər qalıb.

 

Hökumət sənəddə olan bəndlərin hamısının bir-bir yerinə yetiriləcəyini bildirir. Regionda nəqliyyat-kommunikasiyanın blokdan çıxarılması da Birgə Bəyanatda göstərilən tələbin bir hissəsidir - hansı ki, bu istiqamətdə addımlara başlanılıb.

 

Amma Azərbaycan cəmiyyətində bir çox nüanslarla bağlı narahatlıq müşahidə edilir. Məsələn, erməni yaraqlı terrorçuların ərazilərimizdən çıxarılması məsələsinin həllinin rəsmi təsdiqinin olmaması, məcburi köçkünlərin yurd-yuvalarına qayıtmaması, Xankəndidə separatçıların hələ də “dövlət” deyib sayıqlamaları, Rusiya sülhməramlılarının missiyasına uyğun olmayan addımları və s. bunlar Azərbaycan ictimaiyyətini narahat etməyə bilməz.

 

Qarabağ ətrafındakı siyasi situasiya ilə bağlı AYNA-nın suallarını cavablandıran “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, proseslər demək olar ki, razılaşdırılmış şəkildə gedir:

Mehman Əliyev həbsdən azad edilir

- Müəyyən taktiki oyunlar var ki, bu, daha çox Ermənistan tərəfindən ortaya atılır. İrəvan prosesləri öz xeyrinə istiqamətləndirməyə çalışır. Amma vasitəçilərin, Rusiya, ABŞ və hətta Fransanın Qarabağla bağlı əvvəlcədən planlaşdırdığı siyasi xətt istiqamətində proseslər cərəyan edir. Əlbəttə, proseslər Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnəcək. Bütün məsələlərdə tərəflər, vasitəçilər Azərbaycanla hesablaşacaq. Hətta hesablaşırlar da. Təbii ki, hesablaşmaq onların maraqlarına uyğundur. İndiki vəziyyət və onun inkişafı vasitəçilərin marağındadır.

 

- Bölgədə olan Rusiya sülhməramlılarının addımları bizim cəmiyyətdə qıcıq yaradır. Ümumiyyətlə, Moskva tərəfindən atılan addımların əksəriyyətinə ictimaiyyətin sərt təpkisini görürük...

 

- Hesab etmirəm ki, sülhməramlılarla bağlı çox ciddi problemlər var. Məsələ burasındadır ki, sülhməramlı kontingent bölgəyə müvəqqəti daxil olub, sənəddə də vaxt göstərilib. Sülhməramlıların bölgəyə gəlməsi, əlbəttə, beynəlxalq və regional səviyyədə razılaşdırılmış əməliyyatdır. Bu, Rusiyanın şəxsi eksklüziv addımı deyil, hamı bunu norma kimi qəbul edib, xüsusən də vasitəçilər. Sülhməramlıların Qarabağa gəlməsi proseduru bir qədər fərqlidir. Qarabağla bağlı müharibədən əvvəlki sülh danışıqlarında da var idi ki, sülh əldə olunandan sonra sülhməramlı kontingentin yerləşdirilməsinə baxılmalıdır. Bizdə isə əksi baş verdi – sülhməramlılar bölgəyə girdi, ondan sonra sülhün əldə olunması danışıqları başlayıb. Bu da görünür, məsələnin dinc yox, müharibə yolu ilə həllinə görədir. Düşünürəm ki, danışıqlar prosesi bir neçə il davam edəcək. Artıq tərəflər razılığa gəldikdən sonra sülhməramlı kontingentin də statusuna, formatına baxılacaq. Məncə, bu məsələdə problem yoxdur.

 

- Amma faktiki olaraq Qarabağda bizim xoşumuza gəlməyən addımlar atılır. Xüsusilə də sülhməramlılar erməni silahlılarının çıxarılmasını qəti tələb etmirlər, Xankəndidə parad keçiriləcəyini deyirlər...

 

- Bu narahatlıqlar təbiidir. Bilirsiniz, yenə deyirəm, Ermənistan tərəfi çalışır ki, mövqelərini gücləndirsin və sülhməramlıları öz xeyirinə işlətsin. Azərbaycan tərəfi bu gedişləri izləyir, vaxtaşırı iradlarını bildirir, nələrisə Kremlin diqqətinə çatdırır, problemi ortaya qoyur. Məsələn, “İsgəndər” raketi ilə bağlı Moskvadan cavab istəyir. Əslində bunlar tərəflərin gedişləridir. Bir tərəf istəyir ki, mövqelərini gücləndirsin, digər tərəf bunun qarşısını almağa çalışır. Bu, şahmat oyunu kimi davam edir. Bütövlükdə isə hesab edirəm ki, Rusiya tərəfi prosesdə Ermənistanın çox da güclənməsində maraqlı deyil. Ümumiyyətlə, bu, heç kəsin marağında deyil.

 

- Ermənilərin prosesləri öz xeyirinə dəyişmək cəhdi dedikdə Qarabağın statusu məsələsini nəzərdə tutursunuz?

 

- Aydındır ki, Ermənistan 30 il qabaq işğal etdiyi rayonları itirdi, bu gün ətraf rayonlar danışıqlar predmeti deyil. Keçmiş Dağlıq Qarabağ inzibati ərazisinin üçdə bir hissəsini də itiriblər. İndi İrəvan istəyir ki, indiki məqamda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati xəritəsini bərpa etsin. Ondan sonra həmin sərhədlər çərçivəsində status məsələsini gündəmə gətirib müzakirə etsinlər. Bu danışıqlar nəticəsində də Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmaq niyyəti güdürlər. Azərbaycan isə buna imkan vermək istəmir və verməyəcək də. Çünki Azərbaycan lideri açıq şəkildə bildirib ki, status yoxdur, olmayacaq.

 

- Sizcə, yekun sülh çoxmu uzaqdadır?

 

- Yox, çox da uzaqda deyil. Düşünürəm ki, gələn il məsələ yekunlaşa bilər. Belə deyək, Azərbaycan tərəfində problem yoxdur. Azərbaycanda hakimiyyət stabildir, qərarları qəbul olunur, beynəlxalq zəmanət var. Rəsmi Bakının şərtləri ilə günü sabah yekun sülh müqaviləsinə imza atmağa hazırıq. Amma Ermənistanda vəziyyət fərqlidir. Azərbaycandan fərqli olaraq post-müharibə vəziyyəti ağırdır, məğlubiyyətin təsir gücü qalır. Gələn ay növbədənkənar parlament seçkiləri keçiriləcək ki, siyasi ehtiraslar bir az da artır. Düşünürəm ki, parlament seçkilərinin nəticəsindən sonra daha konkret nəsə söyləmək olar.

 

Hesab edirəm ki, Nikol Paşinyan hakimiyyətdə qalacaq. Keçirilən yerli və beynəlxalq sorğuların nəticələri də hazırkı hakimiyyətin seçkilərdə qalib gələcəyini göstərir. Paşinyan xalqdan yenidən etimad qazandıqdan sonra sülh danışıqlarını apara biləcək, nəticə əldə olunacaq. Kiminsə xoşuna gələcək, kiminsə yox, amma Paşinyana xalq tərəfindən yenidən etimad göstəriləcək. Ondan sonra proses daha sürətli gedəcək. Hesab edirəm ki, Qarabağla bağlı yekun sülhün əldə olunması gələn il üçün realdır. Çünki hamı tələsir. Ermənilər tələsirlər, çünki onların problemləri böyükdür, sosial-iqtisadi vəziyyət acınacaqlıdır. Regional güclər də, beynəlxalq aləm də, xalqlar da maraqlıdır ki, məsələ yekunlaşsın. Əlbəttə, bu, geosiyasi məsələlərlə də bağlıdır. Postpandemiya dövründə dünyanın iqtisadiyyatında yeni dirçəliş gözlənilir. Maraqlı güclər istəyirlər ki, regionda problem həllini tapsın ki, ölkələr gələcək iqtisadi yüksəlişdən bəhrələnsin. Bu ölkələrdə demokratiyanı, insan haqları ilə bağlı vəziyyəti də düzəltməkdə maraqlı güclər var. Bu məsələlər hərbi-siyasi münaqişə şəraitində çətin həllini tapır. Ona görə çalışacaqlar ki, gələn il bu məsələ bitsin.

 

- Əksi olsa, Paşinyan hakimiyyətdə qalmasa, yekun sülh prosesi uzana bilərmi?

 

- Əgər Paşinyan qələbə qazanmasa, Ermənistanda revanşistlər, müharibə tərəfdarları hakimiyyətə gəlsə, o zaman təbii ki, proses ləngiyəcək. Çünki Ermənistanın əsas müxalif qüvvələri münaqişədə maraqlı olduqlarını nümayiş etdirirlər. Lakin düşünmürəm ki, həmin qüvvələr hakimiyyətə gəlsinlər. Çünki münaqişədə heç kəs maraqlı deyil – nə erməni cəmiyyəti, nə də beynəlxalq güclər.

Müəllif: Anar Bayramoğlu      7 May 2021 10:22
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin