Əsas səhifə Haqqımızda Xəbər lenti

Təhlükə, qisas, inamsızlıq - Qanunla yumruq arasında seçim

Təhlükə, qisas, inamsızlıq -         Qanunla yumruq arasında seçim

“Şəhid Xudayar Yusifzadə ilə bağlı məsələnin ifadə azadlığına aidiyyəti yoxdur”

 

Cəmiyyətimizdə bir sıra insanlar arasında belə bir fikir hakimdir ki, hər şeyə görə polisə gedilməz. Belələri ölüm-itim yoxdursa, polisə gedənə də yaxşı baxmazlar. Ona görə yox ki, polisin işi çoxdur, onu hər xırda-para işə görə narahat etmək istəməzlər, bu, daha çox ona görədir ki, polisə müraciət etmək məsələnin uzanacağı, hər iki tərəfin get-gəldə qalacağı anlamına gəlir. Belə olduqda da hərə məsələni öz bildiyi yoldan həll etməyə çalışır - kimi qol gücünə, kimi söz, kimi də pulla.

 

Bəs, görəsən, niyə Azərbaycanda bir sıra insanlar daha çox hüquqi yox, fiziki cəzalandırma tərəfdarı kimi çıxış edirlər?

Mövzunu AYNA-ya şərh edən hüquq müdafiəçisi Rəsul Cəfərovun sözlərinə görə, ölkəmizdə hüquqi yox, fiziki cəzalandırmanın həddindən artıq geniş yayıldığını demək doğru olmasa da, belə hallar da rast gəlinəndir: “Bəli, elə hallar var ki, hüquqi müstəvidən çox, fiziki cəzalandırmaya üstünlük verilir. Amma mən bunun geniş yayılmış bir tendensiya olduğunu düşünmürəm. Olan keyslərlə bağlı isə onu deyim ki, bunlar bir neçə səbəbdən ola bilir. Birinci səbəb bilgisizlikdir. Məsələn, kimsə elə bilər ki, onu sosial şəbəkədə təhqir ediblərsə, burada dövlətin müdaxiləsi mümkün deyil. Ona görə bu halda özünün cəzalandırmalı olduğunu düşünür. Lakin təhqirə, böhtana görə məsələləri məhkəmə müstəvisində həll etmək mümkündür və o, bundan xəbərsiz olduğu üçün hüquqi yox, başqa cür cəzalandırmağı seçir”.

 

“İkincisi həssaslıq məsələsidir. Cəmiyyətdə həssaslıq təşkil edən mövzular var. Bununla da bağlı ola bilər ki, həmin həssas nöqtələrə toxunulanda insanların hüquq yadına düşmür, dərhal reaksiya vermək istəyirlər və bu halda da fiziki cəzalandırma bir yol olaraq seçilir. Buna görə də cəmiyyətdə demokratik institutlar gücləndirilməlidir. Çalışmaq lazımdır ki, həssas mövzulara elə həssas da yanaşma ortaya qoya bilək”, - deyə müsahibimiz bildirib.

 

Bu yerdə ifadə azadlığı ilə bağlı məsələyə toxunan hüquqşünas son günlərdə müzakirə olunan şəhid Xudayar Yusifzadə ilə bağlı məsələnin ifadə azadlığı ilə bağlılığı olmadığını söyləyib: “İfadə azadlığı o zaman anlamlı olur ki, həmin deyilən fikir hansısa ciddi ictimai müzakirələrə səbəb olur, hansısa qanunazidd əməlin qarşısını almış və ya ifşa etmiş olur və ya hansısa məsələdə tənqid ortaya qoyur ki, həmin tənqidin nəticəsində baş vermiş və ya baş verməkdə olan vəziyyət dəyişir və s. Şəhid Xudayar Yusifzadə ilə bağlı məsələnin ifadə azadlığı ilə bağlılığı yoxdur. Yəni bunu ifadə azadlığının standartları baxımından müdafiə etmək mümkün deyil. İfadə azadlığının standartlarından kənara çıxan həssas mövzularda biz bilməliyik ki, ifadə azadlığının qorunması yoxdur. Təəssüf ki, bu halda məsələ hüquqi yox, digər müstəvilərə keçə bilər. Bununla belə, heç bir şey zorakılığı əsaslandıra bilməz. Burada birmənalı mövqe ondan ibarətdir ki, qanunun imkan verdiyi çərçivədə zorakılıq törətmiş şəxslər cəzalarını almalıdırlar”.

No description available.

“Demokratik institutların formalaşması həm də cəmiyətdə bu istiqamətdə maarifləndirməni gücləndirməlidir ki, insanlar daha çox hüquqi müstəvidə məsələlərin üzərinə getsinlər. Demokratik institutlar cəmiyyətdə həm də ona görə lazımdır ki, müəyyən bir balans formalaşmış olsun”, - deyə Cəfərov vurğulayıb.

 

Ailədaxili zoraklıq hallarında polisə üz tutan və bəzi hallarda müraciətinin nəticəsiz qaldığından narazı olanlar da var. Bu məqama münasibət bildirən mütəxəssisin fikrincə, polisin vəzifəsi konteksdən asılı olmayaraq, hətta bu təhlükə ailədaxili münasibətlər zamanı ortaya çıxmış olsa da, təhlükədə olan istənilən vətəndaşı qorumaq olmalıdır: “Buna görə də beynəlxalq standartlar, o cümlədən də ölkəmizin özünün qanunvericilik tələbləri ondan ibarətdir ki, hüquq mühafizə orqanının əməkdaşı hər bir halda kömək üçün müraciət etmiş vətəndaşa, şəxsə yardım göstərməli, o müdafiəni təmin etməlidir”

 

“Paralel olaraq sığınacaq məsələləri də genişlənməlidir. Çünki bizdə sığınacaqların sayı həddindən artıq azdır, özəl sığınacaqlar kifayət etmir. Bu da bir növ demokratik institutların daha yaxşı işləməsinə bağlı məsələdir. Məsələn, QHT-lər, xeyriyyə cəmiyyətləri daha rahat şəkildə fəaliyyət göstərə bilsəydi, yəqin ki, bu istiqamətdə də daha çox nailiyyətin əldə olunmasına şahidlik edə bilərdik”, - deyə hüquq müdafiəçisi fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib      7 May 2021 15:26
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin