Əsas səhifə Haqqımızda Xəbər lenti

Erməni icması Türkiyədə girovdur? – ƏSASSIZ İDDİA

Erməni icması Türkiyədə girovdur? –       ƏSASSIZ İDDİA

Türkiyədəki ermənilər türk cəmiyyətinə fəal şəkildə inteqrasiya edir və dostluğun tərəfdarıdırlar

 

“Türkiyənin erməni icması və onun patriarxı bu ölkənin hökumətinin girovudur”. Bu iddia həftəlik “California Courier”in naşiri Arut Sasunyanın “The Armenian Weekly” nəşrində dərc olunan məqaləsində irəli sürülüb. Müəllif ABŞ Prezidenti Co Baydenin "erməni soyqırımı" ilə bağlı çıxışına olan "türkyönümlü" münasibətinə görə  patriarx Saak Maşalyanı tənqid edir.  Xatırladaq ki, Maşalyan Anadolu agentliyinə müsahibəsində  ABŞ rəhbərliyini  ölən ermənilərin xatirəsindən siyasi məqsədlər üçün istifadə etməməyə, türklərin və ermənilərin dinc yaşayışına zərər verməməyə çağırıb.

 

AYNA xəbər verir ki, Saxta.info ABŞ-da yaşayan erməni əsilli jurnalistin açıqlamasının nə dərəcədə real olduğunu  araşdırıb.

 

Biz erməni millətçiləri, siyasətçiləri və ideoloqlarının “erməni soyqırımı” kimi qələmə verdikləri 1915-ci il Osmanlı İmperiyasında baş verən faciəli hadisələrin tarixini nəzərdən keçirməyəcəyik. Yazıda Türkiyədə yaşayan  erməni icmasının mövcud vəziyyətinin mənzərəsini təsvir etməyə çalışacağıq. 

 

Əslində İstanbulda arxiyepiskopun rəhbərlik etdiyi Erməni Apostol Kilsəsinin mövcudluğu Sasunyanın mesajını əhəmiyyətli dərəcədə yanlış çıxarır. Hakimiyyət tərəfindən sıxışdırma və ya təhdid varsa, əgər ətrafları düşmənlər və təhlükə ilə əhatə olunubsa, həm patriarxın özü, həm də erməni kilsəsinin bu ölkədə qalmamalarını gözləmək məntiqli olardı.

 

Halbuki erməni din xadiminin iqamətgahı İstanbulun tarixi mərkəzi olan  Kumkapı məhəlləsində yerləşir. Patriarxın iqamətgahının birbaşa qarşısında kafedral statusuna malik  Müqəddəs Məryəm  Kilsəsi  yerləşir.

 

Açıq mənbələrdə yer alan məlumatlara görə, hazırda Türkiyədə, əsasən də İstanbulda 80-90 min xristian erməni yaşayır. Bəzi məlumatlara görə, Türkiyədə İslamı qəbul etmiş və ya müxtəlif səbəblərdən mənşəyini gizlədən etnik ermənilər də az deyil.

Bundan başqa, Türkiyədə erməni dilində bir neçə qəzet fəaliyyət göstərir. Erməni Apostol Kilsəsinin 45-dən çox kilsəsi, erməni dilində çıxan “Nor Marmara” və “Aqos” qəzetləri nəşr olunur. İstanbulda 17 erməni ümumtəhsil məktəbi  fəaliyyət göstərir, həmçinin erməni dilində yayımlanan televiziya kanalları və radiostansiyalar mövcuddur. 2009-cu ildə isə Türkiyənin ən böyük dövlət televiziya və radio quruluşu “TGRT” -də həm yerli auditoriya, həm də qonşu Ermənistan əhalisi üçün nəzərdə tutulan erməni dilində “Türkiyənin Səsi” radiostansiyası yayıma başlayıb. Erməni dilində yayımlanan radionun ölkələr arasında mədəni dialoqun inkişafına və ikitərəfli münasibətlərin normallaşmasına kömək edəcəyi gözlənilir.

 

Türkiyədə böyük biznesin oyunçuları olan ermənilər var və onlar bu ölkəni tərk etmək fikrində deyillər. Bu amil də ermənilərin Türkiyədə  rahat yaşayışının olmasına dəlalət edir. Bununla yanaşı, az imkanlı ermənilər də Türkiyəni öz vətənləri hesab edirlər. “Mən burada doğulmuşam, burada mənim valideynlərim doğulub,  bütün ailəm, bir neçə nəsil burada dünyaya göz açıb. Kiminsə istəyi ilə mən buradan gedəsi deyiləm”. Bu fikirləri “Noev Kovçeq” nəşrinə açıqlamasında İstanbul Mədəniyyət Universitetinin koordinator köməkçisi Narod Maraşyan deyib.

 

Dolayısı ilə erməni icmasının problemsiz həyatı icma nümayəndələrinin əksəriyyətinin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbəri olduğu hakim  Ədalət və İnkişaf Partiyasını dəstəkləməsi ilə təsdiqlənir.

 

Üstəlik, Ermənistandan Türkiyəyə miqrant axını da diqqət çəkir. Türkiyə mənbələrinə görə, Ermənistandan gələn miqrantların sayı 100 min nəfərdir.

Türkiyə dövləti, erməni mənşəli vətəndaşlarının hüquqlarını ölkənin digər əhalisi ilə bərabər şəkildə təmin edir. Bunu onların cəmiyyətin, ölkənin ictimai və siyasi həyatında maneəsiz iştirakı sübut edir.  Hətta  Türkiyə Böyük Millət Məclisində bir neçə erməni millət vəkili də var. 

 

Bu arada, erməni mütəxəssislərin fikrincə, Türkiyədəki ermənilər türk cəmiyyətinə fəal şəkildə inteqrasiya edir və türklərlə dostluğun tərəfdarıdırlar.

 

Saxta.info yuxarıda göstərilənlərə əsaslanaraq bu qənaətə gəlib ki,  erməni əsilli amerikalı naşir Arut Sasunyan açıq şəkildə oxucunu yanlış yola çəkir, erməni icmasını Türkiyə  səlahiyyətlilərinin girovu kimi təqdim etməyə çalışır.

Müəllif: Ayna.az      6 May 2021 17:51
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin