Əsas səhifə Haqqımızda Xəbər lenti

Hökumət iyun sınağına hazırlaşır: Nəticələrə uyğun qərarlar veriləcək

Hökumət iyun sınağına hazırlaşır: Nəticələrə uyğun qərarlar veriləcək

Deputat: “COVID testi neqativ çıxan əcnəbilərin Azərbaycana gəlməsinə icazə verilməlidir”

 

DTA nümayəndəsi: “Bizim üçün əsas məsələ əhalinin sağlamlığının qorunmasıdır”

 

Bu ilin birinci rübündə Azərbaycana 117 min əcnəbi gəlib. Bu, ötən illə müqayisədə bir neçə dəfə azdır. Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizə 4,4 dəfə az xarici gəlib. Səfər edənlərin çoxu əsasən qeyri-turizm məqsədləri ilə gələnlərdir.

 

COVID-19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi. Bununla belə, yeni turizm mövsümünün başlanmasına az vaxt qalmış ölkəyə səfərlə bağlı sərt qaydaların dəyişidirilməsinə ehtiyac olduğu bildirilir.

İqtisadçı Vüqar Bayramov 71% səs çoxluğu ilə qalib gəldi, seçicilərə  müraciət etdi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun AYNA-ya dediyinə görə, ölkəyə gəlişlə bağlı qaydalara yenidən baxılması və qaydaların yumşaldılması məqsədəuyğun olar: “COVID-19 testi verib, neqativ cavabı olan xaricilər, xüsusi siyahıya daxil deyilərsə, yəni onlar Azərbaycanda işləmirlərsə, eyni zamanda diplomatik korpusun əməkdaşı deyillərsə, bu halda Azərbaycan səfər edə bilmirlər. Bu baxımdan qonşu Türkiyə də daxil olmaqla, bir sıra ölkələrin pandemiya dövründəki təcrübəsini nəzərə alsaq, daha məqsədəuyğun olardı ki, neqativ COVID-19 test cavabı ilə xaricilərin Azərbaycana gəlməsinə icazə verilsin”.

 

Deputat xatırladıb ki, bir sıra Avropa ölkələri pandemiyaya baxmayaraq sərhədlərini turistlər üçün açıb: “Hətta yoluxma sayı yüksək olan ölkələr də neqativ test cavabı olan turistləri içəri buraxır. Avropa İttifaqının üzvü olan ölkələr artıq qarşılıqlı olaraq sərhədlərinin açılması ilə bağlı qərar qəbul etdi. Baxmayaraq ki, hazırda da Avropa İttifaqı ərazisində pandemiya davam edir, yoluxma səviyyəsi kifayət qədər yüksəkdir”.

 

“Amma Avropa İttifaqı əksər üzv ölkələr daxilində sərbəst hərəkətə və turistlərin gəlməsinə imkan yaradır. Pandemiya səbəbindən iqtisadiyyat ciddi ziyan gördü. Bu baxımdan məqsəd ondan ibarətdir ki, mərhələli şəkildə turizm dirçəldilsin və post-pandemiya dövrünə turzim sektoru inkişaf baxımından tam hazır vəziyyətə gətirilsin”, - deyə Bayramov bildirib.

 

Onun fikrincə, ölkəmizdə də belə addımların atılmasına ehtiyac var: “Yoluxma sayının stabil olması və vaksinasiyanın sürətli aparılması buna imkan verir. Qeyd edək ki, mövcud qaydalar, əsasən ölkəyə yalnız akreditə olunan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər”.

Kənan Quluzadə

Dövlət Turizm Agentliyinin (DTA) mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə isə AYNA-ya açıqlamasında deyib ki, indikilik əsas hədəf turizmi dirçəltmək deyil, sağlamlıq və təhlükəsizlikdir: “Bu yöndə əsas vəzifə əhalinin sağlamlığının təhlükəsizliyini təmin etməkdir. Bütün qərarlar bu amildən asılıdır. Sərhədlərin açılması, yay mövsümünün başlanması və s. kimi məsələlər buna bağlıdır”.

 

Agentlik sözçüsünün sözlərinə görə, Azərbaycan hökuməti üçün ilk tapşırıqlardan biri vətəndaşların koronavirusdan qoruması ilə bağlıdır: “Birinci dərəcəli hesab edilən bu tapşırıq həll edildikdə, müxtəlif fəaliyyət sahələrində, o cümlədən turizm sahəsində inkişafdan danışmaq mümkün olacaq. Bu il Dövlət Turizm Agentliyi fəaliyyətini ilk növbədə daxili turizmin inkişafına yönəldəcək. Bu baxımdan ayrıca marketinq və reklam kampaniyaları aparılacaq və turistlərə uyğun məhsullar təklif ediləcək”.

 

Quluzadə beynəlxalq turizmin inkişafı üçün plan hazırlandığını da söyləyib: “Lakin hər şey dünyada və Azərbaycanda pandemiya ilə əlaqədar qlobal səviyyədə verilən qərarlardan asılı olacaq. Ölkəmizdə  turizmin inkişaf strategiyası qəbul edilib və sərhədlər açılan kimi bu strategiyaya əməl ediləcək. Sərhədlər bütün ölkələrlə açıq deyilsə, Dövlət Turizm Agentliyi müəyyən dövlətlərlə qarşılıqlı razılıq əsasında turizm əlaqələri qurma imkanlarını nəzərdən keçirir. Biz burada vaksinasiyanın yüksək səviyyədə aparıldığı və əhalinin əhəmiyyətli bir hissəsinin vaksinasiyaya cəlb olunduğu ölkələrdən danışırıq”.

 

“İyun ayında Azərbaycan Avropa Futbol Çempionatı oyunlarına ev sahibliyi edəcək və bu yarış pandemiya dövründə bir çox xarici ölkələrdən Azərbaycana təşrif buyuracaq insanların kütləvi şəkildə turizm məqsədi üçün gəlişləri ilə bağlı ilk hadisə hesab olunacaq. Bu, yeni şəraitdə turist axınlarının necə idarə olunması, əhalinin və qonaqların sağlamlığının təminat səviyyəsini göstərəcək bir sınaq olacaq. Qeyd edim ki, sərhədlər bütün azarkeşlər üçün deyil, yalnız seçmə mərhələdə təmsil olunan ölkələrin azarkeşləri üçün açıq olacaq”, - deyə DTA təmsilçisi vurğulayıb.

Müəllif: Ülviyyə Şahin      6 May 2021 19:20
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin