Əsas səhifə Haqqımızda Xəbər lenti

Ermənilərin xeyrini də gördük: Onlara minnətdarlıq düşür

Ermənilərin xeyrini də gördük:     Onlara minnətdarlıq düşür

Politoloq: “Azərbaycan belə bir addım atmamalıdır, əks halda bu, əvvəlcə iqtisadi, sonra da siyasi suverenliyin itirilməsi olacaq”

 

Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirakına razı olmadı. Tədbir 30 apreldə Kazanda baş tutdu.

 

TASS-ın verdiyi məlumata görə, Ermənistan tərəfi Azərbaycan təmsilçisinin cümə günü Kazanda keçirilən Aİİ Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirakının əleyhinə idi. Ermənistanın “Birinci Kanalı”nın xəbər verdiyi kimi, bunu respublika Baş nazirinin müavin əvəzi Mger Qrigoryan bəyan edib.

 

“Hər hansı bir üçüncü ölkənin Aİİ Hökumətlərarası Şurasının iclasında iştirak etməsi üçün konsensus qərarı tələb olunur. Təbii ki, bu məsələ ilə bağlı fikir birliyi yox idi. Xüsusilə, Ermənistan Azərbaycan təmsilçisinin iclasda iştirakına razı olmadı”, - deyə o bildirib.

 

Aİİ-nin yaradılması barədə razılığa əsasən, inteqrasiya birliyi çərçivəsində bütün qərarlar konsensusla qəbul edilir. 23 apreldə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycanın iştirakı ilə bağlı məsələnin “hələ həll olunmadığını”, Avrasiya İqtisadi Komissiyasına Ermənistanın Azərbaycan nümayəndələrinin iştirakına etiraz edəcəyi barədə məlumat almadığını bildirmişdi.

 

Ancaq bu oldu. Və Azərbaycan vətəndaşlarının ən azı yarıdan çoxunun qənaətinə görə, hər şeyin bu şəkildə getməsi çox yaxşıdır. Niyə? Çünki Azərbaycanın, mövcud olduğu 6 il ərzində üzvlərindən heç kimə iqtisadi fayda gətirməyən, lakin açıq şəkildə bu günə qədərki mövcud Kreml rejiminin tərəfdarı olan ölkələrin bir növ siyasi ittifaqı rolunu oynayan bir təşkilata üzvlük perspektivləri (son zamanlar bu barədə çox danışılır) heç kimdə sevinc hissi yaratmır. Belə xeyir, necə deyərlər, bizə heç havayı da lazım deyil.

 

Qonaq qismində olsa belə, bu qurumun iclaslarında niyə iştirak etməliyik ki? Böyük ehtimalla, Aİİ Hökumətlərarası Şurasının iclasında Bakının nümayəndəsinin iştirakı dəvəti Moskvadan gəlmişdi - bəzi ehtimallara görə, ölkəmizin Aİİ-yə qoşulmasının məqsədəuyğunluğuna dair yayılan söhbətlərə Bakı ehtiyatla yanaşır və odur ki, bu cür istəklərin Azərbaycan səlahiyyətliləri tərəfindən edilməsi ehtimalı azdır.

ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu:

Mövzunu AYNA-ya şərh edən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu erməni tərəfinin Azərbaycanın Aİİ Hökumətlərarası Şurasının iclasında iştirakına icazə verməməsindən məmnundur: “İnanıram ki, ölkəmizin bu təşkilatın işində iştirak etməsi yalnız Azərbaycanın iqtisadi maraqlarına zərər verə bilər. Çünki digər postsovet ölkələrinin bu ittifaqda qalması, həqiqətən bu illər ərzində onlara heç bir fayda gətirmədi. Üstəlik, inanıram ki, bunları bu quruma daxil edən Rusiya, ilk növbədə öz iqtisadi maraqlarını həyata keçirməyə çalışır”.

 

“Məsələn, Qazaxıstan misalında bunu müşahidə edə bilərik. Əhəmiyyətli nəqliyyat arteriyalarına və kommunikasiyalara nəzarət edən Rusiya bu gün Qazaxıstandan buğda ixracına ciddi şəkildə müdaxilə edir. Bu, yalnız bir nümunədir. Unutmayaq ki, bizim və Rusiyanın xarici ölkələrə karbohidrogen ixracatı ilə bağlı ziddiyyətli maraqlarımız var. Yəni, Azərbaycan Avropa İttifaqı (Aİ) və Qərb ölkələri tərəfindən Avropa bazarına alternativ enerji mənbələri tədarükçülərindən biri kimi qəbul edilir”, - deyə analitik bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan Rusiyanın bu gün Avropa ölkələrinə satdığı enerji məhsullarını tam həcmdə ödəyə bilməz: “Lakin gələcəkdə Azərbaycan bu məsələdə Türkmənistan və Qazaxıstan kimi ölkələrlə əməkdaşlıq edə bilər. Bir vaxtlar - 2018-ci ildə Xəzərin statusunu dəyişdirmək istəyən Rusiya, bu hədəfi gələcəkdə Transxəzər qaz kəmərinin çəkilməsinin qarşısını almaq üçün seçmişdi”.

 

Politoloq qeyd edib ki, Aİİ-yə üzv olmadan da, Rusiyanın digər postsovet ölkələrinin xarici dövlətlərlə, ilk növbədə Aİ ilə münasibətlər qurmasına necə mane olduğunu müşahidə etmişik: “Bu mülahizələrə əsaslanaraq düşünürəm ki, Azərbaycanın bu təşkilatla üzvlüyü bir yana qalsın, hər hansı bir əməkdaşlıq üçün səy göstərməsinə belə, ehtiyac yoxdur. İnanıram ki, bu, əvvəlcə iqtisadi, sonra da siyasi suverenliyin itirilməsi olacaq. Və bu mənada ermənilərə Kazanda bizə maneə yaratdıqları üçün minnətdarlıq düşür”.

 

“Azərbaycan iqtisadi siyasətini Aİİ və Gömrük İttifaqına üzv olmadan tamamilə müstəqil şəkildə həyata keçirməlidir. Bütün bunların bizim üçün heç bir faydası yoxdur. Hər hansı belə bir təşkilat bu və ya digər dərəcədə Moskvanın diktə etdiyi şərtlərdən asılıdır. Tədricən onlara daxil olan bütün ölkələr Rusiyanın xammal əlavələrinə çevriləcək və iqtisadi siyasətlərini Kreml ilə əlaqələndirmək məcburiyyətində qalacaq. Və bu, Rusiyadan asılılıq deməkdir”, - deyə Oruclu fikrini tamamlayıb.

Müəllif: Rauf Orucov      5 May 2021 19:20
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin