Əsas səhifə Haqqımızda Xəbər lenti

Polis adı ilə qadına hədə-qorxu gələn şəxs saxlanılıb - FOTO

Polis adı ilə qadına hədə-qorxu gələn şəxs saxlanılıb -       FOTO

Saxlanılan şəxs sosial şəbəkədə tanış olduğu qadına hədə-qorxu gələrək ondan pul tələb etdiyini etiraf edib

 

Daxili İşlər Nazirliyinin “Instagram” sosial şəbəkəsindəki rəsmi səhifəsinə (polisazerbaycan) müraciət edən bir nəfər qadın özünü sosial şəbəkədə polis kimi təqdim edən şəxslə tanış olduğunu, daha sonra həmin şəxsin ona hədə-qorxu gələrək pul tələb etdiyini bildirib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Qeyd edilib ki, qadının həmin müraciəti dərhal nəzarətə götürülüb və özünü polis kimi təqdim edən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elmir Sultanov saxlanılıb.

 

Araşdırma zamanı saxlanılan şəxs özünü polis əməkdaşı kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadına hədə-qorxu gələrək ondan pul tələb etdiyini etiraf edib. E.Sultanovun yaşadığı evə və idarə etdiyi avtomobilə baxış zamanı polis mayoru xüsusi rütbəsi olan paltarlar, polis əməkdaşı görüntüsü yaratmaq üçün əldə etdiyi suvenir qandal, polis şevronları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

 

İstintaq tədbirləri zamanı müəyyən edilib ki, E.Sultanov bir neçə il əvvəl də eyni əməli törətdiyinə görə, yəni, özünü yalandan polis əməkdaşı kimi təqdim edərək insanlardan pul tələb etdiyi üçün Cinyət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə məhkum olunub.

 

Bu dəfə də onun barəsində Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq və əməliyyat tədbirləri davam etdirilir.

 

Soaial şəbəkələrdə E.Sultanov tərəfindən hədələnən və ya onun digər qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə və DİN-in  “Instagram” və “Facebook”dakı rəsmi ünvanlarına məlumat verə bilərlər.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      4 May 2021 12:54
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin