Əsas səhifə Haqqımızda Xəbər lenti

“Guya, bədəndən “çirkli qanı” çıxarırlar, lakin tibbdə belə anlayış yoxdur”

“Guya, bədəndən “çirkli qanı” çıxarırlar, lakin tibbdə belə anlayış yoxdur”

“Virtual hospital”ın təsisçisi: “Adama bir stəkan şərbət ver və de ki, bu, güclü ağrıkəsici dərmandır, adam sərbəti içəcək və içindəki inam hesabına başının ağrısı kəsəcək”

 

Söhbət səhhətimizdən gedirsə, bir qərar verməzdən əvvəl, necə deyərlər, yüz ölçüb, bir biçməyimizdə fayda var. Klinikalar arasından birini seçmək, həkimlərdən həkim bəyənmək, yazılan reseptə tərəddüdsüz inanmaq heç də asan başa gələn iş deyil. Bəzən naxoşlamış adam heç bilmir, hansı sahə üzrə həkimə üz tutsun ki, bir dərdini min eləməsin. Nə azdır Hippokrata içdiyi andı unudanlar?

 

“Facebook” sosial şəbəkəsində “Məsləhətli don gen olar” deyənlərin toplaşdığı qruplardan biri “Virtual hospital”dır. Qrupda tibbin müxtəlif sahəsi üzrə həkimləri toplaşaraq pasiyentləri maraqlandıran suallara cavab verməyə, onları maarifləndirməyə çalışırlar.

 

AYNA-nın həmsöhbəti də qrupun təsisçisi, həkim nefroloq Müşfiq Bəbirovdur. Onunla 4 il bundan əvvəl yaratdığı qrupun hazırkı vəziyyəti, pasiyentlərin tibbə, həkimlərə münasibəti, COVID-19 pandemiyasının yaratdığı ab-havanın insanlara təsiri barədə həmsöhbət olmuşuq.

No description available.

- Müşfiq həkim, qrupunuzda 35 minə yaxın insanı bir yerə toplaya bilmisiniz. Pandemiyanın davam etdiyi bu günlərdə qrupda ab-hava necədir?

 

- 4 ilə yaxındır ki qrup aktiv fəaliyyət göstərir. Qrupda xeyli sayda həkim və həkim olmayan insan var. Qrupun yaradılmasının məqsədi də məhz həkimlərin sıravi insanlarla yaxın təmasını, onları narahat edən suallara cavab almalarını və maariflənmələrini təmin etmək istəyi dururdu. Düşünürəm ki, bu, bizdə alındı. Hər gün qrupa onlarla sual daxil olur və uyğun ixtisas üzrə həkimlər bacardıqları qədər bu suallara cavab verməyə çalışırlar. Pandemiya vaxtı təbii ki, suallar daha çox COVID-19 istiqamətində dəyişdi. Hazırda 10 sualdan 5-6-sı bu xəstəliklə bağlıdır. İnsanların təlaşı anlaşılandır. Hər kəs narahatdır, özünə və yaxınlarına görə həyəcan keçirir. Biz həkimlər də bacardığımız qədər çalışırıq ki, onları panikadan uzaq tutaq, düzgün istiqamət verək və lazımsız müayinə və müalicələrdən yayındıraq.

 

- Sizcə, bizim insanlar COVID-19 ilə bağlı suallarına cavab tapa biliblərmi, yoxsa hələ də soruşulan, cavabı axtarılan suallar var?

 

- COVID-19 elə bir xəstəlikdir ki, bu barədə nəinki xəstələrin, hətta həkimlərin özləri də tam cavab tapa bilməyiblər. Xəstəliyin sürətlə yayılması, xəstəxanaların həddən artıq yüklənməsi, qlobal xaosun baş verməsi imkan vermir ki, xəstəliyi uzun müddət ərzində araşdırıb bütün detalları dəqiqliyi ilə analiz edib konkret nəticələr əldə olunsun. Xəstələrdə klinik mənzərələrin fərqli olması bu virusun çox geniş və müxtəlif gedişatlı nəticələrə səbəb olma gücündə olduğunu göstərir. Ona görə də hesab edirəm ki, hələ araşdırılması və öyrənilməsi lazım olan çox şey var.

 

- Bəs ümumi baxdığımızda biz pandemiya şəraitini, xəstəliklərlə mübarizəni necə qavrayırıq?

 

- Pandemiya yeni başlayan vaxtlarda, yəqin özünüz də şahidi oldunuz ki, insanların böyük əksəriyyəti buna inanmırdı, xəstəliyə ciddi yanaşmırdı. Növbəti dalğalarda xəstəlik sayının artması, inanmayanların özlərinin və yaxın qohumlarının yoluxması, yaşlı qohum və valideynlərin həyatını itirməsi sübut etdi ki, bu xəstəliklə zarafat etmək, qeyri-ciddi baxmaq səhv idi. İnsanların bu məsələyə qeyri-ciddi yanaşmasının ən əsas səbəblərindən biri də sosial şəbəkələrdə paylaşılan yalan, əsassız məlumatlar və komplo nəzəriyyəsi tipində uydurma xəbərlər idi. Ancaq indi əksəriyyət bu xəstəliyin mövcudluğu və ağır fəsadlara səbəb ola biləcəyini dərk edir.

 

Düşünürəm ki, artıq əvvəlki ab-hava yoxdur və xəstəliyə tutulan şəxslər onun necə ciddi olduğunu dərk edirlər. Xəstəliklə mübarizə məsələsində də 1 il öncəki vəziyyətlə indiki durum arasında müsbətə doğru irəliləyiş var. Sərt karantin tədbirləri öz nəticəsini göstərir. Artıq daha çox insan maska və sosial məsafəni gözləyir. Bu da xəstəliyin nisbətən daha az sürətlə yayılmasına müəyyən qədər səbəb olur. Amma hər kəs bir nəfər kimi qaydalara əməl edərsə, gündəlik yoluxma sayında indikindən dəfələrlə az rəqəm görə bilərik. Hazırda peyvəndləmə məsələsində də cəmiyyət arasında fikir ayrılıqları görürük. Yenə eyni komplo nəzəriyyələri, peyvəndin mənasız, ziyanlı olması barədə əsassız məlumatlar çox insanı peyvəndlənmədən uzaqlaşdırır. Ancaq insanlar bilməlidirlər ki, nə qədər peyvənddən qaçacaqlar, xəstəlik də bir o qədər uzun sürəcək. Ona görə də hər kəsi, xüsusən də yaşlı insanları peyvənd vurdurmağa səsləyirəm.

 

- Müşahidələriniz nə deyir, insanları narahat edən birbaşa xəstəliklərin özüdür, yoxsa daha çox xəstələnmək, xəstəlik qorxusu?

 

- İnsanlar müxtəlifdir. Bəziləri öz sağlamlıqlarına qeyri-ciddi yanaşdığı halda, bəziləri də həddən artıq həssas yanaşır. Bəziləri həkimdən qaçır, bəziləri də heç bir səbəb olmadığı halda həkimə qaçır. Bu, həmişə belə olub və mən buna təbii baxıram. “İpoxondriya” deyilən bir anlayış var. Yəni insan özündə bir əlamət görən kimi fikirləşir ki, ağır xəstədir və bu zaman güclü həyəcan keçirməyə başlayır, panikaya düşür. Təəssüf ki, informasiya bolluğu dövründə bu problem çox geniş yayılıb. Ən böyük səbəblərdən biri də insanların özlərinə diaqnoz qoymaq cəhdi, sosial şəbəkələrdə və internetdə öz xəstəliyinə aid səhv məlumatlar oxuması, səhv informasiya alması və bunun da nəticəsində böyük stress yaşamasıdır. Sonradan bu adamların panikadan çıxması özü uzun vaxt aparır. Onda da xəstənin sinir sistemi ciddi travma alır. Ona görə də hansısa bir əlamət və ya narahatlıq olduqda soyuqqanlı olmaq, internetdə axtarış etməmək və düzgün ixtisas sahibinə yönəlmək lazımdır.  İnternetdə öz xəstəliyi barədə axtarış edib səhv məlumat almaq və bunun da nəticəsində ciddi psixoloji sarsıntı keçirmək “kiberxondriya” adlanır və bu da ipoxondriyanın bir növüdür.

 

- Sözsüz ki, bizdə də yaxşı, işini bilən həkimlər var. Bəs səhiyyəmizlə bağlı yaranmış ümumi neqativ mənzərə Azərbaycan həkimini hansı çətinliklərlə üz-üzə qoyur?

 

- Səhiyyə sistemində olan mövcud durum cəmiyyətdə həkimlərə qarşı böyük inamsızlıq yaradıb. Sosial şəbəkələrdə həkimlər təhqir edilir, barələrində xoşagəlməz sözlər yazılır. İnsanların aqressiyası başadüşüləndir, amma onlar bilməlidirlər ki, günahkar həkimlər yox, səhiyyə sistemini bərbad hala salan səlahiyyətli qurumlardır. Səhiyyə elə bir sistemdir ki, ona nəzarət və dəstək ən yüksək səviyyədə olmalıdır. İnsanların həyatı və sağlamlığı bu sistemin xidmətindən asılıdır. Orada baş verən korrupsiya hallarının qarşısı alınmalı, sistemə vicdanlı və işini mükəmməl bilən mütəxəssislər cəlb edilməli, ciddi nəzarət mexanizmləri tətbiq olunmalıdır. Məhz bundan sonra hər şey qaydasına düşə bilər və həkimlərə qarşı inamsızlıq da zamanla aradan götürülə bilər. Ümid edirəm ki, gələcəkdə bu problem həllini tapar.

Lənkəranda ana doğuşdan sonra ölüb

- Bu neqativ mənzərənin fonunda sizə ilk dəfə müraciət edən xəstənin etimadını qazanmaq çətin olmur ki?

 

- Mənim iş prinsipim belədir ki, mənə müraciət edən pasiyenti ətraflı dinləyirəm, uyğun simptom, şikayət və müayinə nəticələrinə əsaslanaraq diaqnozu təyin edib uyğun müalicə yazıram. Çox dərman yazmıram. Konkret hədəfə yönəlmiş təyinatlar edirəm. Müayinə və müalicələrimi müasir protokollar əsasında edirəm. Reseptimdə adətən 4-5-dən çox dərman olmur. Artıq dərman və qida əlavələri təyin etmirəm. Pasiyentlərin söylədiyinə görə, müalicələr effektli olur. Təvazökarlıqdan uzaq olsa da, fikrimcə, mənə müraciət edən pasiyentlərin etimadını qazana bilirəm.

 

- Bizdə pasiyentlərin düzgün müalicə almasına, sağalmasına mane olan nədir: savadlı həkim qıtlığı, yoxsa...?

 

- Deməzdim ki, bizdə pasiyentlər düzgün müalicə almır. Düzdür, bəzən xoşagəlməz hallarla rastlaşırıq. Amma mən əminliklə deyə bilərəm ki, bizdə savadlı həkimlər kifayət qədər çoxdur. Özüm onların necə uğurlu müalicə edib xəstənin problemini həll etdiyinin çox şahidi olmuşam. Bayaq qeyd etdiyim kimi bu gün aktual olan tibbi problemlərin həllinin yalnız bir yolu var: Səhiyyə sistemində olan problemlərin aradan qaldırılması. Bu problemlər həll olunduqdan sonra digər problemlər də avtomatik olaraq öz həllini tapacaq.

 

- Qrup üzvləri daha çox nədən narazılıq edirlər?

 

- Qrup böyüyüb və böyüməkdə də davam edir. İstifadəçi sayı artdıqca nəzarət etmək də çətinləşir. Qrupun admin və moderator heyəti sayca çox deyil. Ona görə də fiziki olaraq hər şeyi nəzarətə götürmək mümkün deyil. Bundan başqa qrup idarəçiləri və suallara cavab verməli olan həkimlərin  özləri də gün ərzində tibbi fəaliyyətlə məşğul olur və boş vaxtlarında qrupa daxil olurlar. Bizi anlamaq lazımdır. Çünki bu qrup könüllülük əsasında və təmənnasız fəaliyyət göstərir. Məqsədimiz insanlara kömək etməkdir. Əgər postlar gec qəbul olunarsa və ya rəy bölməsində adları qeyd olunan həkimlər suallara gec cavab verərsə, gərək, digər istifadəçilər bunu anlayışla qarşılasın. Qrup üzvlərindən digər xahişimiz də odur ki, qrupda qoyulan 10 sadə qaydanı oxusunlar və onlara əməl etsinlər. Bununla onlar da bizə kömək etmiş olarlar.

 

- Qrupunuzdakı postlar arasında zəli terapiyası, ozonterapiya, hicama və s. bir sıra xalq arasında üz tutulan, faydası görüldüyü iddia edilən müalicə üsullarının absurd, mənasız, hətta ziyanlı olması ilə bağlı paylaşım var. Şərhlərə baxdığımızda görürük ki, elə oradakı insanlar arasında da bu müalicə üsullarından özünün və ya tanışlarının fayda gördüyünü deyənlər var. Həkimlərin isə cavabı belədir ki, bunların faydası haqqında hansısa elmi mənbə, araşdırma nəticəsi yoxdur. Doktor, insanlar faktiki olaraq faydasını gördüklərini iddia edirlər, qarşılığında isə elmi araşdırma və mənbənin olmaması cavabını alırlar. İndi insanların iddiası ilə həkimlərin cavabını tərəziyə qoyası olsaq, hansı daha ağır gələr?

 

- Tibbdə “plasebo effekti” deyilən bir anlayış var. Yəni hansısa dərman və ya müalicə insana real yox, psixoloji olaraq kömək edir. Məsələn, başı ağrıyan bir adama bir stəkan şərbət ver və de ki, bu, güclü ağrıkəsici dərmandır. O, suyu içəndən sonra içindəki inam hesabına başının ağrısı kəsəcək. Alternativ tibb də buna xidmət edir. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, tibbin iki qolu var: “Evidence based” - sübuta əsaslanan tibb və alternativ tibb. Alternativ tibbə el arasında türkəçarə də deyirlər.

 

Biz həkimlər sübuta əsaslanmayan tibbi ciddi qəbul etmirik. Çünki real nəticələrə əsaslanmalıyıq. Ümumiyyətlə, bütün dünyada alternativ tibb mövcuddur, amma bizdə həkimə inamsızlıq insanların alternativ tibbə üz tutmasına daha çox səbəb olur. Onları da qınamaq olmur, çünki çarəsiz vəziyyətdə olan insan ən kiçik bir işıq ucu da görən kimi ona qaçır. Ancaq bundan yaxşıca  istifadə edən işbazlar insanların hisslərindən istifadə edərək pul qazanırlar. Məsələn, sağalmaz xəstəliyi olan pasiyentə həkim heç vaxt deməz ki, sən sağalacaqsan, amma türkəçarə ilə müalicə edən biri rahatlıqla onu inandıracaq. Pulunu alacaq, guya ki, müalicə edəcək, axırda da məlum olacaq ki, əslində hər şey boşuna imiş.

 

Və yaxud bir xəstə erkən mərhələdə alternativ tibbə müraciət edir, sağalması üçün lazım olan “qızıl” periodu keçirir, ağırlaşandan sonra həkimə müraciət edir və onda da artıq hər şey gec olur. Praktikada nə qədər belə hallarla qarşılaşırıq. Hicama ilə bağlı da deyim. Guya ki, bədəndən “çirkli qanı” çıxarırlar. Çirkli qan nə deməkdir? Ümumiyyətlə, tibbdə belə anlayış yoxdur. Üstəlik də o qanı aparıb laboratoriyada yoxlasaq, adi venoz qan olduğunu görərik. Belə bir mif yaradıb insanları cəlb edirlər. Dinlə əlaqələndirib manipulyasiya edirlər, hansı ki, hələ İslam dinindən qabaq bu, mövcud idi.

No description available.

Damar cərrahları təsdiqləyər, nə qədər adam ayağında olan damar problemini hicama ilə müalicə etmək istəyib, bir də ayılıb ki, artıq gecdir, toxumalar sıradan çıxıb. Lakin həkimə vaxtında müraciət etsəydi, rahatlıqla problemi həll olardı. Şəxsən mənim tanıdığım bir neçə nəfər var, bel ağrılarına görə hicama məsləhət gördülər, getdi elətdirdi və sonra dedi ki, heç bir dəyişiklik olmadı. Bir sözlə, hicama elətdirib yaxşılaşma plasebodan başqa bir şey deyil. Mən həmişə deyirəm, alternativ tibb hansısa xəstəliyin sağalması üçün vaxt itkisindən başqa bir şey deyildir. İnsanlara demək istəyirəm ki, nəsə bir narahatlıq və şikayət olanda ilk növbədə həkimə müraciət edin. Əsası olmayan üsullarla dəyərli periodu itirməyin. Onsuz da müasir tibbdə çarəsi olmayan xəstəlikləri alternativ tibb ilə də sağaltmaq mümkün olmayacaq.

 

- Bizdəki ümumi vəziyyəti necə dəyərləndirirsiniz, alternativ tibbə etimad edənlər, üz tutanlar daha çoxdur, yoxsa elmi araşdırmalara əsaslanan müasir tibbə?

 

- Müşahidələrim məni yanıltmırsa, əvvəllər alternativ tibbin faydasına inananlar daha çox idi, indi bu, getdikcə azalır və insanlar başa düşür ki, ən düzgün yol sübuta əsaslanan yoldur. İddialarla tibb olmaz, tibb sübutlara əsaslanmalıdır.

 

- Son olaraq müsahibəmizi oxuyacaq şəxslərə həkim məsləhətiniz...

 

- Özlərini qorusunlar, aktiv həyat tərzi keçirsinlər, stresdən uzaq olsunlar, qida və yuxu rejimini gözləsinlər.

 

- Təşəkkür edirik, həkim!

 

- Siz də sağ olun!

Müəllif: Aləmdə Nəsib      4 May 2021 21:49
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin