Əsas səhifə Haqqımızda Xəbər lenti

“Made in Azerbaijan” – Reallıq və arzular

“Made in Azerbaijan” –     Reallıq və arzular

“Hökumət sahibkar qarşısında şərt qoyur ki, sertifikat al, biz də sənə vergi güzəşti tətbiq edək”

 

Müasir dünya iqtisadiyyatı tükənən təbii sərvətlərdən imtina edir və əsas diqqətini insan kapitalının yer aldığı sahələrə yönəldir. Təsadüfi deyil ki, son dövrlər sürətlə böyüyən və daha çox gəlir gətirən sahələr qeyri-neft sektorunun payına düşür. Misal üçün, uzun illər “Forbes”in açıqladığı zənginlər siyahısının ilk onluğunda əsasən enerji daşıyıçıları istismar edən iş adamları yer alırdısa, artıq onlar öz yerini informasiya texnologiyaları, investisiya və digər sahələrdə çalışan sahibkar və ixtiraçılara verir. Bunun da öz növbəsində kifayət qədər ciddi səbəbləri var.

 

Ötən əsrin 70-ci illərində ərəb ölkələrində, ardınca Nigeriya, İraq və digər dövlətlərdə yaşanan enerji böhranları, son illərdə bir neçə dəfə neftin qiymətinin sürətli şəkildə enməsi, müəyyən dövrlərdə isə maya dəyərindən aşağı qiymətlə bazara təklif olunması, siyasi münasibətlərin enerji daşıyıcılarının qiymətinə bilavasitə təsiri, o cümlədən alternativ enerji mənbələri üzərində çalışmalar bu sahənin gələcəyi ilə bağlı nikbin proqnozlar səsləndirməyə əsas yaratmır.

 

Qeyri-neft sektorunun, istehsalatın, sənayenin, texnologiyanın, kənd təsərrüfatının, elmi-tədqiqat sahələrinin inkişafı dünya gündəmini məşğul edən əsas mövzulardandır və baş verənlərin fonunda insan kapitalı amili xüsusi aktuallıq qazanıb. Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, neft və qazdan asılı olmayan çoxsaylı ölkələr var ki, onlar öz iqtisadiyyatını digər mənbələr hesabına kifayət qədər inkişaf etdirməyə nail olublar.

 

Türkiyə Ümumi Daxili Məhsul (ÜDM) sıralamasında dünya üzrə 13-cü yerdə qərarlaşıb. Turizm, aqrar, xidmət sektorları, müdafiə və avtomobil sənayesi, bankçılıq, tikinti, məişət texnikası, elektronika, tekstil, qida, dağ-mədən, dəmir-polad və maşınqayırma sahələri Türkiyə iqtisadiyyatının əsasını təşkil edir. Yaponiya ÜDM baxımından ABŞ və Çindən sonra dünyanın ən güclü üçüncü milli iqtisadiyyatına malikdir. Bu nəhəng Asiya dövlətini texnologiyalar ölkəsi adlandırırlar. Belarus maldarlıq, əkinçilik, bitkiçilik və aqrar texnika istehsalı, Gürcüstan aqrar-sənaye və yeyinti sənayesi hesabına ayaqdadır. Postsovet məkanına daxil olan və əhalisi Azərbaycandan dəfələrlə az olan Estoniyanın taksi daşımaçılıq şirkəti olan “Bolt” dünya səviyyəsində məşhurluq qazanıb. Siyahını uzatmaq da olar...

 

Azərbaycanda da qeyri-neft sektorunun inkişafı istiqamətində müzakirələr uzun müddətdir davam edir. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında insan kapitalının formalaşmasının dövlətin əsas siyasəti olduğunu vurğulayıb. Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın qeyri-neft sektoru üzrə büdcə gəlirləri qeyri-neft ÜDM-nin 25,3%-ni təşkil edəcək.

 

Qeyd edək ki, 2022-ci ildə qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin qeyri-neft ÜDM-dəki payının bir qədər azalaraq 24,1%-ə enməsi güman edilir. BVF 2022-ci ildə qeyri-neft ÜDM-nin isə 2,5%-lik artımını proqnozlaşdırır. Eskpertlərin qənaətinə görə, bu artımı şərtləndirən əsas amil yerli istehsal müəssisələrinin işə düşməsi ilə əlaqədardır.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsinin dekanı, iqtisadçı alim Asiman Quliyevin AYNA-ya dediyinə görə, 2008-ci il dünya maliyyə böhranından sonra neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycanı iqtisadi inkişaf strukturuna yenidən baxmağa təhrik etdi: “2010-cu ildə Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan iqtisadiyyatını inkişaf etdirərkən neft amilini nəzərə almamalıyıq. Bundan sonra qeyri-neft sektorunun inkişafına yönəlik addımlar sürətləndi. Nəticədə qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 70 faizdən yüksək həddədir. Xüsusən də 2020-ci ildə ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsinin xüsusi çəkisi 16 faiz, tikintinin payı 11 faiz, nəqliyyat və logistika xidmətləri 10 faiz, aqrar sektorda isə 10 faizə yaxındır. Ümumilikdə isə 2020-ci il üzrə artım 12,5 faiz təşkil edib. Toxuculuq sənayesində artım 7,4 faiz, geyim istehsalında 32,7 faiz, əczaçılıq sənayesində 10,7 faiz, metallurgiya sənayesində isə 12 faiz olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ildə kənd təsərrüfatının ümumi istehsal səviyyəsi 2 faiz artıb”.

No description available.

“Digər sahələrdə də artım var. Ümumi sərmayələrin 42 faizi dövlət, 58 faizi isə qeyri-dövlət sektorunun payına düşüb. Cəmi investisiyaların 65,5 faizi qeyri-neft sektoruna yönəldilib. Bütün bunlar göstərir ki, müsbət nəticələrə nail olunub. 2021-ci ilə gəldikdə isə 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi zəfər yeni reallıqlar yaradıb. Fevral ayında Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqram sənədi qəbul olunub. Bu sənəd həm mahiyyətinə, həm də istiqamətinə görə ciddi sənəd kimi qəbul olunmalıdır. Proqramda beş əsas istiqamət nəzərdə tutulub. Bunlardan biri dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, digərləri isə dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməkdir”, - deyə ekspert bildirib.

 

Qeyri-neft sektorunun gələcək inkişaf perspektivlərindən danışan Quliyev fikrincə, proqramda qeyd edildiyi kimi, qarşıda bizi daha məhsuldar dövr gözləyir: “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat dedikdə iki əsas istiqamət nəzərdə tutulur. Bunlardan biri davamlı və yüksək iqtisadi artım, digəri isə daxili və xarici təsirlərə dayanıqlıqdır. Mahiyyət etibarilə bu, o deməkdir ki, iqtisadi artım davamlı və tarazlı olmalıdır. Hansı ki, dünyanın inkişaf etmiş ölkələri belə, buna tam riayət edə bilmir”.

 

“Proqramda nəzərdə tutulur ki, iqtisadiyyat birtərəfli inkişaf etməməlidir. Müəyyən bir proporsiya və nisbətlə tənzimlənməlidir. Pandemiyanın yaranması dünya turizm və nəqliyyatın inkişafına ciddi təsir göstərdi. Bu, bir daha ortaya çıxardı ki, hər bir ölkə öz iqtisadiyyatını formalaşdırarkən tarazlı və sağlam yanaşma tətbiq etməlidir. Yəni, həmin ölkənin ciddi valyuta ehtiyatı olmalı, makroiqtisadi sabitlik təmin edilməli, ciddi məşğulluq siyasəti həyata keçirilməli, həmin dövlətin özünün ərzaq və iqtisadi təhlükəsizliyi haqqında elmi əsaslı işlək proqramı hazırlanmalıdır”, - deyə alim vurğulayıb.

 

Bakı Tekstil Fabrikinin təsisçisi (BTF), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva da AYNA-ya şərhində deyib ki, qeyri-neft sektorunun inkişafı və yerli istehsalın artırılması istiqamətində son dövrlər ciddi addımlar atılır: “Sözsüz ki, bu istiqamətdə əldə edilən nəticələr barədə danışmaq hələ tezdir. Çünki bunun üçün zaman lazımdır. Əsas istiqamətlər strateji planların və yol xəritələrinin hazırlanması, klasterləşməyə aparan yol, məhsul dəyər zəncirinin yaradılması, kadr potensialının artırılması, sertifikatlaşdırma ilə bağlı olmalıdır. Məlumdur ki, sənaye müəssisələrində və xidmət sektorunda sertifikatlaşdırmaya bir o qədər də əhəmiyyət verilmir. Lakin son zamanlar texnologiya parklarının yaradılması, azad iqtisadi zonaların istifadəyə verilməsi, sahibkarlara tətbiq edilən güzəştlər, 10 il müddətində mənfəət və torpaq vergilərindən azad edilməsi, gətirilən avadanlıqlara vergi rüsumunun ləğv edilməsi məhsulun sertifikatlaşdırılmasına yönəlik tələblərin artması fonunda baş verir”.

No description available.

“Eyni zamanda, kadr potensialının artırılması, xarici dövlətlərlə müqayisədə məhsul istehsalı zamanı xidmət xərclərinə baxılması və qiymət siyasətinin buna uyğun həyata keçirilməsi də vacib tələblərdəndir. “Made in Azerbaijan” brendinin təşviqi zamanı qiymət, keyfiyyət və bütün atributlar uyğun gəlirsə, bu, kifayət qədər yüksək göstərici sayılır”, - deyə həmsöhbətimiz söyləyib.

 

Dövlətin bu məsələdə sahibkarlara dəstəyindən danışan Babayeva bildirib ki, hökumət bunu müxtəlif kanallar vasitəsilə həyata keçirir: “İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dövlət Məşğulluq Xidmətinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rolu kifayət qədər yüksəkdir. Xarici təşkilatların Azərbaycanda olan iqtisadi tərəfdaşları da bu məsələdə ciddi dəstək verir. Eyni zamanda məhsulların xarici bazarda satılması üçün müxtəlif ölkələrdə AZPROMO tərəfindən ticarət evlərinin açılması, xarici iqtisadi siyasətin həyata keçirilməsi, beynəlxalq təcrübənin paylaşılması sahibkarların qarşısında geniş imkanlar açır”.

 

Bununla yanaşı, AQSİA sədri hesab edir ki, onlayn menecment və marketinqin inkişaf etdirilməsinə ciddi ehtiyac var: “Orta Asiyadan ölkəmizə gətirilən xammal və materillar, eyni zamanda yan sənaye Azərbaycan istehsalı olan məhsulların qiymət artımına təsirsiz ötüşmür. Bu mənada Azərbaycanda yan sənayelərin yaradılması, qeyri-neft sektorunda onların payının artırılması zəruridir. Bu, imkan verəcək ki, biz keyfiyyətlə yanaşı qiymət siyasətini də düzgün tənzimləyək”.

 

“Hesab edirəm ki, qarşıdakı illərdə bütün bu boşluqlar aradan qalxacaq və biz məhsullarımızı xarici bazara daha münasib şərtlərlə təqdim edəcəyik. Necə ki, “Azeri Light” markalı nefti, “ASAN xidmət” və digər brendlərimizlə dünyada tanındıq, əminəm ki, yaxın gələcəkdə kənd təsərrüfatı, emal sənayemizlə bu tarixi uğurları təkrarlayacağıq. “Made in Azerbaijan” brendinin 2030-cu ilə qədər dünya miqyasında öz yerini tutması üçün hamı bir nəfər kimi çalışmalı, bu müqəddəs missiyaya hər kəs öz töfhəsini verməlidir”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev      4 May 2021 15:11
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin