"Sərnişinlərə 1 saniyənin də hesabatı verilir - metroda qatar, küçədə avtobus niyə gecikir deyə"

"Sərnişinlərə 1 saniyənin də hesabatı verilir - metroda qatar, küçədə avtobus niyə gecikir deyə"

Rəhim Telman Sadıqbəyli: "Avropada kart sistemi var, karta 30 qəpik, yaxud başqa bir məbləğ daxil etdinsə, bundan bir saat ərzində istifadə edə bilərsən"

 

Bakı metrosunda qatarlar arasındakı intervalların uzun olması məsələsi daim narazılıqlara səbəb olub. Belə ki, gündüz vaxtlarında 3-5 dəqiqə arasında dəyişən interval, axşam saatlarında 7 dəqiqəyədək uzanır. Hətta, pik saatlarda belə, intervalın lazımi qədər qısaldılmaması sərnişinlərin səbrini daşırır.

 

Müqayisə üçün deyək ki, qonşu dövlətlərdən olan Türkiyədə metro qatarları arasındakı interval 2 dəqiqədir. Rusiyada bu rəqəm 3 təşkil edir. Gürcüstanda da adi vaxtlarda 2-3 dəqiqə arasında dəyişir.

 

Məsələ ilə bağlı AYNA-nın suallarını cavablandıran “Bakı Metropoliteni” QSC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, müşahidələrimizin əksinə olaraq, hazırda qatarlar arasındakı intervalın 2.5 dəqiqə olduğunu bildirib: “Tezliklə, tədris mövsümü ilə əlaqədar qrafik dəyişəcək və interval bir az da qısaldılacaq”.

“Yay qrafiki sadəcə olaraq mövsümü xarakter daşıyan qısamüddətli bir şeydir. Bu da tədris mövsümünün başa çatması və paytaxt sakinlərinin daha çox fəal istirahətə üstünlük vermələri ilə bağlıdır. Özünüz də şahidi olursunuz ki, həmin dövrdə sərnişinlərin sayı əsaslı şəkildə azalır. Qrafik dəyişikliyi kor-təbii şəkildə tətbiq edilmir, monitorinqlər, araşdırmalar aparılır, sonra qərar verilir. Yeni tədris mövsümü başlayan zaman artıq   optimal hərəkət qrafiki təmin olunacaq və tezliklə bu barədə ictimaiyyətə də açıqlama verəcəyik”, - deyə Metropoliten sözçüsü vurğulayıb.

 

B.Məmmədov  “Gedişhaqları 5 qəpik olanda interval eyni idi, 30 qəpik olanda da eynidir. Metropolitenin artan qazancı qatarların daha tez-tez gedib-gəlməsini təsir etmirmi” sualımıza isə “Qiymətlərin intervala heç bir dəxli yoxdur” – cavabını verib.

 

Maraqlıdır, inkişaf etmiş ölkələrdə metronun fəaliyyəti necə təşkil olunub. AYNA-nın bu barədə sualını İsveçdə və Avropanın digər bir sıra ölkələrində yaşamış soydaşımız, rejissor, prodüser Rəhim Telman Sadıqbəyli cavablandırıb.

 

“Mən işimlə əlaqədar (hazırda İsveçdə yaşayıram) digər Avropa ölkələrinə, eləcə də ABŞ-a gedib-gəlirəm. Səfər etdiyim ölkələrin, demək olar ki, hamısında bir qayda var: Qatarların stansiyaya çatacağı vaxt lövhədə göstərilir. Bu, həm metro, həm də şəhər daxilində hərəkət edən yerüstü qatarlara, həm də avtobuslara aiddir. Əgər göstərilən vaxtdan 1 dəqiqə, hətta bir neçə saniyə belə, gecikmə olarsa, bələdçilər sərnişinlərə bunun səbəbini izah edirlər. Məsələn, filan yerdə texniki nasazlıq, qəza baş verib deyə, qatar gecikir”, - deyə həmsöhbətimiz bildirib.

 

Onun sözlərinə görə, gecikmə 15 dəqiqədən artıq olarsa, dərhal həmin yerə artıq əvəzedici avtobuslar, qatarlar göndərilir ki, sərnişinlər daşınsın: “Metroda qatarların intervalı, təxminən 2 dəqiqə olur. Axşama doğru bir az uzanır. Ümumiyyətlə, Avropa ölkələrində ictimai nəqliyyat elə mükəmməl qurulub ki, şəxsi avtomobildən istifadəyə ehtiyac qalmır”.

 

“Bu yaxınlarda Azərbaycanda oldum və metroya girdim. Gördüm ki, metroda qatarların intervalı çoxdur. Bundan başqa, Azərbaycanda metro və avtobuslarda gedişhaqları 30 qəpikdir və bundan cəmi bir dəfə istifadə edə bilərsən. Avropada isə kart sistemi var. Məsələn, karta 30 qəpik, yaxud başqa bir məbləğ daxil etdinsə, bundan bir saat ərzində istifadə edə bilərsən - metroya daxil ol, stansiyaları dəyiş, avtobusa min və s. Hətta, elə yerlər var ki, həmin müddət 75 dəqiqədir. 75 dəqiqə ərzində ictimai nəqliyyatdan istədiyin qədər istifadə edə bilərsən”, - deyə R.T.Sadıqbəyli vurğulayıb.

“Bu gün qalxıb deyirlər ki, Azərbaycanda ictimai nəqliyyat ucuzdur. Əslində isə belə deyil. Qeyd etdiyim kimi, karta bir dəfə daxil edilən məbləğdən dəfələrlə istifadə edilməsi daha ucuz başa gəlir, nəinki 30 qəpikdən bir dəfə istifadə”, - o vurğulayıb.

Müəllif: Ülviyyə Şahin      10 Sentyabr 2019 16:10
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin