Əsas səhifə Haqqımızda Xəbər lenti

“Çirkli geyimli, pırtlaşıq saçlı, üzcırmaqlı adamın maska taxması şok idi...”

“Çirkli geyimli, pırtlaşıq saçlı, üzcırmaqlı adamın maska taxması şok idi...”

Esmira Qasımqız: “Tələsdilər, “Əlvida, pandemiya” qonaqlığı təşkil etdilər və sonra yoluxma sayı durmadan artmağa başladı”

 

AYNA müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarımızla silsilə müsahibələrə davam edir. Həmin müsahibələr zamanı qonaqlarımız dünyanı cənginə alan koronavirus pandemiyası və onun doğurduğu nəticələr barədə danışırlar. Yaşadıqları dövlətlərdə koronavirusa qarşı mübarizə tədbirləri, yoluxma səviyyəsi, karantin qaydaları və s. mövzulardan bəhs edirlər.

 

Növbəti həmsöhbətimiz ailəsi ilə birlikdə bir ilə yaxındır Çex Respublikasında yaşayan Esmira Qasımqızıdır. O, Türkiyə və Yaxın Şərq Dövlət İdarəçilik İnstitutunda (TODAİE) İnzibati idarəetmə ixtisası üzrə magistr təhsili alıb və miqrasiyadan öncə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş müəllim kimi fəaliyyət göstərib. Beləliklə:

No description available.

- Esmira xanım, pandemiyanı həm Azərbaycanda, həm də Çexiyada müşahidə etmiş biri kimi nələr söyləyə bilərsiniz?

 

- Keçən ilin yayında, Azərbaycanda SMS icazə ilə yaşayış yerini tərk etmək qaydasının tətbiq olunduğu sərt karantin rejimindən sonra Çexiyada pandemiyaya bəslənilən rahat münasibət məni xeyli təəccübləndirmişdi. Məsələn, 2020-ci ilin iyulun 1-də Avropa İttifaqının 15 ölkəsi ilə sərhədinin açılması Praqanın tarixi Karl körpüsündə təşkil olunmuş “Əlvida, pandemiya” adlı qonaqlıq ilə yadda qaldı. Belə ki, paytaxtı ikiyə bölən Vltava çayı üzərindəki əsrarəngiz körpüdə 500 metrlik masa açılmış və minlərlə iştirakçı əvvəlcədən qeydiyyatdan keçərək tədbirə qatılmışdı. İştirakçılar maskasız, ara məsafəsi gözləmədən bir masa arxasında oturub bir-birləri ilə evdən gətirdikləri nemətləri bölüşürdülər. Məqsəd turistləri ölkəyə cəlb etmək və aylarla davam edən qapanma dövrünə meydan oxumaq idi.

 

- Bəs ictimai nəqliyyatda koronavirus infeksiyasınn yayılmasının qarşısının almaq üçün hər hansı bir məhdudlaşdırıcı tədbirlər görülübmü? Çexiyaya başqa ölkələrdən gedib-gəlmək şərtləri hansılardır?

 

- Əslində, bu müddət ərzində ictimai nəqliyyatın fəaliyyətində heç bir fasilə olmayıb. Əksinə, 2020-ci ildə tədris ilinin başlaması ilə əlaqədar sıxlığı azaltmaq məqsədilə nəqliyyat vasitələrinin hərəkəti arasındakı intervallar azaldıldı. Ümumiyyətlə, Çexiyada ictimai nəqliyyat sistemi punktuallığı, rahatlığı və çoxçeşidliliyi ilə seçilir. Burada münasibət belədir ki, insanların mənzil başına çatması üçün nə qədər çox seçimi olarsa, bu, sıxlığın azalmasına və nəticədə yoluxucu xəstəliklərin yayılmasının səngiməsinə gətirib çıxaracaq.

 

Koronavirus infeksiyasının yayılma xüsusiyyətlərinə uyğun olaraq Çexiya hökuməti ölkələri təsnif edən dinamik xəritə tətbiq edir və o ölkəyə gedib-gələn insanlara qarşı fərqli şərtlər irəli sürür. Belə ki, təhdid səviyyəsinə uyğun olaraq bütün ölkələr “yaşıl”, “narıncı”, “qırmızı” və “tünd qırmızı” olmaqla dörd zonaya bölünür. Aşağı yoluxma riskinə aid “yaşıl zona”ya məxsus ölkələrə heç bir məhdudiyyət tətbiq olunmadan səyahət edə bilərsiniz. Son 14 gün ərzində “yaşıl zona”ya aid olmayan ölkədə 12 saatdan artıq vaxt keçirmisinizsə, Çexiyaya daxil olarkən test verməli və müəyyən müddət karantində qalmalısınız.

 

- Əhalinin pandemiya ilə əlaqədar hökumətin qoyduğu məhdudiyyətlərə münasibəti barədə nə deyə bilərsiniz?

 

- Keçən ilin yayında Çexiyada maska taxmaq tələbi yalnız metroda tətbiq olunurdu və polis tərəfindən əhalinin buna əməl etməsinə nəzarət demək olar ki, yox idi. Sentyabr ayının 1-dən etibarən maska taxmaq tələbi digər ictimai nəqliyyat vasitələrinə və qapalı məkanlara da şamil olundu. Hesab edirəm ki, Çexiyada insanlar hökumətin qoyduğu məhdudiyyətləri əsasən anlayışla qarşılayır və qapalı məkanlarda maska taxmayan insanlara çox nadir rast gəlmək olur. Hətta bir dəfə çirkli geyimli, pırtlaşıq saçlı, üzündə cırmaq izləri olan insanın avtobusa daxil olarkən maska taxması əsl mədəni şok effekti yaradırdı. Maska, sanki bu şəxsin cəmiyyətin qoyduğu tələbləri hələ də qəbul etməsini simvolizə edən rəmz idi. Hərçənd ki, son zamanlar digər Avropa ölkələrində olduğu kimi, Çexiyada da ara-sıra pandemiya tədbirlərinə qarşı nümayişlər və mitinqlər təşkil olunur. Xüsusilə, açıq havada maska taxmaq tələbi populyar deyil və insanlar tez-tez bu tələbi pozurlar.

 

- Bəs pandemiyanın insanların davranış qaydaları və mədəniyyətinə təsiri necə olub?

 

- Çexiyada pandemiya cəmiyyətin gündəlik həyat və mədəniyyətinə güclü təsir göstərib. Məhdudiyyətlər və gigiyenik tələblər insanlar tərəfindən yeni davranış normalarının qəbul edilməsinə gətirib çıxarıb. Təsəvvür edin ki, son bir il ərzində çex dilinə koronavirus pandemiyası ilə əlaqədar 80-ə yaxın yeni söz və ifadə daxil olub. Bu neologizmlərdən bəzilərini sizlərə təqdim edirəm: koronakrize – koronavirus ilə əlaqədar yaranmış böhran vəziyyəti; korontena – koronavirus karantini; kovidian – koronavirusa son dərəcə ciddi münasibət bəsləyən, hətta ehtiyac olmadığı təqdirdə maska taxan, əl yuma və dezinfeksiyanı ayinə çevirən şəxs; koronial – pandemiya dövründə dünyaya gələn uşaqlar; nosaç – maskanı burnunun altında gəzdirən insan.

 

Ümumiyyətlə, çexlər olduqca yaradıcı millətdir və pandemiya dövründə evdə hazırlanmış maskalar həm uşaqlar, həm də böyüklər arasında kifayət qədər geniş yayılmışdı. Lakin hökumətin bu ilin mart ayının 1-dən etibarən ictimai yerlərdə 15 yaşdan yuxarı şəxslərdən KN95 və FFP2 tipli respiratorlardan istifadə etmək tələbi çexlərin maska yaradıcılığına son qoydu.

 

- Təhsilin təşkili prosesi barədə nə söyləyə bilərsiniz? Çexiyada uşaqlar əyani, yoxsa distant formada təhsil alırlar?

 

- Bu müddət ərzində çex dilində əmələ gəlmiş yeni ifadələrdən biri də “pijamada məktəb” olub. Keçən ilin sentyabrında ölkə üzrə dərslərin ənənəvi formada başlamasına baxmayaraq, artıq oktyabr ayında uşaqlar distant təhsilə keçdi. O zamandan etibarən yoluxmanın artıb-azalmasına müvafiq olaraq hökumət müxtəlif düzəlişlər tətbiq etdi. Məsələn, müəyyən müddət istisna hal kimi birinci, ikinci sinif uşaqlarının və çex dilini öyrənən əcnəbi uşaqların əyani formada təhsil almasını nəzərdə tutan qərar verildi. Bu ayın 12-dən etibarən Çexiyada fövqəladə vəziyyət ləğv olundu və ibtidai sinif uşaqları rotasiya qaydasında bir həftə əyani, bir həftə distant olmaqla təhsil almağa başladılar. Qeyd etmək lazımdır ki, məktəbə gedərkən uşaqlar həftədə iki dəfə koronavirus testindən keçməlidirlər. Uşaq bağçalarına yalnız qrupdakı uşaqların sayı 15 nəfəri keçməmək şərtilə, məktəbəqədər yaşda olan uşaqlar gedə bilərlər. Eyni zamanda, məktəblilər üçün tibbi maska və respiratorlardan istifadə məcburi olduğu halda, bağça uşaqlarının bunlardan istifadə etməsi tələb edilmir. Orta və yuxarı sinif uşaqları, universitet tələbələri üçün təhsil distant olaraq qalır

 

- Pandemiyanın ölkə iqtisadiyyatına təsiri barədə nə düşünürsünüz?

 

- Bütün dünyada olduğu kimi, Çexiya iqtisadiyyatı da pandemiyanın vurduğu zərbədən ciddi sarsıntı keçirir. Beynəlxalq Valyuta Fondunun ehtimalına görə, Çexiya iqtisadiyyatında 6,5% azalma gözlənilir, halbuki Çexiya Maliyyə Nazirliyi daha nikbindir və azalmanın yalnız 5,6% olacağını proqnozlaşdırır. Ümumiyyətlə, Çexiya möhtəşəm tarixi-memarlıq abidələri və füsunkar təbiəti ilə hər il dünyanın hər yerindən milyonlarla turist qəbul edən ölkə kimi koronavirus pandemiyasının vurduğu ziyandan çox zərər görür. Çexiya həm də yüksək təhsil səviyyəsi və universitetləri ilə məşhur olan Avropa ölkələrindən biridir. Belə ki, yerli universitetlərdə təhsil alan tələbələrin 15%-ni əcnəbilər təşkil edir. Çexiya təhsil sisteminin təklif etdiyi müstəsna şərt - burada vətəndaşlığından asılı olmayaraq hər kəs üçün çex dilində təhsilin ödənişsiz olmasıdır. Çex dilinin slavyan dil qrupuna aid olması onu rusdillilərin asanlıqla öyrənməsinə şərait yaradır. Bu səbəbdən post-sovet ölkələrindən minlərlə abituriyent hər il Çexiyaya ali təhsil almaq üçün üz tuturdu. Hazırda pandemiya ilə əlaqədar bu kontingentdə də azalma müşahidə olunur ki, bu da ölkə iqtisadiyyatına zərbə vurur. Bu üzdən, hətta bəzi ali məktəblər qəbul şərtlərini asanlaşdırıb. Çexiya dünyada işsizliyin ən aşağı olduğu ölkələrdən biri olmasına baxmayaraq, hazırda burada da işsizlik yüksək səviyyədədir. Ümumiyətlə, Çex Respubikası yarandığı vaxtdan etibarən iqtisadiyyatında ən ciddi geriləmənin yaşadığını deyə bilərik.

 

- Son günlərdə Azərbaycanda səhiyyə naziri dəyişdi. Bəs Çexiyada necə, ölkə səhiyyəsindən cavabdeh olan şəxslər vəzifəsinin öhdəsindən gələ bildimi?

 

- Pandemiya başlayandan bəri Çexiyada dörd səhiyyə naziri dəyişdi. Son dəyişiklik bu ayın 7-də nazir Yan Blatnının vəzifədən azad edilməsi ilə baş verdi. Onun vəzifədən uzaqlaşdırılması Rusiya istehsalı olan “Sputnik-V” vaksinini qeydiyyatdan keçirməkdən imtina etməsi ilə əlaqədar oldu. Avropada bəzi ölkələr Avropa İttifaqının razılığı olmadan ölkədə səhiyyə böhranının qarşısını almaq üçün Rusiyadan vaksin idxal etməyə başladı. Lakin bu, hökumət dairələrində birmənalı qarşılanmır. Qeyd edim ki, pandemiya dövründə yalnız 40 gün ölkə səhiyyəsinə başçılıq edən Roman Primula Çexiyanın dünyada koronavirus göstəricilərinə görə liderlik etdiyi keçən ilin oktyabr ayında özü qoyduğu karantin qaydalarını kobud şəkildə pozmasına görə vəzifədən çıxarıldı. Belə ki, siyasi qalmaqala səbəb ölkədə restoranların qapalı olduğu vaxtda səhiyyə nazirinin Praqanın mərkəzindəki restoranlardan birindən çıxarkən maskasız çəkilmiş şəkli oldu.

No description available.

- İkinci Qarabağ müharibəsi dövründə siz ailənizlə ölkə hüdudlarından kənarda olmusunuz. Belə həlledici məqamda Vətəndən uzaqda olmaq necə bir hissdir? O dövrdə azərbaycanlılar bununla əlaqədar Çexiyada hər hansı bir tədbir təşkil etdilərmi?

 

- Azərbaycanda müharibənin başlamasını çox böyük həyəcan hissi ilə qarşıladıq. O vaxtlar ailədə bütün söhbətlər ancaq bu mövzuda idi. 44 gün davam edən Vətən müharibəsində Çexiyada yaşayan bir qrup azərbaycanlı gənc Azərbaycan səfirliyinə gedərək könüllü kimi orduya yazıldı. Torpaqların ard-arda geri qaytarılmasını inanılmaz fərəh və sevinc hissi ilə qeyd edirdik. Eyni zamanda, Azərbaycanın münaqişə zonalarından uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər kimi yaşayış massivlərinin raket hücumlarına məruz qalması nəticəsində 94 nəfər mülki şəxsin həlak olması bizi çox məyus etdi. Bununla əlaqədar oktyabr ayında Praqanın mərkəzi Vatslav meydanında Azərbaycan diasporu Gəncə qurbanlarına həsr olunmuş anım mərasimi təşkil etdi. Pandemiya ilə əlaqədar tədbirdə yalnız 40 nəfərin iştirakına icazə verildi, lakin tədbirə daha çox insan qatılıb baş verənləri kənardan izləyirdi. Praqada milli musiqi sədaları altında Azərbaycan bayrağının dalğalanmasını görmək qürurverici idi. Şuşanın alınması xəbərini sevinc göz yaşları ilə qarşıladıq, sülh müqaviləsi imzalanan gecə bütün azərbaycanlılar kimi bizim də gözümüzə yuxu getmədi.

Müəllif: Azər Niftiyev      30 Aprel 2021 21:26
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin