Əsas səhifə Haqqımızda Xəbər lenti

“Koronavirusdan qorunmaq üçün ya Marsa köçməliyik, ya da…”

 “Koronavirusdan qorunmaq üçün ya Marsa köçməliyik, ya da…”

İbrahim Nəbioğlu: “İnsan beyni hələ o dərəcədə inkişaf etməyib ki, belə dəhşətli bioloji silah istehsal etsin”

 

Xəbər verdiyimiz kimi, qardaş Türkiyədə COVID-19 pandemiyası ilə əlaqədar yenidən tam qapanma – lokdaun (lockdown) qərarı verildi. Tam qapanma 29 aprel-17 may aralığını əhadə edəcək. Dünyanı və ölkəmizi təhdid edən bu qlobal bəla ətrafında AYNA-nın həmsöhbəti Azərbaycanın İstanbuldakı keçmiş Baş konsulu, tanınmış publisist, hazırda da İstanbulda yaşayan İbrahim Nəbioğludur.

No description available.

- İbrahim bəy, sosial şəbəkələrdəki profillərinizdən yazdığınız kimi, Türkiyə yenidən qapanmaya getdi. Buna səbəb nə oldu: indiyə qədər görülən tədbirlərin yetərsizliyi, yoxsa...?

 

- Buna səbəb ölüm sayının artması, xəstəxanalarda, reanimasiya şöbələrində yerlərin dolması və ən əsası yoluxma sayının kəskin şəkildə – həndəsi silsilə ilə artması oldu. Acınacaqlı durum mütəxəssislər tərəfindən çox sadə izah olunur və mən də onların sözünü təkrarlamaq istəyirəm: Virus mutasiya etmişdir. Yeni ştam sürətlə yayılır və sürətlə yoluxdurur,  öncəki ştamla müqayisədə ölənlərin sayı artır, onları içində  50-40 yaşdan aşağı olanların sayı artır. Bu gözlənilən idi, tarixdə də görürük - virus mutasiya etdikcə bəzən şiddətlə artır, bəzən də azalır və sönməyə doğru gedir. Təəssüf ki, COVID-19-la bağlı bəşəriyyətin bəxti gətirmədi və daha bir çətin mərhələyə girdik. Və Türkiyə də məcburən tam qapanma kimi radikal addımı atmalı oldu.

 

- Necə oldu ki, böhran bu qədər şiddətləndi? Buna səbəb sadəcə virusun mutasiya etməsi oldu, yoxsa insanların laqeydliyi?

 

- Bəli, tamamilə haqlı olaraq problemə iki pəncərədən baxaraq sual verirsiz. Virusun mutasiya edərək gücləndiyi kimi, insanların bir ildən artıq davam edən bu gərginlikdən sonra rahat nəfəs alma istəkləri və təəssüf ki, son iki-üç ay ərzində ölkədə siyasi aktivliyin bir xeyli artması oldu. İqtidar partiyası da daxil olmaqla, bəzi partiyalar qurultaylarını keçirdi, insanlar axın-axın həmin qurultaylara qoşuldular. Vəziyyət belə olunca da insanlar arasındakı təmas artdı. Başda İstanbul olmaqla bütün böyük şəhərlərdə maska rejiminə ciddi riayət edilirdi və elə indi də edilir. Sanki maska gündəlik həyatın ayrılmaz parçasına çevrildi. Anvaq təəssüf ki, sadəcə maska və məsafə gözləmək, gigiyena qaydalarına riayət etməklə vəziyyəti nəzarətdə saxlamaq mümkün olmadı. Dediyim kimi, virusun mutasiya etməsi əsas faktor oldu.

 

- Qapanma ilə bağlı müxtəlif ölkələrdə qərar verən səlahiyyətli qurumlarla cəmiyyətlərin mövqeyi adətən üst-üstə düşmür. Türkiyədə necə, tam qapanma qərarına müstəqil mütəxəssislərin və şəxsən sizin münasibətiniz necədir? Bunu doğru qərar və çıxış yolu hesab edirsinizmi?

 

- Çətin sualdır. Amma çalışacam cavab verim. Məslənin siyasi, iqtisadi aspektləri var. Burada Türkiyəni Avropa ölkələri və Amerika ilə müqayisə etmək doğru olmaz. Çünki hər ölkə qapanmaya gedəndə, iş yerləri bağlananda vətəndaşlarına verdiyi yardım paketi ölkələrə görə fərqlənir və Türkiyəni digər ölkələr ilə müqayisə edəndə aradakı fərqin kifayət qədər olduğunu görürük. Digər ölkələrlə müqayisədə Amerikada həm Tramp zamanında, həm də Bayden dönəmində inanılmaz paketlər açıqlandı. Amma Türkiyə müxtəlif səbəblərdən comərd davrana bilmədu. Baxın, Türkiyə neçə cəbhədə, hansı güclərə qarşı mübarizə aparır. Suriya, Kipr, Aralıq dənizinin şərqindəki “Mavi Vətən” gərginliyi, Qarabağ məsələsi, Rusiya ilə münasibətlər, Misir, Yunanıstan, İsraillə anlaşılmazlıqlar, qondarma erməni “soyqırımı”, S-400 raketləri, F-35 qırıcıları və s. Saydıqca bitmir yəni. Türkiyənin dövlət xəzinəsi, iqtisadi, maliyyə gücü də dibsiz quyu deyil axı, çatdıra bilmək olmur axı.

 

Amma bu gün gəlinən nöqtəyə, yoluxma sayının çoxalmasına, COVID-19-un tüğyan etməsinə baxmayaraq Türkiyə qüdrətli və güclü olduğunu yenə ortaya qoydu. Birincisi, Türkiyə peyvəndlənmədə dünyanın ən öndə gedən ölkələrindədir. Türkiyədə tibbin səviyyəsi hər kəsə məlumdur. Yeni açılan xəstəxanalar, Ərdoğan zamanında atılan inanılmaz addımlar və s. Siz də bir jurnalist kimi yaxşı bilirsiniz ki, bu, Ərdoğanın əlindəki ən əsas kartlardan biridir və onlardan çox məharətlə siyasət səhnəsində istifadə edir və buna da haqqı var. Yəni Türkiyə həkimlərinin, mütəxəssislərinin sayı, akademik ənənələrinin olması – bunlar Türkiyənin gücünə güc qatır.

 

Düşünürəm ki, Türkiyə digər ölkələrlə müqayisədə yenə də hava yollarını, turizmi açıq saxladı. Bilirsiniz ki, İstanbuldan istədiyiniz nöqtəyə uça bilərsiniz. Moskvadan belə, bu cür dünyaya çıxmaq imkanınız yoxdur, lakin İstanbul hava limanından hər tərəfə təyyarələr var və bundan da xarici vətəndaşlar kifayət qədər istifadə edirlər. Demək istəyirəm ki, koronayla bağlı ümumi vəziyyətin kəskinləşməsində bu insan axını da mənfi rol oynadı. Mənim şəxsi fikrim budur ki, qapanmadan başqa bir yol olmadı. Bir sözlə, Türkiyə əlindən gələn bütün addımları atdı, yapılacaq başqa bir şey, atılacaq başqa bir addım yox idi…

 

- Hökumətlə bu sahənin mütəxəssisləri arasında müxtəlif fikirlər təqdim edən, onu yönəltməyə çalışanlar arasında uçurum varmı?

 

- Təbii ki, var. Türkiyədə bildiyiniz kimi koronavirus üzrə “Bilim Kurulu” deyilən Elmi Şura qurulub. Şura bütün məsələlərə elmi, praktik olaraq yanaşır və səhiyyə nazirinin vasitəsi ilə ölkə Prezidentinə təkliflər verir. Lakin ortaya bir əmma çıxır. İlin əvvəlindən həkimlər deyirdi ki, qapanmaya getmək, insanlara müəyyən yardım paketləri vermək lazımdır. Çox sayda iş yerləri bağlandı, iflas edənlər, qapanan kafe və restoranlar. İstanbulda 20 milyona yaxın əhali yaşayır, turizm şəhəridir və turizm ilə xidmət sektorunda çalışanlara müəyyən maddi yardım edilməli idi. Təxmin edirəm ki, bu yardımı etməkdə dövlət çətinlik çəkdi. Təbii ki, dövlət deyir, “biz əlimizdən gələn köməyi etdik”. Ancaq türk insanı da dözümlüdür, çox da səsini çıxarmadı. Çünki Türkiyəyə edilən xarici təzyiqləri görür, anlayış göstərirdilər. Türkiyənin güclənməsi, yeni hərbi-siyasi ittifaqların yaranması, xüsusilə Türk dünyası ilə inteqrasiya və s. Artıq Azərbaycan və Türkiyə “bir millət-iki dövlət” kimi deyil, “bir millət-bir dövlət” kimi qəbul edilri. Təbii ki, bu da siyasətdə hər oyunçunun çiyninə götürəcək yük deyil. Bunu da ancaq Türkiyə kimi güclü bir dövlət götürə bilər. Gücün də əsas göstəricilərindən biri ölkənin hərbi qüdrətinin artmasıdır. Və Türk xalqı bunu görüb anlayışla qarşıladı.

 

- Azərbaycanda karantinin əvvəlki dövrləri ilə müqayisədə artıq müstəqil mütəxəssislər, hətta dövlət tibb müəssisələrinin əməkdaşları da sərt karantinin çıxış yolu olmadığını söyləyirlər. Onların fikrincə, insanları sanitar-gigiyena qaydalarına əməl etmələri üçün maarifləndirmək lazımdır və həyat normal axarında davam etməlidir. Bu cür düşünənlərin də sayı artmaqdadır…

 

- Sürü və ya Kütlə İmmuniteti mübahisə predmetidir. İsveçdə tətbiq olunub və hələ də özünü doğruldub-doğrutmadığı mübahisə predmetidir. Hazırda Türkiyədə yoluxma rəqəmlərinə baxdığımızda belə çıxır ki, hər iki nəfərdən birində sürü immunitetinə görə COVID-19-a qarşı antitellər yaranıb və yoluxma durmalıdır. Bu, ciddi infeksionist həkimlərin mövzusudur. İngiltərədə, Amerikada bu qədər görkəmli infeksionist alimlər olmasına rəğmən, hələ də konkret bir yanaşma yoxdur. Maarifləndirmə deyirsiniz. Bu sözü Şərq insanı ilə yanaşı çəkə bilərikmi? Əyləncəyə düşkün, həyata bir qədər barmaqarası baxan, dünyanı “beşgünlük dünya” kimi qəbul edən Şərq insanı ilə “maarifləndirmə” ifadəsinin uyuşmadığını düşünürəm. Düzdür, deyə bilərsiniz ki, dünya artıq o dünya deyil, 21-ci əsrdir, texnologiya inkişaf edir, insanlar dünyanı daha yaxşı tanıyır, Şərq təfəkkürü də qərbləşir, amma məsələ bundan ibarətdir ki, Azərbaycan qədər konspirologiyalara, falçılara, çöpçülərə inanan ölkə çox azdır. Məncə, tək maarifləndirmə ilə olacaq şeylər deyil bunlar.

 

Bayaq da dedim, Türkiyə virusla mübarizədə təməl qaydalara əməl edirdi, amma mümkün olmadı. Yəni bu məsələdə maarifləndirmənin ən düzgün yol olduğunu, Azərbaycandakı bir sıra həkimlərin də dediyi kimi qapanmanın bir işə yaramadığını demək mübahisəlidir. Doğrusu, mən məsələyə bu cür yanaşmanı qəbul etmirəm. Çünki nə onu bəyənmirsən, nə də bunu. Onda ortaya yeni bir yol qoymalısan. Avropada insanları kifayət qədər maarifləndirirlər, amma İtaliya, Fransada yaşananlara baxın. Və ya yeni texnologiyaların beşiyində – Amerikada Slikon Vadisində, Amerikanın ən inkişaf etmiş Florida bölgəsində cah-calalın içində görün nə qədər insan öldü. Açıq danışmaq lazımdırsa, Trampın “belini qıran”, onu seçkilərdə məğlub edən elə korona oldu. COVID-19 olmasa idi, Tramp böyük bir fərqlə udacaqdı seçkiləri. Tramp müşavirlərinin “havalar isinəcək, virus öləcək” kimi nağıllarına inandı. Tramp yay aylarında bir dəfə olsun mitinq keçirə, seçicilərinə fikrini çatdıra bilmədi və gəldi Bayden kimi əldən düşmüş, tükənmiş birisi prezident seçildi. Ana dilimizdəki tibbi terminolojidə buna “xərifləmək” deyirlər. Bu xərif görün necə vəlvələ yaradıb dünyada.

 

- Qazaxıstan öz milli peyvəndini hazırladıöz peyvəndinə sahib 5-ci ölkə oldu. Bu haqda da ilk məlumatı siz vermişdiniz “Facebook” səhifənizdə. Bu arada Türkiyə də “Sputnik V” peyvəndi üçün Rusiya ilə danışıqlara başladı. Dünyada müxtəlif ölkələrin istehsalı olan peyvəndlər var və bu vaksinlərin istehsalçısı olan ölkələrin bir-birinə münasibətdə rəqabət içindədirlər. Sizcə, bu vaksinlərin hamısının hədəfi eynidir, yoxsa daha çox siyasi və iqtisadi dvidend qazanmaq üçün başqa-başqa ölkələrin maraq dairələrinə xidmət edir?

 

- Peyvənd, məncə, ən önəmli məsələdir və bu gün COVID-19 ilə mübarizədə hələ ki yeganə çıxış yoludur. Türkiyədə peyvəndlənmə başlayandan bu günə qədər peyvənd olunduqdan sonra korondan ölən xəstə yoxdur. Peyvənd xəstəlikdən qorumur, doğrudur, ancaq xəstəliyin kifayət qədər yüngül keçməsini təmin edir. Peyvənd olunduqdan sonra maska taxmamaq, məsafəni qorumamaq kimi bir şey yoxdur. Yəni Allah eləməmiş, bu zəhrimara yoluxsanız, ölüm ehtimalı onlarla dəfə azalır, demək olar ki, minimuma endirir.

 

26 aprel üçün verilən məlumata görə, “QazVac” peyvəndinin 50 min dozası hazır idi. Geniş stehsal hər ölkənin işi deyil. Böyük dövlətlər belə çətinlik çəkirlər. Məs., “BioNTech” peyvəndini türk əsilli alman həkimlər tapdılar, amma istehsalını çatdırmaq üçün “Pfizer” ilə danışdılar və Amerikada istehsal edirlər. Eyni şeyi “QazVac” haqqında da demək olar. Bunu da bir türk şirkəti ilə istehsal edəcəklər. “Atabay” adında şirkətlə bərabər edəcəklər bu işi. Qazaxıstan peyvənd istehsal edən ölkə oldu. Bu, Dünya üçün sevindirici hadisədir. Bəlkə gələcəkdə Azərbaycan və Türkiyə də müştərək addımlar ata bilər.

 

- Maraqlıdır, dünyanın inkişaf etmiş ölkəsi sayılmayan, Orta Asiyanın boz çöllüklərində yerləşən, tibbi nailiyyətləri çox olmayan bir ölkə belə bir uğur qazana bildi. Məsələn, İtaliya, Cənubi Koreya kimi yüksək inkişaf səviyyəsində olan ölkələrin qazana bilmədiyi uğurdan söhbət gedir…

 

- Qazaxıstanı bir qədər tanıdığıma əsasən bu fikri deyirəm, mənə elə gəlir ki, Qazaxıstan akademik ənənələrini qoruyub saxlayan, digər postsovet respublikalarından fərqli olaraq, elmə, irfana çox önəm verən ölkələrdəndir. Bunu oradakı alimlər, eləcə də Amerikaya, Avropaya səpələnmiş qazaxlar haqqında da demək olar. Onlar kifayət qədər müasir insanlardır. Əgər sovet vaxtı ölkənin 60%-i başqa millətə aid idisə, qazaxlar 40%-i təşkil edirdisə, artıq Qazaxıstanda ölkənin böyük bir hissəsi yerli insanlardır, qazax türkləridir. Təhsil də sürətlə ana dilinə keçib, çox milliyətçi qazax gəncliyi yetişib. Bu qazax gəncliyi də əvvəldə qeyd etdiyim akademik ənənəni davam etdirərək böyük bir kəşfə imza atdı.

 

2020-ci ilin axırında – Yeni il ərəfəsində Prezident Putin Rusiyanın çox az sayda aparıcı media təmsilçilərini Kremldə qəbul etmişdi. Şərt də elə qoyulmuşdu ki, həmin görüşdən yazı yazılmayacaq, sadəcə Putin qonaqlarını bilgiləndirmək məqsədi ilə çağırır ki, bizim 2020-ci ildə uğurlarımız nələr olub, hansı işləri çatdıra bilməmişik və ya zəifliyimiz nələrdə olub. Həmin görüşdə iştirak edənlərdən biri də Rusiyanın məşhur media quruluşlarından olan “Exo Moskva”nın baş redaktoru Aleksey Venediktov idi. Bilirsiniz ki, o, məlumatlı, həm də əlləm-qallam insandır. “Venik”, sözügedən görüşlə bağlı bəzi məsələləri kənara çıxardı və dedi ki, Putin 2020-ci ildəki nailiyyətlər haqqında 3 şeyin adını çəkdi: a) Konstitusuyaya dəyişiklilər; b) Qarabağda 10 noyabr tarixli saziş; c) “Sputnik V” peyvəndinin tapılması.

 

Qeyd edim ki, “Sputnik V” peyvəndinin özü mübahisəli bir məsələdir. Ruslar 2020-ci ilin avqust ayında hələ ikinci faza bitmədən elan etmişdilər. Üçüncü fazanı üç aydan sonra bitirdilər və heç bir aparılan fazalarla, sınaqlarla bağlı elmi rəqəmləri digər dövlətlərlə paylaşmadılar. Bilirsiniz ki, Rusiyanın özünün istehsal gücü olduqca məhduddur. Rusiyaya mütləq başqa ölkələrdə istehsalçılar lazım idi. Öncə dedilər, Koreya buna razılaşıb. İndi istehsalçılar arasında Türkiyə də var. Türkiyə iki ay içərisində istehsala başlayacaq. Dünyada çox ciddipey vənd çatışmazlığı var. Hətta İngiltərənin məşhur alimi, virusoloq Sara Gilbert “AstraZeneca”nın müjdəsini verəndə demişdi ki, “biz çox ucuz bir peyvənd istehsal edəcəyik, amma əsas məsələ peyvəndi kəşf etmək deyil, onun logistikasıdır, yəni ölkələr üzrə paylanmasıdır və biz bunu öz üzərimizə götürməyəcəyik”. Bunu bütün dünya korporasiya şəklində əməkdaşlıq edərək düzgün bölməli idi. Bu bölgünü düzgün apara bilmədilər. Amerika milyonlarla ehtiyat üçün “AstraZeneca” peyvəndi aldı. Maraqlıdır ki, peyvəndi almağına aldı, amma Ameriakanın özündə o peyvənd qeydiyyatdan keçməyib. Yəni bu gün Amerika “AstraZeneca”dan istifadə etmir.

 

İndi baxın, bu gün Hindistanda nələr baş verir. Sözün əsl mənasında cəhənnəmə çevrilib bu ölkə. Mən bunu “Korona Apokalipsis” adlandırardım. Peyvəndlənmə düzgün aparıla bilmədi, Amerika ilə problemləri meydana gəldi. Hindistan çox qüdrətli farmakologiya ölkəsidir, amma peyvənd üçün bəzi komponentlərin alışına Amerika əngəl çıxartdı. Bu gün Hindistanda insanlıq dramı yaşanmaqdadır. Artıq oksigen də çatışmır, insanlar kütləvi şəkildə tələf olurlar. Halbuki hökumət özü əlavə tədbirlər görüb bunu aşa bilərdi. Amma Hindistanda tam bir cəhənnəm yaşanır, artıq krematoriyalar cəsədləri yandırmağı çatdıra bilmir.

 

“AstraZeneca” ilə bağlı da problemlər meydana gəldi. Qanın laxtalaşması ilə bağlı müxtəlif versiyalar səsləndirildi, Amma görürük ki, məhz peyvənd çatışmazlığına görə Almaniya Kansleri Angela Merkel “Pfizer/BionTech” deyil, “AstraZeneca” ilə peyvənd olundu. Bu, bir insanlıq, dövlət liderliyinə yaraşan hərəkət idi. O, bunu insanları peyvənd olunmağa təşviq etmək üçün etdi.

 

Sual verirlər ki, dünyada ən yaxşı peyvənd hansıdır. “Əlinin altında olandır” doğru cavab. Azərbaycanda və Türkiyədə “SinoVac”ın vurulması mübahisə mövzusu olmamalıdır. Çox şükür ki, bu qarışıqlıqda Azərbaycan da, Türkiyə hökuməti də Çindən peyvənd gətirə bilir və bu, müvəffəqiyyətdir. Bunu kiçiltmək olmaz. Peyvənd bəşəriyyətin əlindəki yeganə çıxış yoludur. Başqa bir yol hələ ki, yoxdur. Ən asan yol Marsa qaçmaqdır. Hələlik orada koronavirus yoxdur. Ona görə də astronavtlar Beynəlxalq Kosmik Stansiyaya virus aparmasınlar deyə çox ciddi təhlükəsizlik tədbirlərindən keçirlər. Dediyim odur ki, bu virusdan qorunmaq üçün ya Marsa köçməliyik, ya da peyvənd olunmalı. İkincisi daha asandır, deyilmi?

 

Peyvənd olunmaq lazımdır, vacibdir və bunun başqa yolu yoxdur. Mən özüm də peyvənd olunacam. Türkiyədə də müxtəlif konsproloji fikirlərlə peyvənd olunmaqdan imtina edənlər olur. Mən bir dəfə bununla bağlı sizə müsahibəmdə də demişdim, heç kim sıravi vətəndaşların beyninə çip taxmaq, öldürmək, istəmir. Dərin dövlətlərin əlində bunu edə bilmək üçün kifayət qədər başqa alətlər var. Peyvənd yeganə çıxış yoludur. Hər kəsi də səsləyirəm ki, mütləq peyvənd olunsunlar, çünki peyvənd olunmaqla yalnız özlərini qorumurlar, həm də yaxınlarını qorumuş olurlar.

 

- Peyvəndlərlə bağlı artan xəttə üzrə gedən inamsızlıq var. Düzdür, əvvəldən deyilirdi ki, peyvənd olunanlar da yoluxa bilər, amma xəstəliyi yüngül keçirəcəklər. Lakin xəstəliyi peyvənd olunmayanlarla eyni səviyyədə ağır keçirənləri də görürük. Bu baxımdan insanlarda inamsızlıq yaranır ki, onun bizə xeyri yoxdursa, niyə peyvənd olunmalıyıq…

 

- Türkiyə və Avropa statistikasında belə bir şey yoxdur. Bu, tamamilə Azərbaycanda yayılan şayiələrdir. Peyvənd olub ağır şəkildə keçirənlər də var, amma bu, peyvənd olunub-olunmadığından deyil. Adamın digər ağır xəstəlikləri ola bilər, genetik mirad faktoru var və ya şiddətli pnevmoniya, vərəm keçirmiş insanlar ola bilər. Bunun hamısını gətirib peyvəndə bağlamaq düzgün deyil. Peyvəndlə bağlı şayiələrə deyil, faktlara baxmaq lazımdır. Peyvəndin iki dozasını da aldıqdan sonra Türkiyədə ölən olmayıb. Əgər varsa da, o, COVID-19-dan ölməyib, başqa bir xəstəlikdən dünyasını dəyişib. Peyvənd olunmalısan, olmursansa, özünə də, ətrafına da, dövlətinə də ziyan verirsən. 

 

- Özünü çox ciddi şəkildə qoruyanlar evin içində yoluxduğu halda, bütün günü çöldə-bayırda olan adamlar yoluxmur. Buna görə insanlar COVID-19 virusunun yayılma trayektoriyası ilə bağlı şübhələr içirəsindədirlər. Düzdür, deyə bilərik ki, orqanizmin müqavimət gücü var və s. Bunlar öz yerində, amma bu yoluxma kütləvidirsə, bu cür qeyri-standart yoluxma xüsusiyyətinə malik olan bir virus həqiqətən təbiidir, yoxsa bir sıra iddialarda səsləndirildiyi kimi insan genetikasına təsiri öncədən müəyyənləşdirilmiş bir bioloji silahdır?

 

- Sizin bu çətin, ağrılı, insanları narahat edən sualınıza belə cavab vermək istəyirəm: Amerikalıların Aya getməsi barədə o qədər gülünc, utopik fikirlər səsləndirirdilər ki… Guya Amerika Aya enməyi bacarmayıb, bundan ötrü Hollivudda studiya qurublar və s. Eyni şeyi Marsa göndərilən “Rover” aparatı haqqında da deyirdilər. Bunlar çox gülünc şeylərdir.

 

Tələbəlik illərimdə tale üzümə gülmüşdü və mənə kosmonavtların yaşadığı Moskva yaxınlığındakı “Ulduz” şəhərciyinə getmək qismət olmuşdu. Biz orada bir qrup seçilmiş tələbə idik. Orada qarşımıza iki dəfə Sovet İttifaqı Qəhrəmanı, dünyada ilk dəfə açıq kosmosa çıxmış, tanınmış kosmonavt Leonov çıxdı. Yanımda bir rus və bir azərbaycanlı dostum var idi. Ondan avtoqraf aldıq, suallar verdik. “Doğrudurmu ki, Amerika heç Aya enməyib, Hollivudda xüsusi studiya quraraq dünyanı aldadıb?”, - deyə soruşduq. Belə cavab vermişdi: “Əgər dünyanın əlində bir balaca ipucu olsaydı ki, bu, yalandır, biz bütün dünyanı Amerikanın başına yıxardıq”. İndi, əgər bu günə qədər bir iynə ucu qədər isbat olsaydı ki, bu, təbii virus deyil, laborator şəraitdə hazırlanmış suni virusdur, inanın ki, bütün dünya Çinin üstünə gedərdi. Çin bunun altından çıxa bilməzdi. Onsuz da koronavirus təzə yayılmağa başlayanda bu iddialara dünya alimləri də qarışdılar. Virus yayılmağa başladığından 5-6 ay sonra kimya, tibb üzrə Nobel mükafatı laureatı alimlər yığışdılar və dedilər ki, bəşəriyyət hələ o dərəcədə inkişaf etməyib ki, belə bir dəhşətli, qorxunc virusu suni şəkildə yarada bilsin. İnsan beyni hələ o dərəcədə inkişaf etməyib.

 

- Yaşlı və əlavə xəstəlikləri olan insanlar var ki, digər xəstəlikləri olmasına rəğmən, protokola uyğun müalicə alır və sağalır. Amma elə insanlar da var ki, heç bir əlavə xəstəliyi olmadığı halda, gənc olsa belə, müalicə təsirsiz qalır və bir göz qırpında dünyasını dəyişir. Bu, sizi təəccübləndirmirmi?

 

- Xeyr, təəccübləndirmir. Azərbaycandakı tibb sahəsinə bələdəm, üstəlik ətrafımda, ailə üzvlərimin içərisində də, yaxın qohumlarım arasında da çox sayda həkiml var. Çox təəssüf ki, yaxın ətrafımdakılar arasında COVID-19-dan vəfat edənlər var. Mən düşünürəm ki, Azərbaycanda ənənəvi olaraq reanimasiya sistemi çox bərbad vəziyyətdədir. Sən reanimasiya otaqlarına nə qədər modern cihazlar da qoysan, tibbi ləvazimatlar da alsan, bu sahədə mütəxəssislər yox dərəcəsində azdırsa, bu, bir işə yaramayacaq. Bakıda da vəziyyət ağırlaşanda təntidilər və üç, dörd, beşinci kurs tələbələrini gecə növbələrinə yığdılar. Gecə növbələrində də qətliamlar baş verdi. Həbs olunan baş həkimlər da orada vəziyyətin nə yerdə olduğunun göstəriciləridir. Bəzi kadrları gördüm, baş həkimlər blaknotlarında gündəlik qeydiyyat da aparırlarmış ki, filan tarixdə filankəsdən 4 min, 6 min alıb, qeyd edirlərmiş. Dövlət bunları belə cəzalandırdı.

 

Sonra baş həkimlərdən biri haqda deyirlər ki, “yaxşı oğlandır”. Rusların yaxşı bir sözü var. Deyirlər ki, “yaxşı oğlan ixtisas deyil”. Mən onun yaxşı insan olduğunu da qəbul edə bilmərəm. Yaxşı insan məfhumu fərqli bir şeydir. Sən cəlladsan, sənin ucbatından Azərbaycanın say-seçmə oğulları, alimlər, hüquqşunaslar, sənət adamaları öldülər. Sən bunların cavabını necə verəcəksən?! Hamıya məlumdur ki, filan yerlər VİP xəstəxana, filan xəstəxananın filan korpusu VİP hesab olunurdu. Pulla yerlər satılırdı və onlar cəzalanmalı idilər. Düşünürəm ki, dövlət bunun üstünə düşüb, hələ bir çox insanın kəlləsi gedəcək. Çünki onlara verilən etimadı doğrultmadılar, öz millətinə qarşı faşistcəsinə hərəkət etdilər. Pul, əlavə gəlir, qazanc üçün hər şeylərini – ləyaqətlərini, şərəflərini satdılar, millətə xəyanət elədilər.

 

Hazırda da bir sıra problemlər var, hesab edirəm ki, Səhiyyə Nazirliyindəki dəyişiklikdən sonra, xəstəxanaların başına daha layiqli insanların gəlməsi ilə bu işlər yoluna düşəcək. Bir də burada məsələ ondan ibarətdir ki, Skandinaviya ölkələrində müdafiə nazirləri hamısı mülki şəxslərdir. Bu dəqiqə Avropada üç və ya dörd qadın mülki sahədən gəlmiş nazir var. Mən belə düşünürəm ki, səhiyyəyə də rəhbərlik edənlər arasında görkəmli onkoloqların, terapevtlərin və s. olması şərt deyil. Bu, uğurlu bir menecment istəyən sahədir, buraya bir idarəetmə strukturu kimi baxmalısan. Yaxşı, milli bir insan həkim olmasa belə, oranı uğurla koordinasiya edə bilər. Prezidentlə səhiyyə sistemi arasında koordinasiyanı təmin etməlidir, vaxtlı-vaxtında dövlət rəhbərliyini, nazirliyi, naziri düzgün məlumatlandırmalıdır ki, onlar da düzgün qərar versin. Yoxsa sən oraya baş həkimi qoy, o da əlində bloknotla qapı-qapı gəzib baxsın ki, kim hansı xəstədən nə qədər pul gətirir. Ona görə də bu qədər kütləvi ölümlər oldu.

Müəllif: Tural Talehoğlu      29 Aprel 2021 10:20
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin