Əsas səhifə Haqqımızda Xəbər lenti

“Gözlədim, desinlər ki, əli qızın başına çatmadığı üçün yanını sığallayıb...”

“Gözlədim, desinlər ki, əli qızın başına çatmadığı üçün yanını sığallayıb...”

Vüqar Abbasov: “Azərbaycanda qeyri-etik bir hadisə baş verəndə ona elə haqq qazandırmağa çalışırlar ki, üzrü ayıbından betər olur”

 

Hansısa tanınmış şəxsin, ziyalı adlandırılan fiqurun qeyri-etik davranışlarını, kobud, rabitəsiz, tutduğu statusa yaraşmayan danışığını  özündə əks etdirən səs yazısı, görüntüsü yayılırsa, adətən buna cəmiyyətimizdən genişmiqyaslı bir reaksiya verildiyini müşahidə edirik. Lakin olanlar bir neçə gün danışılır, sonra da unudulur.

 

Maraqlıdır, həmişə örnək götürməyə çalışdığımız uzaq ellərdə bu cür hallar bizdəki kimi ictimailəşir, müzakirələrə səbəb olurmu? Hansısa nüfuzlu şəxs bənzər situasiyaya düşürsə, necə reaksiya ilə üzləşir?

 

Mövzu ilə bağlı AYNA-ya danışan Niderlandda yaşayan həmyerlimiz Vüqar Abbasov deyib ki, “qeyri-etik” anlayışının özü də cəmiyyətlərə görə dəyişir: “Əvvəla, bundan başlayaq ki, biz hamımız insanıq və dünyanın istənilən yerində bir-birinə bənzər hadisələr baş verə bilər.  Baş vermiş hadisələrə verilən reaksiyalar isə hər xalqın, millətin öz xarakterinə görə olur. Bəzi hallarda da insanları hər hansı bir reaksiyanı verməyə yönləndirirlər. Açıq desək, mənə elə gəlir ki, Azərbaycanda baş verən bir çox bu və bu kimi hadisələrə insanların münasibəti təbii münasibət olmur, sanki kimlərsə tərəfindən yönləndirilir”.

No description available.

“Sualınıza qaldıqda isə, nəyi nəzərdə tutduğunuzu təxmin edirəm. Öncə qeyd edim ki, “qeyri-etik” anlayışı yerinə görə dəyişə bilər. Məsələn, bəzi cəmiyyətlərdə hanısa deputat(lar)ın xalq tərəfindən seçilmədiyini demək, eşitmək adi bir şey kimi qəbul oluna bilər ki, buna məsələn, Qərbi Avropa dövlətlərində rast gəlmək çətin məsələdir. Bu, həm cinayət hesab olunur, həm də etikadan kənar. Yaxud cəmiyyətə özünü yazıçı, şair kimi tanıdılan kimlərsə haqqında danışılır ki, kitabları özü yazmayıb və s. Bunlar da buralarda qəbul olunmaz”, - deyə həmsöhbətimiz bildirib.

 

Onun sözlərinə görə, hazırda yaşadığı Avropa ölkəsində hansısa məsul şəxs haqqında yerli cəmiyyət üçün qeyri-etik hesab olunan bir hadisə baş verərsə, buna mütləq aydınlıq gətirilər, üzr istəyərlər və bunun dərəcəsindən asılı olaraq istefa da verə bilərlər: “Deyək ki, bir deputatla bağlı hər hansı bir hadisə baş verərsə, yerli cəmiyyət tərəfindən qəbul olunmur, o vaxt onun təmsil etdiyi partiyadan kənarlaşdırılması da mümkündür, ancaq bu, baş verməmiş daha çox özləri istefa verirlər”.

 

Abbasov fikrini nümunə ilə izah edib: “Sizə yadımda qalan bir əhvalat danışım: Niderlanda yeni gəldiyimiz vaxtlarda dil kursları keçirdik, bu əhavalatı da həmin vaxt eşitdim. Deməli, 2005-ci ildə səhv etmirəmsə,  Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Rüüd  Lübbers (Ruud Lubbers) tutduğu vəzifədən istefa verib. Səbəb kimi də orada işləyən xanım işçilərin birinin - amerikalı bir xanımın yanından çimdik götürməsi göstərilmişdi. Qadın bunu seksual təcavüz kimi dəyərləndirmişdi. Bu da Rüüd Lübbersin istefası ilə nəticələndi. Qeyd edim ki, BMT-nin sözügedən komissarlığının binası Cenevrədə yerləşir və sözügedən Rüüd Lübbers niderlandlı siyasətçidir və hətta 1982-1994-cü illərdə Niderlandın Baş naziri olub. Bu barədə qəzetlər də yazmışdı və qeyd etdiyim kimi dillə bağlı dərsliyə belə, salınmışdı”.

 

“Demək istədiyim odur ki, bura üçün qeyri-etik hadisələr baş verərsə, təbii ki, cəmiyyətdə müzakirə olunur və mətbuatda bu müzakirələrin önündə gedir. Müzakirəni isə hər kəs öz düşüncəsinə, yanaşma qaydalarına görə aparır. Başqa bir misal çəkim: Məlum virusla bağlı Niderlandda da qadağaların, həmçinin insanların toplu olaraq bir yerə toplaşmasının qadağan olunmuş olduğu halda ədliyyə və təhlükəsizlik naziri Ferdinand Xrapperhaus (Ferdinand Grapperhaus) özünə toy etmişdi. Buradakı toylarda isə bizdəki kimi bir neçə yüz adam iştirak etmir. Məsələ həm mətbuatda, həm sosial şəbəkələrdə müzakirə olundu. Nazir dəfələrlə üzr istədi, həm özü, həm xanımı cərimə ödədilər. Məsələn, bunu da Niderland cəmiyyətində qeyri-etik davranış kimi dəyərləndirmişdilər ki, nazir özü qaydalara əməl etmirsə, bunu insanlardan tələb etməməlidirlər”, - deyə müsahibimiz fikrini davam etdirib.

 

Soydaşımız xaric ilə müqayisədə ölkəmizdə bu cür olaylara istər müzakirə qəhrəmanının, istərsə də digərlərinin verdiyi reaksiyanın da düzgün olmadığını diqqətə çatdırıb: “Azərbaycanda bir hadisə baş verirsə, ona elə haqq qazandırmağa çalışırlar ki, necə deyərlər, üzrü ayıbından betər olur. Son olan hadisəni misal olaraq götürək. Əlbəttə ki, onun hərəkəti etik deyildi. Keçmiş deputatın buna görə üzr istəməsi daha doğru olardı. Ancaq keçmiş həmkarları hərəsi bir cür ona haqq, bəraət qazandırmağa çalışdılar. Biri dedi, namaz qılır, biri dedi, katibənin qulağı eşitmir, bu da ona nəsə demək istəyirmiş və s. Gözlədim ki, görüm, kimsə “deputat katibəsi işini yaxşı görmədiyi üçün tənbeh etmək istəyib deyə yanına yüngülvari şillə çəkib”, yaxud da “işini yaxşı gördüyü üçün başına sığal çəkmək istəyib, başına əli çatmadığı üçün yanına sığal çəkib” deyəcək, ancaq demədilər”.

 

“Mətbuatdan oxudum ki, keçmiş deputatı təmsil etdiyi partiyadan uzaqlaşdırıblar. Ancaq özü üzr istəyib istefa versəydi, daha hörmətli olardı - həm özü, həm partiyası üçün.  Həm də və ən asası cəmiyyətə hörmət qoymuş olardı”, - deyə Abbasov vurğulayıb.

 

Həmsöhbətimiz başqa bir məqama da toxunub: “Şəxsən mən sözünü etdiyim keçmiş deputatla bağlı olan hadisəni o vaxt ciddi hadisə kimi görərdim ki, oradakı xanım baş vermiş hadisədən narazı olsun, məhkəməyə, mətbuata və s. müraciət etsin. Məncə, hadisədə narazı tərəf görsənmirdi. Kameralara düşməyən nə qədər belə hadisələr var. Əgər müqayisə istəyirsinizsə, qeyd edim ki, hər iki tərəfin də narazı olmadığı belə bir hadisənin videosu, məncə, burada - Niderlandda sadəcə bir təbəssüm üçün müzakirə edilərdi, vəssalam. Bundan o tərəfə nəsə baş verəcəyinə inanmıram”.

Müəllif: Aləmdə Nəsib      26 Aprel 2021 21:20
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin