Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanlılar rəqəmsal peyvənd pasportları ala biləcəkmi – Dünya yeni sistemə keçir

Azərbaycanlılar rəqəmsal peyvənd pasportları ala biləcəkmi –     Dünya yeni sistemə keçir

Hökumət COVID-19 sertifikat sistemini təkmilləşdirməli, mobil versiyasını hazırlamalı və bu istiqamətdə beynəlxalq sistemlərə inteqrasiya üçün çalışmalıdır

 

Avropa Birliyində (AB) koronavirus peyvəndi üçün rəqəmsal pasportların bu ilin iyun ayına qədər tətbiq edilməsi planlaşdırılır. Faktiki olaraq, AB ölkələri rəsmi olaraq öz aralarında səyahət üçün COVID pasportlarını tətbiq etməyə razı oldu. Sənəd bütün AB ölkələrində istifadə edilə bilər.

 

Yaponiya bu cür elektron sertifikatları tətbiq etmək niyyətindədir və könüllü peyvənd pasportları artıq Nyu-Yorkda da ortaya çıxıb. Yaponiyada mobil bir tətbiqdə xüsusi bir peyvənd sertifikatının təqdim ediləcəyi bildirilir. Onu təyyarəyə minərkən və ya oteldə qeydiyyatdan keçərkən təqdim etmək mümkün olacaq. Yəni rəqəmsal vaksinasiya pasportlarının tətbiqi beynəlxalq trafikin bərpasını asanlaşdırmalıdır.

 

Bu təcrübədən istifadə məsələsi Azərbaycanda da keçən ilin yazından geniş müzakirə olunur. Hava limanlarında istifadə olunan COVID-19 pasportunun tətbiqinin beynəlxalq təcrübə olması barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı açıqlama vermişdi.

 

Ölkəmizdə elektron peyvənd pasportlarının verilməsindəki vəziyyəti AYNA-ya şərh edən Azərbaycan Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz deyib ki, vətəndaşlar könüllü olaraq bunun üçün yaradılan resursda qeydiyyatdan keçərək, təyin olunmuş günlərdə ikimərhələli peyvənd prosedurundan keçirlər: “Araşdırmalarımız və müşahidələrimiz göstərir ki, ölkəmizdə aşılanmışlara peyvəndin nömrəsi göstərilən bir bildiriş verilir. Eyni zamanda, belə bir sənədə möhür vurdurmaq istəyənlər bu fürsəti əlavə müraciət etdikdə əldə edə bilərlər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin aşılananlar üçün “COVID-19 Peyvənd Sertifikatı” elektron xidməti təşkil etməsi də diqqət çəkir. “İts.gov.az” elektron resursunda qeydiyyatdan keçib, şəxsi hesabınıza daxil olaraq, onu aktivləşdirə bilərsiniz. Sertifikatda peyvəndin mərhələləri, peyvəndin tarixi və növü göstərilir”.

Osman Gündüz: “Yeni təhlükəsizlik tədbirləri görülməlidir”

Mütəxəssisin sözlərinə görə, sertifikat saxtalaşdırmanın qarşısını almaq üçün xüsusi QR kodu ilə də təchiz edilib: “Agentlik bu sənədi Azərbaycan və ingilis dillərində təqdim edir. Ancaq mobil tətbiqi hələ inkişaf etdirilməyib”.

 

Bəs aşılanan vətəndaşlar bütün dünyada tanınan elektron pasport ala bilərmi? Sual aktualdır, çünki bu sənəd COVID-19 pandemiyası zamanı peyvənd olunmuş, neqativ cavab almış və ya koronavirusu keçirmiş insanların təhlükəsiz və sərbəst hərəkət etməsinə imkan verəcək.

 

Gündüz bildirib ki, “2021-2022-ci illər üçün COVID-19 Peyvənd Strategiyası” ölkəmizdə COVID-19 elektron pasportunun hazırlanmasını təmin etsə də, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu təcrübəni hələlik tətbiq etməyib. Bu arada bir çox ölkənin rəqəmsal peyvənd sertifikatına keçdiyi bilinir və bu məqam hələ də bir çox mübahisələrə səbəb olur. Üstəlik, əsas problem insan hüquqlarının mümkün pozulmasındadır.

 

“Müəyyən bir ölkəyə giriş üçün koronavirus peyvənd pasportlarının tətbiqi balanslaşdırılmalı və müxtəlif aspektlər nəzərə alınmalıdır, əks halda bu, yeni ayrılma xətlərinin yaranmasına və insan hüquqlarının pozulmasına səbəb ola bilər”, - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin mediasına müsahibəsində söyləyib.

 

Buradakı əsas problem, fərqli ölkələrin və qurumların insan hüquqları kontekstində aşılanmış və aşılanmayanlara qarşı ayrı-seçkilik siyasəti yürütmələridir. Bu səbəbdən vahid elektron peyvənd pasportları məsələsi hələ həll edilməyib.

 

O.Gündüz qeyd edib ki, Avropa ölkələri hazırda koronavirus testlərinin ləğvi üçün çalışır: “Bunun əvəzinə elektron pasportlar tətbiq etməyə üstünlük verirlər, çünki bu seçim xaricə səyahət üçün testlərdən daha məqbuldur. İşi canlandırmanın vaxtı da təsadüfi deyil - Avropada onlar turizm mövsümü başlamazdan əvvəl bu problemin həllinə fəal şəkildə qoşulublar, çünki bu, turistlər üçün səyahətə başlamaq imkan verir”.

 

“Düşünürəm ki, Dövlət Agentliyi COVID-19 sertifikat sistemini nəzarət və monitorinq baxımından təkmilləşdirməli, mobil versiyasını hazırlamalı və bu istiqamətdə Elektron Hökumət Mərkəzi ilə beynəlxalq sistemlərə, xüsusən də beynəlxalq aviasiya təşkilatları sistemlərinə inteqrasiya üçün birgə fəaliyyət göstərməlidir. Çünki, çox güman ki, dünya ölkələri pandemiya ilə əlaqədar vahid beynəlxalq turizm  standartlarına keçəcək. Buna görə elektron peyvənd pasportlarının hazırlanmasına başlamaq doğru olar. COVID 19-a qarşı rəqəmsal mübarizənin gücləndirilməsi, turizmlə əlaqəli problemləri daha sürətli həll etməyimizə imkan verəcək”, - deyə müsahibimiz vurğulayıb.

Müəllif: Tanya Samsonova      17 Aprel 2021 21:09
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin