Əsas səhifə Haqqımızda Xəbər lenti

Elmimizin “kisəsi”ndən gedən böyük alim, dəyərli ziyalı...

Elmimizin “kisəsi”ndən gedən böyük alim, dəyərli ziyalı...

Telman Əliyevin vəfatı Azərbaycan elminin böyük itkisidir

 

Martın 7-də Azərbaycan elminə ağır itki üz verdi. Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat mexanikası” kafedrasının fəxri professoru, 80 yaşlı Telman Xurşud oğlu Əliyev dünyasını dəyişdi. Telman müəllim xalq arasında sadəliyi, dürüstlüyü, təmizliyi  və səmimiliyinə görə sevilən, akademik dairələrdə  elminə və peşəsinə görə seçilən, ictimai dairələrdə dönməz əqidəsinə və bütövlüyünə görə sayılan aydınlardan biri idi. Vətəndaş və ziyalı mövqeyi ilə hər kəsə  nümunə göstərilən Telman Əliyevin vəfatı Azərbaycan elmi və təhsili üçün ağır itki hesab olunur. Artıq 40 gündür ki, T.Əliyev aramızda yoxdur. Amma o elmimizə verdiyi töhfələri ilə, kəşfləri ilə hər zaman yaşayacaq. 

 

Dosye

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat mexanikası” kafedrasının professoru, Ukrayna İnşaat Akademiyasının akademiki, Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki Telman Xurşud oğlu Əliyev 3 aprel 1940-cı ildə Azərbaycan Respublikası Füzuli rayonunun Aşağı Rəfədinli kəndində ziyalı ailəsində anadan olub. 1948-ci ildə həmin kənddə orta məktəbə daxil olub, 1958–ci ildə Böyük Pirəhmədli kənd orta məktəbini əla qiymətlərlə bitirib, fərqlənmə ilə kamal atestatı alıb və həmin ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun İnşaat fakültəsinin Sənaye və mülki tikinti şöbəsinə qəbul olunub. Bu ali texniki məktəbi əla qiymətlərlə oxuyub fərqlənmə diplomu ilə 1963-cü ildə bitirib. Telman müəllim, oxuduğu illərdə əla qiymətlərlə oxumaqla bərabər, böyük ictimai-fəal tələbə kimi tanınıb.O, bir çox Azərbaycan ziyalı və musiqi xadimləri ilə yaddaqalan görüşlərin təşkilatçısı olmuşdur.

 

O, Moskva Hərbi Mühəndislik Akademiyasının kafedra rəisi, Rusiya Federasiyasının Əməkdar elm və texnika xadimi A.P.Sinitsinin elmi rəhbərliyi ilə 28 yaşında dissertasiya müdafiə edib. Onun birinci opponenti 12 ballıq seysmik şkalanın əsas müəllifi dünya şöhrətli seysmoloq S.V.Medvedov olub.

 

T. Əliyev 55 ildən artıq idi ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat mexanikası kafedrasında çalışırdı. O, üç istiqamətdə fəaliyyətini davam etdirib - müəllimlik, alimlik, publisistika. Özü deyirdi ki, müəllimlik ləyaqət ölçüsü, alimlik düşüncə tərzi, publisistika mübarizə meydanıdır. Dəfələrlə universtetin elmi konfranslarında, eləcə də, respublika elmi konfranslarında və beynəlxalq elmi konfranslarda məruzələr edib. Bu məruzələr, əsasən, zəlzələ hadisəsinə və zəlzələyə davamlı mühəndis qurğularına aid idi. T.Əliyev elmə, xüsusilə zəlzələyə davamlı qurğular nəzəriyyəsinə xeyli yeniliklər, yeni anlayışlar gətirmişdi.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışan alim fəaliyyəti müddətində böyük nailiyyətlər qazanaraq, elm və təhsilimizin qızıl fonduna daxil olmuşdur. O, 130 elmi əsərin, dövlət qeydiyyatından keçmiş iki kəşfin, patentləşdirdiyi ondan çox ixtiranın, 15 yeni modelin, 17 kitabın, 3 monoqrafiyanın, yüzlərlə elmi populyar əsərin müəllifidir.

 

Alim, pedaqoq, publisist olan Telman müəllim Milli Ensiklopediyamızın elmi məsləhətçisi olmuşdur. Prof. Telman Əliyev uzun illər (1983-cü ildən) Azərbaycan Televiziyasının (AzTV) “Elm və həyat” verilişinin aparıcısı olmuşdur. Bu verilişdə 45 böyük elmi məsələlərə aid verilişin ssenarisini özü yazmışdır.

 

T.Əliyevin alim kimi ən böyük xidmətlərindən biri onun Bakı metrosunun naturada zəlzələyə davamlılığının sınaq üsulu ilə həyata keçirməsidir. Bu eksperimentdən sonra Bakıda baş vermiş Xəzər zəlzələsi (2000-ci il) onun aldığı nəticələri tamamilə sübut etdi, metromuzda heç bir dağıntı, çat olmadı. Onun ən böyük əsərlərindən biri “Seysmik riskin azaldılmasının yeni metodudur”. Telman müəllim bu metodu   2002-ci ildə Beynəlxalq konqresdə məruzə etmiş, sonra konqresin seçilmiş materiallarında çap olunmuşdu. Bu metod yapon alimlərinin də böyük diqqətini çəkmişdir.

 

T.Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetində işləməklə bərabər, uzun illər idi ki, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində də böyük elmi işçi vəzifəsində çalışırdı. Orada elmi-texniki şuranın üzvü idi.

 

T.Əliyev xarici ölkələrlə yanaşı, ölkəmizdə də bir sıra mükafatlarla təltif olunmuşdu. O, Respublika Təhsil Cəmiyyətinin birinci mükafatına, iki dəfə təhsil nazirinin fərmanı ilə mükafata, Beynəlxalq Ekoenergetika Akademiyasının xüsusi qızıl medalına layiq görülmüşdü. Telman müəllim  Azərbaycan Respublikasının Ağsaqqallar Şurasının Elm Kommissiyasının  sədri olmuş, həmçinin fəxri fərmanı ilə təltif olunmuşdur. O, Bakı Şəhər Sovetinin deputatı, həmçinin Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü olmuşdur.

 

Moskvadan Nobel mükafatı laureatı, dahi alim, akademik Basovun imzası ilə fəxri fərman almışdı. Moskvadan iki dəfə Bilik Cəmiyyətinin döş nişanı ilə təltif edilmişdi.

 

Telman Əliyev Beynəlxalq Akademiyanın qızıl medalı ilə (1999) təltif olunmuş, ABŞ Bioqrafiya İnstitutunu tərəfindən “Dünyanın 500 elm lideri” nominasiyasının qaliblərindən seçilmişdi. T.Əliyev akademik Yusif Məmmədəliyev və akademik Zahid Xəlilov adına mükafatlara da laiq görülmüşdür.

 

T.Əliyev 2010-cu ildən Nobel mükafatı Komitəsinin eksperti idi. Həmçinin, onun yeni konsepsiyaları və kəşfləri 2010–cu il dekabrın 16-da Nobel mükafatına təqdim olunmuşdu.

 

Birinci Qarabağ müharibəsinin veteranı olan alim eyni zamanda, həmin dövrdə Respublika mətbuatında, o cümlədən  həm də rus dilində çap olunan “İnşaatçı” qəzetində məqalələrlə çıxış edib. O, yazdığı məqalələrində Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu tarixi mənbələrə dayanan faktlarla sübut edib. Telman müəllim 1988-ci ildə erməni separatçılığı vüsət almağa başlayan ərəfədə Ermənistanın işğalçılığına etiraz edən ilk ziyalılardan olmuşdur.

 

Dəyərli alimimizi və ziyalımızı itirdik

 

Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələri, alimlər T.Əliyevin vəfatı xəbərini dərin kədər hissi ilə qarşılayıblar. Sosial şəbəkələrdə minlərlə tələbəsi, dostu onun böyük alim və gözəl insan, ziyalı olduğu haqqında fikirlərini bildiriblər.

 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib ki, T.Əliyev haqqında saatlarla danışmaq olar: “O, böyük alim, dəyərli ziyalımız idi. Telman müəllim ömrü boyu Azərbaycan elminin inkişafı üçün yorulmadan çalışıb, tədqiqat aparıb. Elmimiz üçün ağır itkidir. Gözəl bir alim, dəyərli ziyalı və yaxşı dostumuzu itirdik. Telman müəllimə rəhmət diləyirəm!”.

 

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev də deyib ki, T.Əliyevin vəfatı Azərbaycan elmi üçün böyük itkidir: “Telman Əliyev elm aləmində sözünü demiş, apardığı tədqiqatları ilə elmimizin inkişafına böyük töhfə vermişdir. Ruhu şad olsun!”.

 

Mərhum alimin yaxın dostu, həm də keçmiş tələbəsi İslam Məmmədov deyir ki, T.Əliyev uşaqla uşaq, böyüklə böyük davranıb: “Tələbələri heç zaman incitməzdi, hər zaman tələbələrin haqqını qoruyurdu. İmkansız tələbələrə öz vəsaiti hesabına yardım edirdi. Çox səmimi münasibət qururdu. Bu ziyalı xüsusiyyətinə, insanlığına görə tələbələrin sevimlisi idi. Eyni zamanda, akademik çevrələrdə çox nüfuzu olan şəxsiyyət idi. Telman müəllim necə deyərlər, sözünün ağası kişi, elm adamı və ictimai şəxsiyyət, ziyalı idi. Çox böyük araşdırmaları oldu, ölkəmizin elminə böyük töhfələr verdi. Azərbaycan elmi Telman müəllimin timsalında böyük bir alimi itirdi. Onun haqqında saatlarla yox, günlərlə danışmaq olar. Ruhu şad olsun! Elmimin böyük alimini, mən də müəllimimi, yaxın dostumu itirdim”. 

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      16 Aprel 2021 10:39
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin