Əsas səhifə Haqqımızda Xəbər lenti

“Minsk Qrupu yerindəcə qalıb, heç yerə itməyib”

“Minsk Qrupu yerindəcə qalıb, heç yerə itməyib”

Natiq Cəfərli: “Rəsmi Moskvanın regionda tək söz sahibi olması istəyinin qarşısını həm də Minsk Qrupu formatı ala bilər”

 

“Zəngəzur məsələsinin gündəmdə olması ərazi iddiası, aqressivlik deyil - siyasi təzyiq vasitəsidir”. AYNA-nın xəbərinə görə, bu sözləri Respublikaçı Alternativ Partiyanın (ReAl) Siyasi Komitəsinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

 

Onun sözlərinə görə, biz qonşularımızla sülh şəraitində yaşamaq istəyirik, iqtisadi və insani münasibətlərin yaranmasında, kommunikasiya xəttlərinin açılmasında, logistik əlaqələrinin bərpasında maraqlıyıq: “Biz Ermənistanla dinc qonşuluq etməyə hazırıq, amma rəsmi İrəvən buna hazırdımı?! Sabah status məsələsini tək rəsmi İrəvən yox, Moskva, Paris, Vaşinqton qaldırsa, nə olacaq?! Minsk Qrupu yerindəcə qalıb, heç yerə itməyib. Rəsmi Moskvanın regionda tək söz sahibi olması istəyinin qarşısını həm də Minsk Qrupu formatı ala bilər: Biz işimizi doğru qursaq, Moskva ilə Qərb arasında olan münaqişə və fikir ayrılığından gözəl istifadə edə bilərik. Rusiyanın bu məsələdə tək söz sahibi olması təkcə bizi yox, elə Qərbi də narahat edir. Sabah Rusiya qoşununu ərazimizdən çıxarılması məsələsində məhz Paris və Vaşinqton bizə kömək ola bilər”.

 

“Amma Minsk Qrupunun təhlükəli yanları da var - status məsələsi. Özümüzü aldatmayaq, bu məsələ masaya gətiriləcək, müəyyən təzyiqlər olacaq, bu təzyiqlərin “amortizasiyası” üçün iki vacib yol var: daxildə çoxsəsli Parlament (həm də güclü vətəndaş cəmiyyəti) və paralel olaraq Zəngəzura qaçqınların qayıtması, buna zəmanət məsələsi - başqa yol görmürəm”, - N.Cəfərli qeyd edib.

 

ReAl funksioneri vurğulayıb ki, biz ağılla, siyasi doğru ritorika ilə hər dəfə “Zəngəzur” deyəndə Ermənistan status məsələsində israrından vaz keçməsi şansı artır: “Bəli, biz Ermənistana ərazi iddiası etmirik, amma Qərbi Azərbaycandan olan türklərin öz ata-baba yurduna qayıtması üçün mütləq son sülh müqaviləsində hüquqi baza yaradılmalıdır. Əgər əvəzində Ermənistan Bakı, Sumqayıt, Gəncəyə erməni əsilli azərbaycanlıların qaytarılması məsələsini qaldırsa, buna da razılıq verməliyik. Çünki, demoqrafik üstünlük bizdədi, yaxın 25-30 ildə regionda demoqrafik üstünlük tam bizdə olacaq. İqtisadi, insanı münasibətlərin bərpasından da sonda udan biz olacağıq.

Daha soyuqqanlı olmağı və strateji düşünməyi öyrənməliyik”.

Müəllif: Ayna.az      14 Aprel 2021 16:14
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin