Əsas səhifə Haqqımızda Xəbər lenti

“Azərbaycanda ekspertə ehtiyac yoxdur, bir neçə “danışan baş” bəs edir”

“Azərbaycanda ekspertə ehtiyac yoxdur, bir neçə “danışan baş” bəs edir”

Anar Həsənov: “Özünü mərkəz, fond, institut rəhbəri adlandıranların əksəriyyəti “6-cı palatadakı Napoleon”lardır”

 

Azərbaycanda ekspert qıtlığı yaşanır. Xüsusən də siyasi sahədə özünəməxsus analitik fikirləri olan, proseslərə fərqli baxış bucaqlarından yanaşan politoloqlar barmaqla sayılacaq qədərdir. Üzdə olan bir neçə ekspert isə həm özləri təkrarçılıqdan yorulublar, həm media onların təkrarçılığından usanıb, həm də oxucu eyni fikirlərdən bezib. Bəzən eyni analitik müxtəlif mövzulardan danışmaq məcburiyyətində qalır ki, bu da regionlar üzrə olan ixtisaslaşmış mütəxəssislərin yetişməməsindən irəli gəlir.

 

Problemlə bağlı AYNA-nın suallarını Rusiyanın Xalqlar Dostluğu Universitetinin böyük müəllimi, soydaşımız, filologiya elmləri namizədi, politoloq Anar Həsənov cavablandırıb.

 

Ondan başlayaq ki, sizcə, ekspert kimlərə deyilir?

 

– Məncə, ekspert orta statistik adamdan fərqli olaraq, müəyyən sahədə daha dərin biliklərə sahib olan şəxsdir. Fikrimcə, ekspertin özünü hamıdan ağıllı hesab etməməsi üçün o savadının dəyəri olduğunu bilməlidir, yəni ekspertiza ödənişli olmalıdır. Bu, onun peşəkarlığının ictimai təsdiqidir. Özünü ekspert sayanın peşəkar həmkarları arasında müəyyən reputasiyasının olması da şərtdir.

 

– Dediniz ki, ekspertiza ödənişli olmalıdır. Bəs sifarişçinin kimliyinin fərqi var?

 

– Fərqi yoxdur. Ekspertin xidmətindən müxalifət də, iqtidar da istifadə edə bilər.

 

– Görünən odur ki, azərbaycanlı ekspertlər, bir qayda olaraq şəxsi brendlərini yaratmaqla məşğuldur, amma özlərini təqdim edəndə institut, mərkəz rəhbəri kimi təqdim edirlər. Qərb təcrübəsində ekspert mərkəzləri “think tanks” adlanır. Sizcə, mərkəz və fond rəhbəri kimi təqdim edilən şəxslər analoji “think tanks” mərkəzlərinin rəhbəridir?

No description available.

– Azərbaycan KİV-də çıxış edən ekspertlərin təmsil etdikləri qurumlar “think tanks” sayıla bilməz. Çünki “think tanks” bir neçə ekspertin çalışdığı qurumdur. ABŞ-da belə mərkəzlər nəinki siyasi partiyaların nəzdində, hətta bir çox ali məktəblərdə var. Azərbaycanda isə özünü mərkəz, fond, institut direktoru, rəhbəri adlandıranların əksəriyyəti “6-cı palatadakı napoleonlar”dır. Çünki özlərindən başqa “kontoralarında” heç kəs yoxdur.

 

– Azərbaycanda müəyyən ekspert dəstəsi formalaşıb ki, tərkibi uzun illər dəyişmir. Bunun səbəbi nədir?

 

- Mən durumu belə təsvir edərdim: Azərbaycanda ekspert azdır. Bu, əslində sözügedən infrastrukturun tənəzzüldə olmasından irəli gəlir. İnkişafın qarşısını kəsən isə siyasi sferanın tənəzzülüdür. Məsələn, ABŞ sistemində hər iki partiya onların siyasi ideologiyasını araşdırmalarla təmin edən fondlarla əhatə olunub. Bu fondların ekspert institutları var. Azərbaycanda isə bu fondlar və mərkəzlər yoxdur, kadr çatışmazlığı olduğundan əksər hallarda iqtisadi və siyasi proseslərlə peşəkar məşğul olan, fikir lideri sayılan jurnalistlərə müraciət edilir.

 

– Deyirsiniz ki, ekspertlər azdır. Bəs, nə edək? Niyə milli ekspertlərimizi yetişdirmirik?

 

– Ekspertlər yetişdirmək lazım deyil, onlara ehtiyac duyulmalıdır.

 

– Belə çıxır, bizdə ekspertlərə və ya ekspertizaya ehtiyac yoxdur?

 

– Bəli, əlbəttə. Xüsusilə siyasi ekspertizaya ehtiyac duyulmur…

 

– Niyə?

 

– Çünki Azərbaycan siyasi və iqtisadi rəqabətin zəif olduğu cəmiyyətdir.

 

– Axı, iqtidara idarəçilik üçün intellektual resurs lazımdır…

 

– İntellektual resurs hər dövrdə hər iqtidara, hər dövlətə lazımdır, amma hazırkı dövrdə rəqabət mühiti çox zəifdir. Bu gün obyektiv ekspertiza ilə məşğul olan peşəkarlar yox, siyasi prosesi təmin edən, təbliğat dəstəyi göstərən intellektual qulluqçulara ehtiyac var.

 

– O zaman mövcud olan ekspertlərin sayı kifyətdir?

 

- Məncə, bəli. Bir neçə nəfər yaxşı nitq qabiliyyəti olan “danışan baş” bəs edir. Bir qayda olaraq, neft-qaz satışı və icarəsi hesabına yaşayan, konservləşdirilmiş cəmiyyətlərin hamısında vəziyyət oxşardır.

 

- Vəziyyəti dəyişmək üçün nə etmək olar?

 

- Siyasi sistemin mahiyyəti dəyişməlidir. Bilirsizmi, parlamentarizm olmayan dövlətdə siyasətdən danışmaq yersizdir. Əgər parlament seçilmirsə, iqtisadi inhisar mövcuddursa, ekspertizaya ehtiyac qalmır. Deməliyəm ki, cəmiyyət də ekspertizanın marağında deyil, çünki o, maariflənməyi, haqlarını bilməyi yadırğayıb. Bu müsahibənin oxunma sayına baxacaqsınız, o zaman nə demək istədiyimi anlayacaqsınız. İnsanlar üçün əyləncə, zor, sensasiya, qalmaqaldankənar materiya darıxıdırcıdır. 1980-ci illərin sonu, 1990-cı illər deyil ki, jurnalistlər və intellektuallar öndə gedən olsunlar. Dəyərlər dəyişib.

 

Bu gün ekspertlər bir qrup üçün maraq kəsb edir. Söhbət iqtisadiyatı öz əlində cəmləşdirmiş siyasi qüvvədən gedir. Ekspertlər ona imicinə intellektual dəstək üçün lazımdır. Əgər ölkədə güclü müxalifət olsaydı, o zaman müxalifət də ekspertlərə ehtiyac duyardı. Amma Azərbaycan müxalifətinin iqtisadi imkanlarını nəzərə alsaq, aydın məsələdir ki, onun ekspert bazası yoxdur. Bir sözlə, gəlir mənbəyinin bir əldə olması həm KİV, həm də ekspertiza sahəsinin keyfiyyətinə mənfi təsir edir. Tipinə görə bir sıra politoloji dairələrdə siyasi sisteminin hibrid sayıldığı Azərbaycanın demokratik mətbuatı vitrin miqyaslı olduğu kimi, demokratik ekspert sferası da ola bilməz. İstər jurnalistika, istər digər sahələr olsun, mövcud siyasi sitemin rəngini əks etdirir...

 

- Bu, mövcud vəziyyətdə ictimai-siyasi diskursa necə təsir edir?

 

- Azərbaycanda ictimai siyasət qeyri-ciddi “fikir fabrikləri”, ya da mandatının sonuna qədər lal oturan onlarla deputat deməkdir. Başqa sözlə, siyasi rəqabətin səviyyəsi olduqca aşağıdırsa, ekspertizanın da səviyyəsi yüksək ola bilməz.

 

- Yaşadığınız və fəaliyyət göstərdiyiniz Rusiyada bu sahədəki mənzərə necədir. Azərbayacandan fərqi nədədir?

 

- Rusiyada da iqtidar ictimai fikri idarə etmək üçün bir qrup insana “mandat” verib. Amma Azərbaycandan fərqli olaraq Rusiyada bu insanlara “mediakrat”, yəni cəmiyyətlə hakimiyyət arasında vasitəçi demək olar. Çünki bu adamların, məsələn, Tretyakov, Satanovskiy, Nikonov keçmişi var – onlar brenddirlər. Rusiyada ictimai siyasət daralsa da, cəmiyətlə hakimiyyət arasında vasitəçi rolu antipodlara və təlxəklərə həvalə edilməyib. Amma onu da deməliyəm ki, bu gün cəmiyyəti düşünən ekspertlər Rusiyada siyasi prosesin autsayderiləridir. Onların televiziya efirlərinə məhdudiyyətləri var. Onu da qeyd etməliyəm ki, siyasi sistemin mahiyyəti ilə barışan ekspertlər susmağa, çox vaxtsa yarınmağa üstünlük verirlər. Bu yerdə Evtuşenkonun "Karyera" şerindən bir sətri xatırlamaq yerinə düşərdi:

 

Ученый сверстник Галилея

Был Галилея не глупее

Он знал, что вертится Земля

Но у него была семья.

 

- Azərbaycanın ekspert sferasının gələcəyini necə görürsünüz?

 

- Ekspert cəmiyyətinin dirçəlişi seçkilər dövründə müşahidə edilir. Namizədlərin layihələri, proqramları, piarı ilə məşğul olan politexnoloqlara, jurnalistlərə, ekspertlərə daha çox onda ehtiyac olur. Hər halda arzu edək ki, Azərbaycan sivilizasiyaya sarı daha bir addım atacaq və növbəti seçkilərdə ekspertizaya ehtiyac olacaq.

 

- Azərbaycan gündəminin bu gün əsas müzakirə mövzusu Şuşada tapılan qadağan edilmiş ballistik raketin - “İsgəndər M”-in qalıqlarıdır. Raketin haradan atıldığı suallarına cavab verilmir – nə Ermənistandan, nə Rusiyadan. Yeri gəlmişkən, ekspertlərin vəziyyətlə bağlı fikirləri də demək olar ki, eynidir. Sizcə, həqiqət eyni olduğu üçün politoloqların da fikri eyni deyilmi?

 

- Sualınıza cavabın politoloji, kommunikativ və sosioloji əsasları var ki, hər üçü bir-biri ilə zəncirvari bağlıdır. Əvvəla, Azərbaycanda sözügedən xəbərin mənbəyi bir qayda olaraq hakimiyyətdir. Şəxsən Azərbaycan hakimiyyəti marağında olmasaydı, ANAMA raketin qalıqları ilə bağlı susacaqdı. Bu məsələnin politoloji tərəfi. Yəni gündəmi mövcud 3 subyektdən ancaq iqtidar yaradır. KİV isə formalaşan gündəmi qəlibə salmaq funksiyasını yerinə yetirir.

 

Kommunikativistika aspektindən 3 cür xəbər var: neytral, məcburi və vurğulanan. “İsgəndər M” məsələsi hakimiyyətin vurğulamaq istədiyi xəbərdir. Nəzərə alsaq ki, hakimiyyət subyekt kimi ən böyük KİV və ekspert resursuna sahibdir, o zaman fikir plüralizmi yox, KİV və ekspert plüralizminin şahidi oluruq. Yəni bütün kanallar eyni aspekti təkrarlayır, bütün “danışan başlar” da pioner dəstələri kimi sinxrondurlar. Belə olduğu təqdirdə, Elizabet Noel Noymanın ictimai fikrin formalaşması haqda “Открытие спирали молчания» nəzəriyyəsi yada düşür. Başqa sözlə, KİV-in manipulyasiya mexanizmlərinin köməyi ilə çoxluğun fikri kimi sıranan mövqenin qarşısında fərqli fikirlilər susmağa üstünlük verir, ya da çoxluqla razılaşır. Demək ki, fikir plüralizmi zəif olduğundan versiyalar həqiqət kimi qəbul edilir.

 

Şəxsən mən hesab edirəm ki, “İsgəndər”-in Rusiya tərəfindən atılması, yaxud ixrac tipli olmamasını ancaq ekspertiza müəyyən edə bilər ki, ona qədərki ittihamlar versiyadan başqa bir şey deyil. Amma Rusiyanın bu mövzudakı “iqnor” mövqeyini də məqbul hesab etmirəm.

Müəllif: Anar Bayramoğlu      14 Aprel 2021 10:00
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin