Əsas səhifə Haqqımızda Xəbər lenti

“Təəccüblənməyə bilmirəm: onlarla rəqabət aparmaq çətindir”

“Təəccüblənməyə bilmirəm: onlarla rəqabət aparmaq çətindir”

İsmayıl Rafiqoğlu: “Sabah baş verəcək hər bir dəyişikliyə bu gündən hazır olmalıyıq”

 

Jurnalistikada ixtisas təhsili almış şəxs çalışmalıdır, ya digər peşədən gəlmiş insan? Bu sual dünyanın bir sıra media ekspertlərini, nəhəng media holdinqlərin rəhbərlərini, hətta işə əməkdaş qəbul edən kiçik saytların sahiblərini də düşündürür. Birmənalı cavabı olmasa da, hər halda qeyri-ixtisas sahibləri mətbuat orqanlarında bəzən çoxluq da təşkil edir.

 

AYNA-nın müsahibi, Report Media Məktəbinin rəhbəri, jurnalist İsmayıl Rafiqoğlunun fikrincə, müasir informasiya agentliyi və böyük media qurumlarında təkcə jurnalistə yox, ən müxtəlif sahələrdən gəlmiş insanlara ehtiyac var.

No description available.

- İsmayıl müəllim, gəlin, gənclərin jurnalistikaya olan həvəsindən danışaq. Onların jurnalistikaya marağı, meyli hansı səviyyədədir?

 

- Bu gün gənclərin jurnalistikaya marağı olduqca böyükdür. Dünya qlobal platforma olan internetdə birləşib deyə biz artıq istəsək də, istəməsək də, virtual informasiya mühitində yaşamağa məhkumuq. Hara getsək, informasiya bizi qabaqlayır. Deməli, informasiyaya olan tələbat da artır. Bu məhsulu istehsal edən jurnalistlərə də ehtiyac duyulur. Bu günün gənci informasiyanın həm istehlakçısına, həm də istehsalçısına çevrilir. Jurnalistikaya bir axın var: saytların, videokanalların, agentliklərin və digər rəqəmsal platformaların sayı artdıqca, gənclər də iş dalınca bu istiqamətdə gedirlər.

 

- Jurnalist olmaq istəyən bir gənc seçiminin doğru və ya yanlış olduğunu necə təyin etməlidir, nəyi araşdırmalıdır?

 

-  Jurnalistikanı seçən hər bir şəxs bu peşənin hər bir çətinliyini, qarşılaşa biləcəyi təzyiqi, münaqişə zonalarında reallaşa biləcək ölümünü göz önünə almalıdır. Jurnalisti qınayan çox olur, amma ağır durumda yanında öz həmkarlarından savayı çətin ki, kimisə tapasan. Bəzi gənclər rahat həyat dalınca jurnalistikaya gəlir, amma çoxu heç informasiya yükünün emosional ağırlığına dözə bilmir. Hər gün rastlaşdığı ağır hadisə, ölüm, ədalətsizlik jurnalisti vaxtından öncə məhv edir. Nə qədər jurnalist dostumuz elə 40 yaşına çatar-çatmaz ürək çatışmazlığı, ya da beyinə qan sızmasından həyatdan erkən gedib. Bu peşəyə gələn şəxs gərək ən ağır vəziyyəti qəbul edib soyuq başla çalışmalıdır.

 

- Report Media Məktəbinə qəbul etdiyiniz gəncləri hansı meyarlara əsasən seçirsiniz?

 

- Kimisə Media Məktəbinə qəbul etmək üçün çox sadə qaydalar tərtib edilib. Ən birinci tələb insanın peşəyə marağının olmasına bağlıdır. İndi bu söz dəbdə olan “motivasiya” sözü ilə əvəzlənib. Kim müsahibəyə gəlirsə, soruşuram, “marağın, həvəsin varmı?” Əgər varsa, deməli artıq yarıbayarı uğura imza atıb. Kimsə düşünə bilər, əgər bizə müraciət olubsa, deməli həvəsi var, amma belə deyil. Bəzən gənc axtarışdadır, elanı görür, ya kimsə deyir, “get İsmayıl Rafiqoğlunun yanına, o, sənə çox şey öyrədər”. Gənc də gəlir müsahibəyə, elə ilk danışığından başqa marağı aşkarlanır. Bu halda məsləhət bilmirəm təlimə qoşulmağı.

 

Digər meyarlar sırasında xarici dil biliyi də əhəmiyyətlidir. Azərbaycan interneti elə də biliklə zəngin deyil. Bir çox məlumatı məhz digər dillərdə olan mediadan alırıq. Bizim mətbuatda heç jurnalistikadan böyük mənada anlayışı olmayan o qədər insan çalışır ki. Digər tərəfdən hər hansı bir xarici dili mükəmməl bilmək həmin insanlara çox yaxşı dolanmağa imkan verir. Yəni xarici xəbəri izləyərək Azərbaycan dilinə çevirir. Desən, get bir müsahibə al, reportaj hazırla, ya köşə yaz, bacarmaz, amma xarici mənbələrlə işləməyi yüksək səviyyədə bacarır.

 

Müsahibələrdə namizədin nə dərəcədə peşəyə uyğun olub-olmadığını da yoxlayıram. Çünki gələcəkdə hansı mövqedə işləyə biləcəyini elə əvvəldən bilməliyəm. “İnsanlarla ünsiyyət qura biləcəkmi”, “komplekslərdən azad olacaqmı”, “istedadı, ağlı, savadı nə dərəcədə yüksəkdir” suallarına cavab tapmalıyam. Bir sıra başqa faktorları da üst-üstə toplayıb qərar verirəm.

No description available.

- Kim daha çox müraciət edir: jurnalistika üzrə təhsil alanlar, yoxsa qeyri-ixtisasda oxuyanlar?

 

- Media Məktəbini yaradanda daha çox jurnalistlərin arasında seçim etməyi düşünürdük. Yəni ilk qrupumuzda olanların əsas hissəsi jurnalist idi. Sonralar bir qədər yanaşma dəyişdi. Hazırda qeyri-ixtisasdan gələnlər bəzən çoxluq da təşkil edə bilər. Bunun da obyektiv səbəbləri var. Biz artıq Report Media Məktəbində tək jurnalist yox, məhz informasiya sferasının əməkdaşını hazırlayırıq. Kimsə məlumatı inforqrafika vasitəsilə ötürürsə, burada klassik jurnalist olmaq artıq kifayət etmir, onun gərək həm də gözəl zövqü və bir sıra kompüter proqramında işləmək bacarığı olsun. Bloqçu olmaq, “Youtube” kanalı açmaq, sosial media meneceri kimi çalışmaq da mühümdür. Böyük agentlik və şirkətlərin ən müxtəlif peşə sahiblərinə ehtiyacı var. İqtisadi jurnalistin çalışması üçün iqtisadiyyat üzrə təhsilinin olması daha məqbuldur.

 

- Müqayisə edəsi olsaq, daha çox uğurlu olanlar hansı qrupdan çıxır: jurnalistikada oxuyanlardan, yoxsa qeyri-ixtisasdan gələnlərdən? 

 

- Adətən sırf jurnalist və ya qeyri-ixtisas qrupu olmur. Qrupda hər ikisindən də ola bilər, uğurlu olmağın sirri bəzən başqa səbəblərə bağlıdır. İnsan var, başqa sahəni atıb, gəlib bizim məktəbə. Təlim başa çatdıqdan sonra geri dönməyib, davam edib, işsiz qalsa da, jurnalistikanı seçib, hazırda çalışır. Amma eləsi olub əsas peşəsini kənara qoyub gəlib, bilik və bacarıq nümayiş etdirib, amma sonacan getməyib. Jurnalistikadan öz köhnə peşəsinə qayıdıb. Jurnalist də var, dəfələrlə xahiş edir, məktəbə qəbul edirik, heç təlimin sonuna kimi davam gətirə bilmir, qoyub qaçır. Dönə-dönə deyirəm: kiminsə yerini tutmayın, o qədər həvəsli jurnalist var, qoyun, gəlib məşğul olsun. Jurnalist kimi çalışmaq üçün bəzən əzmkarlıq nümayiş etməlisən.

 

- Çox vaxt jurnalistika təhsili alanlarla qeyri-ixtisasdan gələnlər arasında bir qısqanclıq olur. Jurnalistikada oxuyanlar hesab edirlər ki, “hər kəs öz sahəsi üzrə fəaliyyət göstərsə, yaxşıdır. Jurnalistika fakültəsinin auditoriyasında oturmadan, oranın ab-havasını udmadan peşəkar jurnalist olunmaz”. Buna sizin münasibətiniz necədir?

 

- Hər bir peşəkar kasta əsrlərlə öz daxili nizamını, peşə sirlərini qoruyub saxlamağa, daha sonra bunu gələcək nəslə ötürməyə çalışıb. Elə bu gün masonlar dediyimiz, dünyanı guya altdan-altdan idarə edən gizli təşkilatlar da vaxtilə azad bənnaların yaratdığı qurumların davamçılarıdır. Hətta bir vaxtlar Hollandiyada qızını gəlin köçürən ata cehiz əvəzi zanbaq soğanağı verərmiş. O dövr üçün bu, olduqca əhəmiyyətli addım idi, heç kimdən soğanaq almaq mümkün deyildi, gərək ailənin üzvü olaydın ki, gizli biliyə və lazım olan xammala sahib olasan. Bu gün jurnalistika təhsili alanların qeyri-ixtisasdan peşəyə gələn insanlara qarşı yaranan qısqanclığı elə orta əsr insanının düşüncəsindəki o qapalılıqdan heç nə ilə fərqlənmir. “Mən təhsil almışam, deməli bu yer mənimdir” düşüncəsi kökündən yanlışdır. Heç bir baza təhsili insana daim bir yerdə işləməyə zəmanət verə bilməz. Başqa ixtisasdan gəlib daha yaxşı nəticə göstərən kimsə daha şanslı jurnalist olacaq. Bir də nə qədər jurnalist peşəsini seçən insanlar da gedib başqa sahədə çalışırlar. Gənc olarkən düzgün seçim etmək çətin olur.

No description available.

- Bir qədər dövrü mətbuatda çalışan gənc jurnalistlərin yaratdığı mənzərədən danışaq. Gənc jurnalistlərin vəziyyəti necədir? Gənclər jurnalistikaya yeni nəfəs verə bilirmi?

 

- Hər peşədə olduğu kimi mətbuatda da nəsil dəyişməsi vaxtında baş verməlidir. Heç kəs bir yeri tutub oturmasın gərək, vaxtı çatanda meydanı gənc kadrlara ötürmək lazımdır. Əslində bizim jurnalistika mahiyyətcə gəncdir. Yəni Sovetin dağılması və internetin hər yeri zəbt etməsi nəticəsində köhnə jurnalistika birdən-birə öldü və ya kənarda qaldı. Ötən əsrin 90-cı illərində jurnalistikaya yeni düşüncəli bir nəsil gəldi. Onlardan bəzilərinin heç 50 yaşı yoxdur. 2000-ci illərdə Azərbaycanda internet jurnalistikasının yaranmasında da gənclərin müstəsna rolu var. Artıq bu gün 30-40 yaş arası olan nə qədər KİV rəhbəri var. Hər yeni texnologiya dalğası ilə mətbuata yeni jurnalistlər gəlir. Yeniliyi çox vaxt elə gənclərin köməyi ilə reallaşdırmaq olar. Gənclər jurnalistikanı hər gün dəyişdirirlər, çünki daha yaşlı nəslin jurnalistləri 10 il öncə tətbiq etdikləri, artıq köhnəlməkdə olan “yenilik”lərdən əl çəkmək istəmirlər. Amma həyatın axarı bunu tələb edir.

 

- Əvvəlki illərin jurnalistləri ilə müqayisə edəsi olsanız, son illərdə gənclərin fəaliyyətini necə qiymətləndirirsiniz?

 

- Gündəlik həyatımda gənclərlə çox rastlaşıram deyə bəzən təəccüblənməyə bilmirəm. Tələbələrimi özümlə müqayisə edəndə, bəzi məsələlərdə məni nə qədər qabaqladıqlarını da görürəm. Halbuki bilik almaq üçün hər gün yeni-yeni işlərə əl atıram, amma mən onları öyrətdiyim kimi, onlar da məni öyrədirlər. Z nəslinin nümayəndələri artıq internet dövründə anadan olublar deyə nə istədiklərini, gələcəkdə nə ilə məşğul olacaqlarını dəqiq bilirlər. Dəqiq planla çalışaraq məqsədə doğru gedirlər. Belə gənclərlə rəqabət də aparmaq çətindir.

 

- Narazı qaldığınız gənclər olurmu? Əsasən nə sizi qane etmir?

 

- Həvəsli gənclərlə yanaşı bəzən tənbəl istedadlara da rast gəlirəm. Baxırsan, gəncin ağlı da var, savadı da, dil biliyi də, amma çalışmaq həvəsi yoxdur. Nə deyirsən, bu qulaqdan alıb digərindən buraxır. Nəticədə ondan da xeyli geri qalan digərləri iş başına keçir, vəzifə tutur, özünü təsdiqləyir, amma bu istedadlı gənc qalır işsiz-gücsüz. İstedadlı, bilikli olsa da, internet dövrünün gəncində özünə qapanma, komplekslər, nitq problemləri də boldur. Canlı danışığı çatlaşma ilə, küçədə, parkda gəzməyi sosial şəbəkədə vaxt öldürməklə əvəzlədikdə psixoloji gərginlikdən yaxa qurtarmaq olmur. Beyin yüklənir, lazımı biliyin yerini mənasız informasiya fonu tutur. Rəqəmsal demensiya, qurğulardan asılılıq yaranır. Depressiyada olan gəncdə bir tənbəllik yaranır, heç nə etmək istəmir. İstər-istəməz məcbur olub jurnalistika əvəzinə tələbəyə psixoloji dəstək kursu keçməli olursan, əgər alınsa, deməli daha bir gənci jurnalistika üçün hazırlaya bilirsən, alınmasa, bir nəfəri itiririk.

 

- Gənc jurnalistlərə nəyi tövsiyə edərdiniz? 

 

- Bir neçə tövsiyəm var. Hər dövrün bir marağı olur. Məsələn, mən vaxtilə min səhifəlik bir kitabı bu gün başlayıb sabah bitirirdim, özü də maraqlı və ya maraqsız olmasının fərqinə varmazdım. Saatda 100 səhifə sürətlə oxuyardım. Sevdiyim “Robinzon Kruzo”, “Koroğlu”, “Üç muşketyor” kitablarının hər birini bəlkə də əlli dəfə oxumuşam. Marağım vardı çünki. Ya da plyonka dövründə foto ilə maraqlanırdım deyə həyatımın bir on ilini kimyəvi maddələrin arasında keçirmişəm, bəlkə də 10 minlərlə foto çap etmişəm, amma bu gün o işlərin heç birinə səbrim çatmır. 20 yaşında hansısa kitabı oxumadınsa, sonra həvəs olmayacaq. Uşaq vaxtı velosiped sürmədinsə, böyük ehtimalla 50 yaşında həvəsin heç qalmayacaq. Bizim peşə də belədir, hər işi vaxtında görəsən gərək. Reportyorluğu gənc yaşında öyrəndinsə, sonra redaktor olanda tədbirə göndərdiyin müxbirə təlimatı düzgün verə biləcəksən. Xarici dili məktəbdə öyrənmədinsə, universitetdə heç öyrənməzsən.

 

Bir də indiki dövrdə biliyin köhnəlməsini normal qəbul etməliyik, yəni ali təhsil alıb başımızın altına yastıq qoymamalıyıq. Bu gün böyük tələbat duyulan peşə sabah yararsız bir işə çevrilə bilər. Yaradıcı potensialı nə qədər artırsaq, bir o qədər də gələcəyimizi təmin etmiş olarıq. Rəqəmsallaşma yüzlərlə peşəni sıradan çıxardaraq yeni işlərə tələbat yaradacaq, bu gün sabah baş verəcək hər bir dəyişikliyə hazır olmalıyıq.

Müəllif: Aləmdə Nəsib      11 Aprel 2021 10:29
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin