Əsas səhifə Haqqımızda Xəbər lenti

“Rusiyanın Ukrayna ilə genişmiqyaslı müharibə aparmağa gücü yoxdur” – JDANOV

“Rusiyanın Ukrayna ilə genişmiqyaslı müharibə aparmağa gücü yoxdur” –     JDANOV

Ukraynalı hərbi ekspert: “... Əks halda Moskvanın xərclədiyi külli miqdarda vəsait boşa gedəcək”

 

Donbassda vəziyyət gərgin olaraq qalır. Rusiya qoşunlarını Ukrayna ilə sərhədə çəkdi və bunu açıq şəkildə etiraf etdi. Baş verənlər Kremlin mətbuat katibi Dmitri Peskovun ağzından “heç kimi təhdid etmirik” kimi izah edildi. ABŞ-ın Ukrayna üzrə keçmiş Xüsusi Nümayəndəsi (2017-2019) Kurt Volker bölgədəki mövcud gərginlik spiralına münasibətini “Amerikanın Səsi”-nə bildirdi.

 

Onun fikrincə, Ukrayna ilə sərhəd bölgəsindəki silahların şaqqıltısı sayəsində Rusiya Prezidenti Vladimir Putin rusların diqqətini daxili problemlərdən və müxalifət lideri Aleksey Navalnı ilə bağlı xəbərlərdən beynəlxalq məsələlərə yayındırmağa çalışır. Bundan əlavə, ABŞ Dövlət Departamentinin Kremllə danışıqlarda böyük təcrübəyə sahib olan keçmiş diplomatı Rusiyanın bu cür hərəkətlərinin “ABŞ ritorikasına qəsdən həddindən artıq reaksiya” olduğuna inanır.

 

“Prezident Bayden Putini qatil hesab edib-etmədiyi soruşulduqda “bəli” dedi. Buna görə də düşünürəm ki, indi (ruslar - red.) Bayden Administrasiyasına qarşı duruş gətirmək üçün vəziyyəti gərginləşdirməyə çalışırlar”, - deyə Volker bildirdi.

 

Baş verənlərlə bağlı başqa fikirlər də var. Ukraynalı hərbi ekspert Oleq Jdanov vəziyyətlə bağlı AYNA-ya şərhində, bir neçə gün əvvəl Almaniya, Fransa və Rusiya liderlərinin videokonfrans formatında müzakirələr apardığını  xatırladıb: “Normandiya Dördlüyünün üzvləri Donbassdakı vəziyyəti, Ukrayna Prezidenti Vladimir Zelenski olmadan müzakirə etdilər. Bəli, Ukrayna Prezident Aparatı Ukrayna məsələsində Kiyevin iştirakı olmadan heç bir qərar verilməyəcəyini açıqladı. Amma əslində, təəssüf ki, söhbət Almaniyanın, Fransanın və Rusiyanın Ukraynanı Kremlin siyasi orbitinə geri qaytarmaq üçün koordinasiyalı addımlarından gedir. Təəssüf ki, burada biz oyunçu deyilik”.

Олег Жданов: «Опыт побед Азербайджана будет взят на вооружение Украиной» -  ZERKALO.AZ - Новости Азербайджана и мира.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə təhlükəsi ilə əlaqəli bütün bu panika Ukraynanın hərbi-siyasi rəhbərliyi tərəfindən də yayılır. Mütəxəssis onların bu şəkildə lazımi qanun layihələrinin qəbul edilməsinə çalışdıqlarını iddia edir. Məsələn, yalnız Ukrayna Prezidentinin qərarı ilə səfərbərlik elan etmədən ehtiyatda olanların çağırışı məsələsi. Üstəlik, hərbi ekspertin fikrincə, bu yolla Ukrayna rəhbərliyi diqqəti “Normandiya formatı”ndakı uğursuzluqdan yönəltməyə çalışır.

 

“Onu da xatırladım ki, “Bellingcat” agentliyi Donbassdakı döyüşlərdə iştirak edən və Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşən Rusiyanın “Vaqner” silahlı dəstələrinin Belarusdakı döyüşçülərini tutmaq üçün genişmiqyaslı xüsusi əməliyyatın dayandırılmasını araşdırdı. Nəticədə, əvvəllər 15 martda elan edilmiş “Vaqner”in rus muzdlularının tutulması üçün Ukraynanın xüsusi əməliyyatının dayandırılmasına dair “Bellingcat” istintaq filmi 5 apreldə yayımlandı. Ukrayna rəhbərliyi həqiqətən bunu istəmir. Rusiya ilə genişmiqyaslı müharibənin ola biləcəyi barədə panikaları şişirdən Ukrayna rəhbərliyi, ölkə ictimaiyyətinin diqqətini böyük nəticələrə səbəb olan çox ciddi bir qalmaqaldan başqa yerə yönəltməyə cəhd edir”, - deyə Jdanov vurğulayıb.

 

Analitikin qənaətincə, indi Rusiya tərəfi 19-29 mart tarixlərində Qara dənizdə keçirilən NATO-nun genişmiqyaslı təlimlərinə cavab verir: “Səkkiz ölkədən: Bolqarıstan, Yunanıstan, İspaniya, Hollandiya, Polşa, Rumıniya, ABŞ və Türkiyədən 2,4 mindən çox hərbçi, 18 döyüş gəmisi və 10 təyyarə “Sea Shield 21” manevrində iştirak etdi. Bu təlimlər zamanı işlənən əsas məsələ silahlı qarşıdurmanın Krım ərazisindən yayılmasının qarşısını almaq üçün Krımın dənizdən, havadan və qurudan bağlanması idi. NATO tərəfinin bu hərəkətlərinə cavab olaraq Rusiya tərəfi qoşunların ölkənin daxili hissələrindən sürətli bir şəkildə sərhədə köçürməyə başladı. Bütün bu hərbi eşelonlar Kubana gedir. Bundan sonra Tavrida şossesi boyunca Krıma girəcəklər. Üstəlik Taqanroqdan Novorossiyskə qədər olan rus qoşunları yüksək döyüş hazırlığına gətirilib”.

 

Müsahibimiz NATO-nun siyasi bəyanatlarına baxmayaraq, İttifaqın heç bir hərbi hissəsinin döyüşə tam hazır vəziyyətə gətirilməməsinə də diqqət çəkib: “Eyni zamanda, bütün bu vəziyyət rus təbliğatçıları üçün də faydalı oldu. Onlar sevdikləri “atı minərək, Ukraynaya hücum etmək fikrində olmadıqlarını, sadəcə Ukrayna ilə sərhədlər boyunca rusdilli əhalini “banderaçılardan qorumağa” hazır olduqlarını bildirdilər. Əslində isə sərhəddə yığılan bütün qoşunları Ukraynaya qarşı döyüşə atmaq ağılsızlıq olardı. Çünki bunlar hamısı bir döyüşün qruplaşmalarıdır. Nəzəri cəhətdən birinci eşelon Ukrayna müdafiəsini yarmaq üçün, ikincisi işğal edilmiş ərazidə təmizləmə aparmaq üçün lazımdır. Ancaq bir hücum inkişaf etdirmək və əldə ediləni saxlamaq üçün ehtiyat qüvvələr yoxdur. Düşünürəm ki, Rusiya Baş Qərargahında bütün bunların nəticələrini başa düşən kifayət qədər insan var. Onlar, böyük ehtimalla, ölkələrinin siyasi rəhbərliyinə həqiqi vəziyyəti izah edəcəklər”.

 

Jdanov Rusiyanın bütün dünyanı Donbassdakı qarşıdurmanın Ukraynanın daxili problemi olduğuna, rusların orda olmadığına  inandırmaq üçün milyardlarla dollar xərclədiyini vurğulayıb: “Və Rusiya ordusunun Ukrayna ərazisini tammiqyaslı işğalından sonra bütün bu nəhəng pullar boşa gedəcək. Burada “nəzakətli yaşıl adamlar” haqqında nağılların arxasında gizlənmək mümkün olmayacaq. Qərb sərt reaksiya göstərməli, Rusiya Federasiyası ilə bütün iqtisadi əlaqələrini kəsərək, ona qarşı sanksiyalar tətbiq etməli olacaq, bu dəfə həqiqətən sərt və Rusiya iqtisadiyyatını məhv etmək gücündə olan sanksiyalar olacaq. Əminəm ki, Kremldə Rusiya Federasiyasının Ukraynaya qarşı uzunmüddətli, genişmiqyaslı müharibə aparmaq üçün güc və vasitələrin olmadığını başa düşənlər çox olacaq”.

Müəllif: Əkbər Həsənov      6 Aprel 2021 13:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin