Əsas səhifə Haqqımızda Xəbər lenti

Nikolun Moskva səfəri: Paşinyan Putindən imdad diləyəcək

Nikolun Moskva səfəri: Paşinyan Putindən imdad diləyəcək

Tofiq Abbasov: “Müəllim şagirdə tapşırıq verdiyi formada, Kreml rəhbərinin Paşinyana tapşırığı olacaq”

 

Qabil Hüseynli: “Bu gün bölgə dövlətləri üçün də, elə Putinin özü üçün də ən məqbul variant Paşinyanın hakimiyyətdə qalmasıdır”

 

Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 7-də Rusiyaya səfər edəcəyi dəqiqləşib. Baş nazirin mətbuat katibi Mane Gevorkyan “RİA Novosti”-yə açıqlamasında deyib ki, Paşinyanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulur: “Aprelin 7-də Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan görüşlə əlaqədar Nikol Paşinyan bu gündən özünütəcrid şəraitində işləyir”.

 

Erməni mediası hələ 10 gün əvvəl yazırdı ki, Paşinyan aprel ayının əvvəllərində Rusiyaya səfər edəcək, Putinlə görüşəcək. Belə iddialar var ki, Baş nazir iyunun 20-nə təyin olunan növbədənkənar parlament seçkiləri ilə bağlı Rusiya lideri ilə müzakirələr aparacaq. Analitiklər düşünürlər ki, Paşinyan Kremldən hakimiyyətdə qalması üçün dəstək istəyəcək.

 

Çünki təsadüfi deyil ki, Baş nazir növbədənkənar seçkilərin tarixini açıqlayandan bir gün sonra Putinlə telefon əlaqəsi yaradıb. Əsas müzakirə mövzusu isə Ermənistandakı daxili siyasi böhrandan çıxış yolları olub. Bu baxımdan, gözlənilən odur ki, Paşinyanın Moskva səfərində Ermənistandakı siyasi hakimiyyət məsələsi ətraflı müzakirə olunacaq.

 

Rusiya tərəfindən isə belə açıqlama verilib ki, Paşinyanla Putinin görüşündə Qarabağla bağlı da müzakirə olacaq. Belə ki, Kremlin mətbuat katibi Dmitri Peskov Paşinyanın Moskvaya gözlənilən səfərini şərh edərkən deyib ki, tərəflər Qarabağla bağlı razılaşmaları, bölgədəki nəqliyyat infrastrukturunun blokdan çıxarılmasını, hazırda Ermənistanda başlayan seçki prosesi və Rusiya-Ermənistan əməkdaşlığının digər aktual məsələlərini müzakirə edəcəklər.

 

“Bəli, təsdiq edə bilərəm ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya işgüzar səfəri aprelin 7-nə planlaşdırılıb. Baş nazir Prezident Putinlə danışıqlar aparacaq. Bilirsiniz ki, Rusiya ilə Ermənistan arasında ən yüksək səviyyədə çox fəal dialoq gedir. Əlbəttə, ilk növbədə Qarabağdakı hərbi əməliyyatlara son qoyan üçtərəfli razılaşmaların və üçtərəfli sənədin icrasının gedişatı müzakirə ediləcək”, - deyə Peskov qeyd edib.

 

Politoloq Tofiq Abbasov AYNA-ya şərhində xatırladıb ki, Paşinyan aprel ayında seçkilərlə əlaqədar istefaya gedəcəyini açıqlayıb: “Yəni, Ermənistan qanunlarına görə, seçki kampaniyası başlamamış Baş nazir istefaya getməlidir. Təbii ki, bu proseslər ərəfəsində Paşinyanın Rusiyaya səfəri təsadüfi deyil. Baş nazirin səfəri zamanı Ermənistanda daxili siyasi durumla yanaşı, Qarabağla bağlı imzalanan Üçtərəfli Bəyanata da toxunulacaq, razılaşdırılmış məsələlərin həllinin sürətləndirilməsi tələb ediləcək. Düzdür, Ermənistanda sabitlik yaranmır, hakimiyyət uğrunda amansız mübarizə gedir. Müxalifət bütün gücünü səfərbər edib ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırsın. Üçtərəfli Bəyanatla bağlı müxalifətdən müəyyən açıqlamalar verilir, “ləğv edilsin” deyilir və s. Paşinyan bu məsələləri yəqin ki, Putinlə görüşdə müzakirə edəcək”.

Tofiq Abbasov: “Yeni prezident cəmiyyətdə parçalanmalara son qoymalıdır”

“Paşinyanın səfəri, məncə, qısa olacaq. Müəllim şagirdə tapşırıq verdiyi formada, Kreml rəhbərinin Paşinyana tapşırığı olacaq. Əlbəttə, Rusiya çalışır ki, Ermənistandakı mövqelərini bərkitsin. Moskva post-seçki dövründə Ermənistanda siyasi mövqelərini möhkəmləndirməkdə maraqlıdır. Paşinyan Rusiyaya nə dərəcədə zəmənət verəcək, bunun arxasında dayana biləcəkmi, bunu indi demək çətindir”, - deyə politoloq əlavə edib.

 

T.Abbasovun fikrincə, əsas məsələ odur ki, bölgənin əsas gücü və söz sahibi Azərbaycandır: “Azərbaycanın hərbi qələbəsi regionda siyasi şəraiti köklü şəkildə dəyişib. Bu gün Qafqazda yeni reallıqlar var. Təəssüf ki, yeni reallıqlar Ermənistan daxilindəki vəziyyəti dəyişə bilmir. Amma bu, bizim problemimiz deyil. Ermənistan siyasi elitası daxili siyasi böhranı aradan qaldırmaq üçün çalışmalıdır”.

 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə AYNA-ya bildirib ki, Paşinyan tez-tez fikrini dəyişən siyasətçidir: “Gah dedi ki, istefa verəcək, siyasətdən gedəcək, indi isə seçkilərə hazırlaşır, hakimiyyətini qorumaq istəyir. Eyni zamanda, Rusiya əleyhinə fikirlər səsləndirir, tənqid edir, qərbyönümlü olduğunu nümayiş etdirir. Bir də baxırsan ki, Moskvaya yalvarır, Putindən imdad diləyir. Əlbəttə, Ermənistanda hakimiyyətin taleyi Kremldən asılıdır. Bunu Paşinyan dərk edir və Moskvaya səfər də bununla bağlıdır”.

Image result for qabil Hüseynli

“Təbii ki, Putinlə görüşdə Qarabağ məsələsi, Üçtərəfli Bəyanatın icrası vəziyyəti müzakirə olunacaq. Kreml bilir ki, Qarabağda məğlub olsa da, Ermənistanda hələ də Paşinyanın tərəfdarları çoxdur. Putin altında imzası olan Üçtərəfli Bəyanatın icrasında maraqlıdır. Yəqin ki, Paşinyan Putindən hakimiyyətdə qalmasının təminatını istəyəcək, Putin də Qarabağla bağlı məlum sənədin icrasının sürətlənməsini tələb edəcək. Əslində, Paşinyan hakimiyyətdə qalması üçün Kreml rəhbərindən kömək istəmir, maneə yaradılmamasını istəyir”, - deyə Q.Hüseynli vurğulayıb.

 

Politoloq hesab edir ki, Paşinyan Putindən Rusiyanın seçkilərə müdaxilə edilməməsi ilə bağlı təminat ala biləcək: “Çünki bu gün bölgə dövlətləri üçün də, elə Putinin özü üçün də ən məqbul variant Paşinyanın hakimiyyətdə qalmasıdır. Ermənistanda hakimiyyətə gəlmək istəyən digər qüvvələr cəmiyyətdə nüfuzu olmayanlardır. Eyni zamanda, quldur, müharibəyə meylli şəxslərdir. Qarabağda müharibənin yenidən alovlanması isə heç kəsə, ilk növbədə də Rusiyaya lazım deyil”.

 

“Hakimiyyətə gəlmək istəyən sabiq Prezident Robert Köçəryanı Rusiya dəstəkləyir, Putinlə dostluq əlaqələri var və s. Amma erməni xalqı bu qulduru heç vaxt hakimiyyət başına buraxmaz ki, bunu da Kreml yaxşı bilir. Moskva Köçəryanı dəstəkləyərsə, o zaman vəziyyət daha da gərginləşəcək. Rusiya planlarının həyata keçməsini istəyir. Təbii, Rusiyanın da bir yox, bir neçə planı var ki, onlardan məncə, ən məqbulu Paşinyanı özünə tabe etdirərək hakimiyyətdə saxlamaqdır”, - deyə analitik əlavə edib.

 

Həmsöhbətimiz düşünür ki, Kreml Ermənistanla bağlı siyasətində hansısa dəyişikliklər edə bilər: “Amma əsaslı dəyişikliklər gözlənilmir. Paşinyan növbədənkənar seçkilər elan etdikdən dərhal sonra Putinlə telefon əlaqəsi saxladı. Güman ki, telefon danışığı zamanı Kreml rəhbərindən qismən təminat aldı. Çünki faktiki olaraq Nikol qeyri-rəsmi təbliğata başladı, regionlara səfər edir, əhali ilə görüşür. Moskvaya səfər edərək Putindən aldığı təminatı rəsmiləşdirəcək”.

 

“Moskvada keçiriləcək danışıqlar zamanı Ermənistanın Baş naziri növbədənkənar parlament seçkiləri ərəfəsində Rusiya liderindən dəstək istəyəcək”. Bu fikirləri isə rusiyalı politoloq, “Avrasiya İnkişafı” Mərkəzinin icraçı direktoru Stanislav Pritçin səsləndirib.

 

Ekspert Rusiya-Ermənistan münasibətlərinin kompleks şəkildə müzakirə ediləcəyini düşünür: “Siyasi baxımdan Paşinyan üçün Ermənistanda keçiriləcək seçkilərdə Putinin dəstəyini almaq seçkiləri xaricdən legitimləşdirmək vacibdir. Məsələ burasındadır ki, Paşinyanın ölkə daxilindəki reytinqi düşüb. Erməni cəmiyyətin bir hissəsi Qarabağla bağlı Baş nazirin siyasətini mənfi qiymətləndirir. Əlbəttə, Paşinyanı dəstəkləyən elektorat var, amma bu dəstək hakimiyyətə gəldiyi 2018-ci il seçkiləri ilə müqayisədə daha azdır. Bu baxımdan, seçkilərə inamla getməsi üçün ona dəstək əhəmiyyətlidir”.

 

“Hazırda vəziyyət Paşinyan və komandası üçün az-çox yaxşıdır. Güman edirəm ki, seçkilərdə gözlənilməz hal yaşanmasa, Nikol və komandası hakimiyyətdə qalacaq”, - deyə Pritçin əlavə edib.

Müəllif: Anar Bayramoğlu      6 Aprel 2021 10:20
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin