Əsas səhifə Haqqımızda Xəbər lenti

Günəşin kökləri: Təriqətdən siyasətə, təşkilatdan dövlətə

Günəşin kökləri: Təriqətdən siyasətə, təşkilatdan dövlətə

Onların niyə şiəliyi qəbul etməsi məsələsi bu gün də mübahisəlidir

 

Birinci yazıda Səfəvilərin soy kökü haqqında mənbələrin məlumatları əsasında izahlar vermişdik. Soy ağacın Firuz şahdan başlayıb Ərdəbil Hakimliyinin qurucusu Səfiəddin İshaqa kimi gəldiyi sıra ilə təqdim edildi. Bu yazıda isə Səfiəddin İshaqdan Şeyx Heydərə kimi olan dövr, Səfəvi ordeninin mövcud sülalə dövlətlərinin tərkibində ictimai-siyasi vəziyyətə təsiri və təriqətin dəyişilməsi səbəblərindən bəhs olunur.

 

Səfiəddin Ərdəbili

 

1252-ci ildə Ərdəbil yaxınlığında dünyaya gəlib. Gənc yaşlarında ailə böyüklərindən dini təhsil alıb. Ana dili türkcədə dini şeirlər, mərsiyələr yazması haqqında məlumatlar var. 20 yaşında Şiraza gedib və orada məşhur din alimlərindən dərs alıb. Ərəb, fars dilləri ilə yanaşı həmin ərəfədə bölgədə dövlət yaradan monqolların dilini də öyrənib. Daha sonra isə sünni alimi Hacı Zahid Gilaninin müridi olaraq fəaliyyətini davam etdirib.

 

20 ildən çox mürid olan Səfiəddin həm də Zahid Gilaninin qızı ilə ailə həyatı qurmuşdu. Şeyx vəfat etdikdən sonra Səfiəddin Ərdəbili ailəsi ilə birlikdə Ərdəbil şəhərinə döndü. Burada onu hörmətlə qarşıladılar və böyük alim kimi biət etdilər. Ərdəbildə Səfəviyyə camaatlığının, sonra isə hakimliyinin əsasını qoydu. Ərazidə yaşayan və onun ətrafında toplanan insanlar hər gün çoxaldığından, əvvəlcə Hülakü hakim dairələrindən bəzi sıxışdırılmalar da olurdu.

 

Lakin onun şöhrəti artdı, tez bir zamanda Şərqin ən tanınmış ürfan alimlərindən birinə çevrildi. Hətta Anadolu,  İraq, Suriya və Hindistandan da onun izinə düşən, ziyarətinə gəlib, xeyir-duasını alan müridləri olduğu haqda mənbələrdə bir çox məlumatlar var.

 

35 il Ərdəbildə mürşidi-kamil sufi şeyx olan Səfiəddin İshaqın ziyarətinə Hülakü xanının vəziri Xacə Rəşidəddin də gələrək, Səfiəddin Ərdəbilinin müridi olmaq arzusunu dilə gətirmişdi. Eyni zamanda Ərdəbil hakimliyinin ətraf ərazilərinin idarəsini, abadlıq işlərini də ona həvalə etmişdi.

Şah İsmayıl Xətayinin ulu babası Şeyx Səfiəddin Ərdəbili hansı məzhəbə  mənsub olub?

Bundan sonra Şeyx Səfiəddin Ərdəbildə “Darül-İrşad” (Hidayət evi) yaratmışdı. Şeyx Cüneydin dövrünə kimi fəaliyyət göstərən bu təşkilat ancaq dini-ideoloji təbliğat və hakimliyin idarə edilməsi ilə məşğul idi. Burada siyasətə qarışılmırdı. Şeyx Səfiəddin İshaq Ərdəbili 1334-cü ildə vəfat etdi. Sufi-mistik üslubda yaradıcılığı hələ də araşdırılır.

 

Şeyx Sədrəddin Ərdəbili

 

Şeyx Səfiəddinin oğlu, müridi, həm də xələfi idi. Atası dünyasını dəyişdikdən sonra onu Ərdəbildə dəfn edib, məzarı üzərində türbə tikdirdi. Sonralar isə hakimliyin büdcəsindən pul ayıraraq, türbənin ətrafında məscidlər, mədrəsələr və ziyarətə gələnlər üçün karvansaraylar inşa etdirdi.

 

Onun dövründə  Ərdəbil ruhani şəhərindən və hakimliyin mərkəzindən əlavə həm də elm, mədəniyyət mərkəzinə çevrildi. O, buradan çıxan gənc alimləri Anadolu, Suriya kimi əyalətlərə göndərdi. Atasının xatirəsinə İbn Bəzzaza “Səhvət-əs Səfa” əsərini yazdırdı. Haqqında az məlumat olan Şeyx Sədrəddinə bəzi mənbələrdə Sədrəddin Musa olaraq da müraciət edilib.

 

Xacə Əli Əlaəddin Ərdəbili

 

Əsl adı Sultanəli olan Şeyx Xacə Əli Əlaəddin Siyahpuş adı ilə tanınan Ərdəbil hakimi. O, Şeyx Sədrəddinin oğlu və xələfi olaraq atasının vəfatından sonra, 1392-ci ildə Ərdəbil hakimliyinin başına keçdi. 38 il buranı idarə etdi. Haqqında bir çox məlumatlar olsa da, hansı ildə doğulduğu haqqında dəqiq mənbə yoxdur. Yalnız Şeyx Üleymi onun 60 yaşında dünyasını dəyişdiyini yazıb. 1429-cu ildə vəfat etdiyini əsas götürsək, təxminən 1369-cu ildə doğulduğunu deyə bilərik.

 

Onun dövründə Səfəvi təriqəti daha da genişləndi, şöhrəti Roma Papalığına qədər gedib çatdı. Bu böyük sufi aliminin dərgahına nəinki digər ölkələrdə olan müridləri, hətta Osmanlı sultanı I Murad xan və İldırım Bəyazidin də qiymətli hədiyyələr, 100 axca qızıl pul göndərməsi haqqında Osmanlı dövrünü araşdıran tarixçilər yazmaqdadırlar. Hətta onlar Anadoluda ocaq quran müridlərə də mülk ayırmış, bir sıra köməklik göstərmişdilər.

 

Anadoluda doğulub böyüyən “Bayramiyyə” təriqətini quran sufi alimi  Pir Hacı Bayram Vəlinin mürşidi Somuncu Baba da Xacə Əli Əlaəddin Ərdəbilinin tələbələrindən idi. Şöhrəti artan Xacə Əli Əmir Teymurun da diqqətini çəkmişdi. “Silsilətün-Nəsəbiş-Səfəviyyə və Rəvzatüş şəfayi Nasiri” kimi farsca qaynaqlarda Əmir Teymurun 1402-ci ildə Ankara döyüşündə Sultan İldırım Bəyazidi məğlub edib geri dönərkən Ərdəbil ocağına baş çəkdiyi haqqında məlumat verilir.

No description available.

Əmir Teymur Xacə Əli ilə dərgahda görüşmüş, ona qiymətli hədiyyələr verərək, dua etməsini istəmişdi. Eyni zamanda Teymur ondan hansısa istəyinin olub-olmadığını soruşduğunda, Xacə Əli Teymurdan Anadoludan gətirdiyi əsirlərin sərbəst buraxılmasını istədi. Əmir Teymur isə əsirləri sərbəst buraxmadı, Ərdəbil ocağına bağışladı.

 

Qeyd: Bu əsirlərin sayı adıçəkilən mənbədə 30 min, bəzi mənbələrdə isə 100 min nəfər göstərilir.

 

Osmanlı mənbələrini araşdıran Əhməd Şimşirgil yazır ki, həmin əsirlərin bir hissəsi Ərdəbil hakimliyində qalıb, şükaran borcu olaraq Səfəvi sufi təriqətini qəbul edib, digərləri isə mürid kimi yetişdirilərək Anadoluya göndəriliblər. Onlar burada Həmid və Qaraman mürid ocaqlarını qurublar. Beləcə Ərdəbil hakimliyinin əhatəsi qısa müddətdə böyüyüb.

 

Xacə Əli Əlaəddin 1426-cı ildə həcc ziyarəti üçün Ərdəbildən ayrılıb əvvəlcə Suriyaya gedib, buradakı müridlərinə qonaq olub, sonra isə Məkkəyə yola düşüb. Həcc ziyarətindən qayıdarkən Qüds yaxınlığında vəfat edib. Əl-Əqsa məscidi yaxınlığındakı Babürrahamə məzarlığında dəfn edilib. Məzarı üzərində türbə tikilib və hələ də qalmaqdadır.

 

Xacə Əlinin şair olduğu da bilinməkdədir. “Silsilətün nəsəbi-Səfəviyyə”-də yer alan şeirləri sufi-mistik xarakterlidir. Onun həyat yoldaşı Cəlairi sultanı Hüseynin nəvəsi Qədəm xanım idi. İbrahim, Əbdürrəhman və Cəfər adlı üç oğlu olub.

 

Şeyx İbrahim Ərdəbili

 

Daha irəlidəki dövrdə yaşasa da, haqqında çox az məlumat olan Ərdəbil hakimidir. Atası Xacə Əli Məkkəyə gedərkən, hakimliyin idarəsini ona həvalə etdi. Lakin o da atasının ardınca həcc ziyarətinə yollanıb. Müəllif Xandəmirin yazdığına görə, Qüdsdə Xacə Əli vəfat edərkən əhatəsindəki müridlərinə vəsiyyət edir ki, ondan sonra Şeyx İbrahimi mürşid olaraq qəbul etsinlər və ona da eyni şəkildə biət etsinlər. Belə də olur.

 

Araşdırmaçıların gəldiyi qənaətə görə, Şeyx İbrahimin dönəmi Səfəvi ordenində dönüş nöqtəsidir. Burada idarəçilikdə siyasətə meyillilik yaranmış, eyni zamanda təriqətdə də şiəçiliyi qəbul edənlər olmuşdu. Əmir Teymurun oğlu Şahruxun sarayından  olan idarə sənədləri içərisində 1440-cı ilə aid sənəd var. Burada bir qrup  şeyxin Kərbəla və Nəcəfə getdiyi, orada olan müqəddəslərin məzarlıqlarını təmizlədiyi və diz çökələrk baş qoyduğuna dair casus xəbəri yer alır.

 

Lakin araşdırmaçılar hələ də o şeyxlərin hansı cərəyanın təsirindən şiəliyi qəbul etdiklərini üzə çıxara bilməyiblər. İsgəndər Bəy Münşinin yazdığına görə, xalq Xacə Əlinin ölümünə o qədər kədərlənmişdi ki, Şeyx İbrahimin dərgahına axın edir, onun müridi olmağı qəbul edirdilər. Bir sıra türkmən obaları dəstə-dəstə Ərdəbilə axın etdi. Az da olsa siyasətə üz tutan hakimlik bu zaman Anadoludakı mürid ocaqları ilə sıx bağlatnı qurdu. Hacı Bayram Vəli və Yusif Haqqı da tez-tez Ərdəbilə dəvət edilirdi. Bəzi məsləhətlər alıb geri dönürdülər.

 

Şeyx İbrahimin digər böyüklərindən bir fərqi də vardı ki, o, sadəcə təriqət, ideologiya mürşidi olmağı seçmişdi. Hakimliyin idarə və vergi dəftəri işini Əmir Bəyazid Bistam Cagirli idarə edirdi. Səfəviyyə təriqəti tarixində  Şeyx İbrahim ilk dəfə xristianlara qarşı cihad ruhunu təriqət mühitinə gətirmiş və müridlərini həm də döyüşçü kimi yetişdirməyə çalışmışdı.

 

Onun dövrünün ictimai-siyasi prossesləri də qarışıq idi. Qaraqoyunluların və Ağqoyunluların mübarizəsinin getdiyi, Şirvanşahların təhlükə olduğu dönəmdə istər-istəməz ruhani kəsim də müdafiə mövqeyinə çəkilirdi. Cahanşahla birlikdə Gürcüstan tərəfə səfərə çıxan Şeyx İbrahim gələcəkdə Şimali Qafqaz və Gürcüstanda yaşayan xristianlar üzərinə cihad yürüşü etmək üçün oğlu Cüneydi təlimatlandırmışdı. Buna görə, hətta Nəqşibəndi və Xəlvətilik təriqətlərində olan müridlərini də xəbərdar etmişdi. 1447-ci ildə Şeyx İbrahim vəfat etdi.

 

Şeyx Cüneyd və şiə məzhəbi

 

Atası vəfat etdikdən sonra hakimlikdə əmisi Cəfər ilə Şeyx Cüneyd arasında vəzifə üstündə münaqişə yarandı. Şeyx Cəfər qardaşı İbrahimin yerinə keçərək, hakimliyin müridlərini siyasətdən çəkinməyə və Qaraqoyunlu hökmdarı Cahan Şah Baharlıya bağlı olmağa dəvət edirdi. Əgər dövlətin ehtiyacı olardısa, əsgər verəcəklərini, əks halda hər hansı yürüşlərə özbaşına qərar verməyəcəklərini bildirməkdə idi.

 

Lakin Cüneyd döyüşçü və siyasi ruhda böyüdüyündən Ərdəbil hakimliyini böyüdüb, Qaraqoyunlunun tərkibindən çıxararaq dövlət qurmaq istəyirdi. Onun bu separatçı çıxışlarından narahat olan Cahan Şah Cüneydin əmisi, həm də öz kürəkəni olan Ərdəbil hakimi Şeyx Cəfərə məktub yazdı. Ondan Cüneydi sakitləşdirməyi xahiş etdi. Lakin Cüneyd razılaşmadı və əmisi Cəfərlə Cahan Şahın basqıları üzündən hakimliyi tərk etdi, Anadoluya yol aldı.

 

Anadoluda mürid ocağında yer alan Cüneyd Sultan II Muradın yanına elçi göndərərək, ondan mülk istədi. Sultan Murad isə Cüneydin əhatəsinin böyüdüyündən və ruhaniyyətdən çox siyasətə meyilli olduğundan xəbərdar idi. Şiə məzhəbinin siyasi ideologiya ilə birləşməsini dövlətə təhlükə sayan Sultan “Bir taxtda iki xan olmaz”, -deyərək, onun mülk tələbini rədd etdi. Eyni zamanda 200 qızıl və bir neçə axca gümüş pul göndərərək Osmanlını tərk etməsini tələb etdi.

 

Cüneyd isə Qaramana, oradan da Konyaya getdi. Lakin burada ocaqlara xəbər yayılmışdı ki, Cüneyd artıq sufi deyil, şiə təriqətini qəbul edib. Ona görə onu Konya ocağından uzaqlaşdırdılar. Diyarbəkirə gələn Şeyx Cüneyd burada fərqli təriqət və məzhəblərdən olan insanları öz tərəfinə çəkə bildi. Orada Uzun Həsənin qəbulunda olub, müridləri ilə birlikdə onun bir çox döyüşlərində iştirak etdilər.

 

Cihad ruhunda tərbiyyə olunmuş müridlər Uzun Həsən Bayandırın bəzi döyüşlərdə qələbə qazanmasında böyük rol oynadılar. Cüneydin şöhrəti artdı. Artıq bir çox əşirətlər onu özlərinə mürşid seçdi, ona əsgər oldular. Bu fürsəti əldən verməyən Həsən Bayandır bacısı Xədicə bəyimi Şeyx Cüneydlə evləndirdi və bir müddət nüfuzundan yararlandı - baxmayaraq ki, Ağqoyunlular adlanan Bayandırlı camaatı sünni idi.

 

Cüneyd 1459-cu ildə oradan Savalan dağı yaxınlığına geri döndü. Ərdəbil hakimi Şeyx Cəfərə xəbər çatan kimi Şeyx Cüneydə qarşı hərəkətə keçdi. Cüneyd isə 1200 müridi ilə birlikdə Şirvan üzərinə hücuma keçdi. Samur çayı sahilində baş verən döyüşdə Şeyx Cüeyd öldürüldü. Onu Qusarın indiki Həzrə kəndində dəfn etdilər, daha sonra isə məzarı çıxarılaraq Ərdəbilə Şeyx Səfi məqbərəsinə aparıldı.

Həzrə türbələr kompleksi — Vikipediya

Cüneydin ölmündən sonra müridləri oğlu Şeyx Heydəri özlərinə mürşidi-kamil seçdilər. Cüneydin dövlət qurma xəyalını isə bir də 1501-ci ildə nəvəsi İsmayıl Mirzə gerçəkləşdirdi.

 

Qeyd: Səfəvilərin niyə şiəliyi qəbul etməsi məsələsi bu gün də mübahisəlidir. Orta əsr müəlliflərinin yazdıqlarından müasir araşdırmaçılar belə nəticəyə gəliblər ki, həmin dövrdə bölgədə olan bəzi böyük dövlətlər, xüsusən də Osmanlı və Məmlük sultanlığı sünni idi. Onlara alternativ qüvvə yığmaq, müharibələrdən yorulmuş əhalini öz tərəflərinə çəkmək üçün daha fərqli olan bu yoldan istifadə etmək mütləq idi. Alternativlər hər zaman maraq doğurur. Onlar bir növ İsmaillilərin davamçıları idilər.

Müəllif: Şəhla Cabbarlı      4 Aprel 2021 22:25
Tarix bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin