Əsas səhifə Haqqımızda Xəbər lenti

Hadisə bir anda baş verib, cəmiyyət izahat tələb edir və məmur istirahətdə...

Hadisə bir anda baş verib, cəmiyyət izahat tələb edir           və məmur istirahətdə...

Rəsmi şəxslərin də istirahət hüququ var, lakin informasiya nə yatır, nə istirahət edir, nə də məzuniyyətə çıxır

 

Təbii ki, hadisə haradadırsa, jurnalistin diqqəti də orada olmalıdır və bu, belə də olur. Lakin olayın detalları haqqında jurnalistin xəbər aparıb-gətirən göyrəçinləri yoxdur. O, olduğu yerdən kilometrlərlə uzaqda baş vermiş hadisə haqqında ilkin və etibarlı məlumatı aidiyyəti qurumlardan soruşaraq öyrənir. Qeyri-iş, bayram günlərində isə jurnalistlərin bu işi müşkülə çevrilir. Bir çox hallarda dövlət qurumlarının mətbuat xidmətləri ilə əlaqə qurmaq imkansız olur. Jurnalist “Bu gün qeyri-iş günüdür və ya bayramdır” deyərək sorğuya cavab verməkdən boyun qaçıran mətbuat katibləri ilə üz-üzə qalır.

 

Bəs, görəsən, istirahət gününü dəyərləndirən mətbuat katibi haqlıdır, yoxsa operativlik, dəqiqlik, tərəfsizlik kimi jurnalistikanın ana prinsiplərinə əməl etməyə çalışan, işini görən jurnalist? Əslində necə olmalıdır? Dövlət qurumları qeyri-iş, bayram günlərində mətbuatla əlaqəsini necə tənzimləməlidir?

“Ya o, peşəsini səhv salıb, ya da ölü bir cəmiyyətin içərisindədir” –       ARİF ƏLİYEV

Mövzunu AYNA-ya şərh edən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyev deyib ki, mövzu aktualdırsa, ictimai əhəmiyyətə malikdirsə, jurnalistə “sabah, ya birigün zəng edərsiniz” demək olmaz, məlumat dərhal verilməli, ya şərh edilməlidir: “Qanun informasiyanın təqdim olunması kimi çoxcəhətli bir məsələnin bütün detallarını özündə əks etdirə bilməz. Bir çox hallarda məntiqdən çıxış etmək və informasiyanın xarakterini nəzərə almaq lazım gəlir. Əlbəttə, məmurun da istirahət hüququ var və bütün vaxtını işə sərf etməyi ondan tələb edə bilmərik. Amma qanunda deyilmir ki, mətbuat katibi istirahətdə olanda camaat oturub informasiya gözləməlidir. Əgər məsələ aktualdırsa, ictimai əhəmiyyətə malikdirsə, jurnalistə “sabah, ya birigün zəng edərsiniz” demək olmaz, məlumat dərhal verilməli və ya şərh edilməlidir. Çünki jurnalist də oxucusuna deyə bilməz ki, bu gün şənbə günüdür, biz sizə bazar ertəsi dəqiq xəbər verərik”.

 

Ekspert bildirib ki, mətbuat xidmətləri bunu ən azından növbəlilik prinsipi ilə həyata keçirə bilər: “Ümumiyyətlə, mətbuat xidmətləri işi elə qurmalıdır ki, hər zaman əlçatan olsunlar, ən azı, növbətçiləri olsun, operativ suallar cavabsız qalmasın, məlumat gecikməsin. Məsələn, təsəvvür edin ki, qəza olub, sizsə mətbuat xidmətindən məlumat almaq üçün iki gün gözləməlisiniz, ya xarici dövlət bu gün Azərbaycana aid bəyanat yayıb, sizsə Azərbaycanın reaksiyası barədə yazmaq üçün məmurun işə çıxmasını gözləməlisiniz. Bir daha təkrar edirəm ki, informasiyanın elə növləri var ki, onlar gözləyə bilmir və dövlət orqanlarının özləri marağında olmalıdır ki, cəmiyyət yoxlanılmamış xəbərlərlə çaşdırılmasın, dəqiq məlumat alsın. İnformasiya nə yatır, nə istirahət edir, nə də məzuniyyətə çıxır”.

Haqqında – Vüqar Baba

PR və kommunikasiya mütəsəxəssisi Vüqar Baba AYNA-ya şərhində söyləyib ki, jurnalist müraciət etdiyi halda mətbuat xidmətini yerində tapmırsa, bu, müvafiq qurumda kommunikasiya probleminin olmasının göstəricisidir: “Əgər qurumların bayram günlərində fəaliyyəti və ya fəaliyyətsizliyi istənilən halda cəmiyyətin hansısa qrupunda, eləcə də medianın özündə sorğu doğurursa, suallar yaranırsa, insanların həyatına təsir edirsə və onlara müraciət ehtiyacı yaranırsa, cəmiyyət tərəfindən kommunikasiya ötürmələri tələb olunursa, yaxşı olar ki, ictimaiyyətlə əlaqələr şöbəsi iş bölgüsü edərək, həmin günlərdə də ictimaiyyətə açıqlamalar verəcək formada çalışsın. Ehtiyac olarsa, suallar yaranarsa, onları cavablaya bilsinlər. Əgər bu ərəfədə jurnalistlər onların fəailiyyəti ilə bağlı müraciət edibsə və mətbuat nümayəndələrini yerində tapmayıbsa, bu, həmin qurumların kommunikasiyasındakı problemlərin göstəricisidir. Qurum bu işi elə qurmalıdır ki, məlumat qopuqluğu yaranmasın”.

 

Mütəxəssis vurğulayıb ki, mətbuat xidmətinin yerində olmaması onların işinin ziyanınadır və iş elə qurulmalıdır ki, jurnalist kiminlə, necə əlaqə saxlayayacağı barədə narahatlıq keçirməsin: “İşin necə təşkil edilməsi qurumun öhdəsinə buraxılmalıdır. Bu işi  hərə bir cür qura bilər, amma jurnalistlərin informasiya ala biləcəyi nömrə, şəxs olmalıdır. Ola bilər, adam istirahətdədir, amma köməkçisi var. Yaxud şöbədə başqa bir səlahiyyətli şəxs var, jurnalistlə onu əlaqələndirməlidir. Burada jurnalist narahat olmamalıdır ki, “mənə necə cavab veriləcək?” Yaxud düşünməməlidir ki, “mən indi kimə zəng edim?” Jurnalist həmişəki kimi necə əlaqə saxlayırsa, eləcə də davam etməlidir”.

 

“Bundan ötrü qurum narahat olmalıdır ki, “ictimaiyyətin rahatlığını pozmadan necə cavablandıraq”. Çünki kommunikasiyada yaranacaq problemdən əziyyəti qurum çəkəcək, jurnalist yox. Qurumun cavab verməməsi və yaxud da səthi cavab verməsi onların ziyanınadır. Jurnalist cavab alsa da-almasa da, mövzunu işləyəcək. Ona görə jurnalisti informasiya ilə təmin etməli olan şəxs bunu jurnalistə daha rahat formada təqdim etməlidir”, - deyə V.Baba qeyd edib.

 

AYNA “İstirahət günlərində informasiya əlçatımlılığını təmin etmək üçün işinizi necə qurursunuz?” sualı ilə bəzi mətbuat xidmətlərinə müraciət edib.

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, bu işi vahid məlumat bazasından istifadə edərək həyata keçirirlər: “İş saatlarından sonra işləmək məsələsi yalnız mətbuat xidmətlərinə aid olan bir problem deyil. Məncə, bu, ümumi bir problemdir, müxtəlif peşələri əhatə edir və Dördüncü Sənaye İnqiliabı ilə bağlıdır. Ümumiyyətlə, gündəlik iş saatları kifayət qədər yeni bir icaddır. Bu rejim Sənaye İnqilabından sonra bərqərar olunub. Sənaye İnqilabının dövründə insanların iş şəraiti müəyyən daşınmaz avadanlıqlara – dəzgahlara, zavodlara və s. bağlı idi. Müəyyən sürətlə işləyən konveyerlərdə hər bir işçinin effektivlik əmsalı təxminən eyni idi. Hətta ofis avadanlıqları da daşınmaz olub. Hələ 20 il əvvəl kimsə cibinə kompüter qoyub, özü ilə gəzdirə bilməzdi, amma bu gün bu, artıq reallıqdır. Smartfonlar, sosial şəbəkələr, bulud texnologiyaları kommunikasiyanın tezliyini, sürətini, insanların iş tərzini köklü surətdə dəyişir”.

İbrahim Əhmədov: Soçidə imzalanan sənədlər SOCAR-ın Rusiya şirkətləri ilə  birgə fəaliyyəti üçün yeni qapılar açır - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

“Bu gün artıq bir çox peşələrdə vəziyyət belədir ki, kimsə “yalnız ofisdə olanda işləməyə imkanım var” desə, ona təəccüblə baxarlar. Çünki müasir dövrün ofis işçiləri adətən yuxudan oyanan kimi artıq telefonunu əlinə alıb, xidməti emailləri oxuyur və cavablandırırlar. Mən də Azərbaycana qayıdandan sonra işimi belə təşkil etməyə çalışdım ki, ezamiyyətdə və ya məzuniyyətdə olmağımdan asılı olmayaraq, lazım gələndə tapşırıqları yerinə yetirə bilim. Bu gün bulud texnologiyası hər kəs üçün əlçatandır. Gündəlik istifadə etdiyimiz məlumatları, sənədləri ofisdəki kompüterin yaddaşında deyil, təhlükəsiz bir rəqəmsal buludda saxlamaq olar. Rəhbərlik etdiyim kollektivdə bir neçə il əvvəl şərt qoymuşdum ki, hər kəsdə istər ofisdə, istərsə də evdə olanda bulud üzərindən vahid məlumat bazasından istifadə etmək imkanı olsun”, - deyə şirkət sözçüsü bildirib.

 

Əhmədov qeyd edib ki, bu cür üsulla karantin elan olunanda evdən də işləməyə tam hazır olublar: “Qeyri-iş günlərində bəzən təcili press-relizlərin hazırlanması lazım olur. Televiziya kanalları axşam saatlarında canlı yayıma və ya canlı qoşulmaya dəvət edə bilərlər. Bir çox hallarda isə informasiya agentliklərinin müxbirləri zəng edir, təcili sorğularla müraciət edirlər. Mümkün olduğu qədər sorğuları operativ cavablandırmağa çalışıram”.

 

SOCAR təmsilçisinin sözlərinə görə, sorğuların operativ cavablandırılması yalnız mətbuat katiblərindən asılı olan bir məsələ deyil: “Çünki mətbuat katibi özü məlumatın mənbəyi deyil. Sorğunu cavablandırmaq üçün, o, adətən məlumatları kimdənsə soruşub, dəqiqləşdirməlidir. Rəhbərlik müvafiq standartları tətbiq etməklə mənə bunun üçün şərait yaradıb. Artıq şirkət daxilində bir çox xətti rəhbərlər, məsul şəxslər də şirkətin sözçüsü kimi məni tanıyırlar. Buna görə həftəsonu olsa belə, zəng edib ictimaiyyəti narahat edən məsələləri onlardan soruşa bilirəm. Məhz bunun sayəsində KİV-lərin sorğularını mümkün dərəcədə operativ cavablandırmağa nail oluruq”.

 

“Ola bilsin, bəzi qurumların mətbuat katiblərində hər zaman qurum daxilində əlaqə yaratmaq imkanı olmur. Çünki bu, bir şəxsin iradəsinə bağlı olan bir məsələ deyil. Bu, Sənaye İnqilabı dövründə ərsəyə gəlmiş bir iş rejiminin Rəqəmsal İnqilabın reallığı ilə uzlaşmamasından irəli gələn və bütün sistemi əhatə edən bir problemdir. Deyək ki, mətbuat katibi xoş xasiyyətli birisidir və sırf buna görə öz istirahət vaxtından keçməyə hazırdır. Ancaq o da sorğunu cavablandırmaq üçün başqa insanları onların istirahət günündə narahat etməlidir. Bəzən o, öz şəxsi münasibətlərindən istifadə edərək, həmkarlarını işdən kənar saatlarda narahat edə bilər. Düzdür, mən özüm artıq bu cür problemlərlə rastlaşmıram və bu məsələ, ümumiyyətlə, bizim üçün bir o qədər aktual deyil. Lakin digər qurumları mühakimə edəcəksinizsə, nəzərə alın ki, işə aid olan məsələlər insanların şəxsi münasibətləri ilə yox, iş normaları ilə tənzimlənməlidir. Əslində məsələnin sistemli bir həlli olmalıdır, çünki bu, yalnız mətbuat xidmətlərinə aid olan bir məsələ deyil”, - deyə həmsöhbətimiz fikrini davam etdirib.

 

Problemin sistemli həlli üçün, Əhmədovun fikrincə, bir çox qurumlarda qüvvədə olan sərt vaxtamuzd iş prinsipi Dördüncü Sənaye İnqilabının prizmasından təhlil olunmalıdır: “Xarici diskurslarda bununla bağlı artıq geniş müzakirələr aparılır. Pandemiya və lokdaun şəraiti bu müzakirələrə əlavə bir təkan verib. Lokdaun dövründə biz gördük ki, bir çox insanlar və təşkilatlar hələ evdən işləmək prinsipinin mümkünlüyünə skeptik yanaşırlar. İş öhdəliklərinin iş saatları ilə çərçivələnməsi bu günün reallığına uyğun deyilsə, əmək haqqı hansı əmsallarla, hansı meyarlarla ölçülməlidir? Bəzi peşələrdə ödənişləri tam və ya qismən işəmuzd prinsipinə bağlamaq mümkündür. Bir çox peşələrdə isə işin effektivliyini ölçə bilən bir kəmiyyət əmsalı mövcud deyil. Bəzi şirkətlər öz işçilərinə evdən və ya ofisdən işləmək üçün sərbəst seçim verir. Bəziləri isə iş saatlarının seçilməsini işçilərin ixtiyarına buraxır və ya iş saatlarında müəyyən sərbəstlik və güzəştlərə yol verirlər. Bu güzəştlərin müqabilində işçi, lazım gələrsə, axşam saatlarında və ya istirahət günlərində də tapşırıqları yerinə yetirir. Bir sözlə, hər bir şirkət bu istiqamətdə öz korporativ mədəniyyətinə uyğun olan bir çözüm haqqında düşünür. Bununla belə, bir çox ölkələrdə qüvvədə olan qanunvericilik şirkət və qurumların islahat təşəbbüslərini hələ məhdudlaşdıra bilər. Buna görə, istisna deyil ki, yaxın illərdə müvafiq yeniliklər dünyanın bir çox ölkələrinin qanunvericiliyində də öz əksini tapsın. Bir sözlə, insanların qeyri-iş vaxtlarında effektli işləməsini təmin etmək zərurəti varsa, bu məsələ köklü şəkildə həll olunaraq, onların rəsmi öhdəliklərində müvafiq şəkildə öz əksini tapmalı və ədalət prinsipinə əsaslanmalıdır”.

Elşad Hacıyev yeni vəzifəyə təyin edildi

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin sorğumuza verdiyi cavaba görə, məsələni həll etmək üçün DİN-də növbəlilik prinsipi əsasında xidməti fəaliyyət təşkil olunur: “Daxili İşlər Nazirliyinin Mərkəzi Aparatında fəaliyyət göstərən mətbuat xidməti, eləcə də regional qruplar qeyri-iş günlərində adi günlərdə olduğu kimi fəaliyyətini davam etdirir. Və bu xidməti fəaliyyət fasiləsiz - 24 saat ərzində həyata keçirilir. Bütün daxil olan informasiyalar – istər sosial şəbəkə üzərindən, istərsə də telefonlar vasitəsilə daxil olan zənglərə aidiyyəti üzrə cavab verilir. Qanunvericiliyə uyğun olaraq üzərimizə hansı vəzifələr düşübsə, həmin vəzifələrin icrası tərəfimizdən təmin olunub”.

 

Hacıyev əlavə edib ki, informasiya təminatında jurnalistlərə bəlli olan telefon nömrələri ilə yanaşı sosial media hesabları da 24 saat aktiv olur: “Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun, mənim və digər nömrələrimiz 24 saat açıq olur. DİN-in “Facebook”, “Instagram”, “Telegram” səhifələri qeyri-iş günlərində də aktiv olur. Həm informasiyaların verilməsində, həm də qəbul edilməsində aktiv fəaliyyət göstərir. Sosial şəbəkələrə nəzarət edən, izləyən, daxil olan informasiyaların realizasiyası ilə məşğul olan şəxslər sözügedən platformalardakı hesablarımızı 24 saat nəzarətdə saxlayırlar. Daxil olan informasiyalar əməkdaşların üzərindəki müvafiq cihazlara inteqrasiya olunub”.

Müəllif: Aləmdə Nəsib      30 Mart 2021 13:26
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin