“Nefti satıb corab alırıq...”

“Nefti satıb corab alırıq...”

Natiq Cəfərli: “Köynək, şalvar, dəftər qələm, pozan istehsalı o qədərmi çətindir ki, bu sahələri inkişaf etdirə bilmirik?”

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) avqust ayında ölkədə dollar satışının artdığını açıqlayıb. Fondun rəsmi məlumatına görə, 2019-cu ilin avqust ayı ərzində 815,4 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Cari ilin iyul ayı ilə müqayisədə ARDNF tərəfindən avqustda satılan dolların həcmi 87,5% artıb. 

 

AYNA xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli artımı şərh edib. O, bunun 2 əsas səbəbinin olduğunu bildirib:

 

1) Avqust ayı məzuniyyətlər ayıdır, azərbaycanlıların xaricə səfərləri artır, onların ölkədən dollar (valyuta) çıxarması nəticəsində artım baş verir. Yəni, ölkəyə gələn turistlərin xərclədiyi dollar qədər Azərbaycan vətəndaşları da xaricə dollar aparıb xərcləyirlər;

2) Məmləkəti o günə qoyublar ki, məktəb, universitet mövsümü yaxınlaşanda məktəbli qələmindən-dəftərindən tutun da, tələbə corabına qədər hər şey xaricdən gətirilir. Ölkədə normal iqtisadi sistem qurulmayıb ki, bu sahələrdə yerli istehsal mümkün olsun. Ona görə də, məktəb, universitet mövsümünə hazırlıq üçün ölkədən yüzmilyonlarla dollar çıxır, əvəzinə dəftər-qələb, corab-tuman alınıb gətirilir.

 

“Məmləkət hələ də neft satıb qələm, şalvar alır, nefti satıb kompüter almağımızı yenə anlamaq olur – biz o qədər geri qalmışıq ki, yaxın illərdə kompüter istehsal edə bilməyəcəyik. Amma hay-küylə, camaata min bir əziyyət verməklə pambıq əkib, onu xammal kimi ucuz satıb, həmin xammaldan hazırlanan tumanı 5 qat baha almağımız adamı lap yandırır. Corab, köynək, şalvar, dəftər qələm, pozan istehsalı o qədərmi çətindir ki, bu sahələri belə inkişaf etdirə bilmirik?!”, - deyə N.Cəfərli vurğulayıb.

Müəllif: Ayna.az      3 Sentyabr 2019 15:43
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin