Əsas səhifə Haqqımızda Xəbər lenti

Bir ömürdə 800 elmi məqalə və ya darıxdıqca yaz – NONSENS

Bir ömürdə 800 elmi məqalə və ya darıxdıqca yaz –     NONSENS

Nurlan Ağa: “Beş cümləni biri-birinin ardına qoşan, 14 ölçü ilə 5 səhifəlik mətn yazan şəxs “akademik məqalə müəllifiyəm” deyir... Bu, absurddur, yalan və saxtakarlıqdır”

 

Jurnalistikada yaxın janrların qarışıq salınması və ya janr tələblərini yetəri qədər ödəyə bilməyən yazılara çox rast gəlinir. Bu, qaçaqaçlı internet junalistikasında bəlkə də çoxları tərəfindən elə də əhəmiyyət kəsb etməyən məqamdır, amma bu sahədə peşəkarlığını qorumaq istəyənlər, qələminə hörmət edənlər üçün kifayət qədər ciddi və üstündə dayanılması, müzakirə edilməsi gərəkən problemlərdəndir.

 

AYNA-da Türkiyə Atatürk Universiteti Jurnalistika kafedrasının doktorantı Nurlan Ağa (Salamov) ilə başlatdığımız silsilə müsahibələrin budəfəki mövzusu  məqalə janrıdır. “Məqalə” sözünün izahlı lüğətdə açıqlaması belə verilir: “Dövri nəşrlərdə, məcmuələrdə, internetdə dərc olunmuş kiçik elmi və ya publisistik yazı. Jurnalistikanın, ədəbi tənqidin əsas janrlarından biri”.

 

Daha geniş fikrə sahib olmağı arzu edənlər üçün müsahibəmizi təqdim edirik. Beləliklə:

No description available.

- Bəzən görürük ki, kimsə öz fikirlərini ifadə etdiyi və ya hansısa fikirləri topladığı yazını məqalə adlandırır. Əslində, məqalə nədir?

 

- Məqalə, bəlkə də jurnalistikadakı ən mübahisəli və ya dəqiq qərarlaşdırılmış tərifi olmayan janrdır. Əslində, məqalənin mahiyyətini dəqiqləşdirdikdən sonra ona tərif vermək də asanlaşa bilər. Bu müsahibənin sonunda bunu edə biləcəyimizi düşünürəm.

 

Həqiqətən də belə bir qavrayış var ki, qələmə və ya klaviaturaya alınan hər yazı məqalədir. “O məqaləni oxudun?”, “Belə bir məqalə gördüm”, “Bu mövzu haqqında bir məqalə hazırlamaq olar” ifadələrini çox eşidirik, amma baxırıq ki, bu, məsələn, reportaj və ya təhlildir, şərh və yaxud icmaldır. Buradan da bəlli olur ki, məqalə dediyimiz janr, bəlkə də bütün janrların ümumi görüş nöqtəsidir. Yəni bunlar həqiqətən də ümumi anlamda məqalədir, fəqət hər birinin özünəməxsus keyfiyyətləri olduğuna görə fərqli janrlara ayrılırlar. Yəni deyə bilərik ki, məqalə bütün yazıların ana başlığıdır.

 

Məsələn, “internet – rəqəmsal media – sosial media – sosial şəbəkələr” zəncirini örnək verək. “Facebook” sosial media məcrası olmadan öncə sosial şəbəkədir, daha sonra da rəqəmsal media və internet-virtual məkan anlayışına daxil edilir. Lakin hamısından öncə “sosial şəbəkə”dir, ancaq, məsələn, “WhatsApp” sosial şəbəkə deyil. O, anlıq əlaqə saxlama platformasıdır. Düzdür, son zamanlar yeni funksiyalar gəldi, amma yenə də sosial şəbəkə deyil. Anlıq əlaqə saxlama platforması da sosial mediaya, daha sonra da digərlərinə daxildir. Məqalədə də bu cür bir görüşə gəlib çıxırıq. Həftənin önəmli olaylarını çatdıran bir yazı öncə icmal, sonra məqalədir. Bəs o zaman saf məqalə nədir? Baxın, burada tərif verməkdə çətinlik çəkirik. Desək ki, özəl ekspert rəyi, müsahib tələb etməyən, olay yerindən hazırlanması şərt olmayan bir yazı məqalədir.

 

Lakin bu özəlliklərə malik xatirə və ya oçerk tərzində publisistik janrlar da var. Burada məqalənin özünün də elmi və publisistik kimi fərqli qollarını ayırd edə bilərik. Elmi məqalələr daha çox “araşdırma məqaləsi” adı ilə də tanınır. Deyəcəksiniz, bəs jurnalistin məqaləsində araşdırma yoxdur? Var, təbii ki. Lakin jurnalistin araşdırması ilə alimin araşdırması eyni deyil. Jurnalist araşdırması daha yığcam, nəticəsi tez əldə edilə bilən, çox qısa bir zamanı əhatə edən, aktual məsələ ilə bağlı olur. Akademik araşdırma isə müəyyən bir periodu, hətta keçmiş zamanı da əhatə edə bilər.

 

- Biri seçdiyi mövzuda məqalə yazmaq üçün ehtiyac olub-olmadığını nədən bilməlidir? Məqalə hansı hallarda yazılır?

 

- Əslində, ətrafımızda gördüyümüz hər şey mövzudur. Jurnalistin mövzu qıtlığı yaşaması bir az anlamsızdır, mənə görə. Mövzu qıtlığı ola bilməz, qıtlığa düçar edilmiş mövzular ola bilər. Məsələn, bir redaksiyanın informasiya siyasətinə uyğun gəlməyən mövzu haqqında məqalə qələmə almaq mümkün deyilsə, bu, o demək deyil ki, elə bir problem yoxdur. Jurnalist məqaləsi üçün mövzu da, əsasən problemdən ibarət olmalıdır. Stüart Hol bir ifadəsində deyir ki, mən ingilislərin qəhvəsindəki şəkərəm, onların dişlərini çürütməklə məşğulam. Jurnalistikanın da ali vəzifəsi budur - ağız dadlandıran bir vasitə kimi istifadə edilməyə daha çox meyil göstərilsə də, əsas qayəsi “narahat etmək” və bu yolla görülməsi istənilməyən şeyləri göstərmək olmalıdır. Elmi məqalənin mövzusu isə daha çox düşünülüb konkretləşdirilməsinə ehtiyac duyulan, axtarılan, orijinallığı təyin etmək üçün müəyyən araşdırma tələb edən prosesdir.

 

- Bəs müəllif planını necə qurmalıdır ki, həm zamanı yaxşı dəyərləndirə bilsin, həm də keyfiyyətli iş ortaya çıxarmağa nail olsun?

 

- Bütün işlərdə planlılıq önəmlidir. Məqalə yazılarkən də əvvəlcə süjet və kompozisiya bəlli edilməli, ardıcıllığa yönəlik müəyyən ssenari-plan qurulmalı, istifadə ediləcək mənbələr əldə edilib, oxunub, dəyərləndirilib və sıralanmalıdır. Məqalənin məqsədinə uyğun olaraq qarşıya suallar və ya hipotezlər qoyulmalı, bunlar girişdə göstərilməli, sonluq hissəsində isə “ən başdakı suallarımız və ya hipotezlərimizə cavab tapa, yaxud təsdiqləyə bildikmi?” sualı nəticələndirilməlidir.

 

- Elmi məqalə ilə kütləvi məqalənin yazılmasında hansı fərqlər var?

 

- Bu mövzuda daha əvvəl də bir az danışdıq. Lakin fərqlər çoxdur. Elmi, akademik və ya araşdırma məqaləsi dediyimiz mətn çox zaman tələb edən bir şeydir. Məsələn, “alimlər” var ki, deyirlər, “800-dən çox məqaləmiz dərc edilib”. Bu, potensial olaraq mümkün olan bir şey deyil. Yəni yazılsa belə, yayımlanması bu qədər asan ola bilməz. Burada jurnalların, nəşr mənbələrinin keyfiyyətsizliyi məsələsi özünü göstərir. Beş cümləni biri-birinin ardına qoşan, 14 ölçü ilə 5 səhifəlik mətn yazan “akademik məqalə müəllifiyəm deyir”. Bu, absurddur, yalan və saxtakarlıqdır. Azərbaycan elmi keçmişdə olduğu kimi bu gün də ən çox bundan əziyyət çəkir və nisbi keyfiyyətsizliyi bu səbəbə əsaslanır.  Keçmiş dediyim də Sovet dövrüdür. “Alimlərimiz” Sovetin qalıqlarını yaşatmırlar, həm də ənənə şəklində gələcək nəsilə ötürürlər və gələcək nəslin çox nümayəndəsi də buna baş əyir, çünki məcburdur.

 

Amma keyfiyyətli bir yerdə elmi məqalə dərc etdirmək heç də asan bir proses deyil. Məsələn, Türkiyə-Qazaxıstan Əhməd Yəsəvi Universitetinin beynəlxalq indeksli jurnalı var - “bilig” (jurnalın orijinal adında baş hərf bilərəkdən kiçiklə yazıldığı üçün burada da elə yer verilib – A.N.). “bilig”-də məqalələr var ki, üç il bundan öncə qəbul olunub, amma düzəlişləri və sıraya alınması səbəbi ilə üç ildən sonra jurnalda dərc edilib. Təsəvvür edin, bir məqalənin yayımlanması üçün ortalama bu qədər gözləyən biri ən az 21 yaşından yazmağa başlayıbsa, ortalama 50-60 illik ömründə necə 800 məqalə dərc etdirə bilər? Bizdə isə pulunu ver, məqaləni çap etdir, özü də ürəyin nə vaxt istəyirsə. Darıxdıqca “məqalə” yaz...

 

Əlavə olaraq elmi məqalənin təməlləri konkret nəzəriyyələrə əsaslanmalıdır, bu da müəllifdən çox güclü oxumalar tələb edir. Bir məqalə yazmaq üçün, bəlkə də mövzu ilə bağlı üç ay oxumaq lazımdır. Bir də anketlər və s. Sosial şəbəkədə status yazaraq sorğu keçirmək yalnızca “metro keçidlərindən diplom alanlar”ın işidir, akademik araşdırma sorğusu və o sorğunun dəyərləndirilməsi 2-3 ay, bəlkə daha çox zaman tələb edir. Kütləvi məqalələr və ya publisistik məqalələrdə isə çox böyük araşdırmalara gərək olmur. Yəni yazacağınız yazı onsuz da aktual, isti, dəyərləndirilməsi qısa zaman içində gerçəkləşəcək bir şey olduğuna görə cəld, amma bir o qədər də keyfiyyətli araşdırmalarla məqalə yazmaq olar. Elmi məqalənin yazılması ən az üç ay çəkərkən kütləvi məqaləni maksimum bir həftəyə həll etmək mümkündür.

 

- Məqalə haqqında son olaraq...?

 

- Müsahibənin əvvəlində məqalə ilə bağlı bir tərif ortaya çıxaracağımızı demişdik. Gəlin, tələbələr və bu sahə ilə maraqlananlar üçün bir tərif quraq:

 

“Məqalə jurnalistika janrları və yazıya alınan mətnlərə verilmiş ümumi addır, bu anlayışın içərisinə bir çox janrlar daxil edilə bilər, lakin hər birini özünəməxsus keyfiyyətlərinə görə ayırd etməyi də bacarmaq lazımdır. Yaxşı məqalə yaxşı düşünmək, oxumaq, dəyərləndirmək və məntiqi əsaslara riayət edərək yazmaq deməkdir”.

 

Düşünürəm ki, bu, müəyyən qədər toplayıcı bir tərif oldu. Uğurlar!

Müəllif: Aləmdə Nəsib      26 Mart 2021 22:56
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin