Əsas səhifə Haqqımızda Xəbər lenti

Böyük insanın təbəssümü də, gülüşü də böyük olurmuş

Böyük insanın təbəssümü də, gülüşü də böyük olurmuş

“O barmaqların toxunuşunu sanki bu gün də hiss edirəm”

 

Bu gün Azərbaycan ədəbiyyatında, mədəniyyətində, fəlsəfi fikir tarixində fərqli dəst-xətti ilə seçilən böyük İsmayıl Şıxlının anadan olmasının 102 ili tamam olur.

 

İsmayıl Şıxlını şüurlu həyatımın təşəkkül tapdığı vaxtlardan - atamın bələdçiliyi ilə tanımışam. Çoxları üçün "Cahandar ağa" deyildiyi zaman beyinlərində İsmayıl Şıxlı şəxsiyyəti assosiasiya olunsa da, mənim üçün isə əlavə olaraq bir başqadır İsmayıl Şıxlı dünyası.

 

Atam İsmayıl Şıxlını onlara dərs dediyi vaxtdan tanıyırdı. 1957-ci ildən V.İ.Lenin adına APİ-nin tarix-filologiya fakültəsinin tələbəsi olan atama İsmayıl müəllim "Antik yunan ədəbiyyatı" fənnindən dərs deyib. Bu gün də göz bəbəyi kimi qoruduğum, içərisi yaşıl rəngə çalan, köhnəlmiş, birinci iç vərəqində "Antik yunan ədəbiyyatı", "Müəllim: İsmayıl Şıxlı" yazılmış qalın dəftər o dövrün canlı şahidi kimi yaşayır. Təəssüf ki, nə fənnin mühazirəçisi, nə də dəftərin sahibi həyatdadır.

 

Mühazirələrin birində Homerin "İliada" və "Odisseya" epik poemalarının təhlilini verərkən İsmayıl Şıxlının mövzuya bağlı əlavə ədəbiyyatlardan Axillesin mifik qəhrəmanlığına, Odisseyin macəralarına, dəniz allahı Poseydonun qəribəliklərinə bağlı əldə etdiyi maraqlı qeydləri oxuyanda uşaq yaşlı bizi daha çox sehrə salırdı. Odur ki, bu gün də "Axilles", "Odissey", "Poseydon" dedikdə, eşitdikdə də beynimdə İsmayıl Şıxlı varlığı assosiasiya olunur.

 

İsmayıl Şıxlı ilk dəfə xatirəmdə...

 

Hansı ildə olduğunu dəqiq bilməsəm də (təxminən 9-10 yaşım ola bilərdi) İsmayıl Şıxlını 21 martda doğma kəndimiz Yuxarı Salahlıda böyük Səməd Vurğunun Poeziya evində görmüşdüm. Hər il olduğu kimi 21 mart - Səməd Vurğunun doğum günü böyük poeziya bayramı kimi qeyd olunurdu və keçmiş SSRİ-nin dörd bir yanından şair və yazıçılar, dövlət və sənət adamları gəlirdi kəndimizə. Bütün kənd sakinləri - uşaqdan, böyüyə bu izdihamın arasında olurdu. Amma həmin gün biz o nəhəmg şəxsiyyətləri dinləyərdik, sadəcə. Necə oldusa, kənd sakinlərinin arasından sıyrılıb, pilləkənlarla yuxarı qalxaraq, Səməd Vurğunun heykəlinin arxa tərəfinə keçib kənardan gələn qonaqların arasında Poeziya evinin salonuna daxil oldum. Bilirdim ki, məni bu saat bələdçilər çıxaracaq. Poeziya evinin əməkdaşı Sultan Vəkilova məni yanına çağırdı. Dedim, yəqin deyəcək ki, tez çıx get salondan. Lakin o məni qarşısında duran ciddi görkəmli, boynundan eninə zolaqlı şarf asmış, əynində yaxası açı uzun palto geymiş, dağ əzəmətli kişiyə təqdim edərək: "Tələbəniz İmrayıl müəllimin oğludur", - dedi.

 

“Sən də atan kimi çoxlu şeir bilirsənmi?”, - deyə sağ əli ilə başıma sığal çəkdi. O barmaqların toxunuşunu sanki bu gün də hiss edirəm.

 

“Bəli, bilirəm”, - deyə tez dilləndim.

 

“Bəs Səməd Vurğunu çoxmu sevirsən?”, - deyə ikinci sualı verdi.

 

Dedim ki, Səməd Vurğun kəndimizin dirəyidir, onu hamı sevir.

 

Bu cavabım sanki onun üçün gözlənilməz oldu. Qıyıq gözləri bir az da kiçildi, hər yandan simmetrik kəsilmiş bığları sağa və sola hərəkət edərək bir qədər dağıldı, dodaqları aralandı, ağ dişləri görünər-görünməz oldu və üzünə yüngülcə, xəfif gülüş, təbəssüm ifadəsi gəldi.

 

Verdiyim cavabdan bayaqdan tutqun halda qalmış Sultan xanımın da üzündəki gərginlik əriyib getdi və o da güldü. Bir az sonra oradakılardan eşidib-bildim ki, mənimlə 1 dəqiqəlik epizodik şəkildə dialoq qurmuş şəxs, hər zaman bütövlük mücəssəməsi sandığım İsmayıl Şıxlı idi.

 

Gördüklərim də məhz İsmayıl Şıxlıya məxsus gülüş, təbəssüm ifadəsi imiş. Böyük insanın təbəssümü də, gülüşü də böyük olurmuş, o vaxtdan bunu anlayıram.

 

Doğum günün, 102 yaşın mübarək olsun Böyük İsmayıl Şıxlı...

 

Yusif Alıyev

Müəllif: Ayna.az      22 Mart 2021 17:53
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin