Əsas səhifə Haqqımızda Xəbər lenti

Tanrının baratı olan Barat…

Tanrının baratı olan Barat…

70 yaşın mübarək, Vətən eşqli, millət ruhlu, Türk əzəmətli, Turan qeyrətli dayım!

 

Yer üzünə haqqın göylər üzündən,

Salamını yetirməyə gəlmişəm.

Bölüşdürüb günahını Adəmin,

İlim-ilim itirməyə gəlmişəm, -deyən şairim, göylərdən gəlişin mübarək olsun!

 

70 il öncə, mart ayının 18-i, ilin-ayın Axır çərşənbəsi  Seyidoğlu Rəhimin, çoban Alının ocağında sevinc-sevincə, şadlıq-şadlığa qarışmışdı. Gəlişinə nəzir-niyaz deyilən, doğuluşuna qurbanlar niyyət olunan bir oğlan uşağı dünyaya göz açdı. Adına Barat dedilər. Ən qiymətli hədiyyə kimi qəbul etdilər Baratı Tanrıdan. Doğrudan da Barat elə onlara Tanrının ən qiymətli baratı kimi göndərilmişdi.

 

Bəzən dəcəl, bəzən ərköyün, bəzən isə böyük olurdu. Kiçik yaşlarından çərçivəyə sığmırdı. Quzu otaranda çoban olub dağın-daşın, otun-çiçəyin dilini öyrənirdi. Torpaqla söhbət edirdi. Məktəbə ilk qədəm qoyduğu gündən isə əlinə hər qələm alan zaman bu balaca oğlan müəllim olurdu – bir hərfin müəllimi, bir sözün öyrətməni olurdu. Gah da, dönüb bircə hərfə qulluq edirdi. Başına sığal çəkir, bir hərfin böyük mənanı dəyişdiyinə heyrətlə diqqət kəsilir və öz-özünə deyirdi:

 

Haqdan səs gəlir: Barat,

Sözdən şirinmi həyat?

Ey bəndəm aləm yarat,

Sənə bir hərf verirəm!

Haqdan gələn bu səsin sorağıyla getdi Barat!

 

O şair doğulmuşdu

 

Şair doğulmaq nə qədər şərflidirsə, bir o qədər də iztirablı, əziyyətlidir. Şairlər həm hüdudsuz olur, həm də böyük məhrumiyyətlərlə qarşılaşır. Bu yolda bəlkə də o çoxlarımızın bilmədiyimiz, görmədiyimiz, hiss etmədiyimiz məhrumiyyətlərlə qarşılaşıb. Ancaq yolundan keçməyib, sözündən dönməyib, sevgisindən ayrılmayıb. Söz eşqinə!

 

Könlünün səsini dinləyib Barat Vüsal

 

Şairə görə könül haqqı, söz haqqı Allah haqqı qədər müqəddəsdir.

 

Allaha gedən yol könüldən keçir.

Çaylar axıb Kürdən keçir,

Minlər gəlib birdən keçir.

Əsl yol könüldən keçir,

Gəl qayıdaq könlümüzə.

undefined

Bir gün Yunis Əmrə ilə Həllac Mənsur görüşürlər (İlahi məqamda). Həllac Mənsur Yunis Əmrədən nə axtardığını soruşur. Yunis Əmrə diyar-diyar gəzib Eşq axtardığını deyir. Həllac Mənsur deyir: “Bura yoxluq yurdudur. Varlıq dünyası deyil! Eşqi könlündə axtar. Qüdsdə, Məkkədə, Həccdə deyil. Əgər bir könül qırarsansa Haqqa etdiyin səcdə deyil. Eşqin özü ucu-bucağı görünməyən bir yoldur. O yola girənin də geri dönməyə haqqı yoxdur”. Barat Vüsal Eşqə can verib, Eşqə səcdə edir.

 

Mənim baxça-bağım bağban görübdü,

Arım gül iyləyib... şana çatıbdı.

Könlümə yol gedən nə dünyalar var,

Misirə, Hələbə, Şama çatıbdı!

 

Şamının başına pərvanə dönüb,

Bax gözüm yaşına... ümmana dönüb.

Gözümdə bir zaman bir ana dönüb,

Bircə anım min zamana çatıbdı!

 

Yoxdur umum-küsüm taledən, baxtdan,

Çünki qüdrətimi alıram Haqdan!

Könlüylə baş-başa verdiyi vaxtdan,

Gəl gör, Barat nə məqama çatıbdı!

 

Könülsüz yerdə dayanmaq çox çətindir. Könül olan yerdə dağı-dağ üstə qoymaq olar. Şairə görə könül olmayan yerdə qalmaq böyük günahdır.

 

Eşq əlində deyilsə,

Əllərdədir, yaxam, bil.

Harda könül yoxdusa,

Həmin yerdə yoxam, bil.

 

Vətənin könüllü əsgəri

 

Barat Vüsal yaradıcılığı ilə yaxından tanış olanda aydın görmək olur ki, istər Birinci Qarabağ Müharibəsində, istərsə də 44 günlük Vətən Müharibəsində  qələmi ilə, könlü ilə döyüşüb yağı düşmənlə. “Böyü şəhid balası” şeirində yazır:

 

Axdı olan qanımız,

Çıxdı qalan canımız,

Sənədir gümanımız,

Böyü, oğul, tez böyü!

 

Şair yaxşı bilirdi ki, illər sonra həmin oğullar böyüyüb düşməndən qisası alacaq.

 

“Şəhid oğlu” şeirində körpə bir oğlanın hərbçi atasının yolunu gözlədiyini ağrı-acı, həm də qürurla təsvir edən şair yaxşı bilirdi ki, o ataların qisası qiyamətə qalmayacaq. Oğullar böyüyüb işğalda olan qədim yurd yerlərimizi yağı düşməndən azad edəcəklər. Şair həsrətlə ata yolu gözləyən oğulların bir gün hücum çəkib yağı düşməndən millətin qisasını alacağından əmin idi.

 

O tanış küçədən yolum düşəndə,

Görürəm vurnuxur uşaq necə də.

Sanır ki, atası bir gün qayıdıb,

Doyunca bağrına basacaq onu,

Elə həmin yerdə, həmin küçədə.

 

Dağılmış ailələri, parçalanmış taleləri, itkin düşmüş doğmaları bəzən insan bir sözdə, bir əşyada axtarar. Taleyin ən sərt üzüdür bu. “Taykeş ayaqqabı” şeirində bir elin acı taleyini, bir ailənin oğul itkisini, bir körpə qızın qardaş harayını şair ürək yanğısı ilə qələmə almışdır:

 

Baxın bir uşağın faciəsinə,

Öpürdü bir taykeş ayaqqabını.

Ağlayıb sıxtayır, ovunmayırdı,

Onu geyinmişdi öz sinəsinə,

Soyun deyirdilər, soyunmayırdı.

 

İllər sonra millətin ağrı-acısı qələbə ilə əvəzləndi. Barat Vüsalın bir şeirdə dediyi kimi:

 

Mənə güclüsən demə,

Güclü xalqımdı mənim.

 

Müzəffər Ali Baş Komandanımızın, güclü xalqımızın, rəşadətli ordumuzun birliyi sayəsində müstəqil Azərbaycan tarixə öz adını Qalib Xalq-Qalib dövlət kimi həkk etdi.

 

Barat Vüsal “Müharibə ədəbiyyatı” silsiləsindən olan torpaq ətirli, Şəhid qoxulu, qələbə müjdəli şeirlər yazdı.

 

Yarı canın Şuşada,

Yarı Laçında qaldı.

Sevin ki, Cəbrayılda

Sənin qıçın da qaldı,

Qazi, sənə eşq olsun!

 

Haqqın var himnimizi

Oxu, oxut, Vətənsən.

Sən daha Vətən yurdsan,

Sən daha Yurd vətənsən,

Qazi, sənə eşq olsun!

 

Barat Vüsala görə ən müqəddəs yoldur Şuşaya gedən yol. Şuşaya gedən yol bizi tariximizlə, keçmişimizlə görüşdürür. Daha böyük qələbələrdən xəbər verir bu yol. Şuşaya gedən yol haqqın yoludur!

 

Bax, dağ burda, dəniz burda,

Bax, yol burda, bax, iz burda,

Bax, görünür Təbriz burdan,

Bu yol Şuşayacan gedir.

 

Barat Vüsal yurddaş şairdir. Vətəndaş şairdir.

 

Sevgisi bənzərsiz şair

 

Şeirləri Vətən qoxulu, ömrü yurd qoxulu şair ömrünün kamillik çağına çatıb. O da sevib-sevilib. Sevgi şeirləri də özünəməxsusluğu ilə seçilir. Sevgisi də bənzərsiz, sevgisi də çərçivəyə sığmır.

 

A, bahar nəfəslim, a tər bənövşə,

Mənimi gəzirsən qurbanın olum!

Baxırsan, görürsən şair adamam,

Umursan, küsürsən,qurbanın olum!

 

O sevdiyini ucada görür. Onun sevgisi də vüsalı kimi ucadır, əlçatmazdır.

 

Yerini biləcəyik,

Həsrətdən öləcəyik,

Yanına gələcəyik,

Yollar yalan danışmır.

 

İnsan elə sevməlidir ki, o sevgi Allaha da xoş getsin. Sevgi vardan da, dövlətdən də qiymətlidir. Ən varlı sevgilər əlçatmaz olur. Ən gözəl sevgilər müqəddəs olur. Vüsalına çatmasan da hicranı yaşadır səni. Ülvi sevgilər səni Allaha bağlayır.

 

Götürüb Quranı, zikr edəmmərəm,

Heç kimin fikriylə fikr edəmmərəm!

Heç vaxt Allahıma şükr edəmmərəm,

Allaha xoş getməz səni sevməsəm!

 

Barat Vüsal bəlkə də bənövşə üzüb atın tərkinə qalxıb, at belində bənövşəyə sığal çəkəndə sevdi. Bəlkə də babası Seyidoğlu Rəhimlə, nənəsi və bacıları ilə birgə damazlıq qoçla  çəkilən yadigar bir şəkil sevgi bəxş etdi Barat Vüsala.

 

Nənəsi Səməd Vurğunun insanlığından, böyüklüyündən danışan zaman insanlığı sevdi Barat Vüsal!

 

Bir sabah tezdən radiodan “xalq yazıçısı Mehdi Hüseyn dünyasını dəyişib”, cümləsini eşidən zaman nənəsi əllərini dizlərinə çırpıb: “Ay aman, Mehdi Hüseyn öldü”, dediyi an ölməz ürəkləri sevdi Barat Vüsal!

 

“Səsim son Türkə çatsın” deyib, bütün Mehmetciklərə salam söyləyəndə sevdi Barat Vüsal!

 

“Bir şeir de, ölməyəcəm”, deyib, ondan şeir istəyən doğmalarının, əzizlərinin yarasına sözlə məlhəm olanda sevdi Barat Vüsal!

 

Saza-sözə səcdə edib, millətin ruhunu sevdi!

 

Ustad sevgisi

 

Keçmişi unutmadığı, ustadlara daim hörmətlə yanaşdığı üçün Barat Vüsal sevgisi bənzərsiz, əvəzsiz oldu. Köhnə yurd yerlərini qarış-qarış gəzib, köhnə kişilərin ruhuna salam deyib, eşqlə onların böyüklüyündən, əzəmətindən söhbət açanda sevdi Barat Vüsal!

 

Şəhriyarın məzarını ziyarət edib, Təbrizin torpağından öpüb “Mən təzə Qazaxlıyam, mən köhnə Təbrizliyəm”, deyəndə sevdi bütün kainatı. Şəhriyarın simasında həsrəti-hicranı sevdi!

 

İsmayıl Şıxlı kamalından dərs aldığı üçün onun sevgisi belə əlçatmaz oldu!

 

İsa Muğannanın içindəki işığı görüb işıqlı oldu Barat Vüsal!

 

Məqam

 

Röyada ona deyilən: “Sən Həllac Mənsur nəslindənsən” cümləsinin adi cümlə olmadığını, Eşqə gedən yolun açarı olduğunu anladı Barat Vüsal. Eşq yoluna yolçu oldu! Eşqi sevdi! Eşqlə sevdi! Min bir əziyyətlərə qatlaşan şair könlün də, sevginin də, eşqin də ən uca məqamındadır. Müqəddəs məqamın mübarək olsun, şairim!

 

Sevgilərlə: Səbinə Yusif

Müəllif: Ayna.az      22 Mart 2021 16:25
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin