Əsas səhifə Haqqımızda Xəbər lenti

YAŞAT yaşada bilirmi?

YAŞAT yaşada bilirmi?

Mübariz Göyüşlü: “Onların siyahısında olan şəxslərə yardım etmələri yetərli sayıla bilər, amma ictimaiyyətlə əlaqəni daha da genişləndirməlidirlər

 

Elyar İslamoğlu: “Bu gün 3 minə yaxın şəhidimiz, 8 mindən artıq yaralımız, travma almış hərbçilərimiz var ki, bu, təkcə YAŞAT Fondunun öhdəsindən gələcəyi bir iş deyil”

 

Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – YAŞAT Fondu yaradıldı. Fonddan dəstək almaq üçün, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular və şəhid olmuş şəxslərin ailələrinin üzvləri – işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşları və ya şəhid olmuş vətəndaşların ailə üzvləri müraciət edə bilərlər.

 

Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soyadaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr, həmçinin qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fonda ianə köçürülməsi mümkün olduğu gündən hər bir azərbaycanlı gücü nəyə çatırsa, yardım etməyə çalışır. Fondun rəsmi saytında və eləcə də sosial mediadan toplanan vəsaitlərin xərclənməsi barədə mütəmadi olaraq hesabat təqdim olunur. Beləcə ictimaiyyət Fondun fəailiyyətini izləmə imkanı qazanır.

 

AYNA ekspertlərlə Fondun fəaliyyətinə işıq tutmağa çalışıb.

Mübariz Göyüşlü — Vikipediya

Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü  YAŞAT Fondunun yaradılmasını vaxtında və düzgün atılmış bir addım hesab edir: “Bu gün üçün Fondun fəaliyyətini qənaətbəxş hesab etmək olar. Bundan ötrü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva təşəkkür edirəm. Biz 30 ildən sonra bu qalibiyyət, sevinc hissini şəhidlərimizin, qazilərimizin sayəsində yaşaya bildik. Onlar torpaqlarımızı azad etdi. Bu gün biz onların sayəsində başıdik gəzə bilirik. Bu mənada YAŞAT Fondunun görməli olduğu və gördüyü işlər çox müqəddəsdir”.

 

“Onlar çox həssas bir təbəqə ilə işləməlidirlər, işləyirlər. Mən onların hər addımlarını izləyirəm, fəailiyyətlərindən xəbərdaram. Bu gün üçün deyə bilərəm ki, aparılan işlərin ahəngi normaldır. Lakin hələlik gözləntilərimizin hamısı doğrulmayıb, gözləntilərimiz daha çoxdur, çünki şəhidlərimiz və qazilərimiz daha yüksək diqqətə layiqdirlər. Biz YAŞAT, eləcə də digər fondlardan, habelə hər birimizdən qazi və şahid ailələrinə qarşı daha çox diqqət umuruq, onların problemlərinin həllinə qarşı daha tələbkar yanaşırıq”, - həmsöhbətimiz bildirib.

 

Göyüşlünün fikrincə, YAŞAT Fondu ictimai şəxslərlə fəaliyyətini bir qədər də genişləndirməlidir: “Mən YAŞAT Fondu əməkdaşlarına göstərdikləri xidmətə görə təşəkkür edirəm. Eyni zamanda düşünürəm ki, YAŞAT Fondu ictimaiyyətlə işini bir az da genişləndirməlidir. Aktiv QHT-lərlə, fəal ictimai şəxslərlə fəailiyyətini bir az da artırmalıdır. Onlarla daha çox əlaqə saxlamlıdırlar. Məlumatlar yayılır ki, filan yerdə qazimiz baxımsız qalıb, ona diqqət yetirən yoxdur və ya haradasa şəhid ailəsi diqqətdən kənar qalıb və s. Bu məsələlər dövlətimizi gözdən salmaq istəyən bir sıra quruplar tərəfindən internetdə geniş şəkildə tirajlanır. Bundan dövlətə, dövlətçiliyə qarşı təbliğatda istifadə olunur. Bir çox məqamlarda YAŞAT Fondunun nümayəndələri məsələlərdən xəbərsiz qalırlar. Görünür ki, onlar məlumat əldə etmək baxımından daha geniş şəbəkələşmə qura bilməyiblər”.

 

“Düzdür, onlar deyirlər ki, hər rayonda təmsilçiləri var, texniki imkanlarla təchiz ediblər ki, bu qrupa daxil olan şəxsləri onlara təqdim edə bilsinlər və s. Lakin bu cür dediyim kimi, şəhid və qazi ailələri ilə bağlı narahatedici məlumatların yayılması göstərir ki, YAŞAT Fondu ictimaiyyətlə geniş əlaqəsini tam olaraq mükəmməl şəkildə qura bilməyib. Onların siyahısında olan şəxslərə yardım etmələri, haradasa yetərli sayıla bilər, amma ictimaiyyətlə əlaqəni daha da yaxşılaşdırmaları lazımdır. Bu, onların apardıqları işi daha səmərəli həyata keçirmələrinə kömək edəcək. Mən hesab edirəm ki, Fond təmsilçiləri bizim bu çağırışımızı eşidəcəklər və bu istiqamətdə də işlərini artıracaqlar. Bütün bunlar bizim cəmiyyətin Fonddan gözləntilərini tam olaraq doğrultmuş olacaq”, - deyə ekspert vurğulayıb.

Elyar İslamoğlu: “Bu personaj bayram şənliklərinə rəngarənglik gətirir”

AMEA Folklor İnstitutunun aparıcı ekmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, eyni zamanda şəhid qardaşı ekspert Elyar İslamoğlunun sözlərinə görə, təkcə YAŞAT Fondu yox, digər qurumlar da qazi və şəhid ailələrinə dəstək olmalıdır: “YAŞAT Fondunun fəailiyyətini yaxından izləyirəm. Həm Türkiyəyə göndərdikləri, həm də ölkə daxilində müalicəyə ehtiyacı olan qazilərə edilən köməklikləri sosial media hesablarından da paylaşırlar. Mən bir dəfə efirdən də demişəm, yaxşı olar ki, təkcə YAŞAT Fondu yox, digər qurumlar da bizim qazi və şəhid ailələrinə dəstək olsunlar. Çünki bu, təkcə YAŞAT Fondunun öhdəsindən gələcəyi bir iş deyil”.

 

“Bu gün 3 minə yaxın şəhidimiz, 8 mindən artıq yaralımız, heç bir yara almasa da, travma almış hərbçilərimiz var. Ona görə də nəinki YAŞAT Fondu, eləcə də digər qurumlar, idarələr, təhsil müəssisələri belə, nəsə etməyə çalışmalıdır. Ən azından, hər qurum bir neçə şəhid və ya qazi ailəsini himayəsinə götürsə, onların ehtiyacı ilə maraqlansa, mənə elə gəlir ki, qısa zamanda bütün problemlərin öhdəsindən gəlmək mümkün olacaq”, - müsahibimiz deyib.

 

“YAŞAT Fondu yeni yaranmış bir qurumdur, onun elə bir imkanı yoxdur ki, 3 min şəhid ailəsinin hər birinin evində olsun, onlarla qısa zamanda maraqlana bilsin. Təbii ki, bu da zaman tələb edir. Ola bilər ki, bu proses bir neçə ayı əhatə etsin və ya bir ilə qədər uzansın. Bu zaman da hansı şəhid ailəsinə gec gedilirsə, problemi ilə gec maraqlanılırsa, ya sosial şəbəkədə ictimailəşəcək, ya da narazılıq yaranacaq. Bu narazılığın qarşısını almaq üçün digər bütün qurumlar da YAŞAT Fonduna dəstək olmalı, ən azından qurumların hərəsi bir neçə şəhid və ya qazi ailəsini himayəsinə götürməli, onların problemləri ilə maraqlanmalıdır. Bəzən elə olur ki, ailənin problemi kiçik də olsa, ailə o qədər imkansız olur ki, o problemin öhdəsindən gələ bilmir”, - deyə ekspert fikrini davam etdirib. 

 

İslamoğlu ümid edir ki, YAŞAT Fondu özünü doğruldar, şəffaf fəaliyyət göstərər: “Çünki əvvəlki yaradılan yardım fondları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəailiyyəti göz qabağındadır. Onlar, hətta əlillik dərəcəsinin verilməsini belə, düzgün yerinə yetirə bilmirlər. Tez-tez sosial şəbəkədə bununla bağlı narazılıqları görürük”.

 

Ekspert, həmçinin YAŞAT Fondunun onların ailəsi ilə də əlaqə saxladığını əlavə edib: “YAŞAT Fondundan mənimlə də əlaqə saxlayıblar. Qardaşımın varisi anamdır. Yas mərasimi orada davam etdiyinə görə hazırda anam Naxçıvandadır. Yəqin ki, Bakıya qayıdandan sonra YAŞAT Fondu bizimlə də görüşəcək”.

Müəllif: Aləmdə Nəsib      9 Mart 2021 19:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin