Əsas səhifə Haqqımızda Xəbər lenti

Bələdiyyələrdən xəbərdarlıqlar gəlir: “Ay ev yiyəsi...”

Bələdiyyələrdən xəbərdarlıqlar gəlir:       “Ay ev yiyəsi...”

Vətəndaşların əmlak vergisinə yanaşması birmənalı deyil – ödəyən də var, qəbul etməyən də

 

Yerli bələdiyyələr evlərə xüsusi bildirişlər ünvanlayaraq, sakinlərdən əmlak vergisi ödəmələrini tələb edir, əks halda məhkəmə ilə hədələyir. Təbii ki, yaşadığın evin əmlak vergisini ödəmək tələbində təəccüblü heç bir şey yoxdur. Bu məsələ qanunvericiliklə tənzimlənir.

 

Lakin burada mübahisəli məqamlar da mövcuddur. Məsələn, belə bildirişlər bəzən həm çıxarışsız (“kupça”), həm də, ümumiyyətlə tam sənədsiz evlərə də gəlir. Bu isə vətəndaşları çaş-baş salır. Həmin əmlak üzərində vətəndaşın hüququ yoxdur, amma bələdiyyə əmlak vergisi tələb edir. Bəzən yaşadığı ərazidə bələdiyyənin mövcudluğundan xəbəri belə, olmayan sakin də bu quruma pul ödəməkdən imtina edir.

 

Xatırladaq ki, 2015-ci il yanvarın 1-dən qanunvericlikdə, vətəndaşların əmlak vergisi ödəməsi barədə müddəa qüvvəyə minib. Əmlak vergisi mənzilin 30 kv.metr-dən artıq hissəsinə görə hesablanır. Bu zaman hər kv.metrə görə Bakı şəhəri üçün 0.40 qəpik hesablanır. Mənzil mərkəzdə deyil, kənardadırsa, bu məbləğ əmsala görə hesablanır.

 

Vətəndaşlar əmlak vergisi barədə məlumatlıdırmı və belə bir vergi ödəyirlərmi? AYNA bu yöndə sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib. Beləliklə:

 

Tural Hüseynzadə: “Ödəyirəm. Məbləğ hər mənzilin kv.metrinə görə dəyişir. Əgər ödənilməzsə, cərimə tətbiq oluna bilər. Vergi Məcələsinin 59-cu maddəsinə baxa bilərsiniz”.

 

Azər Həsrət: “Mən ödəmirəm. Çünki neçə ildir Xətai bələdiyyəsi bizim evə bizə dəxli olmayan bir adamın adına xəbərdarlıq gətirir. Biz də onu zibil qabına atıb işi qapadırıq. Ümumiyyətlə isə, bələdiyyə yox kimidir”.

 

Rumiyyə Miraslan: “Baxmayaraq ki, evimizin "kupçası" yoxdur, bələdiyyəyə torpaq və əmlak vergisi ödəyirəm. Sənəd olmadığı üçün ödəməyə də bilərdim. Məbləğ isə evin və torpağın sahəsinə görə müəyyən edilib. İllik heç yüz manat tutmur”.

 

Pərvin Hikmət Əfəndi: “Hələ ödəməmişəm, amma lazımdır”.

 

Elşad Əlili: “Məncə, qanuni vergi deyil”.

 

Nəsimi Əbilov: “Əmlak vergisi ödənilmir bizdə. Səbəb mülkiyyətçinin yaşlı təqaüdçü olması ilə bağlıdır”.

 

Kamran Əsədov: “Mən hər il ödəyirəm - 460 manat. 2020-də gəlmişdilər, vermədim. Çünki pandemiya dövründə bu vergidən azad olunduq. Amma Nərimanov bələdiyyəsi gəlib almaq istəyirdi, sağ olsun, 195-ə zəng etdim, həll etdilər. Belə də hər il davamlı olaraq ödəyirəm. Mən ümumiyyətlə, bütün vergi öhdəliklərimi vaxtında yerinə yetirirəm. Lakin düşünürəm ki, ödədiyim vergiyə görə pandemiya dövründə lazimi dəstəyi ala bilmədim. Ona görə də, bu tipli vergiləri əsassız hesab edirəm”.

 

Ruslan Eldaroğlu: “Bələdiyyə gəlir. Həyət evlərinin problemlərini göstərirəm. Deyirəm, get, düzəlt gəl. Bu qədər”.

 

Vüsal Tağıbəyli: “Səbail rayonunda (Jurnalistlər binasında) yaşayıram, 2 otaqlı mənzil üçün illik 14 manat 53 qəpik bələdiyyə vergisi ödəyirəm”.

 

Asif Mərzili: “Bəli. Nizami (Bakı) bələdiyyəsi ardarda zəng edir ki, əmlak vergisi ödəyin. Dəfələrlə deyirəm ki, mən bələdiyyənin sədrini tanımıramsa, niyə onun sədri olduğu quruma pul ödəyim? Əmlak vergisi bələdiyyələrin deyil, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycanda bələdiyyə deyəndə avara adam göz önünə gəlir. Mən hər il 36 manat ödəyirəm, onu da zənglərdən bezib ödəyirəm. Düzdür, qanunda belə yazılıb. Amma qanunla imici-nüfuzu olmayan bələdiyyənin deyil, birbaşa vergi olaraq büdcənin hansısa hesabına ödənilməlidir”.

 

Esmar İsmayılova: “Bizdə bina evidir. Evin kvadratına görədir ödəniş - ildə 1 dəfə 30 manat ödəyirik”.

 

Elşad Allahverdiyev: “Məndə mənzilin sahəsi 45 kv.metrdir. Hər ilə 15 manat ödəyirəm. Bu əmlak vergisi yaşadığınız ərazinin əmsalına görə hesablanır”.

 

Ded Ektif: “Mən ödəyirəm - həm əmlak, həm torpaq vergisi. İkisi bir yerdə illik cəmi 48 manat təşkil edir. 150 kv.metrdən 30 kvadrat çıxıb, vururam 40 qəpiyə”.

Müəllif: Ülviyyə Şahin      9 Mart 2021 13:15
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin