Əsas səhifə Haqqımızda Xəbər lenti

Geriyə boylanan arzular

Geriyə boylanan arzular

Əgər bir şey mövcuddursa və ona ehtiyacın varsa, o, yalnız sənin olmalıdır – bütün mübarizələrimizin tək şərti budur

 

Uşaqlığı məhrumiyyətlərlə keçənlərin gördüyü hər şeyin "kaş, mənim də olaydı" kimi tükənməz və reallaşmayan arzuları olur. Başqasının oyuncaqları, topu, onlara aid paltarlar, məktəbli çantasının heç birində gözün qalmır, ancaq məhz sənin də eynisindən, heç deyilsə, oxşarından, bir az da ucuzundan olmasını bütün qəlbinlə istəyirsən. Varlı atan olsun istəyirsən, amma başqalarının valideynlərinin zənginliyinə ikrah hiss etməzsən. Arzulayırsan, üzbəüz qonşu uşağın velosipedindən səndə də olsun, lakin onun velosipeddən yıxılıb dizinin qanamasına heç vaxt sevinməzsən. İsti yay gecələrində xəyal qurarsan ki, tez böyüyüb, tanınmış, varlı insanlardan biri də sən olasan, lakin həsəd apardığın həmin mülkədarların müflisləşməsini istəməzsən.

 

Bir az böyüyürsən, bığ yerin tərləyir, ya da saçların uzanıb kürəyini örtəndə baxırsan ki, həyatdan umduğun şeylər də səninlə bərabər böyüyüb. Valideynlərin yaşlanıb, böyük qardaşın məktəbi bitirib, indi tələbədir, ailədə boyu sevilən təkcə sən qalmısan. Eviniz də böyüyüb, bir az da dəyişib, lap sənin üz cizgilərin kimi.

 

Babanın əsrin ortalarında asdığı kirəmit dam örtüyü Günəşin parlaq şüaları altında göz qamaşdıran polad lövhələrlə əvəzlənib. Evin ön tərəfinə indi iki əlavə otaq da söykənib, onlardan birinə sən təzəcə köçübsən, içində ayrıca çarpayın, yazı masan, bir də məktəb kitablarının olduğu balaca, ancaq olduqca sakit, hüzurlu bir otağın var.

 

Ancaq arxaya baxanda qarşılaşdığın mənzərə səni məyus edir: evinizin dəyişməsi, şəxsi otağın, qardaşının tələbə olması, valideynlərinin yaşlanması – bütün bunların hamısı sənin iradən xaricində, zamanın tələbi ilə indiki halına gəlib çıxıb. İllər öncə arzuladıqlarının heç biri isə bu şeylərin arasında yoxdur. Nə hər dəfə qonşuya getdikcə həsrətlə tamaşa etdiyin, toxunmağa belə, icazə istədiyin oyuncaqlar, birlikdə oynamaq üçün saatlarla dil tökdüyün yekəqarın varlı qonşunun çəlimsiz oğlunun topu, nə hər mövsüm üçün ayrıca təzə paltarlar, nə də məktəbli çantası - heç biri yoxdur. Hansı ki, bunlar indi sənə lazımdırmı? Böyüyərkən uşaqlığına verdiyin suallar həmişə cavabsız qalacaq.

 

Zaman sən istədiyindən sürətlə keçib, böyümüsən. Artıq həmin arzuların ya təmiz unudulub, ya da ölüb torpağa qarışıblar. Dəfn etdiyin hər şey ağrılı olsa da, hüzur verir. Anlayırsan ki, əslində, indiyə qədər hiss etdiklərin, istədiklərin arzular deyil, çəkdiyin mərhumiyyətlərə qarşı vücudunda yaranan fiziki immunitet imiş. Onlar bir istək, xəyal deyilmiş, onlar ehtiyac imiş, məhv olmayasan deyə səni yaradan təbiətin qarşısına qoyduğun ədalətli tələb imiş.

 

Əsl arzular isə uşaqlığının ən ağılsız istəyinə - tez böyümək xəyalına qovuşduğundan sonra doğulmağa başlayır. Ancaq bundan da əvvəl aşmalı olduğun daha bir hasar var. Hüceyrələrin böyüdükcə bədənin tələblərinin artmasını arzuyla əlaqələndirirsən. İlk məhəbbətin ürəyinə qor basanda qəlbində şaxə qalxan həvəslərin yükünü daşımaqdan şikayətlənirsən. Saf məhəbbətin dərinliklərində boğulduğun an birdən gəncliyinin qayğılı ləpələri qolundan tutub səni sahilə çıxardır.

 

Bax elə onda dərk edirsən ki, əslində yeniyetməlik uşaqlığından yola düşüb qalan, ağlaya bilmədiyin sonuncu göz yaşlarındır. Ürəyini titrədən, eşq adlandırdığın iztirablar isə təzəcə formalaşmaqda olan vücudunun ilk ehtiyacları, birinci şəhvət hissləridir.

How does COVID-19 affect kids? Science has answers and gaps

Gənclik ömrümüzün bitməsini istəmədiyimiz yeganə çağıdır. Yüksək dağların zirvələrindən duman əskik olmayan kimi, həyatımız boyunca qoynumuzda silinməyən arzu mürgüləyir: həmişə tər çiçəklər kimi təravətli, təzə, palıd kimi möhkəm, məğrur, çinar kimi uca, vüqarlı, bütün bu qiymətli canlıları yaradan ulu təbiət kimi ölməz, əbədi olmaq, əbədiyyət arzusu!

 

İnsanıq həm də. Bədənimiz təkamülə uğrasa da, simamız dəyişsə də, şüurumuz artsa da, insanlıqdan çıxa bilmirik. Niyyətlərimizə görə arzularımız, hisslərimizə görə əməllərimiz yaranır. Başa düşürük ki, əslində, bu xəyalların, arzuların arxasında bütün beynimiz, qəlbimiz yatır. Onların duyduğu, düşündüyü hər şey bizi dünyaya gətirir, böyüdür, idarə edir və öldürür.

 

Böyümüşük artıq, boyumuz, özümüzə məxsus görkəmimiz var. İstəyirik, cəmiyyətdə mövqeyimiz də olsun ki, insan olaq. Ancaq indiki arzular uşaqlıq arzularından fərqlənir. Əgər uşaqlıqda həsəd apardığımız şeylərin bizdə də olmasını istəyirdiksə, indi yalnız bizə məxsusluğu üçün döyüşürük. Bununçün hər cür riyakarlıqdan tutmuş elmə, istedad və bacarıqlara kimi əl atırıq. Həqiqətsə ölümə tərəf axıb gedir.

 

Qəfildən əsl məhəbbət yolunu kəsir, başlayır səndən indiyə qədər keçdiyin bütün sınaqların son imtahanını götürməyə. Oxumadığın bir kitabı başqasından oğurlamağın vaxtı çatıb. İçində yazılanlar bəlli, ancaq öyrənməkçün açıb oxumağın mütləqdir: əgər bir şey mövcuddursa və ona ehtiyacın varsa, o, yalnız sənin olmalıdır – bütün mübarizələrimizin tək şərti budur.

 

Başqasının bağına girib yetişməmiş meyvələri oğurladığın uşaqlıq çağlarını xatırlayırsan. Onda çəpərlər məftilsiz, qonşu bağı qoruqsuz idi. İndi isə orada bir səadət mürgüləyir - bir zamanlar gecikdiyin, gecikəndən sonra tələsdiyin səadət. Bütün uğurlarının, xoşbəxtliyinin başqasının uğursuzluqları, bədbəxtliyində gizləndiyini anlamaq nə qədər əzablıdır. Bir tərəfdə vaxtı bitmək üzrə olan imtahan, digər tərəfdə tükənməz səadət...

 

Xəzər Əlizadə,

xüsusi olaraq AYNA üçün

Müəllif: Ayna.az      9 Mart 2021 23:11
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin