Əsas səhifə Haqqımızda Xəbər lenti

Dövlət Gömrük Komitəsi ittihamlara cavab verib

Dövlət Gömrük Komitəsi ittihamlara cavab verib

“Masallıda vətəndaşların qəbulu prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb”

 

Dövlət Gömrük Komitəsi (DGK) ötən gün bəzi media qurumlarında yayılmış məlumatla bağlı açıqlama yayıb. DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya daxil olan məlumatda deyilir:

 

“Dövlət Gömrük Komitəsi, onun rəhbərliyi və əməkdaşları haqqında hər hansı fakta əsaslanmadan mütəmadi olaraq qaralama kampaniyası aparan, gömrük orqanlarının fəaliyyətinə kölgə düşürməyə çalışan bəzi dırnaqarası media qurumları bu dəfə də Komitə sədrinin avqustun 30-da Masallıda vətəndaşların qəbulu prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayımlayıblar.

 

İddiaya görə izdihamın müşahidə olunduğu qəbul prosesi sona qədər aparılmayıb və bu barədə vətəndaşlara açıqlama verilməyib.

 

Xatırladaq ki, avqustun 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Masallı şəhərində vətəndaşların müraciətlərini dinləyib.

 

Ümumilikdə 17 nəfər Komitə sədri ilə görüşüb və gömrük məsələləri ilə bağlı bütün müraciətlər dinlənilərək qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi rəhbərliyinin şəhər və rayonlarda vətəndaşları qəbulu barədə Komitənin rəsmi internet səhifəsində, kütləvi informasiya vasitələrində dəfələrlə verilən açıqlamalarda yalnız gömrük məsələləri ilə bağlı müraciətlərin dinləniləcəyi bildirilib, gömrük orqanlarında xidmətə qəbul və xidmətə bərpa məsələləri ilə bağlı birbaşa Komitənin aparatına müraciət etmək tövsiyə olunub.

 

Buna baxmayaraq bəzən vətəndaşlar gömrük orqanlarının səlahiyyəti xaricində olan, hətta məişət məsələləri ilə bağlı Komitə rəhbərliyinə müraciət edirlər.

 

Gömrük orqanlarında xidmətə qəbul üçün Komitə rəhbərliyi ilə görüşmək istəyən vətəndaşlara aidiyyəti struktur bölmələrin nümyəndələri tərəfindən müvafiq açıqlamalar verilərək bildirilib ki, xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında həyata keçirilir. Test üsulu ilə yazılı imtahan və müsahibədən ibarət müsabiqədə iştirak etmək istəyənlərə Komitənin İnsan Resursları İdarəsinə müraciət etmək tövsiyə olunub.

 

Qəbul zamanı izdihamın yaşanması, prosesin başa çatdırılmaması, sahibkarların müraciətlərinə baxılmaması ilə bağlı iddialar isə gömrük sistemində həyata keçirilən islahatlardan və həmin yeniliklərin dövlətə, ölkə vətəndaşlarına verdiyi faydalardan narahat olan dairələrin və şəxslərin anormal təfəkkürünün məhsuludur”.

Müəllif: Ayna.az      31 Avqust 2019 18:16
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin