Əsas səhifə Haqqımızda Xəbər lenti

“Kreml deyəcək ki, heç nə etməmişik, heç nə bilmirik, hamısı böhtandır” - İNOZEMTSEV

“Kreml deyəcək ki, heç nə etməmişik, heç nə bilmirik, hamısı böhtandır” -       İNOZEMTSEV

Rusiyalı ekspert: “Həqiqət anı bu ilin iyun ayında yetişəcək: amerikalılar sanksiya məsələsində ya daha irəli getməli olacaqlar, ya da…”

 

Dövlət Departamenti ABŞ-ın Rusiyaya fövqəladə humanitar yardım xaricində hər hansı bir yardım verməyəcəyinə dair bir açıqlama verdi. Dövlət Departamentinin bu açıqlaması, rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə, Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə əlaqədardır.

 

Sənəddə ABŞ-ın Rusiyaya hər cür silah ixracatını dayandırdığı və Rusiyanın iştirakı ilə hərbi proqramların maliyyələşdirilməsinə son verildiyi elan edilir. Bəyanatda, Vaşinqtonun Rusiyaya hər hansı bir kredit və maliyyə zəmanəti verməməklə yanaşı, digər maliyyə proqramlarını dəstəkləməkdən imtina edəcəyi də qeyd olunur.

 

Sanksiyalar, ən azı bir il davam edəcək. Məhdudiyyətlər, yalnız Rusiya öz vətəndaşlarına qarşı ölümcül kimyəvi və ya bioloji silah istifadə etməyəcəyinə dair zəmanət verdikdən və bu silahların istehsalını dayandırdıqdan, BMT-yə və beynəlxalq səviyyədə tanınmış digər qərəzsiz müşahidəçilərin yoxlamalar aparmasına icazə verməyə hazır olduqlarını və kimyəvi silahdan istifadə edilən hər kəsə kompensasiya verdikdən sonra ləğv ediləcək.

 

Bu yeni sanksiyaların Rusiyanın hakim təbəqəsinin vəziyyətinə necə təsir edəcəyi çox maraqlıdır. Sənəddə göstərilənlər Rusiya Federasiyasının həyati əhəmiyyətli sahələrinə nə qədər mənfi təsir edəcək? Yəni sual olunur ki, ümumiyyətlə, bu məhdudiyyətlər nə qədər təsirli və güclü olacaq? Onlar Putin rejimini siyasi zəhərlənmələr məsələsində geri çəkilməyə məcbur edə bilərmi?

Məhkəmə Navalnının şikayətinə baxıb

Xatırladaq ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnıya qarşı belə bir cinayət üzündən, ABŞ 7 rus məmuru və 14 hüquqi şəxsə məhdudiyyət tətbiq edib. Navalnının zəhərlənməsi ilə əlaqədar olaraq, Rusiya rəsmilərinə qarşı Avropa Birliyi (AB) tərəfindən də sanksiyalar tətbiq edilib.

 

Rusiyalı siyasətçi, iqtisad elmləri doktoru, sosioloq Vladislav İnozemtsev baş verənləri AYNA-ya belə şərh edib:

 

“Həqiqətən, ABŞ Dövlət Departamentinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməsi barədə açıqlaması Moskvada gözlənilən idi və müəyyən qorxu və səbirsizliklə gözlənilirdi. Bu sanksiyaların nə ilə nəticələnəcəyi ilə bağlı çox fərqli proqnozlar var idi. Ancaq bu gün üçün iki məqamı qeyd etmək olar. Dövlət Departamenti tərəfindən açıqlanan məsələlər Rusiya üçün ciddi bir problem deyil, çünki söhbət, əlbəttə ki, ABŞ-da mülkiyyəti və pulları olmayan və fərd olaraq oraya heç zaman səyahət etməyən şəxslərdən gedir.

Image result for Vladislav İnozemtsev

Sanksiyaların iqtisadi hissəsinə gəlincə, ümumiyyətlə, iki səbəbdən təhlükəli görünmür. Bir tərəfdən, Rusiyanın bir neçə müdafiə sahəsində tədqiqatlar aparan institutunun sanksiyalara məruz qaldığını görürük. Əlbəttə ki, bu institutlar amerikalılarla, onsuz da əməkdaşlıq etmirdi. Bəlkə də, orada bəzi Amerika itehsalı olan avadanlıqlar var, amma bu, ciddi və vacib deyil.

 

Silah satışındakı məhdudiyyətlərə və Rusiyaya maliyyələşdirmə və yardım məhdudiyyətlərinə gəlincə, bunlar da sadə bir səbəbdən çox əhəmiyyət kəsb etmir. Məsələn, “Eksimbank”-ın (ABŞ-ın beynəlxalq ticarət bankı) məhdudiyyətlərinə baxsaq, o zaman bu bankın Rusiyaya verdiyi son kredit 2004-cü ilə aiddir. 2014-cü ildə, Ukraynaya qarşı təcavüzdən sonra, bank İdarə Heyəti səviyyəsində, Rusiya Federasiyası ilə əməkdaşlıq etməməyə qərar verdi. Yəni bu vəziyyətdə, əslində, onsuz da mövcud faktiki məhdudiyyətlərin təkrarlanmasından və dövlətlərarası münasibətlər səviyyəsinə gətirilməsindən danışırıq.

 

Digər tərəfdən, yeni qəbul edilmiş sanksiyalarda, əlbəttə ki, Rusiya siyasətinə və Rusiyanın Qərblə münasibətlərinə ciddi təsir göstərə biləcək əhəmiyyətli bir məqam var. Əsas məsələ ABŞ-ın bu məhdudiyyətləri kimyəvi silah istifadəsi ilə əlaqədar mümkün sanksiyaların ilk hissəsi kimi tətbiq etməsidir. Qəti şəkildə prosedura uyğun gediriksə, onda 3 ay ərzində bu sanksiyalar BMT səviyyəsinə gedib çıxmalıdır və Rusiya yalnız bir halda bunun qarşısını ala bilər: kimyəvi silah istifadə etdiyini etiraf etməli, daha istifadə etməyəcəyinə zəmanət verməli, istehsal obyektləri üzərində beynəlxalq nəzarət üçün şərait yaratmalı və müvafiq olaraq bu silahların istifadə olunduğu şəxslərə təzminat verməli və üzr istəməlidir.

 

Bu variantlardan heç biri, məncə, Moskvaya tamamilə uyğun gəlmir. Belə bir üzrxahlıq mümkün deyil. Rusiya 2017-ci ildə bütün kimyəvi silah ehtiyatlarını tamamilə məhv etdiyini açıqlamışdı. Buna görə də düşünürəm ki, Kreml bu məsələdə çox möhkəm dayanacaq – deyəcəklər ki, “heç nə etməmişik, heç nə bilmirik, hamısı böhtandır”. Və sonra, əlbəttə ki, həqiqət anı, müvafiq olaraq, bu ilin iyun ayında yetişəcək: amerikalılar sanksiya məsələsində ya daha irəli getməli olacaqlar, ya da birtəhər səssizcə bu məsələnin yatması variantını seçəcəklər. Düşünürəm ki, indi açılmağa başlayan bu süjet çox diqqətə layiqdir, çünki bu gün yayın əvvəlində nələrin olacağını təxmin etmək, demək olar ki, mümkün deyil”.

Müəllif: Rauf Orucov      6 Mart 2021 14:18
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin