Əsas səhifə Haqqımızda Xəbər lenti

Həyatımın ən keçilməz acısı – QUBADLI

Həyatımın ən keçilməz acısı –     QUBADLI

Dünyadan hər köçən özü ilə bir Qubadlı nisgili apardı

 

Ən çətin yazıdır bu. Gözünü bir nöqtəyə dikəsən, o nöqtədən sonsuzluq içindən az qala bütün həyatın gəlib-keçə, amma o xatirələri gözlərin önündə canlandırdıqlarına layiq bir söz tapmayasan. Bunun üçün çətindir yazmaq.

 

Qubadlıdan olan həmyerlilərimlə daha çox yas mərasimlərində görüşürük. Bir də baxdım ki, yas yerlərinə getməkdən də yorulmuşam. Yaxından-uzaqdan tanıdığım nə qədər insan köçdü bu dünyadan. Dünyadan hər köçən özü ilə bir Qubadlı nisgili apardı, hər insan bu həyatdan getdikcə o torpaqlar bir az da öldü.

 

Mən yoruldum… Can cövhərim tən qutusunda məhbus qaldıqca yoruldum.

 

Çarəsizlik nədir, dedilər, bilirsənmi? Bir şeyi bilməkdən ilk dəfə nifrət etdim, dedim…

 

Əvvəllər doğulub, böyüdüyüm yerləri yuxumda gördükcə dəli kimi oyanırdım. Yuxularda itirdiyim yurdumun peşmanlığını oyandığım andan növbəti gecəyədək daşıyırdım.

 

Yaş ötdükcə insanlar arasında sərsəm kimi gəzirəm. Bir insanın ölənlərə həsəd apardığını gördünüzmü? Mən həsəd aparıram, o karvana qoşulub getdilər, mən qaldım deyə. “Bir gözyaşı düşər torpağa, torpaq anlar insanı. İnsan anlamaz…”

 

Qubadlının görüntülərinə baxıram hərdən. O görüntülərdə bir mənzərə var – Ermənistanla sərhəd ərazidən rayon mərkəzinə bir yol enir. O yol bizim məhləyə yaxınlaşdıqca həyəcanla evimizi axtarıram. Bilirəm, evimiz görünməyəcək. Hər dəfə uşaq sadəlövhülüyü ilə axtarıram evimizi, görə biləcəyimin ümidi ilə.

 

İtirdiyim bu illər içində enib-qalxdığım o qədər çağlar oldu. On birinci mərtəbəyəcən qalxdım. O mərtəbədən evimə qərib-qərib baxdıqca daha çox qəlbimi parçaladı yurd itkisi. Bir də baxdım keçmişlə yaşayıram, bu günüm yox, sabahım şübhəli. Buna yaşamaq deyirlərsə…

 

Bir il də gəldi dərdimizin üstünə. Qubadlının işğal tarixi ilə illəri saymağa başlamışıq. 26 olur avqustun 31-də…

 

Qubadlı mənim məsumluğumun yurd yeri idi. Qubadlı o yerdə qazandığım ən böyük dəyərin beşiyi idi. Həyatımda ilk yerdə dayanan o dəyəri illər sonra Qubadlını itirdiyim kimi itirdim.

 

Doğma yurdumuza qayıtmaq ümidini itirməmək arzusu ilə...

 

Rəsul Mirhəşimli

Müəllif: Ayna.az      31 Avqust 2019 15:57
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin