Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda daha bir marşrutda gedişhaqqı kartla ödəniləcək

Bakıda daha bir marşrutda gedişhaqqı kartla ödəniləcək

Sabahdan 64 nömrəli marşrut xətti üzrə avtobuslarda gediş haqqı “BakıKart”la ödəniləcək

 

Martın 5-dən 64 nömrəli marşrut xətti (“Neftçilər” metro stansiyası – Yeni Günəşli qəsəbəsi (D yaşayış massivi) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bununla da gün ərzində orta hesabla 13 min nəfərdən çox sərnişinin rahat daşınması təmin olunacaq.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) AYNA-ya verilən məlumata görə, sərnişinlərin rahatlığı nəzərə alınaraq Yeni Günəşli qəsəbəsi üzrə zəruri ərazilərdə “BakıKart”ın balansını artırmaq üçün ümumilikdə 5 ədəd ödəmə POS-terminalı qoyulacaq.

 

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

 

Qeyd edilib ki, bütün digər xidmət sahələrində olduğu kimi sərnişindaşımalarda da nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq son 5 ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 48 faizi nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 590 min nəfərədək sərnişinin (ümumi sərnişinlərin 33 faizi) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

 

Nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırılması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərir.

Müəllif: Ayna.az      4 Mart 2021 17:23
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin