Əsas səhifə Haqqımızda Xəbər lenti

Könüllü-məcburi aksiya, dəyərlər və “şirinlik” haqda bəyannamə - 8 MART

Könüllü-məcburi aksiya, dəyərlər və “şirinlik” haqda bəyannamə -       8 MART

“Şagird istədiyi müəllimə hər hansı özəl gün münasibətilə hədiyyə edə, sevgisini göstərə bilər, amma müəllim bu balansı elə gözləməlidir ki...”

 

Təhsil Nazirliyi ənənəsinə sadiq qalaraq, bu il də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərdə valideyn və şagirdlərdən pul yığılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Nazirlikdən verilən açıqlamada deyilir: “Bayram münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə, cəmiyyət olaraq birgə mübarizə aparmalı, dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq”.

 

Açıqlamaya əlavədə qeyd edilir ki, bu və ya digər hallarla bağlı qurumun “Qaynar xətt” xidmətinə (146-1) və yaxud [email protected] elektron poçt ünvanına anonim olmadan müraciət edilə bilər.

 

Açıqlamanın “Bayram münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə, cəmiyyət olaraq birgə mübarizə aparmalı...” hissəsi ilə razılaşmaq olar. Maraqlıdır ki, bəs, görəsən, burada “dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq” dedikdə, Nazirlik konkret olaraq hansı dəyərləri nəzərdə tutur? Bayramlaşmaq və... ?

 

Bayramlaşmaq gözəl ənənə, dünyanın dərd-sərindən ayrılmaq üçün bir bəhanədir. 8 Martı da bəhanə edib bayramlaşmaq, könülləri xoş etmək olar. Olmasına olur, amma hər il bağçaya gedən, məktəbli övladı olan bütün valideynlər üçün bu bayram heç də ürəkaçan gəlmir.

 

İstər bağça olsun, istərsə də məktəb - fərq etmir - qrupda və ya sinifdə hökmən bir valideyn olur ki, bayram yaxınlaşanda “müəllimi təbrik etmək lazımdır” deyərək digər valideynləri pul yığmağa səsləyir. Maddi vəziyyəti yaxşı olan valideynlər üçün o yığılan pullar, bəlkə də qəpik-quruş ola bilər, amma maddi baxımdan elə də imkanı olmayan üçün 20-50 manat da böyük puldur.

 

Valideyn isə uşağının təklənməməsi üçün yemək-içməklərindən kəsmək də olsa, bu kollektiv işə qoşulmağa özünü məcbur hiss edir. Etiraz edənlərin səsi də çox vaxt boğulur, “demaqoq” damğası vurulur.

 

“8 Marta pul yığılması haqqında bəyannamə”

 

Görünür, bu bayramı qiymətlərini düzəltmək, yüksək qiymət almaq istəyənlər arasında fürsətə çevirmək fikrində olanlar da az deyil. Belə ki, bu günlərdə sosial şəbəkədə “8 Marta pul yığılması haqqında bəyannamə” başlıqlı “Whatsapp” mesajı yayıldı. Mesajın ilk bəndindən məlum olur ki, şagird tərəfindən hazırlanıb.

No description available.

Pulun direktor və müəllim üçün yığıldığı deyilir, şagirdlərin sonuncu illəri olduğu vurğulanaraq, bu il bir az yüksək, yəni 100 manatdan yığmalı olduqları bəyan edilir. “Bəyannamə”də o da qeyd edilir ki, könlündən yaxşı qiymət keçənlər və ya 2-ci yarımildə qiymətlərini qaldırmaq istəyənlərin əli cibində olmalı, onlar bu “kollektiv iş”də daha fəal olmalıdırlar.

 

Yeniyetmə dərs oxumadan yaxşı qiymət almaq üçün özü qazanmadığı, əziyyətini çəkmədiyi pulla müəllimə şirinlik etmək fikrindədir. O, əmindir ki, bu yolla müəllimin qələminə hökm edə, istədiyi qiyməti yazdıra bilər. Ən acınacaqlısı isə odur ki, şagird bu addımı ilə elmə, biliyə olan yanaşmasını sərgiləyir və məlum olur ki, onun üçün önəmli olan qazandığı bilik yox, məhz yazılacaq qiymətdir. Bunun üçün isə o, müəllimə “şirinlik” etməyə də hazırdır.

 

“Qurunun oduna yaş da yanır”

 

Məktəblərimizdə bu ənənə illərdir davam edir. Kimi bunu rüşvət, kimi “şirinlik”, kimi də, sadəcə bayram hədiyyəsi adlandırır. İnsanlığa isə məlumdur ki, hədiyyə könüllü və könüldən qopan, gücün çatandan, qarşılıq gözləmədən edilir. Bağçalarda, məktəblərdə yaşanan bu xoşagəlməz hallar isə utancvericidir.

 

Bu, müəllim adının ləkələnməsi, xoşagəlməz ifadələrlə yanaşı işlənməsinə səbəb olur, onun cəmiyyətdə nüfuzunu aşağı salır. Atalar demiş, qurunun oduna yaş da yanır. Müəllim məvacibindən əlavə heç bir təmənnası olmadan, gecə-gündüz çalışan fədakarlar bu cür söz-söhbətlərdən inciyir, şagirdinin ürəyindən qoparaq aldığı bir dəstə gülü də min bir fikir içində qəbul etməyə tərəddüd edir, sıxılırlar.

 

Nəticə isə illərdir dəyişmir. Hər il bayramlarda təbrik adı ilə müəllimlər üçün pul yığılır və ya kimlərsə tərəfindən məcburi şəkildə yığdırılır. Söz-söhbətlər baş alıb gedir, müəllim adı bir ulduz daha itirir.

 

Bəs, görəsən, səbəb nədir? Niyə Azərbaycan müəllimi illərdir bu bəladan qurtula bilmir? Bir sıra insanların hesab etdiyi kimi, səbəb müəllim maaşının az olmasıdırmı?

 

“Pulun yığılması əxlaqi məsələdir”

 

Təhsil eksperti Elvin Bədirov AYNA-ya deyib ki, məktəblərdə əlamətdar günlərdə pul yığılması rüşvətdir və bununla bağlı bugünəcən görülən tədbirlər isə effektiv olmayıb: “Öncədən deyim ki, rüşvətin kiçiyi-böyüyü olmaz. Rüşvət illər boyu bizim təhsilimizə olmazın zərərlərini vurub, vurmaqda da davam edir. Xüsusi əlamətdar günlər ilə bağlı şagirdlərdən pulların yığılmasının da rüşvətdən başqa adı yoxdur, bununla mübarizə adı altında görülən tədbirlər isə bu günə qədər də effektiv olmayıb”.

No description available.

Ekspert hesab edir ki, bununla bağlı mübarizəni həm lokal səviyyədə məktəbdə, həm də ümumi səviyyədə bütün ölkədə aparmaq lazımdır: “Bu halların olmasının səbəbini hər nə ilə əlaqələndirilməsindən aslı olmayaraq, pulun yığılması yolverilməzdir. Şagirdlər istədiyi müəllimə hər hansı özəl gün münasibətilə hədiyyə edə, sevgisini və hörmətini göstərə bilər. Müəllim isə bu balansı elə gözləməlidir ki, sevgi məcburiyyətə çevrilib öz mənasından uzaqlaşmasın”.

 

“Məktəblərdə pulun yığılması əxlaqi məsələdir, şagirddən xüsusi hədiyyə və pul gözləmək də məhz bu xüsusiyyət ilə bağlıdır. Təəsüf ki, biz məktəblərimizdə mütəşəkkil formada pulların yığılıb direktorların, müavinlərin, sinif rəhbərlərinin "təbrik edilməsi" bəlasından tam olaraq qurtula bilməmişik. Bunun üçün mütləq təhsil cavabdehləri tərəfindən dəmir iradə göstərilməlidir”, - Bədirov bildirib.

 

“Əlbəttə ki, müəllimlərin əmək haqqının az olması müəyyən bir qism müəllimi də bu addıma loyal münasibət göstərməyə məcbur edə bilir. Ümid edirəm ki, ən qısa zamanda Azərbaycan müəllimi öz əmək haqqı hesabına bütün zəruri ehtiyaclarını qarşılayacaq və istənilən bir kənar vəsaitə ehtiyac duymadan həyatını tənzimləyəcək”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib      3 Mart 2021 21:06
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin