Əsas səhifə Haqqımızda Xəbər lenti

YAP-da qurultay gözləntisi: Amma tanınmış simaların xəbəri yoxdur

YAP-da qurultay gözləntisi: Amma tanınmış simaların xəbəri yoxdur

Saytın “Partiya xəbərləri” bölməsində sonuncu xəbər 25 fevral tarixində yerləşdirilib

 

Yerli mətbuatda yayılan məlumata görə, martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək. Qurultayda bir sıra vacib qərarların qəbul ediləcəyi gözlənilir. 

 

Bildirilir ki, partiyanın tərkibi yenilənəcək. Bir çox məşhur simaların partiyanın rəhbər orqanlarından uzaqlaşdırılacağı istisna edilmir.

 

AYNA xəbərin doğru olub-olmamasını araşdırıb. 

 

Hakim təşkilatın Beynəlxalq əlaqələr komissiyasının katibi, deputat Elman Nəsirov deyib ki, qurultayla bağlı məlumatsızdır: “Mən hazırda deputat seçildiyim Cəlilabad rayonundayam. Burada şəhid ailələri ilə, qazilərlə görüşlər keçirirəm, onların problemlərini dinləyirəm. Partiyamızın növbədənkənar qurultayı barədə mənə heç nə deyilməyib. Heç bir məlumatım olmadığına görə sizin sualınıza cavab verə bilməyəcəm. Qurultay keçirilsə, partiyanın Mətbuat Xidməti məlumat yayacaq”.

 

YAP Siyasi Şurasının üzvü, deputat Siyavuş Novruzov isə özünəməxsus cavab verib - “Mən iclasdayam, danışmağa vaxtım yoxdur”, - deyərək telefonu söndürüb.

 

Partiya Siyasi Şurasının daha bir üzvü, deputat Aydın Mirzəzadə sualımızı dinlədikdən sonra məsləhət verib: “Yaxşı olar ki, sualınızı partiyanın Mətbuat Xidmətinə ünvanlayasınız. Onlarla əlaqə saxlayın”.

 

YAP Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev isə aramsız zənglərimizə baxmayaraq, zəngimizə cavab vermədi.

 

Partiyanın xəbərlərini mütəmadi olaraq işıqlandıran qurumun rəsmi internet saytı “yap.org.az”-da da tədbirlə bağlı heç bir xəbərə rast gəlmədik. Saytın “Partiya xəbərləri” bölməsində sonuncu xəbər 25 fevral tarixində yerləşdirilib.

 

Qeyd edək ki, hakim partiyanın növbədənkənar ali tədbirinin keçiriləcəyi haqqında informasiyalar bir ildir ki, gəzir. Bir çox ictimai şəxslər bildirirlər ki, hakimiyyət son bir ildə kadr islahatlarını sürətləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların onun sədri olduğu YAP-dan da yan keçməyəcəyi söylənilir.

 

Xatırladaq ki, YAP-ın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.

Müəllif: Anar Bayramoğlu      2 Mart 2021 19:20
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin