Əsas səhifə Haqqımızda Xəbər lenti

Min illərin yol nişanı: “Həyatının qadınını tapmaq istəyirsənsə, irəli get” – FOTOLAR

Min illərin yol nişanı: “Həyatının qadınını tapmaq istəyirsənsə, irəli get” –         FOTOLAR

Tarixin ilklərini özündə daşıyan antik yunan şəhəri Efes haqda maraqlı faktlar

 

İzmir Türkiyənin ən qədim şəhərlərindən biridir. Türkiyəyə gedib İzmiri ziyarət etmək üçün hər cür şərait yaradılıb. İzmir eşq şəhəri olması ilə yanaşı, həm də Egey dənizinin qoynunda təmiz havası, əsrarəniz təbiəti, qədim tarixi və dinc ab-havası ilə qonaqlarını qarşılayır.

 

Biz də Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə #GoTürkiye, #OnlyInTürkiye, #ReTurkey, #SafeTourism, #ReadyAndSafeTürkiye, #SafeTourismTürkiye proqramı çərçivəsində Türkiyədə səfərdə olduğumuz müddət ərzində yolumuzun bir hissəsini İzmirdən saldıq. Həm də İzmirin döyünən ürəklərindən sayılan, şəhərdən 80 kilometrlik məsafədə Səlcuq şəhərində antik yunan şəhəri Efesi ziyarət elədik.

 

Bir neçə min il yaşı olan şəhərin, yarandığı gündən fərqli adları da olub. Şəhər əvvəllər dəniz sahilində yerləşib və buna görə də ticarət yollarının kəsişməsində dayanıb. Bu, şəhərin inkişafına və antik dövrün ən böyük meqapolislərindən birinə çevrilməsinə imkan verib. Nəticədə şəhəri xarab edən dəniz Efesi ticarətdən çəkib və şəhər tədricən viran olub.

 

Rəvayətə görə, Afina hökmdarı Codranın oğlu Androklus Delphic Oracledan yeni bir şəhər tapması üçün sifariş alıb. Yeni şəhər üçün yer ona od, balıq və çöl donuzu ilə göstərilməli idi. Androklus Egey dənizinin sahili boyunca “əlamətlər” axtarmağa başlayıb və gözəl bir körfəzin sahilinə gəlib, burada şəhər salınıb. Vəhşi qaban ona bir abidənin qoyulduğu şəhərin simvolu olub. Şəhərin inşası zamanı Androklus amazonlardan olan döyüşçü bir qəbilə ilə görüşməli imiş. Rəvayətə görə, amazon qadına aşiq olan Androklus bu qadınla evlənib və şəhər bu qadının şərəfinə adlandırılıb. Sonralar demək olar ki, bütün amazonlar yunan köçkünlərinin arvadları olublar.

 

Efesin maraqlı bir cəhəti də odur ki, şəhər eramızdan əvvəl, yəni insanların sayının az, texnologiyanın isə demək olar ki, olmadığı dövrlərdə həddindən artıq böyük, əhalisinin sayı çox və əsrarəngiz bir şəhər olub. Hətta, şəhər 4 dəfə dağılıb restavrasiya olunsa da, yerində yalnız dağıntları qalsa da, ilk baxışdan əzəməti və gözəlliyi dərhal diqqəti cəlb edir.

 

Efes zamanında dünyanın ən böyük şəhərlərindən biri olub və dövrün ən böyük limanlarından biri olaraq tanınıb. Çünki şəhərdə yaşamaq və istirahət etmək üçün hər şey olub: gözəl binalar, su təchizatı sistemi, geniş kitabxana, əyləncə mərkəzi, ictimai tualet və s. Düzdür, şəhərdə yaşamaq nadir uğur hesab olunsa da, bu uğur daha çox şəhərin hakim şəxsləri və zənginlərinə aid olub. Çünki sadə vətəndaşlar şəhərin aşağı hissələrində, bugünkü dildə desək, kənd və qəsəbələrdə yaşayıblar.

 

Efesin maraqlı bir tərəfi də tarixin ilklərinə şahidlik etməsidir. Belə ki, tarixin ilk əzəmətli binası, əyləncə mərkəzi, parlamenti, kölələrin və qladiatorların döyüş meydançaları, reklam lövhəsi və kitabxanası, məhz Efesdə olub. Əbəs yerə deyil ki, digər əlçatmaz ucalıqlar kimi, Efes şəhəri də bir çox eniş-yoxuşlarla üzləşib. Şəhər müxtəlif vaxtlarda kimmerlər, qotlar, farslar və romalıların hücumuna məruz qalıb.

 

Efesdə çox sayda maraqlı məkanlar olub və bu məkanlardan biri də, az öncə qeyd etdiyim kitabxanadır. Kitabxananın adı “Selsi”dir. “Selsi” kitabxanasının inşası memar Tiberius Julius Aquili tərəfindən, eramızdan əvvəl 114-cü ildə başlasa da, e.ə. 135-ci ildə tamamlanıb. Həmçinin, dünyanın 7 möcüzəsindən biri olan Efes UNESCO-nun Dünya İrsi Siyahısına da daxil edilib.

 

Efes elə bir tikilidir ki, min illər keçsə də, öz əzəmətini qoruyub saxlaya bilib. Təsəvvür edin ki, İzmirdə yerləşən şəhər, sözün əsl mənasında şəhər içində bir şəhərdir. Çünki zamanında az qala İzmir qədər əraziyə sahib olan və 400 min nəfərə (o dövr üçün çox böyük rəqəmdir) ev sahibliyi edən Efes insanlar üçün müxtəlif şəraitləri də yaradıb.

 

Məkanda bizi ilk qarşılayan Efesin pişikləri oldu. Bu pişiklər elə Efes qədər sevimli və maraqlıdır. Onların necə yaşadığı, hansı yaşda olduqları və hansı cinsə mənsub olduqları elə də dəqiq deyil. Çünki bu pişikləri Efesə kimlərsə gətirməyib, hər kəs gözünü açıb bu pişikləri Efesdə görüb. Hətta, qədim şəhərin ətrafında pişiklər üçün yeməklər də satılır ki, ziyarətə gələnlər bu pişikləri yemləyə bilsinlər. Ona görə də Efesin hər qarışında bu pişiklərə rast gəlmək olar.

 

Efeslə bağlı digər maraqlı məqam isə şəhərin mərkəzi hissəsində üzbəüz iki tikilinin olmasıdır. Belə ki, şəhərin mərkəzi hissəsinin sağ tərəfində böyük kitabxana, sol tərəfində isə əyləncə mərkəzi var. Kitabxanın aşağısında əyləncə mərkəzinə getmək üçün tunel tikilib. O zamanlar günlərlə dəniz səyahətində olan dənizçilər limana gələrkən ilk getdikləri yer əyləncə mərkəzi imiş. Bu da uzun zamandır yorğun olan dənizçilərə yenidən toparlanmaq üçün ruh yüksəkliyi vermək məqsədi daşıyırmış.

 

Həmçinin, Efesdə kitaba maraq həddindən artıq olduğu üçün, şəhərin kişi sakinləri tez-tez kitabxanaya tərəf yollanar və oradan qarşıdakı tuneldən keçərək əyləncə mərkəzinə üz tutarlarmış. Xanımları soruşanda isə kitabxanada olduqalını deyərmişlər. Rəvayətə görə, əyləncə mərkəzinin məhz kitabxana ilə üzbəüz olmasını da buna görə fikirləşiblər. Hətta, tarixin ilk reklam lövhəsi də bununla bağlıdır. Belə ki, əyələncə mərkəzinə gedən yolda mərmərin üzərinə ayaq izi və qırılmış ürək əks olunub. Mənası isə belədir: “Qəlbin qırılıbsa və həyatının qadınını tapmaq istəyirsənsə, irəli get. Lakin cibində pulun olsun”. Bu da tarixin ilk reklam lövhəsi hesab edilir.

 

Ziyarət əsnasında düşündüm ki, keçmiş, bəzən nə qədər qəbul edilməsə və geridə qalmışlıq hesab edilsə də, əslində bu gün yaşadıqlarımız keçmişin bir parçası olması və çox şeyin dəyişmədiyinin nümunəsidir. Ən azından, ən qədim şəhərlərdən biri olan Efes bizə bunu öyrətdi.

 

Efes - barəsində danışmaqla bitməz bir gözəlliyə, tarixi hadisələrə və tükənməz əzəmətə sahibdir. Efesi yaşamaq üçün mütləq ziyarət etmək lazımdır. Çünki Efes min illərdir tarixin hər səhifəsini özündə yaşadan nadir tikililərdəndir. Tarixə səfər etmək isə insanın özünə səfər etməsinə bərabərdir. Ona görə də yolunuz İzmirə düşsə və tarixə səfər etmək istəsəniz Efesə də baş çəkin.

Fotoları təqdim edirik
Müəllif: Mərahim Nəsib      2 Mart 2021 23:25
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin