Əsas səhifə Haqqımızda Xəbər lenti

Hökumət iqtisadi ziyanları əhalinin hesabına kompensasiya edir - Pensiya yaşını artırmaqla

Hökumət iqtisadi ziyanları əhalinin hesabına kompensasiya edir -       Pensiya yaşını artırmaqla

Vətəndaş narazı, mütəxəssislər alternativ variantlar təklif edir, lakin rəsmilər əmindir ki, insanları gec təqaüdə göndərmək ən yaxşı yoldur

 

Cari il iyul ayının 1-dək kişilərin, 2027-ci ilin iyuluna qədər isə qadınların yaş həddi hər il 6 ay artırılaraq 65 çatdırılacaq. Yəni illər sonra əllərinizi işdən çəkib, pensiyaya çıxmaq üçün 65 yaşına çatmalısınız. Qanun bunu tələb edir, amma əksər insanlar düşünür ki, bir işçinin öz zəhmətinin qarşılığını görməsi üçün 65 yaşına qədər gözləməsi çoxdur.

 

Pensiya yaşının artırılması məsələsi ilə bağlı tez-tez narazılıqlar eşidilsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun dediyinə görə, hazırda pensiya yaşının azaldılması ilə bağlı hər hansı məsələ müzakirə olunmur və hər hansı təklif verilməsi nəzərdə tutulmayıb: “Pensiya yaşının müəyyən olunmasının əsasında, bütün dünyada olduğu kimi, əhalinin orta ömür uzunluğu göstəricisinin tədricən artması, qanunvericilikdə yaşa görə pensiya ödənişi üçün müəyyən olunan müddət, habelə əmək qabiliyyətli dövrün artması ilə şəxsin əmək fəaliyyəti ilə məşğul olmaq imkanlarının artırılması kimi prinsiplər dayanır”.

Fazil Talıbov:

Amma AYNA-nın keçirdiyi kiçik sorğu vətəndaşlar fərqli düşündüklərini ortaya çıxarıb. Belə ki:

 

Səbinə Abdullayeva: “Öncə pensiya yaşının artırılmasının səbəbləri izah olunmalıdır. Nəzərə alaq ki, getdikcə insan ömrü də qısalır. Vətəndaş və bir qadın kimi 65 yaşında qadının pensiya çıxmasını dəstəkləmirəm. 55 yaş daha uyğundur”.

 

Turab Rzayev: “Pensiya yaşının artırılması, əhaliyə növbəti qanunsuz vergi qoyulmasıdır. Yəni maaşlardan sosial ödənişlər tutulacaq, amma mümkün qədər az adama, daha az müddətə ödəniləcək”.

 

İlkin İbrahimov: “Özəl pensiya fondları yaradılmalıdır. Yığılan pensiya ilə bağlı DSMF-ə 10% xidmət haqqı ödənilir. Bu ödəniş doğrudan da dövlətə yükdür. Hamısından yaxşısı özəl pensiya fondları yaradılsın, vətəndaşa öz yığılmış məbləği üzərində nəzarət və başqa alternativlər, məsələn, yaxşı faiz verən banklarla müqavilə bağlamaq hüququ verilsə, daha maraqlı olar. Pensiya yaşını qaldırmaqla nazirlik vətəndaşın üzərinə hələ minnət də qoyur. Əlavə olaraq həyatın yığım sığortası alternativdir. Siz bu sığorta növü üzrə DSMF-ə gedən pulunuzun əmək haqqının 500 manata qədər hissəsini sığorta etməklə, hər 3-5 ildən sonra həmin məbləği götürə bilərsiniz. Üstəlik, hadisə baş verərsə, ölüm halına görə ailəniz kompensasiya ala bilər”.

 

Ağa Dadaşzadə: “Pensiya yaşının artırılması gənclərin qarşısını kəsmək kimi bir şeydir”.

 

Qərib Qurbanov: “Mənim fikrimcə, öncə ölkədə yaşayan 65 yaşa qədər olan xanımların işlə təmin olunma indeksi, 65 yaşa qədər mövcud işində qalma faizi, hal-hazırda (misal üçün, 50 yaşdan 65 yaşa qədər olan) “işçi” qadınların sayı açıqlanmalıdır. Daha sonra pensiya yaşının artırılması ilə bağlı təklifə məntiqli açıqlama verilməlidir. Ümumiyyətlə, 50 yaşdan yuxarı qadınların dövlət orqanlarında və yaxud özəl sektorda iş tapma ehtimalı varmı? Dövlət qurumları öz vakansiyalarında hansı yaş həddinə qədər qadın işçi qəbul edir və hansı əsasla?”

 

Ağa Salamov: “Pensiya yaşının artması bəzi məmurlara sərf edir. Kasıbın nəyinə lazımdır ki, qoca vaxtında əziyyət çəkə?”

 

Göründüyü kimi, vətəndaşlar pensiya yaşının artırılmasına qəti etiraz edirlər. Mütəxəssislərin fikri də maraqlıdır. AYNA bu məqama da işıq tutub.

Rəşad Həsənov: “Bizdə vergi yükü niyə bu qədər çox olmalıdır?” - Müsahibə

İqtisadçı-ekspert Rəşad Həsənov müasir təcrübəyə əsaslanaraq, pensiya sistemlərinin təşviqedici olması məsələsinə toxunub: “Hansısa formada hökumətlər də bu sistemi əmək bazarının leqallaşmasında alət olaraq istifadə edə bilir. Təəssüf ki, Azərbaycanda son illərdə pensiya siyasəti daha da sərtləşdirildi və əlçatanlığın azadılması, son nəticədə bu istiqamətdə insanların ümidlərini azaldır. Azalan ümidlər 30-40 il planlaşdırma tələb edən sistemdə, bir mexanizmdə effektivliyi əhəmiyyətli dərəcədə aşağı salır”.

 

Ekspertin sözlərinə görə, qadınların pensiya yaşının kişilərin pensiya yaşı ilə eyniləşdirilməsində məqsəd gender bərabərsilziyinin aradan qaldırılmasıdır: “Dünya təcrübəsində də bu, geniş yayılıb. Pensiya ilə orta yaş həddinin bir-biri ilə ciddi əlaqəsi var. Burada, əsasən dünyada müqayisə olunan pensiya yaş həddi yox, gözlənilən pensiya dövrü indikatordur. Azərbaycanda orta gözlənilən ömür müddəti hələ bundan 40 il sonra da, təxminən 71 il olacaq. 65 yaşında pensiyaya çıxan insanlara cəmi 6 il orta pensiya dövrü gözlənilir”.

Əhməd Qəşəmoğlu - Publika.Az

Sosioloq Əhməd Qəşəmoğlu da pensiya yaş həddinin azaldılmasını məqsədəuyğun hesab edir: “Pensiya yaşının azaldılması aşağı yaşlardan insanlara artıq öz səhhətləri və şəxsi işləri ilə məşğul olmağa imkan yaradır. Amma bu məsələ kimlərinsə istəyi olan məsələlər deyil. Pensiya yaşının hesablanmasının arxasında ciddi elmi mexanizm var. Bu, nədir? Ölkədə pensiya yaşının azaldılması üçün vergi ödəyicilərinin sayı çox olmalıdır. Vergi ödəyicilərinin çox olması üçün iş yerləri və əmək haqları çox olmalıdır”.

 

Mütəxəssisin sözlərinə görə, ölkədə iş yerləri çox olmayanda, vergi ödəyicilərinin sayı az olanda, əmək haqları yüksək məbləğdə olmayanda digər yollar axtarmağa məcbur olunur: “Əgər biz iqtisadiyyatımızı normal və yaxşı şəkildə qursaq, iş yerləri çox olsa, bununla da vergi ödəyiciləri çox olsa, o zaman pensiya yaşını azaltmaq olar. Amma hələ bizim işlərimiz lazımi səviyyədə deyil. Ona görə də aidiyyəti qurumlar alternativ yollara əl atmağa məcburdur”.

 

“Alternativ yollardan da biri yaş həddini artırmaqdır. Yaşı artıran zaman pensiya alanların sayı azalır və onlara ödəniş etmək imkanları olur. Deməli, məsələnin kökü kimlərinsə rəyindən, istəyindən humanist yanaşmasından asılı deyil. Ölkədəki iqtisadi mexanizmin fəaliyyətindən, qurulmasından, effektivliyindən asılıdır”, - deyə Qəşəmoğlu bildirib.

Müəllif: Ülviyyə Şahin      3 Mart 2021 19:22
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin