Əsas səhifə Haqqımızda Xəbər lenti

AĞ və QARA

AĞ və QARA

Kasıblıq bütün uğursuzluqların beşiyidir. Ehtiyaclar vaxtında ödənilməyəndə əqldən korluq çəkirsən...                

 

Uşaqlığın iki rəngi olur - ağ və qara. Mən o zaman ağı sevərdim. Yəqin qara günləri görə bilməsəm də, hiss etməyimdən belə idi. Gündüzlər əkin sahələrində ailənlə birgə işləməklə, axşamlar boyasız döşəməyə rəsm çəkməklə keçirdi uşaqlığımızın ən dəyərli çağları. Tərəvəz bostanlarından tutmuş taxıl zəmilərinə kimi kəndin bütün sakinlərinin mülkünü sotuna qədər tanıyardıq. Qarğıdalının necə toxalanmasını, soğanın mövsümdə neçə dəfə suvarılmasını dövrün ən savadlı aqronomları qədər bilərdik. Kartofun gübrələnməsi, istixanaların dərmanlanması haqda biliklərimiz də o vaxtkı alimlərdən az deyildi. Təbiət elmləri belədir, ya nəzəriyyəsini öyrənirsən, ya da təcrübəsini.

 

Yayda kəndə gələn qohum-əqraba kəndlilərin əkib-becərdiklərindən oğurlayar, şəhərə çatan kimi də qalın cildli nəzəriyyələr yazıb pul qazanardılar. Düzünü desək, bizim məhsul bazara çıxmamış onların kitabları satılıb qurtarırdı. Sentyabrın əvvəlində başlamalı olan dərslər bizimçün bəzən oktyabra qədər çəkirdi. Ərzaq qıtlığı anlayışını dərk etməsək də, paltar yoxluğu qayğılarımızın ilk toxumlarını səpirdi zəkamızın ən alt qatına.

 

İldə cəmi bir dəfə əyin-başımız sevinərdi, o da ki, sevdiyimiz geyimləri alsaydılar. Ayaqqabımız ayağımıza biraz uzun, paltomuz bədənimizə bir qədər boş qalardı. Ailədə böyük olmaq isə paltar sarıdan səadət idi: həmişə ilklər onlara alınardı, onların ötənilki nimdaş dəstləri isə yamaqlarla bəzədilib ədalətli şəkildə yerdə qalanlar arasında bölünərdi. Kasıb valideynlər övladlarına qarşı ədalətli, varlılarsa diqqətli olmağa çalışırdı. Bəzən qolu biləyimizdən bir qarış aşağıda dayanan pencəyimizlə balağı topuğumuzdan beş barmaq yuxarı qalxan şalvarımız heç bir dəbə uyuşmurdu. Evdə bir paltarın atıldığının şahidi olmazdıq. Sıra ilə bütün uşaqları soyuqdan qoruduqdan sonra evin təmizlik işləri üçün istifadə edilərdilər. Anamız qış köyməklərimizlə döşəməni, yay paltarlarımızla pəncərələri silərdi.

 

Fiziki əmək vaxtın ömürlük düşməni idi. Yorulurduq, Günəş isə batmaq bilmirdi. Ancaq elə ki, axşam düşdü, Ay olurdu atlı, biz də piyada. Belə qovhaqovlarla yuxumuzu dərib qutarmamış növbəti qarğıdalı dərimi günü başlayırdı.

 

Bu mərhumiyyətlərin içində uşaqlıq o qədər gec gəlib keçirdi ki, bütün oyuncaqlarımı, futbol topumu, hələ rezin qoxusu burnumdan getməyən məktəbli çantamı belə, gəncliyimin məşəqqəti bitməyən qayğılarına fikirləşmədən dəyişərdim. Ən böyük arzumuz isə elə böyümək idi.

 

Qaranı torpağın rəngi olduğuna görə sevməzdik: uzun yay günlərində oynamaq eşqimizi əlçatmaz arzularımıza çevirən torpaq. Ancaq yaxşı ki, gecələr çarpayımızın üstünü bəzəyən ağlar var idi. Bəli, düz eşitdiz - ağ. Bu təkcə örtük olmaqla yanaşı, tanıdığımız iki rəngdən birinin adı deyildi. Həm də istirahət, nəhayətsiz səadət və yuxu demək idi. Səhərə qədər həmin ağın qoxusuyla sevişər, hələ hikmətini anlamadığımız şəhvəti bədənimizə daşıyardıq.

 

Divardan asdığımız saatlarla günləri, qalın vərəqli təqvim jurnalıarı ilə ayları, illəri qovub çıxardardıq həyatımızdan. Hər yeni günə nə qədər humanist, qonaqpərvər, tolerant davransaq da, əkin sahələrində başımızı düşmən gülləsi kimi deşən Günəş şüasına qarşı leksikadakı ən əxlaqsız sözləri seçib yaraşdırardıq. Tərbiyəmizlə əxlaqsızlığımız günün əks qütblərində böyüyrdü.

 

Yeniyetməlik elə uşaqlıq deməkdir. Əgər hələ də niyyətlərin safdırsa, arxasında göydələn məqsədlər, gözoxşayan dəbdəbələr, mühafizəkar kürsülər yurd salmayıbsa, demək, bioloji olaraq dəyişməmisən. Məktəb illərində incitdiyin insanlar, söydüyün bütün böyüklər, aldatdığın sinif yoldaşların, qorxduğun valideynlər, böyük qardaşların - hamısı doğmalıqdan doğan təbii münabsibətlərdir. Böyüdükdə sizi burnunuzun ucuna kimi göynədən insanlar məhz onlar olur: nə sonradan qarşılaşdığınız nazəndə sevgililəriniz, nə bir gecəlik yatdığınız başqasının qadınları, nə də sədaqət andı içdiyiniz dostlarınız onların yanında olduğunuz qədər sizə rahatlıq bəxş edir.

İnsan niyə aşiq olur?

Hüzurda həmişə bir keçmiş, bünövrə gizlənir. Nə vaxt ki onlara toxuna bilirsən, möhkəmliyinə əmin olursan, o zaman ehtiyac duyduğun hüzura qovuşursan. O insanlar sənin bünövrən, keçmişinin ən silinməz sətirləridir. Çünki biz hamımız hələ məktəbliykən qələmi bərk basardıq ki, nə vaxtsa silinməsin və cavablarını ömrümüzün axırınadək tapa bilməyəcəyimiz imtahandan kəsilməyək. Ancaq bu həyat elə ədalətsizdir, başa vurduğumuz yeganə marafon məhz həmin məktəb illəridir. Sonuncu imtahanımız isə attestatımızdır: itirdiklərimizin ilk mükafatı.

 

Yeniyetməliyin bütün xatirələrində eşq qoxusu, məhəbbət izi var. Hələ bu, bir kənd, sümükləri ucsuz-bucaqsız əkin sahələrində bərkiyən, hisslərini yaşadığı komadan bir addım belə, kənara atmayan kəndli balasıdırda, demək ki, bu duyğular eşqdən də böyükdür.

 

Uşaqlığı mərhumiyyətlərlə keçən ömrün gəncliyi bataqlıqlarla dolu olar. Maddi və fiziki ehtiyaclar vaxtında ödənilməyəndə əqldən korluq çəkirsən. Kasıblıq bütün uğursuzluqların beşiyidir. Körpə vaxtlarımızda aldığımız fiziki və mənəvi travmalar gənclik ideyalarımızın kabusudur, cəsarətsizliyimizin, qorxularımızın, qərarsızlıqlarımızın toxumudur.

 

Toxunduğumuz hər şey əlimizi yandırdıqca dönüb təəssüflə elə də uzaqda olmayan keçmişi qınayırdıq. Böyüməkçün darıxdığımız anları lənətləyirdik. Bir vaxtların təzə paltar, isti, su buraxmayan ayaqqabı arzuları indi daha böyük qayğılarla əvəzlənmişdi. Əsl həqiqət üzə çıxırdı: gələcəyin elə keçmişindi. Dünən yaşadığımız həyatı sabah nəvazişlə övladlarımızın əyninə geyindirəcəyik.

 

Ancaq içimizdə həmişə bir ümidi qorxulu sirrimiz kimi qoruyub saxlamışıq: arzularımızın hansınınsa arxasında, yaxud önündə qazanacağımız bir zəfər dayanıb, onu möhkəm ehtirasla döyüşə çağırır. Bu hikmət uğura yetişəcəyimiz yolda yeganə silahımızdır. "Bütün insanlar eynidir, ət və sümükdən ibarətdir, ancaq xəyallar əbədidir, ölüm kimidir", - deyə var nəfəsinlə qışqırıb qorxularımızı qovmağın vaxtı çatıb.

 

Yaşamaq bu andan başlayır. Bir gün bütün xəyallarımızı, arzularımızı, əlçatmaz istəklərimizin hamısını xalı kimi ayağımızın altına sərib qələbə marşını oxuyacağıq – “Səni sevirəm”, - deyə...

 

Xəzər Əlizadə,

AYNA üçün

Müəllif: Ayna.az      28 Fevral 2021 22:51
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin