Əsas səhifə Haqqımızda Xəbər lenti

Məmurların dərdi təzələndi: atana lənət, Mark Zukerberq – AXI NİYƏ?!

Məmurların dərdi təzələndi: atana lənət, Mark Zukerberq –       AXI NİYƏ?!

Və ya vəzifəli şəxslərin gözünün düşməninə çevrilən sosial şəbəkələr…

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Bu gün Azərbaycan xalqının əsas düşməni ermənilərdir. Müharibədə qələbə qazansaq da, hələlik ayağımız Xankəndiyə dəyməyib. Rəsmilərin dediyinə görə, bu istiqamətdə Rusiya sülhməramlıları ilə birgə sıx işlər gedir. Nə deyək, axırı xeyir olsun.

 

Amma mən hesab edirəm ki, son iki-üç gündə, başda Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldarv Əzizov olmaqla, “Azəriqaz”, “Azərsu”, “Azərişıq”, Fövqəladə Hallar Nazirliyi və sair qurumların düşməni bir neçə günlük də olsa, dəyişdi. Erməniləri müvəqqəti olaraq, “Facebook”un yaradıcısı Mark Zukerberq əvəzlədi onlar üçün. Bu günlər adları çəkilən qurumların rəhbərləri Markı tutub, sökmək arzusu ilə nə qədər söyüblər, Allah bilir! Axı, niyə belə düşünürəm?! İzah edim.

Bir ovuc qar Bakını niyə iflic edir? - Sabiq deputat | KONKRET

Məşhur rus estrada yumoristi Mixail Zadornovun Rusiya məmurlarına yönələn gözəl bir ifadəsi var: “Fevralda qəfildən qış gəldi”. Yumoristin dahiliyi də elə onda idi ki, dediyi sözlər Rusiyaya aid olsa da, heç düşünmədən bütün MDB məkanındakı ölkələrə aid etmək olar.

 

Havaların korlanacağı barədə Meteorologiya Xidməti əvvəlcədən məlumat vermişdi. Və yuxarıda adı çəkilən qurumların məmurları da bunu bilməmiş deyildilər. Çünki 2-3 gün bütün telekanllar onların “biz hazırıq, texnikamız sazdı” tipli bəyanatlarını yayımlamaqla məşğul idi.

 

Azərbaycanın, xüsusən də kimmunal sahəyə cavabdeh qurumlarının fəaliyyətinə həmişə skeptik yanaşmışam, amma içimdə bir ümid çırağı həmişə olub: “bəlkə, bu dəfə?” Amma yox. Bu qurumlar mənim ümid çırağımın tezbazar sönməsi məsələsində həmişə öncüllərdən olub.

 

Nəticədə, Bakıda illərlə yaşğmayan qar yağdı, yollar dondu, hərəkət iflic oldu, taksi qiymətləri qalxdı, qaz zəiflədi, su azaldı və ya dondu, maşınlar qəzaya, insanlar xəstəxanaya düşdü. Və media nümayəndələri işə gələrkən, yaxşı halda əllərində bel-külüng olan kommunal xidmət işçilərini gördülər. Halbuki adıçəkilən qurumların dəftər-kitabına baxsan, yəqin, bu küçədəki insaların adı orada Məmməd, Gülöyşə kimi yox, “MAN”, “KamAz” və sair texnika kimi qeyd edilib ki, onların da alınmasına milyonlarla pul xərclənib. İndi bu vəzifəliləri danışdırsan, günahkar ya xalq, ya da təbiət olacaq, amma qətiyyən onlar yox.

 

Xalqımız dözümlü xalq olduğu üçün yenə də dözdük və qarın kəsilməsini, günün çıxmasını gözlədik. Çünki, kommunal işlərin ən gözəl icraçısı Yaradandır - yağdırdığı kimi, özü də əritdi ki, insanlar bu bəladan xilas olsunlar. Amma bu dəfə də Hacıbaladan Eldara qalan bəla, miras özünü biruzə verdi və Bakı sulu-palçıqlı Venesiyaya döndü.  Ümid edirik ki, 21-ci əsr ərzində Eldar Əzizov bizi bu bəladan qurtaracaq və şəhərin küçələri gölməçə statusunu itirəcək.

 

Problem o qədər çoxdur ki, yazının kələfini itirdim bir az. Hə, onu deyirdim axı: bu qarlı günlərdə müfavuq qurumların səlahiyyətli nümayəndələri telekanllarda, işləyən texnikanın fonunda ağıllı-ağıllı müsahibələr verir, hər şeyin yaxşı olduğunu söyləyir və şəhərimizin abadlığı, insanların rahatlığı üçün necə çalışdıqlarından dəm vururdular. Yazıq vətəndaş da gah ekrana baxır, gah da pəncərəsi qarşısında qar basmış yolda sürüşən insanlara… və fikirləşirdi ki, yəqin, bizim küçələrdə belədir, başqalarında iş gedir.

 

Bu, əvəllər belə idi, amma indi Mark Zukerberqin yaratdığı “Facebook” və digər sosial şəbəkələr vasitəsi ilə insanlar hər şeyi çəkir və oraya yerləşdirirlər. Hamı da görür ki, səlahiyyətlilər, yumşaq desək, gopa basırlar. Həmin qurumların nümayəndələri də sosial şəbəkələrdə var. Onlar da görürlər ki, bir-iki video və ya şəkil necə onların rəhbərliyinin gopa basdığını ifşa edir. Düzdür, müdafiə etməyə çalışırlar, amma necə deyərlər, alınmır, rəis! Və əlac qalır sosial şəbəkələri yaradanı söyməyə. Öyrəşmişik, axı, ayna əyri göstərəndə sifətimizi düzəltməyə yox, aynanı sındırmağa...

 

Elə bilməyin ki, aynada əyri görünənlər yalnız kommunal xidmətlərin rəhbərləri və İH başçılarıdır. Hələ benzin qalxanda qiymət artımından narahat olan insanlara hökumət və qurumları söz verdi ki,  narahat olmayın, monitorinq aparacağıq və heç olmasa, ərzaq məhsullarının qiymətinin qalxmasına imkan verməyəcəyik. Bəlkə də, apardılar bu monitorinqi, amma nəticədə bahalaşma 20-50 faiz aras getdi, axı.

Piştaxta önündə dilsiz vətəndaş - Qanuna da, istehlakçıya da hörmətsizlik

Bunun əksini Dövlət Statistika Komitəsinin məlumatları ilə sübut etməyə ehtiyac yoxdur. Nazirlərdən fərqli olaraq, marketlərə sadə insanların özləri gedir hər gün. Və bu an, yenə də sosial şəbəkələrdən bir məlumat oxuduq: əhalisi elə bizim qədər olan, amma nefti və qazı olmayan, üstəlik Avropanın sanksiyaları ilə üz-üzə qalan Belarusda hökumət qiymət artımını görüb, bir çox məhsulların qiymətini “dondurdu”. Ölkədə 62 sosial əhəmiyyətli mal və 50 dərman preparatının qiyməti “donduruldu”.

 

Siyahıya digər şeylər arasında düyü, un, dənli bitkilər, makaron, çörək, toyuq, kolbasa, balıq, süd, kefir, xama, kəsmik, pendir, yumurta, yağ, bəzi tərəvəz növləri, alma, sabun, tualet kağızı, uşaq bezi, kibrit daxildir. Xatırladaq ki, 2020-ci ildə bu ölkədə qiymətlər cəmi 7.4% artıb.

 

İndi bütün bunları oxuyan səlahiyyətlilərimiz anlayırlar ki, xalq da oxuyub, sual verəcək. Bəs, o zaman camaaata nə nağıl danışcağıq? Odur ki, necə deyərlər, atana lənət Zukerberq! Niyə qoymursan sakit yaşayaq, və dövlətçiliyə xidmət edək?!

Müəllif: Yoldaş Mircəfər      27 Fevral 2021 10:25
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin