Əsas səhifə Haqqımızda Xəbər lenti

Böyük problemin həllinə qarşı böyük müqavimət: Məmurlar imkan vermir ki...

Böyük problemin həllinə qarşı böyük müqavimət: Məmurlar imkan vermir ki...

Əliməmməd Nuriyev: “Onlar böyük şəhər bələdiyyəsinin yaradılmasına ciddi maneə yaradırlar”

 

Bakıya 13 ildən sonra güclü qar yağdı. Əslində, buna o qədər də güclü qar demək olmaz. Xarici ölkələrlə, şəhərlərlə müqayisədə yağıntının miqdarı o qədər də böyük deyildi. Amma 13 ildən sonra ilk dəfə idi ki, paytaxtda hava belə soyuq və belə qarlı idi. 13 il ona görə deyirik ki, sonuncu dəfə ən aşağı temperatur və qarlı hava 2008-ci ilin yanvarında qeydə alınıb. Ondan sonra qışa uyğun olaraq hava soyuq olub, bəzi hallarda az miqdarda qar da yağıb.

 

Məsələ burasındadır ki, bu günlərdə yağan qara da Bakının, daha doğrusu, paytaxtın aidiyyəti orqanlarının hazır olmadığını müşahidə etdik. Fevralın 23-ü gecə saatlarında yerə 3 santimetrə yaxın qar düşmüşdü ki, paytaxt yollarının iflic olduğunu gördük. Şəhərin mərkəzində belə, avtomobillər hərəkət edə bilmədi, qəzalar oldu. Bu, yol ifrastrukturunun nə dərəcədə hazırlıqsız olduğunu göstərdi.

 

Qaldı ki, kommunal xidməklərə - işıq, qaz, su məsələlərinə - bu sahədə də, paytaxt sakinləri əziyyət çəkdilər. Sosial şəbəkələrdə şəhərin bir çox yerlərində ya işıq kəsintisi, ya qazın kəsilməsi, ya da suyun olmaması ilə bağlı xəbərlər paylaşıldı. Xüsusən, Bakıətrafı kənd və qəsəbələrdə problemlər özünü daha qabarıq göstərdi.

 

Yol məsələsini isə yuxarıda qeyd etdik – qar çox olan gün, yəni fevralın 24-də hərəkət demək olar ki, 90 faiz dayandı. İnsanlar işə getməkdə əziyyət çəkdilər, avtobuslar qrafikə uyğun hərəkət edə bilmədi. Maraqlıdır ki, qurumlar problemləri qarın yağması ilə əlaqələndirdi. Sanki “nə edək, qar yağdı, çətinliklər təbiidir” formasında cavablar eşitdik. Əslində isə dediyimiz kimi, bizdə yağan qar digər ölkələrin paytaxtlarına yağan qarla müqayisədə az idi, amma nədənsə, həmin şəhərlərin aidiyyəti qurumları belə bəhanələr gətirmir – çünki fəsilə hazır olurlar.

 

Bizim paytaxt isə qardan yenə də üzüağ çıxa bilmədi. Yenə də müşahidə etdik ki, məşhur şeirdə deyildiyi kimi: Bakının dərdi var, Bakı xəstədir...

 

Şəhər infrastrukturuna məsul qurumların yarıtmaz işlərinin günahını mütəxəssislər böyük şəhər bələdiyyəsinin, yəni seçkili meriya institutunun olmaması ilə əlaqələndirirlər. Ekspertlərin qənaətincə, bu cür problemlərin yaranmaması üçün böyük şəhər bələdiyyəsi sisteminə keçid lazımdır.

 

Qeyd edək ki, Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur. Ölkəmiz 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi. Müxtəlif vaxtlarda bu məsələ gündəmə gətirilsə də, hələlik müsbət sonluqla nəticələnməyib.

 

Bələdiyyə yerli özünüidarəetmə forması olduğundan, bunun əsasında sosial, səhiyyə, təhsil məsələləri, abadlıq işləri, həm də həmin ərazidə yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması dayanır. Buna görə də, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi yerli özünü idarəetmə ilə bağlı 2003 və 2007-ci illərdə üzv ölkələrə verdiyi tövsiyyədə vətəndaşların qərar qəbulu prosesində iştirakının təmin edilməsini də təklif edib.

 

Bu gün Bakı şəhərinin idarəetməsi seçkili olmadığı üçün maliyyə muxtariyyəti yoxdur, kənardan investisiya, qrantlar cəlb edə bilmir. Şəhər İcra Hakimiyyətinin büdcəsini Maliyyə Nazirliyi formalaşdırır, kənar maliyyə olsa da, mərkəzi hakimiyyət orqanlarının xətti ilə icra hakimiyyətinə ötürülür. Belə ki, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə görə, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının hansısa seçkili dövlət orqanının və ictimaiyyət qarşısında hesabatlılığı nəzərdə tutulmur. İcra başçısı yalnız dövlət başçısı qarşısında hesabat verir.

Əliməmməd Nuriyev: "Pandemiya dövründə ikiqat məsuliyyətli olmalıyıq"

Mütəxəssislərin isə sözlərinə görə, böyük şəhər bələdiyyəsinin bir sıra üstünlüyü var ki, bunlardan biri də, yuxarıda sadaladığımız problemlərin yaşanmasının qarşısının alınmasıdır. Konstitusiya Araşdırmaları Fondunun (KAF) prezidenti Əliməmməd Nuriyev məsələ ilə bağlı AYNA-ya deyib ki, hazırkı bələdiyyələrin resursları ilə ekstremal şəraitin öhdəsindən gəlmək mümkün deyil.

 

Onun sözlərinə görə, gələcəkdə bələdiyyələrlə bağlı edilə biləcək dəyişikliklər ona gətirib çıxara bilər ki, yerli özünüidarəetmə orqanlarının resursları genişlənsin: “Əgər icra hakimiyyətinin səlahiyyətləri bələdiyyələrə verilməsə, böyük şəhər bələdiyyəsi olmasa da, Bakı Şəhər Bələdiyyəsinin yaradılması, əlbəttə ki, kommunal problemlərin öhdəsindən gəlməyə imkan tanıyar. Çünki bələdiyyələr seçkili orqandır, əhali qarşısında daha çox məsuliyyət daşıyır. Eyni zamanda, idarəetmədə effektivlik daha da artır”.

 

“Ümumiyyətlə, seçkili orqanlarda qərarların qəbulu effektli və çevik olur. Qərarlar qəbul edilərkən maraqlı tərəflərin fikirlərinə diqqət ona gətirib çıxarır ki, problemlərin həlli aydın şəkildə başa düşülür. Yəni, bir tərəfdən cavabdehlik, bir tərəfdən seçkili orqan olduğuna görə məsuliyyət, əhali qarşısında hesabatlılıq və şəffaflıq idarəetmədə səmərəliliyi artırır. Bələdiyyə üzvləri daim çalışacaqlar ki, problemlər həllini tapsın, təkmilləşmə olsun, problemlər sürətli şəkildə həllini tapsın. Amma indiki idarəetmə üsulu tələblərə cavab vermir”, - deyə Fond rəhbəri vurğulayıb.

 

Nuriyev qeyd edib ki, BŞİH iş görməyə çalışır, amma səlahiyyətlər bütün məsələlərin həllinə imkan vermir: “Bu gün mərkəzi icra oqanlarına daxil olan qurumlar hərəsi bir işə cavabdehdir. Bəzi işlər publik hüquqi şəxslərə tapşırılıb. Yəni, burada kordinasiyalı yanaşma mümkün olmur. Sonucda da, qeyd etdiyiniz problemlər görünür. Qarışıq sistem var, səlahiyyətlər paylanılıb, paralelik var. Şübhəsiz ki, bu, mövcud problemlərin həllinə maneə yaradır. Digər tərəfdən, Azərbaycanda, Bakıda iqlim şəraiti həmişə stabil olub, ciddi təbiət hadisələrinə mütəmadi olaraq rast gəlinmir. Bu baxımdan, paytaxtımızda infrastruktur müəyyənləşdirilməyib. Ona görə də, belə təbiət hadisələrinə, qarın normadan artıq yağmasına Bakının infrastrukturu hazır deyil. Əksər vaxtlarda təbiətin, havanın mülayim olması, sanki qurumlarımızda arxayınlıq yaradıb”.

 

Ekspert hesab edir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) nisbətən katastrofik vəziyyətə hazırdır: ““BakuBus” nisbətən çalışdı ki, vəziyyətdən çıxsın. Baxmayaraq ki, yolların buzlaması, infrastrukturdakı çatışmazlıqlar onların da işinə əngəllər yaratdı. Nəzərə almaq lazımdır ki, koronavirus səbəbindən əsas nəqliyyat növü olan metro bağlıdır, taksilər yağıntıda gedişhaqqını qaldırır. Yəni, BNA çalışdı ki, insanlar yolda qalmasın, müəyyən qədər öhdəsindən gələ bildi. Onu da qeyd etmək lazımdır ki, paytaxtın daşımasına tək “BakuBus” baxmır, özəl şirkətlər də var. Onların marşrutlarının əksəriyyəti xəttə belə, çıxmadı. “BakuBus”-ın da avtobusları bu qədər əhaliyə yetərli deyil. Amma dediyim kimi, yenə də çalışdılar. Qalan qurumlar haqqında təəssüf ki, bunu demək mümkün deyil. Bələdiyyə sistemində isə yük bir qurumun uzərinə düşmür, çoxşaxəli fəaliyyət olur”.

 

20 ildir Avropa Şurasının tövsiyəsinə əməl edilməməsinə, yəni, şəhər bələdiyyəsi sisteminə keçilməməsinin səbəbinə gəldikdə, həmsöhbətimiz deyib ki, buna böyük müqavimət var: “Müvafiq icra strukturları var, onlar yerli özünüidarəetmə orqanlarının inkişafında maraqlı deyil. Həmin qüvvələr böyük şəhər bələdiyyəsinin yaradılmasını özlərinin səlahiyyətlərinə müdaxilə kimi qəbul edirlər. Bilirlər ki, bələdiyyələrin inkişafı idarəetmədə yenilənməyə gətirib çıxaracaq, bunların maraqlarına zidd olacaq. Ona görə də, prosesə böyük müqavimət göstərirlər. Amma onu deyim ki, Azərbaycanda yeni idarəetmə modelinə keçid baş tutur. Dövlət başçısı tərəfindən idarəçiliklə bağlı müxtəlif addımların atıldığını görürük. Məsələn, Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsini göstərmək olar. Əlbəttə, bu, hələlik işğaldan azad olunmuş ərazilər üzrədir, amma gələcəkdə ölkə üzrə tətbiq ediləcəyi istisna deyil. Hesab edirəm ki, bu institut özünü doğruldacaq. Ondan sonra bələdiyyələrin inkişafına müqavimət göstərmək mümkün olmayacaq”.

 

“Hər halda, idarəetmədə dəyişiklik ona istiqamətlənib ki, idarəetmədə vətəndaş iştirakçılığı olsun. Vətəndaşların seçdikləri şəxslər idarəetmədə olsun. Yenə deyirəm, burada cavabdehlik, məsuliyyət artır. Şəffaflıq, hesabatlılıq olur. Yaxşı idarəetmə o zaman olur ki, şəffaflıq və vətəndaşa hesabatlılıq olur. İndiki halda qurumlar problemi bir-birinin üzərinə atır. Biz dəfələrlə məsələ qaldırmışıq ki, BŞİH yanında İctimai Şura yaradılmalıdır. Eyni zamanda, paytaxtın rayon icra hakimiyyətləri yanında da ictimai şuralar olmalıdır. İctimai şuralar da formalaşarkən, QHT-lər orada təmsil olunmalıdır, yoxsa ki, hər kəs özünə yaxın insanları üzvlüyə cəlb etməməlidir. İcra strukturları həmin şuraya təzyiq etməməlidir. Problemlər çoxdur. Amma dediyim kimi, istiqamət dəyişikliyə doğrudur. Yəqin ki, yaxın zamanlarda idarəçilikdə dəyişikliyin şahidi olacağıq”, - deyə Ə.Nuriyev fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu      28 Fevral 2021 10:23
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin