Əsas səhifə Haqqımızda Xəbər lenti

Dərisi soyulmuş meyitlər, döşləri kəsilmiş qadınlar, meşədə donmuş uşaqlar – ŞƏRHSİZ

Dərisi soyulmuş meyitlər, döşləri kəsilmiş qadınlar, meşədə donmuş uşaqlar –   ŞƏRHSİZ

Xocalı soyqırımı: Dünyanın gözü önündə vəhşət və gəlib çıxmayan ədalət

 

Soyqırımı (genosid) hər hansı xalqın milli, etnik və ya dini mənsubiyyəti əsas götürülərək, istənilən dövlət və ya qrup tərəfindən kütləvi məhv edilməsidir. XX əsrdə Şərqdə də, Qərbdə də, həm müharibələr gedişində, həm də qəsbkarlıq şəraitində bir çox dəhşətli soyqırımıları törədildi. Onların ən dəhşətlilərindən biri də, 1992-ci il 25-26 fevral tarixində Xocalıda törədildi. Bu hadisə soyqırımı olmaqla yanaşı, Ermənistanın dövlət terrorizmi və ruslarla birlikdə törətdikləri hərbi cinayət aktı idi.

 

Xocalı soyqırımı ermənilərin 1988-ci ildən “Türksüz Ermənistan” şüarı ilə başladıqları sürgün və qırğınların kuliminasiya nöqtəsi idi. Həmin ildən bu hərəkatları Azərbaycanın ərazi bütövlüyünə daxil olan Dağlıq Qarabağa da aid etmişdilər və bölgədə yaşayan azərbaycanlılara qarşı fərqli cinayətlər törədirdilər. Xocalıda ilk təxribatı 1990-cı ildə həyata keçirdilər. 17 hektar ərazini əhatələyən taxıl sahəsi yandırıldı, insanlar pərişan edildi.

 

Ermənilər Dağlıq Qarabağı Ermənistanın tərkibinə qatmaq üçün bölgənin hava sahəsini ələ keçirmək haqqında hələ 1989-cu ildən plan qurmuşdular. Belə ki, Ermənistan ordusunun zabitləri olan Baqdasar Gevorkyan, Bano Siraderyan və Samvel Şarinyan o zaman SSRİ Quru Qoşunlarının 12-ci briqadasının tərkibində Əfqanıstanda döyüşmüş rus zabiti Vladimir Voronovla danışaraq, onu Sovet ordusunda xüsusi təyinatla döyüşən hərbiçilərlə görüşərək, könüllülərdən ibarət batalyon toplamağa, Xocalı üzərinə hücum etməyə, eyni zamanda hava limanını girov götürməyə razı salıblar.

 

Voronov razılaşmış və 1990-cı ildə 150 nəfərlik könüllü rus xüsusi təyinatlısından ibarət bir batalyon qurmuşdu. Batalyonun rəisi isə keçmiş Sovet kəşfiyyatçısı İvan Qukasov idi. Müavinləri erməni zabitləri Feliks Qeoxlyan və Alik Petrosyan, hücum xətti komandirləri isə Sumbat Akopyan, Vazgen Sarkisyan və Vladimr Voronov təyin edildilər.

 

Batalyon Xankəndidə qərar tutdu. Bu işdə onlara, 1985-ci ildən Xankəndidə yerləşdirilmiş 366-cı Sovet alayı da kömək edəcəkdi.  Alayın 50 nəfərlik komandir heyəti və Baş Qərargah rəisi Yuri Zarviqarov da onların separatçı mövqeyinə dəstək verirdilər.

 

Artıq 1991-ci ilin noyabr ayından Xocalı rayonunu mühasirəyə almışdılar. Kəndlərdə gecə basqınları həyata keçirirdilər. Lakin Xocalını mühasirəyə almaq üçün onların qarşısında əsas sədd Xocavəndin Qaradağlı kəndi idi.

 

Qaradağlı faciəsi

 

Qaradağlı kəndi Xankəndi ilə Xocalını birləşdirən yolun üzərində yerləşirdi. Burada 800 ev vardı ki, ancaq Azərbaycan türkləri yaşayırdılar. 1989-cu ildən başlayaraq erməni separatçıları kəndin əhalisini incidirlər. İlk dəfə həmin il kəndə hücum etmiş, mal fermasını, ot tayalarını yandırmış, əhalini kəndi boşaltmağa təhrik etmişdilər.

 

Bir neçə gün sonra Ağdama gedən toy karvanına basqın etmələri isə kənddə camaatın müdafiə postları yaratmalarına səbəb oldu. 1992-ci ilə kimi bir neçə dəfə Qaradağlıya hücum edildi və qadınlar, uşaqlar öldrüldü. Ölkə başçısı Ayaz Mütəlibov isə dəfələrlə Qaradağlıya nəzarəti hökumətin öz üzərinə götürdüyünü bildirsə də, 1991-ci ilin sentyabr ayından cəmi 11 nəfər hərbçi ora ezam olunmuşdu.

Qaradağlı faciəsi: “Bu, Xocalı soyqırımının mini formasıdır” - Dünyaya  çatdıraq!

1992-ci ilin yanvar ayının 8-də erməni quldurları açıq-aşkar müharibə şəraitinə keçdilər. Qaradağlı sakinləri özlərini müdafiə etsələr də, düşmən silah-sursat və canlı qüvvə baxımından çox güclü idi. 1992-ci il 15 yanvar tarixində Qaradağlı camaatı radio vasitəsi ilə Azərbaycan xalqına sonuncu dəfə müraciət etdi. Müraciətin mətni belə idi:

 

“Tarixin amansız vəhşilikləri Qarabağ torpağının keşiyində duran, zamanın ən çətin sınaqlarından mərdliklə çıxmağa çalışan mübariz oğullarını əsla sarsıda bilmir. Dörd ildir ki, Qarabağın bir parçası olan Qaradağlı düşmənin hədəfinə çevrilsə də, qorxmaz oğullar tərəfindən qorunur, müdafiə edilir. Qaradağlı Xocavənd və Xocalı arasındakı yolda yerləşir və onların yolunu kəsib. Doğma xalq! Qanınızda qeyrət, namus işartısı varsa, Qarabağın azadlığı uğrunda mübarizəyə dəstək olun. Yoxsa Qaradağlı öz əlinizlə quldur yuvasına çevriləcək!”

 

Lakin yenə də hökumətdən heç bir dəstək getmədi. 15 fevralda ermənilər 366-cı alayın da dəstəyi ilə geniş şəkildə hücuma keçdilər. Qaradağlı camaatı qurduqları postlarda düşmənə qarşı mübarizə aparırdı. Son güllə tükənənə kimi mübarizəni davam etdirdilər. Döyüşlər 5 gün davam etdi və yüzə yaxın dinc sakin qətlə yetirildi, 54 nəfər əsir alındı. Sonrakı məlumatlarda göstərilir ki, əsir alınanlar Xankəndidə ermənilər tərəfindən amansızlıqla qətlə yetiriliblər.

 

Xocalı

 

1992-ci ilin 25 fevral axşamı saat 22:00 radələrində 366-cı alay və erməni birləşmələri Xocalıya hücum edərək, dəhşətli soyqırımı həyata keçirdilər.

 

27 fevral tarixində Qarabağ üzrə rayonlararası prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin 4,6-cı bəndi və 255-ci maddənin 3-cü bəndi ilə cinayət işi açılmışdı. Lakin məsələ bununla yekunlaşmamalı idi. Yenicə BMT-yə üzv qəbul olunmuş Azərbaycan Respublikası beynəlxalq təşkilatları ölkəyə dəvət etməli idi.

 

Çünki, BMT Baş Məclisinin 1948-ci il 260 saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı siyasətinin qarşısının alınması və cinayətkarın cəzalandırılması haqqında” Konvesiyanın II bəndində göstərilmiş şərtlər Xocalı soyqırımını törədənlərə qarşı cinayət işi açılmasına və onların beynəlxalq hüquq qarşısında cəzalandırılmasına tam uyğun idi.

 

Soyqırımına ilk reaksiyalarlardan alıntılar:

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 fevral tarixli bəyanatında deyilirdi: “Xocalı şəhəri od içərisindədir və ermənilər tərəfindən zəbt edilib”.

 

28 fevral 1992-ci il “Bakinskiy raboçi” qəzeti yazırdı: “Yüzlərlə cəsəd Xocalıda qaldı. Ağdam hospitalına 120 yaralı gətirilib. Qalan əhali isə hər şeyini ataraq qaçıb”.

Xocalı soyqırımı - qan yaddaşımız!

Almaniyanın sabiq dövət katibi Otto Hausen: “Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz bütün bəşəriyyətə qarşı cinayətdir”.

 

1 mart 1992-ci il, “Sandi Tayms” qəzeti (London): “Erməni əsgərləri Azərbaycanda minlərlə ailəni məhv ediblər”.

 

Livanlı kiooperator: “Mənim ölkəm Qarabağa silah və daşnak erməni qrupları göndərib”.

 

2 mart 1992-ci il, “Vaşinqton Post”: “Xocalı şəhəri işğal olunub. Azərbayanlılar deyirlər ki, min nəfər öldürülüb, dörd min nəfər əsir, itkin düşüb və yaralanıb. Doğrudan da, kadrlara baxarkən, meşələrdə donmuş uşaqlar və qadınlar gördük”.

 

3 mart 1992-ci il, “Nyu-York Tayms”: “Erməni hücumları azərbaycanlıların kütləvi ölümü ilə nəticələnir. Ağdam şəhərinə durmadan meyitlər və yaralılar gətirilir. İnsanlar Prezident Mütəlibova təhqir və başqa şüarlar səsləndirirlər. Qarlı təpələrdə və meşələrdə yüzlərlə meyit var”.

 

16 mart 1992-ci il, “Nyusnik”: “Ermənilər öldürülmüş insanların baş dərisini soyublar. Bu, Azərbaycanın təbliğatı deyil”.

 

Soyqırımına qiymət verən ölkələr

 

Bu il Xocalı faciəsinin 29-cu il dönümüdür. Bu illər ərzində soyqırımının tanıdılması üçün bir sıra addımlar atıldı. Lakin beynəlxalq təşkilatların soyqırımı cinayətini törədən Ermənistana qarşı etinasızlığı,  cinayətkar dövlət cəzalandırmasından imtina etməsi halı davam etməkdədir. Buna baxmayaraq, həm xaricdə yaşayan soydaşlarımız, həm də bir sıra lobbi təşkilatlarımız durmadan Xocalının haqq səsini dünya ictimaiyyətinə çatdırmaqdadır.

 

Bu çabaların nəticəsində, ötən illər ərzində ABŞ-ın 24 ştatı Xocalı soyqırımını rəsmən soyqırım kimi tanıyıb. Bundan əlavə, Azərbaycana dost olan bir sıra ölkələr də xalqımıza qarşı törədilən etnik təmizləməyə öz təəssüflərini bildirərək, Xocalı soyqırımını hökumət səviyyəsində rəsmən tanıyıbl. Onlar Pakistan, Meksika, Kolumbiya, Peru, Çexiya, Bosniya və Herseqovina, Rumıniya, Honduras, Sudan, Qvatemala, İordaniya və Cibuti Respublikasıdır.

 

2016-cı ildə Sloveniya hökuməti Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edən və azərbaycanlılara qarşı törədilmiş soyqırımına hüquqi qiymət istəyən qətnamə qəbul edib.

 

2017-ci ildə Şotlandya parlamentində təmsil olunan bütün siyasi partiya və təşkilatlar Xocalı soyqırımına hüquqi qiymət verilməsi üçün qətnamə qəbul edib.

 

Bundan əlavə, 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da bəyanat verərək, soyqırımını rəsmən tanıdığını elan edib. Beynəlxlaq təşkilatları da soyqırımına hüquqi dəsək verməyə çağırıb.

 

Vətən müharibəsi gedişində, 05.10.2020-ci il tarixində Əfqanıstan İslam Respublikasının Milli Assambleyasının Yuxarı Palatası Ermənistanın  Azərbaycana qarşı bütün dövrlərdə aparılan təcavüz siyasətini pisləyən və Xocalı soyqırımını tanıyan qətnamə qəbul etdi. Qətnamədə Azərbaycanın ərazi bütövlüyü tanınır, BMT Ermənistana qarşı qəbul edilmiş qətnamələri icra etməyə çağrılır. Bu münasibətlə Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstan hökumətinə təşəkkür məktubu göndərib.

Müəllif: Şəhla Cabbarlı      26 Fevral 2021 10:00
Tarix bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin