Əsas səhifə Haqqımızda Xəbər lenti

ÜST-nin Azərbaycan nümayəndəsi niyə peyvənd olunmağa tələsib?

ÜST-nin Azərbaycan nümayəndəsi niyə peyvənd olunmağa tələsib?

Ölkədəki doplomatik nümayəndəlik rəhbərləri vaksinasiya növbələrini gözləyirlər

 

Azərbaycan hökuməti, koronavirus (COVID-19) infeksiyasına qarşı, Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” peyvəndini seçdi. Yanvarın 18-dən ölkədə vaksinasiya prosesinə başlanıldı.

 

Vaksinlər hələ ölkəyə gətirilməmişdən əvvəl qeyd edilmişdi ki, öncə risk qrupuna daxil olan insanlar peyvənd olunacaqlar. O da qeyd olunmuşdu ki, diplomatlar üçün vaksinlər məhdud sayda gətirilib. Yəni, əsas diqqət xüsusi risk qrupuna daxil olan insanlara yönəlməlidir.

 

Amma hələ bir çox həkimlərin peyvənd edilmədiyi halda, Ümumdünya Səhiyyə Təşkilatınn (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının vaksin olunduğu xəbərini eşitdik. Bu baxımdan, AYNA digər diplomatların da vaksin olunub-olunmadığını araşdırmağa çalışıb.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardinin sözlərinə görə, Azərbaycan peyvəndlərin prioritetləşdirilməsinə dair qlobal təlimata riayət edir: “Vaksinləmə prosesinə ilk olaraq yaşlı insanlar, COVID-19 səbəbindən vəziyyəti pisləşə biləcək ciddi sağlamlıq problemi olan insanlar, həkimlər, tibb bacıları və müəllimlər kimi vacib işçilər cəlb olunmaldır. Mümkün qədər tez vaksin olmaq istəyimə baxmayaraq, ilk peyvəndlənmənin daha çox ehtiyacı olanlara və virusdan daha çox riskə məruz qalanlara, xüsusən də peyvənd ehtiyatları hələ məhdud olduğu təqdirdə, verilməsinin vacib olduğunu düşünürəm”.

 

“Beləliklə, öncə peyvənd edilməli olan digər insanların hələ də olduğu səbəbindən mən öz növbəmi gözləyəcəyəm. Ancaq növbəm gələn kimi COVID-19 əleyhinə vaksinasiyadan böyük məmnunluqla istifadə edəcəyəm”, - deyə UNICEF nümayəndəsi bildirib.

 

BMT-nin Rezident əlaqələndiricisi Qulam İshaqzai də COVID-19 əleyhinə peyvənd olunacağını qeyd edib, amma xüsusi risk qrupuna daxil olan insanlardan sonra: “Mən bu yaxınlarda koronavirusa yoluxub sağalmışam. Bununla belə, mən hər kəsi, xüsusilə də risk qrupuna daxil olan insanları, hökumətin vaksinasiya strategiyasına uyğun olaraq peyvəndlənmə prosesində iştirak etməyə çağırıram”.

 

O zaman belə bir sual ortaya çıxır: Hələ bir çox diplomatların vaksinsaiyaya cəlb olunmadığı bir zamanda, Hande Harmancı niyə vaksinasiya olunmağa belə tələsib? Hande Harmancı xüsusi risk qrupuna daxil olan insanlardandırmı?

 

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən sorğumuza cavab olaraq qeyd edilib ki, 15 fevral tarixində Dr. Hande Harmancı “CoronaVac” peyvəndinin ilk dozasını qəbul edib: “Dr Harmancı ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri kimi səhiyyə müəssisələri və tibb işçiləri ilə sıx təmasda olduğu üçün COVID-19-la mübarizənin ön cəbhəsindədir və bu səbəbdən peyvənd olunub”.

Müəllif: Ülviyyə Şahin      19 Fevral 2021 19:20
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin