Əsas səhifə Haqqımızda Xəbər lenti

Arayikin cinayətləri unudulmayıb, o, terrorçudur – Gərginlik yaratmayın!

Arayikin cinayətləri unudulmayıb, o, terrorçudur –        Gərginlik yaratmayın!

İlham ismayıl: “Ermənistan silahlıları Qarabağdan tamamilə çıxarılandan sonra, Laçın dəhlizinə biz nəzarət edəndə, o zaman təmas qurmaq olar”

 

İlqar Vəlizadə: “Cəmiyyətimiz erməni mənbələrinin Qarabağ məsələsi ilə bağlı informasiyalarına yanaşmada ayıq-sayıq olmalıdır”

 

Qarabağ separatçılarının rəhbəri, terrorçu Arayik Arutunyanla Azərbaycandan adı açıqlanmayan rəsmi şəxsin görüşməsi barədə erməni mətbuatının yaydığı informasiya cəmiyyətdə müzakirə olunmaqdadır. Belə bir görüşün rəsmi Bakının Qarabağ terrorçusunu qəbul etməsi anlamı verdiyini düşünənlər də, Arutunyanla görüşün bəzi səbəblərə görə normal hal olduğunu deyənlər də, terrorçu ilə bütün hallarda təmas qurulmamalı olduğunu söyləyənlər də kifayət qədərdir.

 

Xatırladaq ki, belə görüş haqqında sadəcə erməni mediası çıxış edib. Nə Azərbaycan tərəfdən, nə də Ermənistan tərəfdən rəsmi şəkildə görüş barədə məlumat var. Qeyri-rəsmi iddialara görə, Azərbaycanın təhlükəsizlik orqanlarından bir səlahiyyətli Rusiya sülhməramlılarının rəhbərliyinə daxil olan şəxslə görüşərkən Qarabağ separatçısı da orada olub.

Image result for İlham ismayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AYNA-ya deyib ki, belə bir görüşlə bağlı narahatlıq yaranır, bu da təbiidir: “Amma ajiotaja, ifrat narahatlığa bir o qədər əsas yoxdur. Çünki Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr Bəyanatında vurğulanır ki, hazırkı status-kvo hər üç tərəf üçün qəbul olunur, yəni, üç ölkə hazırkı vəziyyəti qəbul edir. Mövcud statusda da hələ ki, Arutunyan separatçıların başçısıdır”.

 

“Praktikada belədir ki, terrorçu terror törədəndə, insanları girov götürəndə, dövlət rəsmiləri gedir onunla görüşür, hansısa danışıqlar aparır. İndi ortada hərbi əsirlərin, meyitlərin dəyişdirilməsi məsələsi var. Bizim əsas diqqətimizdə olan məsələlərdən biri də Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın vətəndaşımızın taleyidir. Görünən odur ki, Rusiya da Ermənistan da, elə Azərbaycan da hesab edir ki, bu kimi problemləri 27 ildir orda kök salmış qondarma rejimlə də həll etmək lazımdır. Belə görüş nə Arayikin terrorçu olduğundan imtinadır, nə də separatçı qondarma qurumun tanınması deməkdir”, - İ.ismayıl qeyd edib.

 

Ekspertin qənaətincə, burada çatışmayan cəhət ondan ibarətdir ki, rəsmi dövlət informasiyası dolğun şəkildə çatdırılmır: “Qarışıq informasiya olanda cəmiyyətdə fərqli fikirlər meydana çıxır. Məsələn, bir qisim deyir ki, separatçılarla təmas qurulmalıdır. Bu da kökündən yanlış fikirdir. Belə təmas indi lazım deyil, gələcəkdə ola bilər. Ermənistan silahlı qüvvələri Qarabağdan tamamilə çıxarılandan sonra, Laçın dəhlizinə biz nəzarət edəndə, o zaman təmas qurmaq olar. Onlar terrorçudurlar, amma bizim vətəndaşlarımızdırlar. Terrorçu vətəndaşlarımıza müraciət edə bilərik ki, istəkləri nədir və s”.

 

“Hansısa hərbçimizin, təhlükəsizlik xidməti nümayəndəsinin terrorçubaşı ilə görüşməsi ayrı, terrorçularla təmaslar ayrı məsələdir. İndi bir rəsminin görüşməsi faciə deyil. Problem ondadır ki, görüşlə bağlı dolğun informasiya yoxdur, bu, çaşqınlıq yaradır. Hətta bəziləri yazır ki, bizim rəsmilər ora gediblər ki, Arayiki cinayətlərinə görə dindirsinlər. Bu da yanlış, məntiqsiz yanaşmadır”, - deyə ekspert əlavə edib.

 

İ.İsmayıl təkrar edib ki, mövcud status-kvo qəbul olunub: “Ona uyğun da, müəyyən mənada separatçıların rəhbəri ilə nələrdəsə hesablaşılır. Amma bu o demək deyil ki, separatçı qurumu Azərbaycan tərəfi qəbul edir – təbii ki, yox. Azərbaycanda buna bəzi siyasi qərəzlə yanaşanlar var – “bu, Arayikin tanınması deməkdir”, “bu separatçı rejimi tanımaqdır” və s. Açığını deyim ki, bizim bu görüşlə bağlı bilmədiyimiz məsələlər var. Elə bilirsiz ki, bunun hansı etirazlara gətirib çıxaracağını dövlət fikirləşməyib?! Fikirləşib, və buna rəğmən görüşmək vacib olub. DTX rəsmisi, və yaxud da hansısa rəsmi belə bir görüşdə olub, orada nə danışıldığını detallı şəkildə açıqlamalıdır düşüncəsi də yanlışdır. Sadəcə bütün detallar açıqlanmadan, cəmiyyətin inanacağı formada rəsmi informasiyaya ehtiyac var idi ki, bunu etmədilər”.

Vəlizadə: “Azərbaycan regionun enerji təhlükəsizliyindəki rolunu  möhkəmləndirib”

İlqar Vəlizadə isə AYNA-ya deyib ki, birincisi, erməni mediasına, onların mənbələrinə istinad etmək doğru deyil: “Çünki onlar informasiyaları özlərinə uyğun formada yaymaqda maraqlıdırlar. Ermənistan xırda bir məsələni elə böyük formada təqdim edə bilər ki, bu, Azərbaycan cəmiyyətində ajiotaja səbəb olar. Ümumiyyətlə, cəmiyyətimiz erməni mənbələrinin Qarabağ məsələsi ilə bağlı informasiyalarına yanaşmada ayıq-sayıq olmalıdır. Yenə də deyirəm, onların məqsədi bəllidir – bacardırları qədər Azərbaycanda çaxnaşma yaranmasında maraqlıdırlar. Bu baxımdan, informasiyalardan tez-tələsik nəticə çıxarmaq olmaz”.

 

“Baxın, indi erməni mediası Arayiklə görüş məsələsini sızdırmaqla demək istəyir ki, guya, Azərbaycan qondarma rejimin separatçıları ilə təmaslar qurur. Təəssüf ki, bunu Azərbaycan cəmiyyətində həqiqət kimi qəbul edənlər var. Lakin onu düşünmək lazımdır ki, Azərbaycan 30 illik danışıqlar prosesində separatçıları danışıqlara buraxmayıb. Hərçənd ki, onlar danışıqlar prosesində iştirak etmək istəklərini dəfələrlə bildirmişdilər. İndi Qarabağ azad ediləndən sonra, qələbə qazanıldıqdan sonra rəsmi Bakı separatçılarla danışıq aparacaq? Bu, absurd və məntiqsizdir”, - analitik vurğulayıb.

 

Politoloq daha sonra bildirib: “Mən dəqiq deyə bilmirəm ki, belə görüş olub, kim görüşüb, məqsəd nə olub. Hər halda, rəsmi qurumlarımız məlumat yaysaydılar yaxşı olardı. Mümkündür ki, Rusiya sülhməramlıları ilə görüşülüb və həmin görüşdə separatçı və terrorçu Arayik də iştirak edib. Amma bu o demək deyil ki, Arayiki Azərbaycan qəbul edir, bu adamın terrorçu əməlləri yaddan çıxır. Xeyr, belə deyil. Məsələ burasındadır ki, liderlərin 10 noyabr Birgə Bəyanatında əsir və girovların, cəsədlərin dəyişdirilməsi məsələsi də var. Bu məsələ də həllini tapmalıdır”.

 

Analitik qeyd edib ki, məlumatlara görə, separatçılar meyitlərini götürmək istəmirlər: “İravanda uşaqlarını tələb edən valideynlərə deyirlər ki, guya, itkin düşüblər. Əslində isə itkin deyillər, müharibə zamanı məhv ediliblər. İndi Azərbaycan tərəf cəsədlərin Qarabağdan aparılmasını tələb edir, amma ermənilər ləngidirlər. Səbəb də odur ki, bu cəsədlər İrəvana gedəndə hökumətə qarşı etirazlar daha da güclənəcək. İtkin deyib, zamanı uzadırlar. İndi qış bitir, bir azdan cəsədlər iylənəcək. Ola bilsin ki, bu məsələni Rusiya sülhməramlıları ilə müzakirə edən zaman, Qarabağdakı tör-töküntülərə rəhbərlik edən Arayikin də iştirakı lazım bilinib”.

 

“Digər tərəfdən, terrorçu da olsa, problemləri həll etmək üçün cavabdeh şəxs tapılmalıdır. Dünyada belə nümunələr çoxdur, terrorçu ilə müəyyən görüş keçirmək, ondan tələb etmək və s. Bu o demək deyil ki, terrorçunu, qondarma rejimi rəsmi Bakı tanıyır. Bəziləri bundan istifadə edirlər, hökumətə qarşı çıxışlar edirlər, ajiotaj yaradırlar. Məncə, ajiotaja, gərginliyə əsas yoxdur. Bəli, hər birimizi narahat edir, etməlidir də. Amma Arayiklə görüş olubsa da, bu, faciə deyil. Zamanı gələncə Arayik də, digər terrorçular da əməllərinə görə qanunlarımız qarşısında cavab verəcəklər”, - deyə Vəlizadə fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu      19 Fevral 2021 13:15
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin